Abdulla Şaiq - 130
"Tülkü həccə gedir" miniatür kitab şəklində
Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi
ilə martın 9-da Abdulla Şaiq anılacaq. Gənc
Tamaşaçılar Teatrında yazıçı və
maarifçi Abdulla Şaiqin 130 illik yubileyi münasibəti ilə
təntənəli tədbir planlaşdırılır.
Nazirlikdən
verilən bilgiyə görə, məqsəd Abdulla Şaiqin
Mənzil Muzeyinin işini təqdim etməkdir. Yubiley tədbirində
mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər
heyəti, AMEA-nın və Azərbaycan Yazıçılar
Birliyinin məsul şəxsləri, Azərbaycan elm və mədəniyyət
xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, ali məktəblərin
professor və müəllim heyəti toplaşacaq.
Xəbərdə
qeyd edilib ki, ədibin müxtəlif janrlı əsərləri,
şeirlərinə yazılmış musiqi örnəkləri
təqdim olunacaq. Muğam Teatrı solistlərinin ifasında ədibin
qəzəlləri üzərində muğamlar, uşaq bəstəkarı
Oqtay Zülfüqarovun rəhbərliyi ilə uşaq
filarmoniyasının "Aysel" teatrının ifasında
uşaq mahnıları səslənəcək. Eyni zamanda Gənc
Tamaşaçılar Teatrının
hazırladığı "Eloğlu" pyesindən səhnələr
göstəriləcək.
Sadəcə,
bir yazıçı, hekayələr müəllifi, uşaq
yazıçısı kimi tanıdığımız
Abdulla Şaiqin türkçülük, vətənpərvərlik
mövzusunda gözəl şeirləri də var və onun bu
səpkili şeirlərinin sovet dönəmində üzə
çıxarılması mümkün deyildi. Anım mərasimində
onun lirik şeirləri ifa ediləcək. Yubiley münasibəti
ilə nəşr olunan "Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011"
kitabı təqdim olunacaq.
Miniatür
Kitab Muzeyinin direktoru Zərifə Salahova tərəfindən ədibin
yeni "Tülkü həccə gedir" miniatür
kitabı təqdim ediləcək.
XATUN
Ayna.- 2011.- 26 fevral.- S.20.