"Tamaşaçı həmişə haqlıdır"

 

Aktyor Şövqü Hüseynov: "Pis tamaşaçı yoxdur, sadəcə, zəif aktyor və tamaşa var"

 

Aktyor Şövqü Hüseynov bu qənaətdədir ki, çalışdığı mədəniyyət ocağında oynadığı tamaşalarda onun ruhuna yaxın olanı Hüseyn Cavidin əsərləridir. Sözügedən ədib onun üçün müqəddəs şəxsdir: "O ilahi şeiriyyət, ilahi dialoqlarla yaşamaq, onları özününküləşdirmək üçün hər hansı bir personaj mənim üçün böyük xoşbəxtlikdir. Onu da deyim ki, Şeyx Sənanı oynamaq mənim üçün gözlənilən bir obraz idi. Obrazlar qalereyamda Şeyx Sənan ən yüksəkdə durur".

Şövqü Hüseynov qeyd edir ki, Cənnət Səlimovanın tamaşaları aktyorları bir insan kimi formalaşdırıb. O hesab edir ki, hər bir aktyorun inkişaf pilləsi sənətkarın nəzarətində olmalıdır:

"Ola bilər ki, biz bu pillələri 4-5 il qabaq o qədər də hiss eləmirdik. Anlamırdıq ki, nə üçün Cənnət xanım məhz bu əsəri hazırladı. Ümumiyyətlə, bizim tamaşa oynadığımız teatrda səhnədə həmişə insan amili vacib olub. Yəni insanın müxtəlif vəziyyətlərə düşməsi o qədər də önəmli deyil. Ən önəmlisi insan ürəyidir. Hesab edirəm ki, Şeyx Sənan da onların içində insanlaşmağın ən kamil nümunəsidir. Bu, bizim gələcək həyatımızda böyük bir baqaj toplamağa kömək etdi".

Şövqü Hüseynov bu qənaətdədir ki, eşq insanı pis əməllərdən, müharibədən xilas edə bilər. "İnsanın eşqinin, məhəbbətinin nəyə qadir olduğu çox vacibdir. İndi müasir dövrümüzdə problemlər çoxdur. Bu problemlərin içində olan insan bir anlıq yüksək eşqi özündə hiss eləsə, "problem" sözü aradan götürülər. Bizi problemlərdən eşq xilas edə bilər. Eşqlə görülən işə zaval yoxdur", - deyə aktyor qeyd etdi.

Müsahibim deyir ki, aktyor üçün adi vaxt olmur. Aktyor məşq edəndə istər-istəməz aktyordur. Onun sözlərinə görə, aktyorlar iki həyat yaşayırlar. Buna baxmayaraq, onlar hər vaxt özlərini aktyor kimi hiss etməlidirlər. Onun qənaətincə, bunun nəticəsi tamaşada görünür.

"Tamaşaçını heç vaxt aldatmaq olmaz. Heç vaxt demək olmaz ki, tamaşaçı pis idi, tamaşaya baxmadı. Aktyor, tamaşa isə zəif ola bilir.

Hər bir aktyor həmişə hansısa bir obrazı oynamağı arzulayır. Məsələn, "Şeyx Sənan"ı məşq edəndə başqa bir arzum var idi. Ancaq aktyor çalışmalıdır ki, 2-3 saat ərzində o fikirləri özündən yayındıra bilsin. Stanislavski deyirdi ki, "Aktyor o deyil ki, nə vaxt istəyəndə ilhama gəlir. Aktyor odur ki, nə vaxt adını afişada görürsə, o dəqiqə ilhamı oyanır", - deyə Şövqü Hüseynov bildirdi.

 

 

Xatun 

 

Ayna.- 2011.- 19 fevral.- S.20.