Müstəqil ölkə ilə boy atan KİV...

 

Müstəqil mətbuat istiqlal ideyasının daşıyıcısı olub

 

Əlbəttə, çağdaş milli mətbuatın ictimai-siyasi həyatda öz yerini tutmasını və proseslərə təsir imkanlarını inkar etmək düzgün olmazdı. Azərbaycan KİV-i MDB ölkələri içində özünəməxsus şəkildə oturuşmuş bir sahə olmaqla, önəmli bir media seqmenti yarada bilib. Amma bu heç də asan başa gəlməyib. Azərbaycanın müstəqil mətbuatı onun istiqlalı ilə yaşıddır. 80-ci illərin sonunda Qarabağ dalğasında başlanan müstəqillik uğrunda mübarizə milli KİV-in ilkin rüşeymlərini yaratdı.

O illərdə zamanın ruhundan uzaq düşən KİV-lər sovet jurnalistikasının boz maskasını geyərək xalqın bilmək istədiyi həqiqətləri gizlətməklə məşğul idi. Məhz belə şəraitdə 90-cı illərin əvvəllərində meydana gələn müstəqil mətbuatın ilk nümunələri Qarabağ həqiqətlərini yaymaqla eyni zamanda Azərbaycanın müstəqilliyi ideyasının daşıyıcılarına çevrilmişdilər. SSRİ rəhbərliyinin Azərbaycana qarşı məkrli planlarını xalqa çatdırmaqda tribunaya çevrilən "Azərbaycan", "Aydınlıq", "Azadlıq" sovet KQB-sinin bütün hədə-qorxu, şantaj mərhələlərindən keçərək yarımleqal fəaliyyətləri ilə milli mətbuatın yeni dəst-xəttini ortaya qoydular.

Bu çətin prosesdə milli mətbuatın ilk jurnalistlərinin imzaları parladı. Müstəqil mətbuatın ilk pionerləri olan bu şəxslər bir əlində qələm, bir əlində silah tutaraq Azərbaycan dövlətinin fədailərinə çevrilmişdilər.

 

Mətbuat Şurasından KİVDF-yə gedən yol

 

90-cı illərdə daha çox siyasi ambisiyaların girovuna çevrilən KİV-lər partiyalı mətbuat tipi kimi fəaliyyət göstərirdi. 90-cı illərin siyasi qarşıdurmalarında tərəf kimi çıxış edən KİV bununla peşəkar məlumatlandırma işini arxa planda qoyaraq daha çox siyasi mövqe nümayiş etdirməsi ilə yadda qalırdı. Halbuki qəzet informasiya daşıyıcısı olmalı idi.

Bu sahədə əhəmiyyətli addım mərhum prezident Heydər Əliyevin 1998-ci ilin avqustunda senzuranın ləğv etməsi oldu. Şübhəli senzor baxışlarından azad olan qəzet səhifələri özü ilə yeni bir dalğanı - "məmur məhkəmələrini" gətirdi. Senzura aradan qalxan kimi bəlli oldu ki, cəmiyyət, KİV və vəzifə tutan məmurlar söz azadlığına qarşı o qədər də hazır deyilmişlər.

Bir-birinin ardınca keçən gurultulu məhkəmə prosesləri tədricən mediada qanun və hüquqi tənzimləmənin vacibliyi məsələsini gündəmə gətirdi. 2001-ci ildə milli KİV-lərin tarixində əsl çevriliş ili kimi yadda qaldı. İlk dəfə olaraq prezident Heydər Əliyev mövqeyindən asılı olmayaraq qəzet baş redaktorlarını qəbul edərək bununla ölkə mediasında yeni ənənənin əsasını qoydu. Cəmiyyət ilk dəfə hakimiyyət və KİV-i bir yerdə görə bildi.

Buna qədər isə media məmurlar tərəfindən daha çox gözardı edilirdi: Məmurlar, sadəcə, subyektiv rəylərdən çıxış edərək KİV-lərlə əlaqə saxlamamağa üstünlük verirdilər.

H.Əliyevin bu addımı 2000-ci illərin sonrakı təqvimində KİV-lə bağlı yeni münasibətlərin - hüquqi tənzimləmənin cığırını açdı. 2003-cü ildə yaranan Mətbuat Şurası isə çap mediasına tamam yeni nəfəs gətirdi. Hakimiyyətlə KİV arasında körpü rolunu oynayan MŞ bir çox hallarda məmur-jurnalist münasibətlərinin məhkəmə salonlarında çözülməsinin qarşısını uğurla ala bildi. Eyni zamanda, jurnalist məsuliyyətinin formalaşamasında bu qurumun rolu danılmazdır.

Peşəkar media ənənələri üçün lazım olan stimul yeni prezident İlham Əliyevin zamanında prioritet şəkil aldı. Qəzetlərin maddi-texniki bazasını möhkəmlətmək üçün irəli sürülən təkliflər son nəticədə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə nəticələndi. Dövlət bununla ilk dəfə olaraq media seqmentinin formalaşdırılması üçün dəstəyini nümayiş etdirdi və mövqeyindən asılı olmayaraq ölkədə müstəqil KİV-in inkişafı üçün təminatçı rolunu nümayiş etdirdi. Bunun üçün KİVDF-nin elan etdiyi layihələrdə iştirak edən qəzetlərin siyahısına baxmaq kifayət edir.

Vacib olan digər məsələ ölkənin ən ağır və həssas məsələsi olan Qarabağ münaqişəsində KİV-lərin tutduğu birmənalı mövqedir. Siyasi mövqeyindən və hakimiyyətə münasibətindən asılı olmayaraq bütün KİV-lər Qarabağla bağlı məsələnin müzakirəsində milli maraqları üstün tuturlar. Bu hətta düşmən KİV-lərdə belə etiraf olunur.

 

Problemlər və perspektivlər

 

Bu gün mətbuatın bəzən çox subyektiv mövqelərdən asılı olma tendensiyası da nəzərə çarpır. Bunun səbəbləri isə kifayət qədər ciddidir. Milli KİV-in "Axilles dabanı"na çevrilmiş nöqtələri haqda açıq danışmaq pis olmazdı. İlk öncə jurnalist peşəkarlığı... İndi bu barədə hamı haray qaldırıb və bu bəlanın qarşısının tezliklə alınması üçün müxtəlif reseptlər təklif edirlər. Kimi jurnalistika fakültəsinin səviyyəsini qaldırmağa çağırır, kimi bunun üçün inzibati tədbirlərin vacibliyini vurğulayır. Lakin niyə heç kim KİV-də qeyri-peşəkarlığın belə vüsət almasının səbəblərini araşdırmaq və bundan danışmaq istəmir? Ən elitar sahə sayılan mediada meydan sulayan qeyri-peşəkar jurnalistciyəzlər haradan peyda oldular? Müstəqil Azərbaycan KİV-nin əsasını qoyan, sözün əsl mənasında jurnalist olan, bu yola yenicə gələn gənclərə örnək olacaq peşəkarlar hara baxırlar?

Hamletsayağı qoyulan bu sualların cavabı özü ilə çağdaş jurnalistikanın yaxın tarixinə ekskurs etməyi tələb edir. "KİV-də peşəkarlar" kodunun açarı məhz həmin yaxın keçmişin arxivlərində gizlənir. Mediamızda "sələflər və xələflər" zənciri çox kövrəkdir. Azərbaycanın gənc yazarları isə həmin "müqəddəs yer" qarşısında məsuliyyət hiss etmədiklərindən indi qeyri-peşəkarlar haqqında narahatlıq baş qaldırıb. Ölkəmizdə KİV-dən söz düşəndə hamı barmağını Həsən bəy Zərdabiyə tuşlayır, ilk qəzetimizin banisi haqqında ağızdolusu danışır, bununla da işlərini bitmiş hesab edirlər. Bəs milli mətbuatın tarixi Zərdabiyləmi bitir? Bəs çağdaş media tarixini yaradan şəxslərdən niyə danışmırıq? Bu siyahı kifayət qədər uzundur və öyrənilməyə layiq bir məktəbdir.

Əlinə yenicə qələm alan jurnalist ilk növbədə Hikmət Sabiroğlu, Fəxri Uğurlu, Zərdüşt Əlizadə, Elmar Hüseynov, Məmməd Nazimoğlu, Kamal Əli, Məmməd Süleymanov, Rauf Mirqədirov, Mehman Cavadoğlu, Azər Rəşidoğlu, Bahəddin Həziyev, Hüseynbala Səlimov, Fatma Abbasquliyeva, Elçin Mirzəbəyli və adını çəkə bilmədiyim daha neçə şəxsin yazıları ilə tanış olmalıdır.

Bu kövrək zənciri yaratmaqla biz özümüz üçün istinad nöqtələri yarada bilərdik. Bu isə KİV-ə yeni gələn yeni jurnalistlər üçün ibrət götürmək və məsuliyyət hiss etmək üçün bir əsas olardı.

Əməyin qiymətləndirilməsi peşəkarlıq səviyyəsinin formalaşmasında ən mühüm amil sayılır. Qəzet redaksiyalarında informasiyanı dəyərləndirmə şkalası və ona uyğun qiymət kəsmə mexanizmi yoxdur. Nəticədə peşəkarlıq ikinci plana keçir, konveyer üsulu önə çıxır.

Digər problem qəzetin buraxılması ilə bağlıdır. Bu sahədə də dəhşətli bir özbaşınalıq hökm sürür. Heç kimin tanımadığı, ömründə bircə sətir belə yazmayan şəxslər böyük miqdarda pulların ayrıldığı qəzetlərə başçılıq edir və redaksiya formalaşdırır.

Nəticədə subyektiv meyarların hökm sürdüyü bir KİV mühiti ortaya çıxır. Baxmayaraq ki, ölkədə kövrək də olsa, qəzet yaradılması üçün potensial örnək olub. Nəcəf Nəcəfovun yaratdığı "Azadlıq", Elçin Şıxlinskinin "Ayna-Zerkalo"su, Rauf Talışinskinin "Exo"su, Zərdüşt Əlizadənin "İstiqlal"ı, Emin Eminbəylinin "7 gün"ü bu baxımdan örnək ola biləcək mənbə sayıla bilər. Lakin bunun əvəzində nəyin şahidi olmuşuq?

Media palitrasında tanınmayan adlar bu gün "mətbuat" adı ilə meydan sulayır, KİV-lə bağlı tədbirlərdə ağızları köpüklənə-köpüklənə "söz azadlığından" dəm vururlar. Digər problem qəzet bazarının kasadlığı ilə bağlıdır. Ölkədə çıxan qəzetlərin əksəriyyəti bir-birinin təkrarını xatırladır. Çox az KİV var ki, özünəməxsus stil və fəndlərlə oxucuların görüşünə gəlir.

Rusiya qəzetlərini vərəqlədikdə mövzu müxtəlifliyinin və rəngarəngliyinin şahidi oluruq. Sosial və siyasi həyatın ən müxtəlif hadisələrinə özünəmxsus yanaşması və təqdimatı ilə seçilən bu qəzetlərdə oxucu istədiyini tapa bilir və bunun müqabilində "sevimli qəzet" anlayışı meydana gəlir. Azərbaycanda çox təəssüf ki, "sevimli qəzet" anlayışı formalaşmayıb.

 

Sosial problemlər girdabı

 

Növbə gəlib çatdı əlahəzrət "sosial vəziyyətə!". Bu sahədə problem o qədərdir ki, bilmirsən haradan başlayasan. Jurnalistlərin böyük əksəriyyətinin maaşı gündəlik tələbatları ödəməyə zorla çatır. Media əhlinin qarşısında duran ən böyük dərd evsizlikdir. Jurnalistlərin əksəriyyəti kirayədə qalır və aldıqları pulun böyük qismini bura xərcləyir. Halbuki Bakı kimi böyük paytaxt meqapolislərinin aparıcı infrastrukturunu təşkil edən media seqmenti bütün ölkələrdə inkişaf və tərəqqi üçün açar hesab olunur.

Bakının oturuşmuş əmək infrastrukturunu təşkil edən bütün nazirliklər, ali məktəblər, dövlət qurumları tabeliklərində olan işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün iş görür. Prezident İlham Əliyevin 2010-cu ildə Milli Mətbuat Günü jurnalistlərin mənzil-məişət məsələlərinin həlli üçün imzaladığı sərəncam bu baxımdan önəmli və örnək bir addım oldu.

Qarşıda duran vacib məsələlərdən biri də jurnalistlərin pensiya və sığorta məsələləridir. Bəllidir ki, jurnalistika ən təhlükəli peşə sayılır və necə deyərlər, "ölüm mələyi" başlarının üstündən əskik olmur. Lakin ölkədə KİV sektorunda çalışanların pensiya məsələsinə barmaqarası baxılır. Bir sıra redaksiyalarda işə götürülən jurnalistlərlə əmək müqaviləsi bağlanmır. Jurnalist var ki, neçə illərdir əmək müqaviləsi olmadan çalışmağa məhkumdur. Bu müqavilə yoxdursa, pensiya yaşı çatanda pulu necə hesablanacaq? Yoxsa hamıya elə gəlir ki, jurnalistikada olanlar daim cavan qalacaqlar?

Problemli sahələrdən biri də jurnalist həmrəyliyidir. Həmkarlıq bizdə çox bərbad vəziyyətdədir. Bütün bunlar KİV-də həllini gözləyən ən vacib məsələlərdir. Bütün uğurları və çatışmazlıqları ilə birlikdə milli mətbuat son 20 ildə çağdaş tariximizə öz imzasını qoya, öz möhrünü basa bilib. Bu imzanın etibarlılığı isə peşəkar və məsuliyyətli jurnalistikadan çox asılıdır.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi fərdi jurnalist yazılarının müsabiqəsinə təqdim edilir.

 

 

Xaqani Səfəroğlu 

 

Ayna.- 2011.- 9 iyul.- S.6.