Firəngiz Əlizadə
Motsart müsabiqəsində
münsif idi
Bəstəkarın əsərini
isə müsabiqə iştirakçısı səsləndirib
Bəstəkarlar
İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin
bu günlərdə Avstriyanın Zalsburq şəhərində
təşkil olunan X Beynəlxalq Motsart müsabiqəsində
beynəlxalq münsiflər heyətinin üzvü kimi
iştirak etmişdir.
Qurumun
mətbuat xidmətindən AYNAya bildirildiyi kimi, dahi
avstriyalı Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr
edilən Zalsburqun "Mozarteum" konsert salonunda təşkil
olunan müsabiqədə dünya ölkələrindən 32
yaşadək olan gənc musiqiçilər 4 kateqoriyada -
violonçel, skripka, piano və bəstəkarlıq
kateqoriyalarında məharətlərini göstəriblər.
Mötəbər musiqi yarışmasında Firəngiz Əlizadə
həm gənc pianoçuların, həm də bəstəkarların
istedad və bacarıqlarını qiymətləndirən beynəlxalq
münsiflər heyətində təmsil olunub.
"Mozarteum"
Universitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi
münsiflər heyətində Pavel Qililov, Pol Qulda, Robert Levin,
Jan Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi sayılıb-seçilən
dünya musiqiçiləri yer alıblar. Berlin İncəsənət
Akademiyasının təmsilçisi kimi müsabiqəyə
qatılan Firəngiz xanım müsabiqə
iştirakçılarının sənət göstəricilərini
həm bəstəkar kimi, həm də müasir musiqi
ifaçılığı üzrə ekspert kimi qiymətləndirib.
Pianoçuların
müsabiqəsində 23 yaşlı italiyalı Federiko Kolli
1-ci yerə layiq görülərək, "Qran-pri"
diplomu ilə təltif olunub. Koreyalı Çi He Çun 2-ci
yerə, çinli Ksi Şi Vu isə 3-cü yerə layiq
görülüb. Yubiley müsabiqəsinin təşkilat
komitəsi qaliblər üçün dünya turnesi təşkil
edəcək. Bəstəkarların müsabiqəsində isə
Vyana təmsilçisi, 23 yaşlı Poul Qoldmayer 3 turdan ibarət
yarışmanı uğurla başa vuraraq "Qran pri"yə
layiq görülüb. Poul Qoldmayer gələnilki müsabiqə
üçün yeni əsər bəstələmək sifarişini
alıb.
Beynəlxalq
müsabiqədə müşahidə olunan sevindirici məqamlardan
biri də müasir musiqinin görkəmli təmsilçisi
kimi Arnold Şonberq, Anton Vebern, İqor Stravinski, Sergey Prokofyevlə
yanaşı, Firəngiz xanımın da əsəri
skripkaçıların yarışmasında proqrama
salınması ilə bağlıdır. Bu kateqoriyada
yarışanlar ikinci turda Firəngiz Əlizadənin
"Dastan" əsərini ifa ediblər.
Zəminə
Ayna.- 2011.- 26 fevral.- S.20.