İsrafilov Tbilisiyə və Milana yollanır
Gündəmdə gürcülər və italyanlarla əməkdaşlıq
məsələsi var
Akademik Milli
Dram Teatrı beynəlxalq əlaqələrini, dünya teatrları ilə əməkdaşlığını
gücləndirmək fikrindədir. Teatrın mətbuat
xidmətindən verilən xəbərə görə, direktor İsrafil İsrafilov K.Marcanişvili
adına Dövlət
Akademik Dram Teatrının baş müdiri Yekaterina Mazmişvilinin dəvəti
ilə Tbilisiyə gedəcək, əməkdaşlıqla
bağlı məsələlər müzakirə olunacaq. Yaxın zamanlarda K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrının
bədii rəhbəri Levan Çuladzenin Akademik Milli Dram Teatrında
tamaşa hazırlaması
planlaşdırılır. Görüşdə bu məsələnin detalları ilə bağlı müzakirələr
aparılacaq.
Tbilisidən
qayıtdıqdan sonra İsrafil İsrafilovun Milana
işgüzar səfəri planlaşdırılır. Sözügedən
səfər 20-28 fevral tarixlərində reallaşacaq. Akademik
Milli Dram Teatrının direktoru Milana "Pikkolo"
teatrının rəhbəri Luka Ronkoni ilə
görüşmək və əməkdaşlıqla
bağlı bəzi məsələləri müzakirə etmək
məqsədi ilə yollanır. 2012-ci ildə Luka Ronkoninin
Akademik Milli Dram Teatrının səhnəsində Covanni
Verqanın "Dişi canavar" əsəri əsasında
tamaşa hazırlanması planlaşdırılır. Bu barədə
danışıqlar və onun yeni tamaşaları ilə
tanışlıq İ.İsrafilovun Milan səfərinin əsas
məqsədidir.
Şəms
Ayna.- 2011.- 19 fevral.- S.20.