"Böyük Dördlük" azərbaycanca təqdim olundu

 

Polyak ədəbiyyatından başqa örnəklər bunun arxasınca gələcək

 

Polyak və Azərbaycan ədəbiyyatları arasında daha bir körpü salındı. "Qəfil görüş: çağdaş polyak poeziyası antologiyası" təqdim edildi. Mərasim Yazıçılar Birliyinin Natəvan klubunda düzənlənmişdi. Çingiz Abdullayev, Yazıçılar Birliyinin məsulları, ədiblər, tərcüməçilər, Polşa səfiri Kşiştof Krayevski, jurnalistlər burada idilər. Çingiz Abdullayev və səfir Kşiştof Krayevski çıxış etdilər.

Antologiyada seçim ciddi olub. Buraya XX əsr Polşa poeziyasının korifeyləri, ədəbiyyat üzrə Nobel mükafatı laureatları Çeslav Miloş və Vislava Şimborskanın (birincisi - 1980, ikincisi - 1996-cı ildə bu mötəbər ödülə layiq görülüblər), digər görkəmli şairlər - Zbiqnev Herbert və Tadeuş Rujeviçin şeirləri daxildir. Onlara polyak ədəbiyyatında "Böyük Dördlük" deyilir. Antologiyada hər şairdən 10 şeir verilir. Bütövlükdə 40 şeir. Özü də azərbaycanca və yanaşı səhifədə orijinalda. Kitab Azərbaycanda son illər nəşr olunmuş ilk ikidilli (bilinqva) poetik antologiyadır. Şeirlər müəlliflərin varislərinin izni ilə çap olunub.

"Böyük Dördlük" polyaklar arasında birmənalı qəbul edilir. Onlara böyük rəğbət var. Pyotr Şlivinskinin fikri misal gətirilir: "Böyük Ustadlar ona görə belə adlanırlar ki, onlar dəyişkən vəziyyətdə olduqca yaxşı baş çıxara bilirlər. Əksər köhnə yazarlardan fərqli olaraq, onlar yeni şəraitin öhdəsindən gələ bilirlər. Onların poeziyaları son baş verən hadisələrin: dəyişkənliyin, əziyyətlərin, qəribsəmələrin, dünyanın şərinə və təbiətə qarşı üsyanın, Tanrının vəhşi ölüm və məna boşluğu arasındakı ixtilafa dinməməyindən yaranmış əsəbiliyin dilidir".

Bu ədəbi layihənin əlaqələndiricisi, Polşanın mədəniyyət attaşesi Yoanna Senkeviç, tərtibçi və ön sözün müəllifi Aqneşka Ronçkadır. Azərbaycancaya şeirləri çevirən Səlim Babullaoğlu və Rafael Tağızadədir.

Polyak ədəbiyyatı ölkənin siyasi vəziyyətindən asılı olaraq mürəkkəb mərhələlərdən keçib. Bu gün dünyanın "ağır çəkili" ədəbiyyatlarından sayılır, heç olmasa ona görə ki, onların ədəbiyyat üzrə iki Nobel mükafatı laureatı var. Deyildi ki, "Qəfil görüş: çağdaş polyak poeziyası antologiyası" nahardan əvvəl desertdir. Daha "ləzzətli" örnəklər bunun arxasınca gələcək. Ön sözdə Aqneşka Ronçka qeyd etdiyi kimi, "böyük dördlüyün" ilk cildi polyak ədəbiyyatına azərbaycanlılarda dərin maraq oyadılacağı ümidi ilə təqdim olunur.

Polyak ədəbiyyatına azərbaycanlıların marağı isə XIX yüzilin sonlarından başlanır. Bu maraq İkinci Dünya savaşından sonrakı dönəmdə daha da artır. Rəsul Rza, Nigar Rəfibəyli və Nəriman Həsənzadə və b. polyak şeirindən çoxlu örnəkləri dilimizə çevirmişlər. Böyükağa Qasımzadə polyakların milli şairi Adam Mitskeviçin şeirlərini, istedadlı ədəbi tərcüməçi, mərhum Vilayət Rüstəmzadə 80-ci illərdə Yeji Edigeyin "Səhnədə qətl" povestini tərcümə etmişdi.

 

 

İ.Umudlu 

 

Ayna.- 2011.- 26 fevral.- S.19.