Gender
büdcəsi ayrıca qadınlar üçün
büdcə deyil
Bu təşəbbüs
bərabər imkanlardan istifadənin səviyyəsini müəyyənləşdirməyə
və qadınların dövlət resurslarına
çıxışını artırmağa imkan verir
Gender təşəbbüslərinə
skeptik yanaşan insanlar hətta ekspertlər arasında da
mövcuddur. Gender büdcəsi təşəbbüslərinin
əslində ifrat praqmatikləşmiş Qərb həyat tərzinin
nəticəsi olduğu barədə arqumentlər də
mövcuddur. Əsas gətirilir ki, qadının müəyyən
mərhələdə fiziki zəifliyi onun iqtisadi proseslərdən
və sosial dəstəkdən kənarda qalmasına səbəb
ola bilər. Baxmayaraq ki, bu ölkələrin sosial
müdafiə sistemi daha
təkmildir.
Bizim halımızda isə vəziyyət
bir qədər fərqlidir. Belə ki, ailə ənənələrinin
güclü olduğu
Şərq-müsəlman cəmiyyətlərində
qadının iqtisadi mənada təcridindən
söhbət gedə bilməz, əksinə, bəzən ev təsərrüfatlarının aktiv maliyyə tənzimləyiciləri məhz
qadınlar olur. Lakin
bütün bunlar həssas
qadın qruplarının mövcudluğunu
və onların xüsusi büdcə dəstəyinə
ehtiyaclarının olmasını istisna etmir. Yeri gəlmişkən,
"Azərbaycanda gender büdcəsinin tətbiqi
üçün iqtisadi,
siyasi, sosial və institusional bazanın tədqiqi üzrə"
tədqiqat aparılıb. Bu qənaətə
gəlinib ki, gender
büdcəsi ilə bağlı təşəbbüslərin
əsaslandırılmış ehtiyaclardan
qaynaqlanması və məqsədli olması çox
vacibdir.
İqtisadçı alim, tədqiqatçı Azər Mehtiyev
deyir ki, gender büdcəsi gender
yanaşması əsas götürülməklə dövlət
büdcəsinə başlıca olaraq milli səviyyədə müxtəlif
qadın və kişi qruplarının təsirini
qiymətləndirməyə imkan verən
proses və alətlərin məcmusudur. Lakin gender büdcəsi
ayrıca qadınlar üçün bir büdcə deyildir. Gender büdcəsi
yalnız gender oriyentasiyalı
ayırmaların - məsələn, qadınlar üçün xüsusi
proqramların təhlilini, bütün sahələr
və xidmətlər üzrə əsas xərclərin
qadın və kişilərə ayrılıqda təsirini,
dövlət xidmətləri sferasında bərabər imkanlar yaradılmasına istiqamətlənən
strategiya və ayırmaların öyrənilməsini
əhatə edir.
Gender büdcəsinin vəzifələri
qadınların dövlət resurslarına
çıxışının artırılması, dövlət
büdcəsinin gender perspektivi
baxımından effektivliyinin
artırılmasıdır. Vətəndaş cəmiyyəti
təşkilatlarının, eləcə də qadın
qeyri-hökumət təşkilatlarının qərar qəbulu
prosesindəki rolunun aktivləşdirilməsidir.
Dövlət büdcəsindən
qadın və kişilərin necə faydalandığı
qiymətləndirilməlidir
A.Mehtiyev deyir ki, Azərbaycanda gender
yönündə büdcənin tərtib edilmə təşəbbüsü
gender bərabərliyi dövlət
proqramının hazırlanması daxilində keçirilib.
Müsahibimiz bu qənaətdədir
ki, ölkədə büdcənin tərtibi
və hazırlanma prosesində məqsədli proqram
və üsulların tətbiqi zəifdir. Yəni dövlət
büdcəsinin tətbiqi ümumi xarakter daşıyır: mövcud
obyektlərin saxlanması, funksiyaların yerinə yetirilməsi
və s. Belə ki,
büdcənin ölkə əhalisinin genetik
strukturu, ayrı-ayrı sosial
qruplara təsiri baxımından həm
bölünməsi, qiymətləndirilməsi həyata keçirilmir. Azərbaycan cəmiyyətində
qadın-kişi nisbəti 51-49 civarındadır. O da bəllidir ki, hazırda Azərbaycan cəmiyyətində
bəzi fəaliyyət sahələrində qadınlar
üstünlük təşkil edir. Deməli, kişi və
qadınların büdcədən faydalanmasını öyrənmək
maraqlı olardı.
Müsahibimin dediklərindən
bəlli oldu ki, Azərbaycanda
büdcədən bütövlükdə genderə yönələn
vəsaitləri Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
həyata keçirilən tədbirlərin maliyyələşməsinə
xərclənən
pullar hesab etmək olar. Bundan başqa,
səhiyyədə ana və uşaq sağlamlığının
qorunmasına yönəldilən vəsaitləri də bu məbləğə əlavə etmək mümkündür:
"Doğrudur, bu gün dövlət büdcəsindən təhsil,
səhiyyə sahələrində çalışanların
məvacibləri ödənilir. Və məlumdur ki, onların böyük əksəriyyəti
qadınlardır. Lakin konkret
olaraq ölkədə büdcənin tərtibi
zamanı büdcədən qadın və kişilərin
neçə faiz faydalanması və yaxud digər sosial
qrupların faydalanması ilə bağlı konkret
yanaşma və qiymətləndirmə yoxdur".
Nə etmək olar?
Bu sualı cavablandıran tədqiqatçı
xatırlatdı ki, dövlət büdcəsi
xalqındır və ona məxsus təbii
resurslar hesabına formalaşır. Bu baxımdan büdcənin cəmiyyətin
rifahına yönəldilməsi vacibdir. O
deyir:
"Büdcədə
gender yanaşmasının əksini tapması
labüddür. Qadın və
uşaqların büdcədən faydalanma
imkanları genişləndirilməlidir. Dövlət büdcəsi
hazırlanarkən gender yanaşması və
qiymətləndirilməsinin aparılması vacibdir.
Məsələn, büdcənin tətbiqi zamanı
ayrı-ayrı sosial yönümlü
xərclər göstərilir. Fikrimcə,
qadınların da büdcədən
faydalanması imkanları, onlara yönəlik
istiqamətlərin konkret məbləğləri,
ilin sonunda bu vəsaitlərin istifadəsi nəticəsində
müxtəlif sosial qrupların necə
faydalandığı haqda məlumat rəqəmlərlə
hesabatda əksini tapması yaxşı
olardı".
Gender
büdcələşdirilməsi yüksək siyasi iradə tələb
edir
Onu da qeyd edək ki, gender büdcəsi
təşəbbüsləri hazırda dünyanın 50-dən
çox ölkəsində həyata keçirilməkdədir.
Onlardan bəzilərini nəzərdən keçirmək
yerinə düşərdi. Çünki gender büdcəsi ilə
bağlı beynəlxalq təşəbbüsləri, bir
sıra xarici ölkələrin təcrübəsinin pozitiv və
neqativ tərəflərini analiz etməklə daha təkmil
gender büdcəsi tərtib etmək olar.
Avstraliyanın gender büdcəsi
dünyada ən uzunömürlüdür və digər
ölkələrin təşəbbüsləri
üçün bir növ ilham qaynağıdır. Ölkənin
ilk qadın büdcəsi 1980-ci illərin ortalarında Əmək
Partiyasının iqtidara gəlməsindən sonra bərqərar
edilib. Avstraliyanın qadın büdcəsi hökumət
daxilində hazırlanan sənəddən və gedən
proseslərdən ibarətdir. Bu proses hökumətdə
gender menecment mexanizmi tərəfindən koordinasiya edilir, bu
işdə digər nazirliklər də iştirak edirdi.
Gender büdcəsi 300 səhifədən
ibarət ümumi metodologiyalar
əsasında hazırlanan büdcə təhlili sənədindən
və bunun əsasında hazırlanan sadələşdirilmiş
nəşrlərdən ibarətdir. Ümumiyyətlə,
Avstraliyanın qadın büdcəsi təşəbbüsü
ştatlar səviyyəsində tam icra edilmədiyi və real
siyasətə az təsir etdiyi
istiqamətində ciddi tənqidlərə
məruz qalır.
RF-də
gender büdcəsi təşəbbüsləri
2002-2003-cü illərdə bir sıra
qadın təşkilatları tərəfindən gündəmə
gətirilib. Beynəlxalq təcrübə öyrənildikdən
sonra 2004-2006-cı illərdə UNIFEM-in dəstəyi ilə "Rusiyada gender büdcəsi"
layihəsi reallaşdırılıb. Layihədə məqsəd
- milli (Rusiya
Federasiyası) və regional (pilot region - Komi Respublikası) səviyyədə büdcə
vəsaitlərinin bölgüsü ilə
bağlı dövlət qərarlarının qəbulunda
qadınların iştirakının artırılması idi. Bu layihənin əsas məziyyətlərindən biri o olmuşdu
ki, Rusiyada geniş miqyaslı büdcə-vergi
islahatlarının aparılması, o
cümlədən sosial sahədə bir sıra səlahiyyətlərin regionlara verilməsi ilə eyni
vaxta təsadüf etmişdi.
Rusiyada qəbul edilən metodologiyaya əsasən, gender
büdcəsi - bir tərəfdən, sosial siyasətdə sosial-iqtisadi
nemətlərin əsas benefisiarlarının
maraqlarını nəzərə almaqla,
dövlət büdcəsinin gəlir və xərclərinin
maliyyə-iqtisadi təhlilidir. Digər tərəfdən, gender büdcəsi gender
yanaşmasını iqtisadiyyatda və
siyasətdə mühüm prinsipə
çevirməyə xidmət edən müxtəlif alətlərin,
mexanizmlərin, proses və institutların
məcmusudur. Bu özlüyündə
ayrıca bir idarəetmə
texnologiyası alətidir. Onun tətbiq
sahəsi dövlət proqnozları, proqram
və planları, dövlət büdcəsi və dövlət
sosial sığorta fondlarıdır.
Fransada 2000-ci ildə qəbul
edilən Büdcə Aktı hökumətdən hər ilin dövlət büdcəsinə gender bərabərliyinin maliyyə təminatını
əks etdirən ayrıca əlavənin daxil
edilməsini tələb edir. Fransa İqtisadiyyat, Maliyyə
və Sənaye Nazirliyinin
apardığı gender təhlilləri
göstərirdi ki, 2000-ci il
üçün iqtisadiyyatda
məşğul olan qadınların
31%-i, kişilərin isə sadəcə 5%-i yarımştat
işlərdə məşğuldur. Hesabat
həm də onu göstərmişdi ki, yoxsulluq həddində yaşayan daha çox qadınlardır.
Filippin hökuməti 1994-cu ildə
gender və inkişaf
yönümlü büdcə siyasətini
təsdiqlədi ki, bu
da hər bir hökumət
agentliyindən onun büdcəsinin ən
azı 5 faizini gender və
inkişaf məqsədlərinə
ayırmasını tələb edirdi. Filippin Qadınlarının Rolu üzrə Milli
Komissiya bu təşəbbüsün önündə gələrək
daha çox aktiv və dəstəkçi qadın hərəkatları
ilə birgə çalışır. 1999-cu ildə isə
hökumət performans əsaslı büdcələşdirmənin
tətbiqinə keçdi ki, bu da 5 faizlik həddə öz təsirini
göstərdi. 1995-1998-ci illərdə hesabat verən
hökumət agentliklərinin sayı 19-dan 69-a
çatmışdır və qadınlara ünvanlanan xərclər
isə 3 dəfə artırılmışdır. Ancaq daha
real hesablamalar göstərir ki, Filippində qadın və
inkişaf məqsədi ilə ayırmalar 1 faiz
civarındadır və hələlik 5 faizlik hədəfdən
uzaqdır.
İsveçdə maliyyə naziri daxil
olmaqla hər bir nazir öz büdcə səlahiyyətləri
çərçivəsində gender bərabərliyi məqsədləri
və hədəfləri işləyib hazırlayırlar. Hər
il hökumətin büdcə qanununa uyğun olaraq iqtisadi
resursların kişilər və qadınlar arasında necə
paylandığını göstərən xüsusi hesabat
hazırlanır. Onu da qeyd edək ki, İsveç ÜDM-in
2%-ni uşaq problemlərinin həllinə sərf edir və
qadınların məşğulluq səviyyəsinə
görə Avropada birinci yeri tutur.
İsveçlə yanaşı
Finlandiya, Norveç, Danimarka, İslandiya da "Gender büdcəsi
2004-2006" təşəbbüsü çərçivəsində,
xüsusən də gender büdcəsinin təhlili,
qadınların iqtisadi aktivliyi istiqamətində xeyli işlər
görüblər. Bu çərçivədə
aparılan sorğular, keçirilən treninqlər və
hazırlanan modellər xüsusilə diqqətə layiqdir.
Tanzaniya Gender
Şəbəkəsi Proqramı beynəlxalq miqyasda
çox uğurlu vətəndaş
cəmiyyəti təşəbbüslərindən hesab olunur. Yarandığı
vaxtdan keçən 3 il
ərzində proqram milli
planlaşdırma və resurs bölgüsünün qadın və
kişilərə, eləcə də gənc və yeniyetmələrə
təsirini qiymətləndirib. Ölkənin Maliyyə Nazirliyi proqramın səhiyyə, təhsil, su təchizatı, kənd təsərrüfatı,
icmaların inkişafı və yerli
idarəetmə daxil olmaqla
altı büdcə sahəsində gender
təhlilini aparmaq üçün
məmurların bilik və
bacarıqlarının artırılması işinə cəlb
edib. Daha sonra aparılan təhlillər göstərdi ki, ana və uşaq sağlamlığı sahəsində
həyata keçirilən layihələr daha
çox beynəlxalq donorlardan,
yəni xarici maliyyələşmə mənbələrindən
asılıdır.
Böyük Britaniyada
Qadın Büdcə Qrupu 1989-cu ildən aktivdir və büdcə ilə bağlı nəşrlərin
hazırlanması, gender büdcəsi ilə
bağlı məsələlərin gündəmə gətirilməsi
kimi məsələlərlə məşğuldur.
Qrup daha çox tədqiqatçıların,
qadın təşkilatları və həmkarlar ittifaqları
üzvlərinin təmsil olunduğu
qeyri-rəsmi "think-tank"dir. Onun fəaliyyəti əsas
etibarilə qadınlar üçün tam əlverişli olmayan vergi və sosial müdafiə
sisteminin dəyişdirilməsinə, həmçinin
qadınların qərar qəbulunda rolunun
artmasına yönəlib. Onu da qeyd edək ki, Britaniya Maliyyə Nazirliyi gender büdcəsi
yanaşmasından istifadə barədə öhdəçilik
götürüb. Bu zaman əsas konsultant və
təhlilçi rolunda məhz Qadın
Büdcə Qrupu çıxış edir. Qrupun gender
büdcəsi təhlili göstərib ki,
Britaniyada sosial xərclərin
yalnız 8%-i bir valideynin
mövcud olduğu ailələrə
yönəlir ki, bunların da 95%-i qadınlardır. Eyni
zamanda vəsaitlərin yalnız 57%-i gənclərə
yönəlib ki, onların da 27%-i gənc qızlardır.
Bunlarla yanaşı Kanada, Zimbabve,
Meksika, Hindistan, ABŞ kimi ölkələrdə də vətəndaş
cəmiyyəti təşkilatlarının da iştirak etdiyi
gender büdcəsi təşəbbüsləri mövcuddur.
Onu da
qeyd edək ki, bəzən bərabər imkanlar bərabər
real istifadəyə gətirib çıxarmaya bilər. Bu
baxımdan, A.Mehtiyev hesab edir ki, gender büdcəsi mərkəzi,
regional və yerli büdcə ayırmalarında
qadınların fərqli sosial ehtiyaclarının nəzərə
alınmasını da əhatə etməlidir. Müsahibim bu
qənaətdədir ki, gender büdcələşdirməsi
yüksək siyasi iradə, adekvat resurslar və bacarıqlar,
institusional və hüquqi baza, vətəndaş cəmiyyətinin
bu sahədə yüksək məlumatlılıq səviyyəsini
tələb edir. Ümumi büdcə prinsipləri olan
hesabatlılıq, şəffaflıq, bərabərlik və
effektivlik gender büdcəsinə də aid edilməlidir..
A.Əhmədova
Ayna.-
2011.- 9 iyul.- S.16.