Xocalı soyqırımından 19 il ötür

 

Soyqırım nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb

 

Xocalı soyqırımından 19 il ötür. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə kiçik və zəif müdafiə olunan Xocalı şəhərinin üstünə yerimiş, bu şəhəri işğal edərək etnik azərbaycanlılara qarşı qətliam həyata keçirmişlər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Hücumdan əvvəl, fevralın 25-də axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma Ermənistandan gəlmiş hərbi bölmələr, yerli silahlı quldur dəstələri buna imkan verməyiblər.

 

Soyqırımın xronologiyası

 

- 1991-ci ilin oktyabrında Xocalı blokadaya alındı.

- Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

- Yanvarın 2-də şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun azsaylı döyüşçülərindən təşkil olunmuşdu.

- 1992-ci il yanvar ayının 28-də Xocalıya sonuncu vertolyot endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi.

- Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

- Fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə Xocalıya hücum hazırlıqlarına start verildi. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçivanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

- Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi.

İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu.

- Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxarılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

 

Xocalı dünya mətbuatının gözü ilə

 

- "Krua l'Eveneman" jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.

- "Sandi Tayms" qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərlər minlərlə ailəni məhv etmişlər.

- "Faynenşl Tayms" qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

- Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

- "Tayms" qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

- "İzvestiya" (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

- "Faynenşl Tayms" qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.

- "Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

- "İzvestiya" (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

- "Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdir. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

- R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

 

İstintaq davam edir

 

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə əlaqədar 287 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev "Azərbaycan" qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, 18 dekabr 2003-cü il tarixdə Azərbaycanın baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. İstintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçiblər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeri İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak edib. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub. Hücumdan əvvəl isə şəhər şiddətli artilleriya atəşinə tutulub, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olub, dinc əhalini xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Xanlar Vəliyev həmçinin bildirib ki, Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Beynəlxalq hüquq normalarına uyğun soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılıb, nəticədə 1 yanvar 2011ci il tarixədək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılıb. Məhkəmə qərarlarına əsasən, onların barələrində həbs-qətimkan tədbiri seçilmiş, axtarışları elan edilmiş, bununla bağlı müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilib.

Hərbi prokuror daha sonra deyib ki, 366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. O qeyd edib ki, həmin şəxslərin Azərbaycan CM-nin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 107-ci, 113-cü, 115.4-cü, 116.0.17-ci maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Həmçinin barələrində məhkəmələr tərəfindən həbs-qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.

 

 

Eldəniz Elçin 

 

Ayna.- 2011.- 26 fevral.- S.6.