Uşaq ailə mühitində yaşamalıdır

 

Dövlət uşaq müəssisələrinin səmərəsi çox azdır

 

Ölkəmizdə boşanmaların sayı son 5 il ərzində artıb. Yeni nikaha daxil olanlar arasında boşanmaların sayı da yüksəkdir: hər 1000 nikaha 0.91 boşanma düşür. Müqayisə üçün qeyd edək ki, Türkiyədə bu nisbət xeyli aşağıdır - 1000 nikaha cəmisi 0.37 boşanma, İtaliyada isə 1000 nikaha 0.27 boşanma düşür. Valideynlərin boşanması uşaqlar üçün əsas təhdiddir və uzunmüddətli perspektivdə uşağın rifahına pis təsir edir. Uşaqların öz valideynləərindən ayrılmasının yolverilməzliyi, prinsipcə, milli siyasətin tərkib hissəsi olsa da, təcrübədə bunun əksi müşahidə edilir.

Problem ondadır ki, ölkəmizdə foster-himayədar ailələr mövcud olmadığından valideyn himayəsindən məhrum olmuş uşaqların əksəriyyəti dövlət uşaq müəssisələrində yerləşdirilir. Bəzi hallarda isə uşağın qohumları razıdırsa, yaxın qohumlara övladlığa və ya qəyyumluğa verilir. Burada əsasən həmin uşaqların babaları və ya nənələri, əmi, dayı, xala və bibilərinə verilməsinə üstünlük verilir.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli koordinatoru Nabil Seyidovun fikrincə, uşaqların tərbiyəsi üçün ən əlverişli mühit ailədir və uşaq ailə mühitində yaşamalıdır. Onun sözlərinə görə, müəssisədə yaşayan uşaqlar öz icmalarında müxtəlif səbəblərdən müdafiə, qayğı və təhsildən yararlana bilməyən və nəticədə təcrid edilmiş uşaqlardır:

"Çətin şəraitdə olan uşaqlar üçün dövlət uşaq müəssisələrinin fəaliyyətinin səmərəsi çox azdır. Bu cür müəssisələr həcmcə nəhəngdir, çoxlu sayda uşaqlara keyfiyyətsiz qayğı göstərir və uşaqların fərdi ehtiyaclarının ödənilməsinə diqqət yetirmir. Habelə həmin müəssisələrdə xeyli sayda işçi personalının saxlanması iqtisadi nöqteyi-nəzərdən dövlət büdcəsi vəsaitlərinin səmərəsiz xərclənməsinə gətirib çıxarır. Eyni zamanda, bu cür müəssisələrin dəstəklənməsi dövlətin ailələrə yönəltməli olduğu qayğı və dəstəyi azaldır. Nəticədə uşaqların mümkün qədər ailəsində qalmasını təmin edən xidmətlər yaradılmır və ya inkişaf etdirilmir".

Daha bir mühüm problem də odur ki, internat müəssisələrində təhsil-tərbiyə alan uşaqlar ətraf mühitdən təcrid olunur, müəssisədə kənar əlaqələri məhdudlaşdırılır. Adətən onların "bayırdan" kimisə görmək imkanı yalnız xeyriyyə tədbirləri zamanı mümkün olur. İnternat məktəblərinin məzunlarının təhsil və təlim səviyyəsi və uğurlu iş axtarışda gərəkli olan bacarıqları da xeyli aşağıdır.

 

Atalı-analı yetimlər...

 

Uşaq Hüquqları üzrə QHT Alyansının apardığı araşdırmalardan bəlli olub ki, müəssisələrdə yaşayan uşaqların yalnız 20-25%-nin valideynləri yoxdur, qalanları isə - "atalı-analı yetimlər", yəni sosial yetimlərdir. N.Seyidovun söylədiklərindən aydın oldu ki, bir pilot layihə çərçivəsində uşaqların öz ailələrinə qayıtmalarına yardım edilib. Lakin ailələrinə qaytarılan uşaqların sayı çox az olub və heç də bütün hallarda ailəyə qovuşma uğurla baş tutmayıb. Bunun əsas səbəbi uşaqların ailələrə qayıtmasından sonra onların yaşadıqları icmada heç bir alternativ xidmətlərin yoxluğu və yerli uşaq müdafiəsi qurumlarının ailələrə dəstəyinin olmamasıdır:

"Ünvanlı sosial yardım həssas təbəqədən olan ailələrin sosial durumunun yaxşılaşdırılmasına yönəldilib. Lakin yardımın verilmə prosesində gəlir növlərini müəyyən edən bölmədə ziddiyyət var. Belə ki, əlilliyə görə sosial müavinətlərin və pensiyanın ailə büdcəsinə gəlir kimi hesablanması əlillik problemi ilə üzləşən ailələrə qarşı ədalətsizlikdir. Dövlətin əlilliyə görə ayırdığı müavinətin yalnız əlilliklə bağlı ehtiyacların cüzi bir hissəsini ödədiyi halda, bu müavinəti gəlir kimi hesablamaq, fikrimizcə, düzgün deyil".

QHT Alyansının bu mövzu ilə bağlı hazırladığı hesabatdan aydın olur ki, 2007-ci ildə valideyn himayəsindən məhrum uşaqlardan yalnız 1260 uşaq qəyyumluğa verilib. Qəyyumluğa uşaq götürmüş ailəyə dövlət tərəfindən ayda 25 AZN məbləğində maliyyə yardımı göstərilir. Aydındır ki, bu məbləğ nə ailənin, nə də uşağın ən əsas ehtiyaclarını belə ödəmək iqtidarında deyil. Müqayisə üçün demək lazımdır ki, 1 ədəd çörəyin qiyməti 30 qəpik, 1 kq ətin qiyməti 6-7 AZN və 1 kq almanın qiyməti isə 1-2 AZN təşkil edir. Ümumiyyətlə, narahat edən məqam odur ki, ailələrə verilən həmin məbləğin hansı meyarlara əsasən hesablanması və bu zaman hansı iqtisadi göstəricilərin istifadəsi bəlli deyil.

N.Seyidov deyir ki, bioloji valideynlər arasında aparılan sorğular zamanı onlar bildiriblər ki, uşaqları evlərinə qayıdan zaman ailələr sonsuz sayda problem və çətinliklərlə qarşılaşır. Ona görə də ailələr müvafiq qurumlar tərəfindən onlara kömək göstərilməsində maraqlıdır. Valideynlərin əksəriyyəti ailənin mənzil şəraiti yaxşılaşdırılarsa və dövlət tərəfindən müəyyən dəstək verilərsə, o zaman uşaqlarını evə qaytarmaq istədiklərini bildiriblər. Təkcə bir valideyn uşağın nitqi qüsurlu olduğu üçün uşağın müəssisədə qalmasını lazımlı hesab etdiyini dilə gətirib. O da bunu orta təhsil məktəblərində müvafiq şəraitin və loqopedin olmaması ilə izah edib.

 

Alternativ modellər

 

TN-in məlumatına görə, fəaliyyətdə olan dövlət uşaq müəssisələrində təxminən 10.054 uşaq təhsil və tərbiyə alır. Mövcud müəssisələrə alternativ olaraq bir neçə model var. Məsələn, alternativ qayğı imkanları: foster-himayədar, kiçik ailə tipli uşaq evləri, müvəqqəti sığınacaqlar, patronat ailələr. Foster qayğı sistemi və ya uşağın müvəqqəti - qısa və uzun müddətli - alternativ ailəyə yerləşdirilməsinə dair müddəalar milli qanunvericilikdə var. Ailə Məcəlləsinin 142, 143, 144 və 145-ci maddələrində himayədar ailələrlə bağlı müddəalar yer alıb.

N.Seyidov təəssüflə vurğuladı ki, Ailə Məcəlləsində himayədar ailələr məfhumu qeyd olunsa belə, praktikada bu, hələ də reallaşdırılmayıb. Bu cür himayədar ailələrin hazırlanması və fəaliyyətinin tənzimlənməsi məqsədilə hələ də qaydalar və normativ aktlar mövcud deyildir.

Onu da qeyd edək ki, dövlət də uşaqların ailələrdə yaşamasını dəstəkləyir. Bu məqsədlə 2006-cı ildə "Uşaqların dövlət uşaq müəssisələrindən ailələrə verilməsi və alternativ qayğı (deinstitusionalizasiya) "2006-2015" dövlət proqramı hazırlanıb. Hazırda həyata keçirilən proqram çərçivəsində bir sıra alternativ qayğı xidmətlərinin, o cümlədən foster-himayədar ailələrin seçilməsi, kiçik həcmli ailə tipli uşaq evləri və uşaqların müvəqqəti yerləşdirilməsi üçün sığınacaqların yaradılması nəzərdə tutulub. Lakin bu cür xidmətlərin qurulması üçün qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac var.

Müsahibimin söylədiyindən bəlli oldu ki, dövlət uşaq müəssisələrinin işçi heyətinin deinstitusionalizasiya proqramı və qarşıda duran vəzifələr barəsində, habelə uşaq müdafiəsi sisteminin vəziyyəti haqqında məlumatlılıq səviyyəsi xeyli aşağıdır. Belə ki, TN nəzdində 2010-cu ilədək fəaliyyət göstərən işçi qrupun və 2010-cu ildən fəaliyyətə başlayan Deinstitulaşma və Uşaq Müdafiəsi İdarəsinin, habelə deinstitusionalizasiya dövlət proqramının icrasında iştirak edən digər nazirlik və komitələrin müvafiq əməkdaşlarının da bu sahələrdə bilikləri və məlumatlılıq səviyyəsi yetərincə deyil. N.Seyidov deyir:

"Doğrudur, son iki il ərzində müxtəlif seminarlar və xaricə təcrübə səfərləri hesabına həmin dövlət qurumlarının əməkdaşlarının məlumatlılığı və bilikləri artıb. Lakin bu kifayət deyil və həm dövlət uşaq müəssisələrinin əməkdaşları, həm də aidiyyəti nazirlik və komitə əməkdaşları uşaq müdafiəsi, uşaq hüquqları və alternativ sosial xidmətlərə dair xüsusi intensiv təlimlərdən keçməsinə böyük ehtiyac vardır".

Ümumiyyətlə, yoxsul ailələrin sosial-iqtisadi durumunun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, bölgə əhalisinin maddi vəziyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər əsas olsa da, digər mühüm məsələlərin həlli də önəmlidir. Məsələn, risk qrupundan olan ailələrin və uşaqların müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alınması, nəzarətə götürülməsi və onlarla lazımi səviyyədə sosial işin aparılması heç də az önəmli deyil. Bundan başqa, icma səviyyəsində alternativ sosial xidmətlər yaratmaq vasitəsi ilə xeyli sayda uşağın dövlət uşaq müəssisələrinə düşməsinin həm qarşısını almaq, həm də ailədaxili gərginlik və narahatlığı aradan qaldırmaq mümkündür.

 

 

AYNURƏ 

 

Ayna.- 2011.- 16 iyul.- S.16.