Təhlükəsizlik və müdafiə sektorunda nələr baş verib? (1-15 fevral)

 

2 fevral. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in hazırkı sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalislə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

3 fevral. Azərbaycan Dövlət Dəniz Administrasiyasından verilən məlumata görə, bu ilin ortalarına qədər Xəzər dənizində gəmilərin hərəkətini izləyəcək Uzaq Məsafədən İzləmə və Nəzarət Sistemi fəaliyyətə başlayacaq.

3 fevral. MN Naxçıvan MR-dakı hərbi hissəsində Tovuz HK-dan çağırılmış Qaybalı Əli oğlu Məhərrəmovun tabeliyində olan avtomat silahdan açdığı atəş nəticəsində onun əsgər yoldaşı, Şərur rayon HK-dan çağırılmış Camal Etibar oğlu Abbasov dünyasını dəyişib. MN-in açıqlamasına görə, hadisə silahla ehtiyatsız davranış nəticəsində baş verib.

3 fevral. Kürdəmir rayonunda HHQ-nə məxsus "Su-25" təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Hər iki heyət üzvü katapultun köməyilə xilas olub.

3 fevral. DİN DQ Baş İdarəsində 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

3 fevral. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaradılmış Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi ilə bağlı narazılıqlarını bildirib. Xatırladaq ki, AŞ PA-nın qış sessiyası çərçivəsində Siyasi Büronun yanvarın 27-də keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi haqqında qərar qəbul edilib. Ermənistan bunun əleyhinə səs verib.

4 fevral. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Azərbaycan tərəfi Horadiz Gömrük Keçid Məntəqəsinin fəaliyyətinin bərpa edilməsi və işə salınması üçün İrana müraciət edib.

4 fevral. Münhendə təhlükəsizlik konfransı keçirilib. Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun qatıldığı tədbirin əsas müzakirə mövzuları Avropa təhlükəsizliyi strategiyası, Rusiya və NATO arasında qarşılıqlı əməkdaşlıq, Misirdəki daxili siyasi vəziyyət olub. Tədbir çərçivəsində Azərbaycan və Türkiyə XİN başçıları iki ölkə arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk iclasına hazırlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda Məmmədyarov ABŞ dövlət katibi Hillari Klintonla Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə edib.

4 fevral. Azərbaycanın bu il 120 mm. çaplı minaatanların istehsalına başlayacağı barədə məlumat yayılıb. Həmçinin mart ayından etibarən M-5 tipli ("Aşırım") 82 mm. çaplı minaatanların kütləvi istehsalına start veriləcək.

4 fevral. Erməni SQ Ağdərə rayonunun işğal altında olan "3 saylı sovxoz" adlanan ərazisində hərbi təlimlərə başlayıb.

4 fevral. Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmid bildirib ki, Pakistan Azərbaycan torpaqları azad edilməyənə qədər Ermənistanı tanımayacaq.

4 fevral. MN-in məlumatına görə, Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəs yanvar ayında 24 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində 1 Azərbaycan əsgəri şəhid olub, ikisi isə yaralanıb. Erməni SQ-in daha çox Qazax bölgəsinə yönəlik hücumlarının ay sonunda daha da artdığı qeyd edilib.

4 fevral. MSN-in fevralın 20-24-də BƏƏ-nin Abu-Dabi şəhərində keçiriləcək "IDEX-2011" beynəlxalq müdafiə sərgisində iştirak edəcəyi açıqlanıb.

5 fevral. Türkiyənin NAVELSAN şirkəti tərəfindən Azərbaycan SQ üçün Topçu Müşahidəçisi Təlim Simulyatorunun (Artillery Forward Observer Simulator - AFOS) hazırlanması başa çatdırılıb. Şirkətin ofisindən verilən məlumata görə, yaxın vaxtlarda sistem qurulması üçün Bakıya göndəriləcək.

6 fevral. Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin ordusunun 19 yaşlı əsgəri Gevork Kotinyan döyülərək öldürülüb. Azərbaycanın işğal altında olan ərazisində baş vermiş insidentə görə 4 hərbçi həbs olunub.

6-7 fevral. Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkənin xüsusi xidmət orqanlarının işgüzar və səmərəli əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

7 fevral. MSN-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın keçirdiyi iclasda verilmiş tapşırıqlardan irəli gələn vəzifələr müzakirə olunub.

8 fevral. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

8 fevral. Azərbaycanın Dəniz Təhlükəsizliyi Strategiyasının hazırlanması işlərinin bu ilin ortalarınadək başa çatdırılacağı bildirilib. Sənədin 2011-ci ilin sonuna qədər təsdiq edilməsi gözlənilir.

8 fevral. Macarıstan Respublikasının hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Səfər çərçivəsində keçirilmiş görüşlərdə iki ölkənin hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

8 fevral. Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ münaqşəsinə dair növbəti hesabatını açıqlayıb. Qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı artır.

8 fevral. Bakıda səfərdə olan Litva Seyminin spikeri xanım İrena Dequtene deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Litvada xüsusi qətnamə hazırlanıb. Yaxın vaxtlarda həmin sənəd parlamentdə müzakirəyə çıxarılacaq. Litva Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış edir.

9 fevral. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər ediblər. Onlar XİN başçısı və prezident tərəfindən qəbul olunublar.

9 fevral. İran Sərhəd Polisinin rəhbəri general Hüseyn Zülfüqarinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfər zamanı ölkələr arasında sərhəd məsələləri, Xəzərin təhlükəsizliyi və bəzi problemlər müzakirə edilib.

9 fevral. MSN-in yaxın vaxtlarda 30 ədəd "Matador" və "Marauder" tipli mina əleyhinə qorumalı nəqliyyat vasitəsini SQ-yə təhvil verəcəyi bildirilib.

9 fevral. Xəzər rayon Polis İdarəsinin məlumatına görə, Azərbaycan SQ-nin əsgəri, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əlihəsən İsazadə CM-in 333.2-ci maddəsinə (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) əsasən axtarışa verilib.

9 fevral. İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib ki, Şuşanın işğal olunmasında ABŞ-ın və İsrailin əli var.

9 fevral. Bakıda Xəzəryanı ölkələrin sərhəd xidmətləri rəhbərlərinin işçi görüşü keçirilib. Görüş zamanı Xəzərdə mövcud vəziyyət və sərhəd qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

9 fevral. Erməni mətbuatına görə, bu ölkənin SQ-i snayper əleyhinə irimiqyaslı əməliyyatlar hazırlayır. MN-in bu niyyəti son vaxtlar təmas xəttində snayper atəşinin intensivləşməsi ilə əlaqəlidir.

9 fevral. Ağdam HK-dan çağırılmış SQ əsgəri Hüseynov Sarvan Vidadi oğlu Naxçıvandakı hərbi hissədə böyrək çatışmazlığından (MN versiyası) vəfat edib.

10 fevral. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər ediblər. Onlar XİN başçısı E.Məmmədyarov və müdafiə naziri S.Əbiyevlə görüşüblər.

10 fevral. İranın Ermənistandakı səfiri Seyid Əli Saqayan bildirib ki, regional oyunçular Qarabağda hərbi əməliyyatların başlanmasına imkan verməyəcək.

11 fevral. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Ənvər Əzimov bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin yeni sammitinin keçirilməsi üçün müvafiq əsas hazırlanır.

11 fevral. MN Təlim-Tədris Mərkəzinin şöbə rəisi polkovnik Aydın Allahverdiyev yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.

11 fevral. ƏN Penitensiar Xidmətinin 2010-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş Əməliyyat Şurası keçirilib. Bəyan edilib ki, ötən il qurumun iki xüsusi müəssisə rəisi, Mühafizə Alayının bölük komandirləri vəzifələrindən azad ediliblər.

12 fevral. Gürcüstan prezidenti M.Saakaşvili Türkiyə XİN başçısı Ə.Davudoğlu ilə Tbilisidə görüşündə "Birləşmiş Qafqaz" ideyasını müzakirə edib.

14 fevral. İranın DİN başçısı Mustafa Məhəmməd Nəccar bəyan edib ki, hökumət ölkənin bütün sərhədləri boyunca nəzarət və təhlükəsizliyin gücləndirilməsi üzrə yeni kompleks tədbirlər hazırlayıb. Onun sözlərinə görə, yeni plan ölkənin şimal-qərb və şərq sərhədləri boyunca artıq reallaşdırılıb. O qeyd edib ki, 9-cu hökumət əvvəlki administrasiyalarla müqayisədə sərhədlərin (ümumi 5.440 km) təhlükəsizliyinin təmin edilməsinə ayrılan xərcləri 17 dəfə artırıb.

13 fevral. ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

14 fevral. Azərbaycan MTN və DİN sözçüləri ölkədə gözlənilən terror təhlükəsi ilə bağlı ABŞ və Böyük Britaniya səfirlikləri, eləcə də İsrailin Terrora qarşı Mübarizə Qərargahı tərəfindən edilmiş xəbərdarlıqlara münasibətlərini açıqlayıblar. Qeyd olunub ki, Azərbaycan sabitliyin etibarlı təmin olunduğu ölkələrdən biridir.

14 fevral. Azərbaycan NATO-nun qərargahında keçirilən NATO SNT Etimad Fondunun (NATO/PfP Trust Fund) iclasında "Partlamamış hərbi sursatların təmizlənməsi üzrə "Saloğlu" layihəsinin 4-cü mərhələsinin təqdimatını keçirir. Bununla bağlı ANAMA-nın baş direktoru Nazim İsmayılov Belçikaya səfər edib.

15 fevral. NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, Cənubi Osetiya və Abxaziya problemlərinin həllində iştirak etməyəcək.

15-19 fevral. Ermənilər Dağlıq Qarabağda hərbi təlimlərə başlayıblar. Erməni mətbuatına görə, məqsəd təlim iştirakçılarının hərbi hazırlığını yoxlamaqdır.

15 fevral. Ermənistan XİN başçısı Edvard Nalbandyan Moskvada Rusiya XİN müavini Qriqori Karasinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında fikir mübadiləsi aparıb.

15 fevral. Ermənistan konstitusiya məhkəməsi ölkədəki Rusiya hərbi bazasının fəaliyyət müddətinin artırılması barədə sazişi təsdiq edib.

15 fevral. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov tutduğu vəzifədən azad olunub. Onun yerinə DİN Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev təyin edilib.

15 fevral. MN mətbuat xidmətinin məlumatına görə, qarşıdakı müddətdə SQ hərbi qulluqçuları aşağıdakı tədbirlərdə iştirak edəcəklər:

19-29 fevral. FTP-dən əlavə. Almaniyada (Oberammerqau) NATO akademik təlimatçılar kursu çərçivəsində təlimatçı qismində iştirak.

21-25 fevral. Almaniyada (Oberammerqau) NATO akademik təlimatçılar kursu.

20 fevral - 11 mart. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, Ankarada qoruma-təhlükəsizlik kursu.

21 fevral - 3 mart. FTP-dən əlavə olaraq Ankarada silahlı münaqişə hüququ kursu.

28 fevral - 11 mart. Macarıstanda (Budapeşt) müəllimlər üçün hərbi terminologiya kursu.

28 fevral - 25 mart. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, İzmirdə döyüş sursatlarını məhv etmə kursu.

 

 

Ayna.- 2011.- 19 fevral.- S.9.