Esmiralda Tağızadə:
"İstedadsız
uşaq olmur"
Hər insan rəsm çəkə
bilər
Esmiralda
Tağızadənin rəsm əsərləri ilə
qeyri-hökumət təşkilatı "Damla"nın
keçirdiyi fərdi sərgisində tanış olmuşdum.
Bu işlərin cazibəsi güclü idi. Hər mövzunu,
hər istiqamətdə və hər materialda işləyə
bildiyi hiss olunurdu. Onun pozanla çəkdiyi rəsmlər,
kollaj və qrafikası xoş təsir
bağışlayırdı. Onun özünün
yaratdığı "Esmiralda" studiyasında isə diqqətimi
ən çox çəkən Esmiralda xanımın Həcc
ziyarətində olarkən çəkdiyi Məkkə motivi
idi.
Bundan
əvvəl Rəssamlar İttifaqının katibi Ağali
İbrahimov bu rəssam-dizayner xanımın
yaradıcılığı barədə müsbət fikirlər
söyləmişdi:
"Esmiralda" studiyası ilə neçə illər sürən əməkdaşlığımız, birgə əməyimizin nəticəsi olan sərgilər olub. Hər yeniyetmənin, hər gəncin təxəyyülü ayrıca bir dünyadır. "Esmiralda" studiyası da, belə deyərdim, bu kiçik dünyaların aşkara çıxarılmasında yorulmadan çalışır, bizlər - orta və yaşlı nəsil isə onların kiçik dünyalarından özümüzçün nə isə bir yenilik götürürük".
Esmiralda
Tağızadə yaratdığı studiya haqqında
danışır:
- Bu
təsviri incəsənət studiyası 2000-ci ilin
sentyabrında yaradılıb. Məqsədimiz mümkün qədər çox sayda uşaq və yeniyetməni
yaradıcılıq dünyasına cəlb etməkdir. Belə
bir səhv fikir mövcuddur ki, uşaq istedada
malik deyilsə, yaradıcılıqla məşğul
olmağına deyməz. Fikrimcə, istedadsız uşaq olmur və rəsm çəkməyi hər bir insana öyrətmək
mümkündür. Bunun
üçün müəyyən fəndlər
və çətin olmayan tapşırıqlar
mövcuddur. Hər uşağın fərdi
xüsusiyyətlərini, qavrama qabiliyyətini görmək
və ona ətraf dünyanı özü üçün kəşf
etməkdə yardımçı olmaq
lazımdır. Səriştəsiz bir uşağın tədricən
kamil bir insana çevrilməsini müşahidə etmək
xoşdur.
Bu
studiyanın yetirmələrinin isə uğurları az deyil. Öyrənirik
ki, 2008-ci ildə Heydər Əliyev Fondunun keçirdiyi
müsabiqəyə əsər seçimində studiyanın
iki şagirdi - 8 yaşlı Nərgiz Şirəliyeva və 7
yaşlı Əyyub Mirzəyevin əsərləri müsabiqədən
keçmiş 70 işlə bərabər Fransaya göndərilmişdir.
Şagirdlərin
arasındayıq. Çox böyük
maraqla işləyirlər, sanki işlərini başa vurub studiyadan evə yollanmaq fikrində deyillər.
Həvəslə, maraqla işləyirlər.
Esmiralda Tağıyeva deyir:
-
Studiyanın kandarından içəri keçən hər
uşaq mənim öz uşağım olur (gülür). Uşaqlar məni gözəl anlayırlar. Çox
zaman valideynlər
uşaqlarını bu studiyaya
gətirəndə sadəcə
övladlarının vaxtını maraqlı keçirməsini
istədiklərini deyirlər. Amma uşaq az sonra
rəsm çəkməyə
o qədər aludə olur ki, bir çoxu
sonra rəssamlıq
peşəsinə üz tutur.
Ən kiçik şagirdimizin
3, ən böyüyün isə
34 yaşı var. Bizim
şagirdlərdən Qənirə
Tatlıyeva həkim olmaq fikrindədir. Ona deyirəm ki, plastik cərrahiyyəni
seçsə burda öyrəndikləri
onun üçün faydalı olacaq. Bir dəfə sərgi qabağı Qənirənin əsərini
Muzey Mərkəzinin girişinə böyüdülmüş
şəkildə vurmuşdular.
Bu, sərginin elanı idi. Və Qənirənin
anası təsadüfən Muzey Mərkəzinin önündən
keçəndə şəkli görüb
çox həyəcanla
mənə zəng vurdu. Qızının
bu uğuru onu sevindirmişdi.
Esmiralda Tağızadəni Azərbaycanda ilk rəssam-dizayner xanım kimi tanıyırlar. Artıq 40 ilə yaxındır bu sənətdə çalışır. Daim yenilik axtarışında olduğunu bildirir. Onu da qeyd edir ki, ilk dəfə rəngli kağızda o işləyib.
Sevinc İsmayıl
Ayna.- 2011.- 12 fevral.- S.19.