4 baxış bucağı

 

Rəna Əfəndinin fotosərgisi

 

Fotoqraf Rəna Əfəndinin "4 baxış bucağı" adlı sərgisinin açılışı 22 fevral axşam saatlarında Fransanın Bakı Mədəniyyət Mərkəzində idi. Tanınmış fotoqraf Rəna Əfəndinin bu, Bakıda sayca üçüncü sərgisidir, başqa ölkələrdə isə bir sıra sərgilərdə iştirak edib. İndiki sərginin təşəbbüsçüsü Fransanın Azərbaycan səfirliyi olmuşdur.

Bakının neft yataqları yaxınlığında yaşayan sakinlərdən tutmuş, Xınalığın ağappaq dağlarında yoxa çıxmaqda olan bir dili yaşadan 1000-ə yaxın çoban ailəsinin həyat tərzinə qədər... 2008-ci ildə rus-gürcü müharibəsində Sxinvalinin bombardman olunmuş küçələrindən müharibənin viran qoyduğu Qori mənzillərinədək...

Çernobılın qadağan olunmuş zonasının evlərindəki radioaktiv natürmortun qorxunc gözəlliyi, İstanbulun müəyyən küçələrində transseksualların gecənin zülmətində var-gəl etməsi...

"4 baxış bucağı" bu qeyri-sabit regionda tarixin bir dövrünü, bütövlükdə isə bəşəriyyəti paylaşan Azərbaycan, Gürcüstan, Türkiyə və Ukrayna sakinlərinin gündəlik həyatlarına bir səyahət təşkil edir. Çəkdiyi fotoların kəskin, bəzən isə ifşaçı mahiyyətinə görə onu bizlərdə görməzliyə vuranlar da var.

Əlavə edək ki, Rəna Əfəndi Dillər Universitetinin məzunudur, fotoqrafiya ilə 2002-ci ildən, daha dərindən isə 2005-ci ildən məşğuldur. Fifty Crows beynəlxalq sənədli foto müsabiqəsinin mükafatçısı, "İlin fotorəssamı" mükafatı laureatıdır. Onun fotolarına dünyanın nüfuzlu nəşrləri öz səhifələrində yer vermişlər. Amerikanın "Photo District News" jurnalı onu dünyanın 30 ən tanınmış fotoqrafı siyahısına daxil edib. Onun Photograrher.ru virtual qalereyası var.

"4 baxış bucağı" adlı sərgi 22 fevraldan 11 marta qədər Fransa Mədəniyyət Mərkəzində nümayiş etdiriləcək.

 

 

İ.Balıoğlu

 

Ayna.- 2011.- 26 fevral.- S.19.