"Ən yaxşı fotoşəkil" müsabiqəsi

 

Azərbaycan hökumətinin təşəbbüsü ilə aprelin 7-9-da Bakıda Ümumdünya Mədəniyyətlərarası dialoq forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda "Ən yaxşı fotoşəkil" müsabiqəsi elan olunub. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, miqyasının genişliyinə, iştirakçıların tərkibinə, tərəfdaş qismində cəlb olunan beynəlxalq qurumların sayına və formatına görə Bakı Forumunu dünya səviyyəli tədbir hesab etmək olar. Forumun təşkilinə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avyana Şurası, AŞ Şimal-Cənub Mərkəzi, ISESKO və "Euronews" kimi nüfuzlu beynəlxalq qurumlar tərəfdaş kimi cəlb edilib. Müsabiqədə məqsəd dünya xalqları və müxtəlif sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq etməkdir.

Müsabiqənin şərtlərinə görə, fotoşəkillər rəngli və ya ağ-qara ola bilər. Fotolar Azərbaycanda və dünyada yaşayan müxtəlif xalqlar, mədəniyyətlər və dinlər arasında yanaşı yaşama ənənələrinə, dialoq və əməkdaşlığın təbliğinə xidmət etməlidir. İşlər Mədəniyyət və Turizm Nazirliyinə martın 15-dək təqdim edilməlidir. Müsabiqəyə təqdim edilmiş fotoların əsasında forumun keçiriləcəyi məkanda - "Gülüstan" sarayında foyedə 30-50 əsərlik fotosərgi təşkil ediləcək. Müsabiqə qalibləri forum iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə təyin olunacaq. Qaliblər üçün hər biri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis edilib. Təltif olunma mərasimi isə aprelin 8-də "Buta" sarayında keçiriləcək. Müsabiqə nəticəsində fotosərgi üçün seçilmiş işlər dövlət mülkiyyəti sayılmaqla, Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə veriləcək. Kiyevdə Arif Məlikovun musiqisi səsləndirilib Kiyevdə Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin musiqisi səsləndirilib. GUAM rəsmi saytına istinadən, GUAM Xarici İşlər Nazirləri Şurasının 14-cü iclasının keçirilməsi münasibətilə təşkilatın katibliyində GUAM musiqi mədəniyyəti axşamı təşkil olunub.

"Kiyev-Klassik" simfonik orkestrinin kamera qrupu GUAM ölkələrinin milli və müəllif əsərlərini ifa edib. İfa olunan əsərlər arasında Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindən musiqi də səslənib. Tədbirdə GUAM ölkələri xarici işlər nazirləri, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukrayna XİN nümayəndələri, Ali Rada üzvləri iştirak ediblər.

 

 

Ayna.- 2011.- 26 fevral.- S.19.