"Azərbaycan gözəllik yox, mahnı yarışmasına gedir"

 

İlhamə Qasımova: "Eurovision"a kim layiqdirsə, o gedəcək"

 

"Eurovision-2001" milli seçim turunun vaxtının uzadılması namizədləri intizarda qoyub. Beşliyə düşən namizədlər bu mərhələyə qədər gəlib çatmalarını uğur hesab etsələr də, hər biri bu beynəlxalq müsabiqədə ölkəni təmsil etmək iddiasındadır. Münsiflərin qərarı açıqlanmayana qədər bu şanslı namizədin kim olacağı sirr qalsa da, hər kəsin öz favoriti var. Bu beynəlxalq müsabiqəyə milli seçim turlarını həvəslə izləyənlərin əksəriyyəti indiyədək SMS səsverməsinə və ifasına görə namizədlər arasında müğənni İlhamə Qasımovanı şanslı sayırlar. Odur ki, AYNAnın müxbiri çoxlarının favoriti olan namizədlə, İlhamə Qasımova ilə söhbətləşdi.

- Solo çıxışından sonra bu müsabiqəyə ancaq sənin göndərilmə şansın barədə danışılır. Sən necə, daha şanslı olduğunu düşünürsən?

- Bunu ancaq münsiflər söyləyə bilər. Özümü tərif edə bilmərəm. Mən öz imkanlarımı göstərdim. İndi qərar münsiflərindir. Kimi layiq bilirlərsə, o namizəd də göndəriləcək. O ki qaldı digər namizədlərə, onların hərəsinin özünəməxsus oxu tərzi, səs imkanları var. Əgər onlar beşliyə qədər gəlib çatıblarsa, deməli, hər biri istedadlıdır.

- Sənət adamları arasında "Eurovision"a sənin daha layiqli namizəd olduğun barədə fikirlər səsləndirilir. Səncə, bu inamın kökündə nə dayanır?

- Düşünürəm ki, peşəkarlar rəyi ancaq və ancaq ifaya görə verirlər. Yəqin ki, burada mənim təcrübəm rol oynayır.

- İlhamə birdən-birə parladı. Qısa bir zamanda sevildi.Səncə, bu uğura imza atmaqda İlhamənin rolu çox idi, yoxsa onu səhnəyə hazırlayanların?

- Mənim istedadım vardı. Bu istedadı üzə çıxardılar. Əlbəttə, mənə böyük əmək sərf olundu. Zəhməti olanların əməyini heç vaxt unutmaram.

- Səhnə fəaliyyətində "Yeni Ulduz"u tramplin sayırsanmı?

- Sözsüz. Mən "Yeni Ulduz"da yetişdim. Doğrudur, ondan əvvəl də müsabiqələrə qatılmışam. "Bakı Payızı" müsabiqəsində iştirak etmişəm. Amma "Yeni Ulduz" sənətdə uğur qazanmağım üçün sıçrayış oldu.

- Özünü kimin yetirməsi hesab edirsən?

- Əlbəttə, Mübariz Tağıyevin. Onun zəhməti böyük olub. Mən fəxr edirəm ki, Mübariz Tağıyevin yetirməsiyəm.

- Hərdən səni Selin Diona da oxşadırlar. Olmaya şou-biznesdəki müğənnilər kimi sən də özünə ad qoymusan?

- Yox, qətiyyən. Mənim adıma Selin Dion əlavə edəndə çox əsəbləşirəm. Ona görə yox ki, mən bu müğənnini bəyənmirəm. Sadəcə, mənim o müğənninin səviyyəsinə gəlib çatmağıma çox var. Səhnədə özüm olmaq istəyirəm.

- "Eurovision" müsabiqəsinə qatılanların ingilis dilini bilməsi vacibdir. Sən necə, dili bilirsənmi?

- İngilis dilini özümə lazım olan qədər, yəni danışıq dili səviyyəsində bilirəm. Xarici ölkələrə gedəndə ingilis dilində danışmaq üçün yanımda dilmanc aparmıram.

- Finala vəsiqə qazandın. Münsiflərin ədalətli qərar çıxaracağına əminsənmi?

- Əminəm. Kim layiqdirsə, onu da göndərəcəklər. Çünki söhbət bu möhtəşəm müsabiqədə kimin yox, Azərbaycanın təmsil olunmağından gedir.

- Mətbuat xəbərlərinə görə, artıq "Eurovision"a namizədin adı bəllidir. Bu mülahizələr səni ruhdan salmır ki?

- Qətiyyən. Mən inamla münsiflərin qərarını gözləyirəm. İnanıram ki, ədalətli seçim olacaq.

- Səncə, bu beynəlxalq müsabiqədə avropalıları necə təəccübləndirmək olar? Yəni burada səs əsasdır, performans, yoxsa xarici görkəm?

- Texnika o qədər sürətlə inkişaf edib ki, orada hansısa tryukla tamaşaçını ələ almaq çətin məsələdir. Sadəcə, gözəl bir şou ilə Avropa tamaşaçısının diqqətini cəlb etmək olmaz. Düşünürəm ki, biz avropalıların ürəyinə gözəl ifa ilə yol tapa bilərik. Gözəl görüntü də olsa, bu vəhdət tamamlanar. Məsələn, uçaraq səhnəyə daxil olmaq və sair. Onu da deyim ki, ötən il Almaniyanın bu müsabiqədə uğur qazanmasının bir əsas səbəbi Lenanın oxuduğu mahnının qəlbəyatımlılığı idi. Həmçinin o, Dima Bilanla promoturlarda iştirak etdi. Bu da onun gələcək qələbəsində mühüm rol oynadı. Demək olar ki, Lena "Eurovision" səhnəsinə çıxanda hamı onu tanıyırdı. Bu da mühüm amildir. O ki qaldı xarici görünüşə, fikrimcə, biz bir şeyi yaddan çıxarmamalıyıq. Azərbaycan mahnı yarışmasına gedir, hansısa gözəllik yarışmasına yox.

- "Eurovision" milli seçim turundan uğurla çıxdın. Bu qədər namizəd arasından finala vəsiqə qazanmaq çətin olmadı ki?

- Xeyli əmək sərf etdim. Öz üzərimdə işləməkdən zövq alıram. Hər sənətçi belə olmalıdır. Əgər qarşıma məqsəd qoymuşamsa ki, Azərbaycanı "Eurovision"da təmsil edim, bu amal uğrunda əzmlə çalışmalıyam.

- Beşliyə düşən namizədlərdən kimi özünə rəqib görürsən?

- Onların hər biri çox istedadlı namizədlərdir. Kimisə zəif iştirakçı saymıram. Hərəsinin ifasında bir özünəməxsusluq var və təbii ki, hər biri belə bir möhtəşəm yarışmaya qatılmağı arzulayır. Amma içərimizdən hansımız daha layiqli və şanslıyıqsa, yəqin ki, o da gedəcək.

 

 

Z.Rəhimqızı 

 

Ayna.- 2011.- 5 fevral.- S.21.