Yarışanlar münsiflərə inanır

 

"Eurovision-2011" milli finala hazırdır

 

Bu həftə Akademik Milli Dram Teatrında "Eurovision-2011" milli final konsertində təmsilçilik uğrunda yarışan beş ifaçının hər biri 4 mahnı təqdim edəcək.

İlhamə Qasımova finalda bir neçə gözəl geyimlə səhnəyə çıxacağını deyib. Namizəd vurğulayıb ki, onun səhnə geyimində qeyri-adilik olmayacaq:

"Nəinki geyimdə, ümumiyyətlə heç nədə qeyri-adilik olmayacaq. Bu, konsertdir və biz burada gözəl çıxış etməliyik. Gözəl ifa, yüksək səviyyəli çıxış daha önəmli. Hər iştirakçı yeni mahnısını ifa etməlidir, mən də öz yeni mahnımı ifa edəcəyəm. Bu gün əminliklə deyə bilmərəm ki, təmsilçi məhz mən olacağam. Bunu heç kim əminliklə deyə bilməz. İnanıram ki, hər şey çox yaxşı və layiqincə olacaq".

Milli münsiflər heyətinin peşəkarlığına inandığını diqqətə çatdıran İ.Qasımova bildirib ki, bu baxımdan rahatdır və təmsilçi adını layiqli ifaçının qazanacağına inanır:

"Günün, demək olar, bütün hissəsini final hazırlığına sərf edirəm. Mahnıları təkrar-təkrar oxuyur, hazırlayıram. Mənim təmsilçi olmamı istəyən hər insana dəstəkverici sözlərinə görə minnətdarlıq edirəm. Sənətçi məhz tamaşaçı dəstəyi ilə zirvəni fəth edə bilər".

İ.Qasımova onu da açıqlayıb ki, münsiflər heyətinin son qərarı ilə razılaşacaq: "Burada söhbət məndən və ya başqa birindən yox, Azərbaycanımızdan gedir. Əgər son qərar mənim özüm üçün yaxşı olmasa belə, pis olmayacağam. Deməli, peşəkar münsiflər belə məsləhət bilib və kimi seçsələr, onun daha yaxşı olacağına inanırlar. Təmsilçilik hüququ qazanan hər ifaçı var gücü ilə çalışıb Vətəni layiqincə təmsil etməlidir".

Təmsilçi olacağı təqdirdə Azərbaycanı bu mötəbər yarışmada yüksək səviyyədə təmsil edəcəyini vurğulayan İ.Qasımova birinciliyi Vətənə gətirəcəyi üçün var gücü ilə çalışacağını deyir.

Final öncəsi qızğın iş prosesində olan və yüksək səviyyəli performans nümayiş etdirmək üçün günün əksər saatını məşqə sərf edən Eldar Qasımov bildirib ki, həmin gün səhnədə xüsusi geyimlərdə olacaq. Onu səhnədə milli seçimlərdə ilk gündən bir yerdə olan rəqqaslar və bek-vokalçılar Kazım və Miya müşayiət edəcək.

Tamaşaçılar həmin gün Eldar Qasımovun ifasında üç xarici, bir Azərbaycan mahnısını dinləmək imkanı qazanacaq:

"Bunların arasında mahnı müsabiqəsinə təqdim edilən mahnı yoxdur. Təmsilçi adını qazanmaqda beş finalçının hər birinin şansı eynidir, hərəmizə 20 faiz düşür. Ümid edirəm ki, təmsilçi məni seçəcəklər. Fikrimcə, burada üstünlük səs və performans, qabiliyyətə veriləcək". Namizəd onu da açıqlayıb ki, həmin gün ifa edəcəyi "Gəl, ey səhər"in ona uğur gətirəcəyinə inanır.

Digər təmsilçi İlqarə İbrahimova isə qeyd edib ki, həmin gün üçün eksklüziv geyimlərini Arzu Məlikzadə hazırlayır: "Finalda Azərbaycan və ingilis dillərində mahnı oxuyacağam. Mən öz gücümə inanır və uğur qazanacağıma ümid edirəm".

Azərbaycanı 56-cı "Eurovision" müsabiqəsində təmsil etməyə namizədlərdən Aynişan Quliyeva açıqlamasında gününün əsas hissəsini final hazırlığına sərf etdiyini deyib:

"Nə qədər işləsəm belə, yorulmuram, hər bir məqama diqqət yetirirəm. Çünki "Eurovision" - mənim məqsədimdir. Yorulmamışam, enerjim böyükdür. Finalda hər şey gözəl olacaq və özümü hərtərəfli göstərməyə çalışacağam".

A.Quliyeva həmin gün ifalarından birini milli seçimlərdə iştirak edən, ancaq finala vəsiqə qazanmayan Adil Baxışlı ilə birgə təqdim edəcəyini açıqlayıb. Sözügedən mahnının sözləri və bəstəsi də Adil Baxışlıya məxsusdur və o, bu mahnıda A.Quliyevanın bek-vokalçısı qismində çıxış edəcək. Gənc müğənninin səhnə geyimini isə əməkdar inəcəsənət xadimi, modelyer Fəxriyyə Xələfova hazırlayır:

"Düşünürəm ki, hər şey yaxşı olacaq. Digər iştirakçılardan üstünlüyümü tamaşaçılar daha yaxşı bilir. Mən səhnədə dayanıb oxumuram, çalışıram hər baxımdan möhtəşəm performans nümayiş etdirim. Hər çıxışım dünya səviyyəli olsun. Digərlərindən fərqim ondadır ki, səhnədə hamıdan çox hərəkətli olan mənəm..."

"Eurovision-2011"də Azərbaycanı təmsil etmək iddiasında olan Nigar Camal da final konsertinə hazırlaşır. Prodüseri və bəstəkar İsa Məlikov bildirib ki, konsert günü üçün digər ifaçılar kimi o da 4 mahnı hazırlayır. Nigar Camalı final konsertinə stilist Anar Ağakişiyev hazırlayır. Finalçını səhnədə rəqsləri ilə "Neiro" rəqs qrupu müşayiət edəcək:

"Final konserti üçün hər şeyi xüsusi hazırlayırıq. Nigar onun üçün yazılmış mahnını ifa edəcək. Bütün gücünü səfərbər edərək finala hazırlaşır".

İ.Məlikov vurğulayıb ki, nəticənin necə olmasından asılı olmayaraq verilən qərar onları qane edəcək, çünki son qərarı peşəkar münsiflər heyəti verir.

 

 

Xatun 

 

Ayna.- 2011.- 12 fevral.- S.21.