Gözde Kılıç: "Xocalı soyqırımını
törədənlərin cəzalandırılmasına nail olmaq məcburiyyətindəyik"
Onların dövlət səviyyəsində
qarşılanması vicdanımızı yaralayır
Gözde
Kılıç Yaşın Ankarada fəaliyyət göstərən
21-ci əsr Türkiyə İnstitunda Balkanlar və Kipr
Araşdırmaları Mərkəzinin rəhbəridir. Hazırda
soyqırım cinayətləri üzrə tədqiqatlar ilə
bağlı doktorluq dissertasiyası üzrə
çalışmalarını davam etdirməkdədir. Eyni
zamanda Xocalıya Ədalət kampaniyasının Türkiyə
təmsilçisidir.
Ayna: Gözdə xanım, siz
Xocalıya Ədalət kampaniyasının Türkiyə təmsilçisisiniz.
Kampaniyanın Türkiyə fəalliyyəti ilə
bağlı qısaca məlumat verməyinizi xahiş edirəm.
G.K:
Beynəlxalq hüquq normalarına görə 1992-ci ilin fevral
ayında baş verənlər bir soyqırımdır. Hadisə
ilə bağlı şahid ifadələri,
soyqırımı hazırlamış və həyata
keçirmiş ermənilərin etirafları, hadisəni
yerində görən beynəlxalq jurnalistlərin qələmə
aldıqları, beynəlxalq insan hüquqları təşkilatlarının
sənədləri Xocalıda soyqırım olduğunu deməmizə
əsas verir. Bizim məqsədimiz bütün bu dəlil və
sübutlardan istifadə edərək dünya ictimaiyyətinə
doğru informasiya verməkdir. Orada öldürülənlər
hər şeydən əvvəl bir insandır. Dünya
ictimaiyyəti, beynəlxalq qurumlar əgər insani dəyərləri
əsas alırsa, bu faciəyə biganə qalmamalıdır.
Xocalıda yaşananlar gizli qalmamalıdır. Burada bəşəri
ləyaqət, qürur ayaqlar altında əzilmişdir. Bu
faciənin Avropada, Amerikada tanıdılması çox önəmlidir.
Bu faciəni Türkiyədəki insanlar da yaxından bilməli
və etiraz səslərini gücləndirməlidir. Türkiyədə
Xocalı ilə bağlı tədbirlərin sayı ildən-ilə
artır. Biz təmsilçilik olaraq hər il ən az 10
televiziya və radio proqramı tərtib edirik.
Təxminən
bir həftədir televiziya proqramlarında, konfranslarda, dəyirmi
masa toplantılarında iştirak edirik. Milli mübarizə illərindən
əvvəl və sonra Balkanlarda, Giritdə, Rodosda, Anadoluda,
Kiprdə xalqımıza qarşı böyük cinayətlər
törədildi. Təəssüf ki, bu gün bunlar unudulur və
ya xalq unutmayı qəbul etsə də, Xocalını
unutmamalı və unutdurmamalıdır.
Ayna: Bir türkiyəli araşdırmaçı
olaraq, Azərbaycan diasporunun Qarabağ problemi istiqamətindəki
fəaliyyəti sizi qane edirmi? Azərbaycan diasporu Türkiyə ictimaiyyətini kifayət qədər məlumatlandıra
bilirmi?
G.K. Azərbaycanlı
şagirdlər, məncə, Azərbaycan dövləti
üçün bir nemətdir. Burada Qarabağ, Xocalı, ya
da Güney Azərbaycan haqqında bir məlumat zəmini varsa,
bunlar Azərbaycanlı tələbələr sayəsində
yaranıb. Bəli, bir çox araşdırmaçı bu
mövzular barədə yazır, danışır,
çıxış edir. Lakin universitet tələbələrinin
fəaliyyətləri həm xarakteri, həm də məzmunu
etibarı ilə daha effektivdir. Məsələyə başqa
bir tərəfdən də yanaşmaq istərdim. Bu gün Azərbaycan
diasporunun bir hissəsi tələbələrdən ibarətdir.
Bir hissəsi də dünən tələbə olmuş, bu
gün bizimlə universitetlərdə və müxtəlif təşkilatlarda
işləyən azərbaycanlılardır. Azərbaycan
diasporu olmasaydı, türk millətçilərinin səsi
erməni lobbisinin səsini batırmaq üçün yetərli
olmayacaqdı. Azərbaycan diasporu yalnız Azərbaycanı
deyil, əslində bizlərə yenidən
türklüyümüzü öyrətmə
missiyasını da həyata keçirir. Türklük
şüuru bu dəfə də Anadoluya Azərbaycandan gəlir.
Qarabağla
bağlı yenə də əskik qalan nöqtələr var,
cavab verilməsi lazım gələn suallar var. Xüsusilə
işğal prosesində yaşananlar, problemin həllinin bu qədər
uzadılması, alternativ yollardan istifadə edilib-edilməyəcəyi
və s. kimi məsələlərdə Türkiyə
ictimaiyyətinə doğru, məntiqli və realist informasiya
çatdırmaq zərurətini hiss edirəm. Keçən
il Londonda bir toplantıda iştirak etmişdim. O toplantıda
dünyada yaşayan türklər - Azərbaycan, İraq, Kipr,
Trakya türklərinin təmsilçiləri hamısı bir
arada idi. Bu toplantıda bir-birimizin problemləri ilə
yaxından tanış olduq, bir millət olduğumuzun fərqinə
əyani şəkildə vardıq. Türkiyə və Azərbaycan
diasporlarının Avropa və Amerikadakı fəaliyyətlərinin
koordinasiyalı şəkildə bir araya gətirilməsi
haqlı olduğumuz mübarizədə daha çox uğur
qazanacağımıza vəsilə olacaq.
Ayna: Siz eyni zamanda Balkanlardakı
soyqırım cinayətlərini yaxından
araşdırmısınız. Bosniyalılara qarşı
soyqırım tətbiq etmiş canilər müəyyən
ölçüdə cəzalandırıldı. Xocalı
soyqırımını törədənlərin cəzalandırıla
biləciyi barədə ne deyə bilərsiniz?
G.K:
Buna nail olmaq məcburiyyətindəyik. Bu bizim birinci dərəcəli
vəzifəmiz olmalıdır. Tarixdə Nürnberq məhkəməsində
nasistlər, keçmiş Yuqoslaviyada insanlığa
qarşı cinayət törətmiş şəxslər cəzalandırıldı.
Xocalıda yaşananlara görə cavabdehlərin mühakimə
olunması, cəzalandırılması üçün beynəlxalq
ictimaiyyəti, qurumları və təşkilatları hərəkətə
keçirməmiz lazımdır. Bu gün qloballaşan
dünyada fərdlər dövlətlərdən daha çox
söz sahibi ola bilir. Bu bizlər üçün bir fürsətdir.
Qeyri-hökumət təşkilatları bu gün dövlətlərin
görə bilmədikləri çox işi görməyə
qadirdir. Ədalətin təmin edilməsi üçün
yorulmadan tələbimizi yeniləməmiz lazımdır.
Miloşeviç cinayətlərinin əvəzini ödəmək
üzrə necə məhkəməyə
çıxarıldısa, Sarkisyan, Koçaryan, Ohanyan və
onların yanında yer almış şəxslərin də
məhkəməyə çıxarılması
lazımdır. Açığını demək lazım gələrsə,
bunların yerlərə qırmızı xalçalar
salınaraq dövlət səviyyəsində
qarşılanması bizlərin vicdanını yaralayır.
Mahirə Qayıbova
Ayna.- 2011.- 26 fevral.- S.15.