Mixail Lobuxin "Yeddi gözəl" baletində
Məşhur aktyor tamaşada Bəhram şahı oynayır
Fevralın
10-da Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında Qara Qarayevin "Yeddi gözəl" baletinin
tamaşası təqdim olundu. Tamaşada Bəhram şah
rolunu Böyük Teatrın aparıcı solisti - balet artistləri
beynəlxalq müsabiqələrinin laureatı, Sankt-Peterburqun
"Qızıl sofit" ali teatr mükafatının qalibi
Mixail Lobuxin ifa etdi.
Rus
baletinin tanınmış ulduzlarından olan M.Lobuxinin Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi
tərəfindən "Yeddi gözəl" baletinin
tamaşasında rol ifası üçün dəvət
olunması, bütünlükdə tamaşanın və əsas
partiyalardan biri olan Bəhram şah rolunun bədii professional səviyyəsini
daha da yüksəltmək zərurətindən irəli gəlirdi.
Qeyd etmək lazımdır ki, tamaşaların bədii-yaradıcı
səviyyəsini gücləndirmək üçün bu təcrübədən
dünyanın bir çox aparıcı teatrları istifadə
edirlər.
Xatırladaq
ki, Mixail Lobuxin ötən il Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının səhnəsində L.Minkusun
"Don Kixot" baletinin tamaşasında
çıxış etmiş və öz yüksək
professional çıxışı ilə
tamaşaçıların yaddaşına parlaq və
unudulmaz iz buraxmışdı. Lobuxin yüksək artistizmə,
balet texnikasına malikdir.
Mixail
Lobuxin Bəhram şah rolunu həm də fevralın 21-də
balet truppamızın Böyük Teatrın səhnəsindəki
çıxışı zamanı da ifa edəcək.
Tanınmış rusiyalı xoreoqraf, Q.Qarayevin "Yeddi
gözəl" baletinin quruluşçu baletmeysteri Vasili
Medvedev bu haqda fikirlərini bölüşərək deyir:
"Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin
Mixail Lobuxinin "Yeddi gözəl" baletində iştirak
etmək üçün dəvət olunması ilə
bağlı qərarını bəyənir və
alqışlayıram. Çünki o, dünya səviyyəsində
parlaq bir balet ulduzudur və Lobuxinin iştirakı
tamaşanın peşəkar səviyyəsini daha da zənginləşdirəcəkdir.
Tamaşada
gözəllər gözəli rolunu ifa edəcək Kamilla
Hüseynova (xalq artisti) ilə Mixail Lobuxin
cütlüyünün birgə çıxışı
çox maraqlı və gözəl alınacaqdır. Məlumdur
ki, parlaq və istedadlı şəxsiyyətlərin
iştirakı tamaşanın uğurunu təmin edən əsas
cəhətlərdəndir və mən Kamilla Hüseynova və
Mixail Lobuxini bu sıraya aid edirəm".
Zəminə
Ayna.- 2011.- 12 fevral.- S.20.