Qadınlardan qadınlara dəstək

 

"Qadın Dünyası" kredit ittifaqının devizi bu ifadə olsa da, kişilərə də kredit veriləcək

 

Dünya təcrübəsi göstərir ki, ən yaxşı kredit müştəriləri məhz qadınlardır. Qadınlar kreditlərin təyinatı üzrə və onun qaytarılmasına daha ciddi yanaşır və qadın müştərilər arasında gecikdirmə olmur. "Qadın Dünyası" İctimai Birliyinin sədri Kifayət Niftəliyeva bu fikirdədir ki, Azərbaycan qadınları da işgüzarlıqları, qurduqları işlərə ciddi münasibətləri və bacarıqlarına görə heç də digər ölkələrdə yaşayan qadınlardan geri qalmırlar. Lakin müsahibim deyir ki, başqa ölkələrlə müqayisədə bizim qadınların daha mütəşəkkil formada maliyyə resursları əldə etmək imkanları azdır. Odur ki, K.Niftəliyeva qadınların biznes fəaliyyətlərini genişləndirmək və yoxsulluğun azaldılması yönündə işlər görülməsi üçün qadınlardan ibarət kredit ittifaqının yaradılma ideyasını gerçəkləşdirməyə qərar verib.

Ötən sayımızda Azərbaycan Kredit İttifaqları Assosiasiyasının dəstəyi və "Qadın Dünyası" İctimai Birliyinin təşəbbüsü ilə qadın təsisçilər tərəfindən qadınlar üçün ilk "Qadın Dünyası" kredit ittifaqının yaradılması haqda xəbər vermişdik. Birliyin sədri K.Niftəliyeva "Ayna"ya müsahibəsində bildirdi ki, kredit ittifaqının yaradılmasında məqsəd bölgələrdə yaşayan, müxtəlif sosial qruplardan olan qadınlara kredit verməklə onların sosial rifahını, iqtisadi durumlarını yaxşılaşdırmaqdır. Eyni zamanda, onların kiçik bizneslərinin inkişafına kömək etmək və dövlət tərəfindən aparılan iqtisadi islahatlara, o cümlədən qeyri-neft sektorunun və regionların inkişafına dəstək verməkdir.

- Qadınlardan ibarət kredit ittifaqının yaradılması zərurəti nədən yarandı?

- Dünyanın bir sıra ölkələrində qadınların biznes fəaliyyətinə cəlb olunmaları istiqamətində beynəlxalq təşkilatların köməyi ilə kredit ittifaqları və ya mikromaliyyə təşkilatları yaradılır. Bu təsisatların köməyi ilə qadınların fəaliyyətləri kreditləşdirilir, onların, eləcə də ailələrin yaşayış tərzi yaxşılaşdırılır.

Qadınların kredit ittifaqı məhz ehtiyacı olanlar - dul qadınlar, şəhid anaları, əlil və işsiz qadınlar və b. üçün yaradılır. Apardığımız ilkin araşdırmalar da bu gün Azərbaycanda buna ehtiyac olduğunu söyləməyə əsas verir.

- Hansı sahələrdə çalışan qadın sahibkarlara kreditlər nəzərdə tutulub?

- Kreditləşmə qanunvericiliklə qadağan olunmayan, müxtəlif sahələrdə fəaliyyət göstərən, ölkənin ayrı-ayrı rayon və kəndlərində yaşayan bütün qadınlar üçün nəzərdə tutulub. Bizim ittifaqın özəlliyi ondan ibarətdir ki, bu qadınların yaratdıqları və qadınlara iqtisadi dəstək verəcək kredit ittifaqı olacaqdır. "Qadınlardan qadınlara dəstək" bizim missiyamızdir. Bundan başqa, biz qadınlara məsləhət, məlumatlandırma və s. kimi müxtəlif xidmətlər göstərməyi də planlaşdırırıq.

- Belə çıxır ki, ittifaqın xidmətlərindən yalnız qadınlar istifadə edəcək?

- Ayrı-seçkilik olmayacaq! Kredit ittifaqının prinsipi ondan ibarətdir ki, bir üzv bir səsdir. Kredit ittifaqı banklardan fərqli olaraq üzvlük sahibliyinə əsaslanır. Odur ki, hər bir üzv olan qadın kredit ittifaqının fəaliyyətindən bəhrələnəcək. Eyni zamanda onu da qeyd etmək istərdik ki, qadınların ailə üzvləri olan kişilər də bizim kredit ittifaqının kreditlərindən bəhrələnə bilər. Əgər gender məsələsində 60% kişilər və 40% qadınlar bölgüsü ilə iş aparılırsa, bizim təşkilatda əksinə olacaq. Ən azı 70% qadınlar və 30% kişilər bölgüsü əsas götürüləcək. Həmin kişilər kredit ittifaqına üzv olan qadınların işsiz ailə üzvləri, yaxın qohumları və b. ola bilərlər.

- Qadın iş adamlarının sayında artım müşahidə edilirmi və qadınların kreditlərdən yaranma səviyyəsi öyrənilibmi?

- Haradasa 30%-ə qədər artım var. Bu da xüsusilə məcburi köçkün qadınlar arasında daha çox müşahidə olunur. Bizim hədəfimiz bu kateqoriyadan olan sahibkar qadınların say artımına kömək etmək, sahibkar qadınların bir-birinin təcrübələrindən yararlanmalarına, onların məşğul olduqları sahələr üzrə yeni bilgilər qazanmalarına dəstək olmaqdır. Həyat qadınların əsl sahibkar olduqlarını göstərir və ailənin də yükünü əsasən qadınlar daşıyır. Bizim kredit ittifaqı da məhz qadın kredit ittifaqı olaraq vacib və faydalı bir missiyanın daşıyıcısıdır. İnanırıq ki, qadınlarımız bizim səylərimizi düzgün qiymətləndirəcək və qadınlarla birlikdə daha böyük işlər görə biləcəyik. Bilirsiniz, su damlası özlüyündə heç nəyi dəyişmir, lakin su damlaları bir yerə toplanaraq böyük dəyişiklik etməyə qadirdir.

Təcrübə onu göstərir ki, 300-500 manat həcmində ilk kredit alan qadınlar artıq böyük sahibkardır. Və nəticədə ona malik olublar ki, yaratdıqları sahibkarlığa işsizləri də cəlb edə biliblər. Yəni qadınların yeni iş yerlərini açmaqda böyük rolu vardır. Eləcə də qadınlar üçün işləyən kredit ittifaqlarının maliyyələşdirdikləri qadın sahibkarların öz ölkələrinin iqtisadiyyatına verdikləri faydanın nəzərə çarpan çəkisi vardır.

Sualın ikinci hissəsinə gəldikdə, təəssüflə qeyd etməliyəm ki, qadınların orta və iri sahibkarlıq subyektləri olaraq daha sanballı kreditlər əldəetmə imkanları o qədər də böyük deyildir. Qadınlar sahibkarlıq fəaliyyətlərinin inkişafı üçün kiçik kreditlərdən qismən yararlana bilirlər. Xüsusilə məcburi köçkün qadınlar arasında bu daha geniş inkişaf edib. Və ən yaxşı kredit mədəniyyətinə malik olanlar məhz qadınlardır.

- Dünyada belə təcrübə varmı?

- Bəli, bir çox inkişaf etməkdə olan, o cümlədən inkişaf etmiş ölkələrdə qadınlar üçün kredit ittifaqları vardır. Dünyanın bir çox ölkələrində təsisçiləri qadınlardan ibarət olan kredit ittifaqları, hətta onların assosiasiyaları fəaliyyət göstərir. Bunlardan Kanadanın "Ottava Qadınlarının Kredit İttifaqı", ABŞ-da "Qadınların Cənub-Qərb Federal Kredit İttifaqı", Qana Respublikasında "Qadınların Kredit İttifaqı" digər kredit ittifaqlarını göstərmək olar. Əsas səbəb ondan ibarətdir ki, qadınlarda sahibkarlıqla məşğul olmaq həvəsi, eyni zamanda, kredit qaytarma mədəniyyəti kişilərə nisbətən daha üstün olduğundan qadınlar daha yaxşı müştəri sayılır. Məsələn, Afrika qitəsində, Asiya ölkələrində, Latın Amerikası ölkələrində mikrokreditləri verərkən qadınlara daha çox üstünlük verilir. Kişilərdən fərqli olaraq qadınlar daha ciddi müştəridir. Məsələn, kişi krediti alarkən, evə gələnə qədər dostları ilə haradasa oturub yeyib-içib bir qismini xərcləyir. Evdə uşaqlar ondan pul istədikləri zaman onlar gələcəyi fikirləşmədən uşaqlar üçün nəsə alır sonda aldıqları kredit məbləğinin, demək olar ki, 30-40% qabaqcadan xərclənir, biznes planda təqdim etdiyi məbləğ artıq azalır. Qadınlar isə kişilərdən fərqli olaraq ailələrin gələcəyini daha çox düşünürlər, kiməsə borc vermir, evdən kənarda yeyib-içmir, uşaqları isə istəyəndə onlara izah edirlər ki, bir müddətdən sonra gəlir əldə edəndə istədiklərinizi almaq mümkün olacaq. Bu təqdirdə onlar həqiqətən yazdıqları biznes planı həyata keçirir, həm əsas məbləği, həm faizləri vaxtında qaytarırlar ki, sonrakı mərhələlərdə daha yüksək kredit almağa imkanları olsun.

Onu da vurğulayım ki, yuxarıda səsləndirdiyim fikri bütün kişilərə aid etmirəm. Bu sözlərimlə kişilərə qarşı mənfi münasibəti ifadə etmək istəmirəm. Çünki həm bizə gömək edən, həm də artıq kömək etməyə hazır olduqlarını bəyan edən insanların arasında ciddi kişilər yetərincədir. Bunun üçün onlara təşkilatımız adından çox minnətdaram.

 

 

A.AKİF 

 

Ayna.- 2011.- 16 iyul.- S.15.