Məşhur rəssamların əsərləri sığortalanıb

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən satın alınmış rəsm əsərləri sığorta şirkətlərindən biri tərəfindən pulsuz sığortalanıb.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, mədəni irsimizin qorunub saxlanaraq gələcək nəslə ötürülməsi məqsədi ilə sığortalanan rəsm əsərləri arasında Toğrul Nərimanbəyovun "Bakı Qədim Şəhər", Tofiq Kərimovun "Qız Qalası", Elbəy Rzaquliyevin "Şirvanşahlar Sarayı" və "Köhnə küçə", Hafiz Məmmədovun "Qoşa Qapı", Rafiq Mehdiyevin "İçərişəhərdə", Eyyub Məmmədovun "Şirvanşahlar", Mahmud Tağıyevin "İçərişəhər", Böyükağa Mirzəzadənin "Mahmud" və "Qız Qalası" kimi əsərlər var.

Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarların İçərişəhərin tarixi abidələri və müxtəlif görüntüləri əks olunan əsərlərində qədim məkanın tarixi ruhu rəsm dili ilə özünəməxsus tərzdə ifadə olunub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi özəl şirkətlərin Azərbaycanın tarixinə, mədəni irsinə və incəsənətinə göstərdikləri qayğını təqdir edir və gələcəkdə bu cür təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirir.

 

 

Ayna.- 2011.- 26 fevral.- S.20.