Erkən nikahın fəsadı

 

Uşaqdan uşaq dünyaya gəlir...

 

Ailə zorakılığı insanların sosial vəziyyətindən, dini etiqadından, cinsi meyillərdən, etnik mənsubiyyətdən asılı olmayaraq baş verir. Lakin ailə zorakılığı baş verdiyi halda belə, cəmiyyət ailədə baş verən bu hadisələrə qarışmamağa üstünlük verir. Azərbaycanda bunu dırnaqarası "adətlər" çərçivəsində tuturlar. Ailə zorakılığı zamanı buna adətən qadınlar məruz qalır.

Erkən nikahlar ailə zorakılığının ən ağır formalarından biridir. Azərbaycan qadın və uşaq hüquqları ilə bağlı əksər konvensiyalara qoşulub və qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb. Deməli, erkən nikah bu konvensiyaların tələblərinə ziddir. Belə ki, erkən nikah həm azyaşlı ananın, həm də uşağın insan hüquqlarını kobud şəkildə pozur.

Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə təəssüflə qeyd edir ki, bu günədək erkən nikahlar nə zorakılığın bir forması, nə qızların təhsil hüquqlarının pozulması, nə də qızların sağlamlıq hüquqlarının pozulması, ən başlıcası isə qanunvericiliyin pozulması problemi kimi tədqiq edilib. Erkən nikah dövlətin gender bərabərliyi siyasətinin həyata keçirilməsinə ciddi maneələr yaradır.

Müsahibimin dediyinə görə, erkən nikah coğrafiyasının genişlənməsi Gəncə və ətraf rayonlarda da özünü kəskinliklə göstərir. Belə ki, 15-18 yaş qruplarında qızların ana olma halları getdikcə artır:

"Bu yaş qrupunda olan qızlar isə nə psixoloji, nə də fizioloji baxımdan ailə qurmağa və ana olmağa hazırdır. Gəncədə və ətraf rayonlarda sorğular zamanı aydın olub ki, qızlar əsasən 8-9-cu siniflərdə təhsildən uzaqlaşdırılaraq, əsasən valideynlərin təhriki ilə erkən nikaha cəlb edilirlər. Övladının taleyi ilə oynayan valideynlər ilk növbədə qanunvericiliyi pozur, övladlarına qarşı zorakılıq göstərmiş olurlar. Beləliklə, valideynlər bu hallarda məsuliyyət daşıyır və övladlarının gələcəkdə üzləşə biləcəkləri hər hansı bədbəxtliyə görə cavabdehdirlər".

Təəssüflər olsun ki, bu günədək erkən nikahı həyata keçirən bir nəfər də cinayət məsuliyyətinə cəlb edilməyib. Məleykə Əlizadənin fikrincə, cəzasızlıq erkən nikahların kütləvi hal almasına şərait yaradır.

Erkən nikaha cəlb edilən qızların bir çox hüquqları pozulur. Qız təhsildən uzaqlaşır və onun təhsil almaq hüququ pozulur. O, uşaqlıq dünyasından məhrum edilir və onun uşaq hüquqları pozulur, erkən yaşda ana olan qızların sağlamlıq hüquqları pozulur.

Bütövlükdə isə, erkən nikaha cəlb edilən qızların insan kimi hüquqları pozulur.

Məleykə Əlizadə erkən nikahların tibbi fəsadlarından geniş söhbət açdı. Əsas problem isə "uşaqdan uşağın dünyaya gəlməsidir". Hələ özü uşaq olan və yetkinləşməmiş yeniyetmə ana uşaq dünyaya gətirmək üçün lazım olan valideynlik bacarıqlarına da malik ola bilməz. O deyir:

"Erkən nikaha cəlb edilən qızların sağlamlıqları bir çox mənfi təsirlərə məruz qalır. Bu qızların orqanizmləri uşaq dünyaya gətirmək üçün fiziki cəhətdən tam inkişaf etmiş olmur. Bəzi qızlarda cinsi yetkinlik dövrü gecikir, qızlarda menstrual tsikl öz normal halına düşməmiş erkən ailə qurulur. Bu, gələcəkdə bir çox fəsadlarla, ilk növbədə sonsuzluqla nəticələnir".

M.Əlizadənin sözlərinə görə, erkən nikaha cəlb edilən qızlar hamiləlik dövründə də ciddi problemlə üzləşirlər. Çünki yeniyetmə yaşlarında qızlarda böyümə və inkişaf hələ davam edir, onların çanaqları tam yetkin ölçüyə çatmamış olur. Dünyaya uşaq gətirən zaman qızın çanağı tam ölçüdə olmadığı üçün uşağın çanaq daxilində yaxşı inkişaf etməməsi, kəllədaxili təzyiqlə doğulması və s. kimi fəsadlar baş verir. Gənc anaların körpələri doğularkən az çəkili olma ehtimalları daha çoxdur, onların yarımçıq doğulma riski daha da yüksəkdir və onların doğumdan qabaq ölüm faizi daha artıqdır. Bundan başqa, doğulan uşaqların çəkisi az oluronlarda anemiya müşahidə edilir.

Beləliklə, erkən nikahlardan dünyaya gələn körpələrin səhhətləri yetkin qadınların dünyaya gətirdikləri körpələrin səhhətinə nisbətən daha çox risklə üzləşir. Erkən nikahlardan doğulan uşaqların ölüm faizi də yüksək olur:

"Nəzərə alsaq ki, kənd yerlərində bəzən doğuşlar evlərdə həyata keçirilir, gənc analar baş verə biləcək faciələrdən sığortalana bilməzlər. Sağlamlığa mənfi təsir edən amillərdən biriabortdur. Məhz abortla bağlı ağırlaşma hallarının çox hissəsi gənc anaların payına düşür. Onu da qeyd etmək yerinə düşərdi ki, abort qanunla qadağandır, xüsusilə də yetkinlik yaşına çatmayan qızların qanunsuz aborta getmələri cinayət hesab edilir".

Erkən yaşlarda, xüsusilə qızların yaş həddinin keçid dövründə onların psixoloji durumları tam formalaşmadığı üçün erkən nikahlara cəlb edilən qızlar həm də psixoloji cəhətdən ailəyə və onun idarə edilməsinə hazır deyillər. Bu da gələcəkdə onların bir sıra psixi xəstəliklərə düçar olmasına gətirib çıxarır.

Mərkəz rəhbəri hesab edir ki, gənc analar, eyni zamanda, bir sıra sosial dəyərləri də itirirlər. Ailəli yetkinlik yaşına çatmayan analar təhsillərini davam etdirə bilmirlər, heç bir ixtisası və peşəsi olmayan ana tapmaq imkanından da məhrum olur. Yoxsulluq şəraitində yaşayan və səhhəti zəifləyən gənc ana öz övladının tərbiyəsinin və səhhətinin qayğısına qala bilməyərək analıq funksiyalarını yerinə yetirə bilmir.

M.Əlizadənin fikrincə, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafına töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər:

"Bütün ailələrin - istər hər iki valideyni, istərsə də tək valideynli olsun, iqtisadi cəhətdən möhkəm olmaları cəmiyyətin marağındadır. Erkən nikahlar və erkən hamiləlik isə bunun belə olmasına nəinki kömək edir, əksinə, mane olur. Bu problemlərin həlli üçün isə cəmiyyət birlikdə çalışmalıdır. Təkcə qadınlar deyil, kişilər də paralel olaraq maarifləndirilməlidir, nəticədə isə problemin həll yolu açıla bilər".

Ekspert vurğulayır ki, erkən nikahlar ailə zorakılığının bir forması kimi qəbul edilməli və ona qarşı mübarizə aparılmalıdır. Bu mübarizənin ən mühüm növü isə maariflənmədir. Məhz maariflənmə xalqımızın genefondunu erkən nikahların qurbanlarına çevrilməkdən xilas edəcək!

 

Onu da qeyd edək ki, erkən nikaha cəlb edilən qızların hüquqlarının müdafiəsi üçün Gəncə Regional Qadın Mərkəzi Kamil Vətəndaş İctimai Birliyi ilə birlikdə Gəncə şəhərində "Gənc qızların hüquqlarının təbliği" layihəsini həyata keçirir. Layihədə məqsəd əhali arasında maarifləndirmə işləri aparmaq, ictimaiyyətin diqqətini bu problemə cəlb etmək və qismən də olsa, erkən nikahların qarşısını almaqdır. Layihə çərçivəsində orta məktəblərin yuxarı sinif şagirdləri, müəllimlər, valideynlər ilə təlimlər və görüşlər keçirilmiş, onlara maarifləndirmə məqsədilə hazırlanan bukletlər paylanılıb.

 

 

Aynurə   

 

Ayna.- 2011.- 9 iyul.- S.15.