Millət vəkili Musa Quliyev: "Nəticə
ilə deyil, səbəblə mübarizə
aparmalıyıq"
Nikah
yaşının qaldırılmasının erkən
nikahların qarşısını alacağına inam
azdır
Böyüməkdə olan nəslin tərbiyəsində
qadının rolu daha böyükdür. Bu gün müasir
ailələr doğumun azalması, ailələrin stabil
olmaması, boşanmaların artması, doğumdan
imtinanın mövcud olması, ailəsiz uşaqların
sayının durmadan artması və s. kimi problemlərin
fonunda bir növ böhran yaşayır. Odur ki, mütəxəssislər
bildirirlər ki, ailənin ilk növbədə, psixoloji
sağlamlığı yerində olmalıdır. Psixoloji
sağlamlıq dedikdə, ailənin bütün üzvlərinə
mənəvi-psixoloji tələbatının ödənilməsi,
onların həyatdakı şəraitə uyğun fəaliyyətinin
qurulmasının təmin edilməsidir.
Ailə ənənələrin,
keçmiş nəsillərin təcrübəsinin qoruyucusu
və ötürücüsüdür. Fərd ailədə
sosiallaşır, bəşəriyyətə uğurla xidmət
etmək üçün zəruri olan keyfiyyətləri əldə
edir, təbii fərdiyyətçiliyi aradan qaldırır,
"başqaları üçün" yaşamağı
öyrənir. O, eyni zamanda, nəsillər arasında mehriban
münasibətlərin ictimai müvazinətini,
daşıyıcıları yaşlılar və gənclər
olan ənənələrlə novatorluq arasında
tarazlığı qoruyub saxlayır. Ailə cəmiyyətin
və dövlətin təməlidir. Amma hazırkı
dövrdə klassik ailə modelinin modernləşdiyini, ənənəvi
dəyərlərdən uzaqlaşdığını müşahidə
edirik. Müasir ailələrin qlobal miqyasda gedən bu
tendensiyanın təsirinə məruz qalması və
aşınması, əlbəttə, bir sıra səbəblərlə
əlaqəlidir.
Kəndlərdə
erkən nikah quranların sayı daha çoxdur
Mütəxəssislər onu da bildirirlər
ki, erkən nikahlar da müasir ailələrin möhkəmliyinə
təsir göstərir. Bu problem çox aktual olduğundan
Dövlət Statistika Komitəsi qızların erkən nikaha
daxil olması ilə bağlı statistik müayinə
keçirib. Qurumun məlumatında qızların erkən
nikaha daxil olması ilə yanaşı, həm də rəsmi
nikahdankənar doğum hallarının öyrənilməsinə
dair statistik müayinənin nəticələri də yer
alıb. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin
qeydiyyat şöbələri tərəfindən erkən
nikaha daxil olma və rəsmi nikahdankənar doğum halları
qeyd olunan ev təsərrüfatlarında aparılıb və
sorğu ilə 50 yaşadək 19711 qadın əhatə
olunub. Sorğuda iştirak edən qadınların 37 faizi 18
yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25
faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi
isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda
ərə gedən qadınların təxminən
üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki
illərdə nikaha daxil olmuşlar.
Qeyd olunur ki, erkən yaşda ailə
qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd
sakinləridir. 8 yaşınadək ərə gedən
qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin
təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin
çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən
imkanlı olmasına görə, 6 faizi
qaçırıldığına, 2 faizi hamilə
olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən
erkən nikaha daxil olmuşlar. Səbəblər üzrə
erkən nikaha daxilolma halları şəhər yerlərində
ərinin maddi cəhətdən imkanlı olmasına və
hamilə olduğuna görə, digər səbəblərdən
isə kənd yerlərində üstünlük təşkil
edib.
Erkən yaşda ərə gedən
qadınların atalarının 22 faizi, analarının 13
faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi
ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq
olaraq 12 və 19 faizi ümumi orta təhsilə malikdirlər.
Evlənən zaman belə qadınların ərlərinin 3
faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin 25-29 və 2
faizinin yaşı 30-dan yuxarıdır. Eyni zamanda onların
22 faizinin ali və orta ixtisas, 68 faizinin ilk peşə-ixtisas və
tam orta, 10 faizinin ümumi orta təhsilli olduğu aşkar
olub. Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti
kənd təsərrüfatı, nəqliyyat işçisi, fəhlə,
analarının - evdar qadın və kənd təsərrüfatı
işçisi, ərləri isə - kənd təsərrüfatı,
ticarət, nəqliyyat və tikinti sahələrində məşğul
olub, eləcə də fəhlə, fermer və işsizdirlər.
Bildirilir ki, müayinə zamanı rəyi
soruşulan qadınların rəsmi nikahda olmamasının səbəbləri
araşdırılaraq müəyyən olunub ki, onların 41
faizinin müvafiq sənədləri qaydasında
olmadığından, üçdə birinin vaxtı ilə
yaşı nikah yaşına çatmadığından, 26
faizinin isə digər səbəblərdən Ədliyyə
Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıblar.
Kənd yerlərində yaşı nikah yaşına
çatmayanların sayı daha çoxdur. Müayinənin nəticələrinə
əsasən, rəyi soruşulan qadınların 90 faizinin
uşaqları olub və onların 97 faizi stasionar, 3 faizi isə
ev şəraitində dünyaya gəlib. Ev şəraitində
doğan qadınların 54 faizi bunun səbəbini maddi
çətinlik, 28 faizi isə doğum evinin uzaqda yerləşməsi
ilə izah edirlər.
18 yaşa çatmayan və nikahda olan
qadınların yarısından bir qədər çoxu ilk
peşə-ixtisas və ya tam orta, 45 faizi isə ümumi orta təhsillidir.
İbtidai təhsili olan 2 faiz qadının üçdə
biri təhsilini davam etdirmək niyyətində olmayıb.
Bununla belə, müayinə ilə əhatə olunan
bütün qadınların 47 faizi, eləcə də 18
yaşadək qadınların 39 faizi hesab edir ki, qadınların
mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.
Müayinənin məlumatlarına əsasən,
qadınların 89 faizi hesab edir ki, qızların
qaçırılma halları öz razılığı ilə
baş verir, 11 faizi isə zorakılıq yolu ilə həyata
keçirilir. Sorğuya cəlb edilənlərin 46 faizi
qızqaçırma hallarının əsas səbəbini
qızın valideynlərinin nikaha narazılığında,
39 faizi qızın ailəsində maddi çətinliklərdə,
15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin
aşağı olmasında görürlər.
Rəyi soruşulan respondentlərin
yarısı hesab edir ki, qızlar ərə 20-24
yaşlarında getməlidir, 41 faizi - 18-19 yaşında, 6
faizi - 18 yaşa qədər. Qadınların 67 faizi hesab edir
ki, ailədə nikah haqqında qərarı nikaha daxil
olanların özləri qəbul etməli, 30 faizinin fikrincə
isə qızların ərə getmə məsələsini
valideynlər həll etməlidir. Qadınların 68 faizinin, o
cümlədən 18 yaşa qədər olanların 56 faizinin
erkən nikahın qadınların sağlamlığına
ziyanı olmasından xəbərləri vardır.
Zorla erkən nikah bağlanması
problemi ilə üzləşəndə qadınların hara
müraciət etməli - barədə sualına cavabında
onların üçdə iki hissəsi hüquq-mühafizə
orqanlarını, 18 faizi qohumlarını, 14 faizi bələdiyyə
və icra hakimiyyətlərini göstəriblər.
Erkən
yaşda nikaha girənlər təhsildən uzaqlaşır
Onu da qeyd edək ki, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
qızların nikah yaşının 18-ə
qaldırılması ilə bağlı Milli Məclisə təkliflər
hazırlayır. Bəzi millət vəkilləri, müxtəlif
qadın hərəkatının nümayəndələri
qanunun dəyişməsinin tərəfdarıdır. Belə
ki, nikah yaşının qaldırılması təklif
edilir. Buna səbəb də Dövlət Statistika Komitəsi
ölkədə erkən nikahlarla bağlı
yuxarıdakı məlumatıdır.
MM Sosial siyasət komitəsinin sədr
müavini Musa Quliyev isə Ailə Məcəlləsində
nikah yaşının qaldırılmasının əleyhinədir.
O bizimlə söhbətində bildirdi ki, məclisdə belə
təklif irəli sürülərsə, onun əleyhinə
çıxış edəcəyini dilə gətirdi.
Baxmayaraq ki, müsahibim də əksəriyyət kimi,
qızların erkən yaşda ərə gedərək təhsildən
yayınması fikri ilə tamamilə razıdır. Amma onun
fikrincə, ilk növbədə bunu törədən səbəbləri
aradan qaldırmalıyıq. Çünki nəticə ilə
mübarizə apararaq nikah yaşını qaldırsaq, dərhal
qeyri-rəsmi nikahların sayı artacaq.
Hazırkı qanunvericilik 17 və istisna hallarda 16 yaşda nikaha icazə verir. Bununla belə,
bu yaşda da qeyri-rəsmi nikahların, erkən nikahların sayı artır. M.Quliyev deyir: "Nikah yaşını 18-ə qaldırsaq
nə olacaq? Deməli, özümüz bilərəkdən
qeyri-rəsmi nikahların
artmasına rəvac vermiş olacağıq".
Millət vəkili erkən nikahların səbəblərini axtarmağı
və aradan qaldırmağı daha önəmli sayır.
Onun fikrincə, erkən nikahlar sosial, ənənə və mədəni fərqlilik səbəblərindən ortaya
çıxır. Təbii ki,
buraya təhsil almaq, peşə qazanmaq kimi hallarda
yaranan problemlər də daxildir. Əksər bölgələrdə bu
məsələdə sosial
və ənənəvi
səbəblər daha
çox üstünlük
təşkil edir.
. M.Quliyev hesab edir ki, bu stereotipi
qırmaq üçün
müvafiq orqanlar hərəkətə keçməlidir.
İlk növbədə
orta məktəblərdə
yuxarı siniflərdə
qızların ərə
getməsi faktlarına
qarşı hüquqi
mübarizə gücləndirilməlidir:
"Xüsusilə cənub bölgəsindən
bu faktla bağlı xəbərlər
daha çox gəlir. Orada orta
məktəblərdə doqquzuncu
sinifdən yuxarı, ümumiyyətlə, məktəbli
qıza rast gəlinmir, əksəriyyəti
ərdə olur.
Məktəbə getməyib, oturub
evdə gözləyirlər
ki, nə vaxt ərə gedəcəklər. Yəni birinci
olaraq təhsil sistemində çalışanlar,
rayonun aktiv şəxsləri çalışmalıdırlar
ki, orta məktəbdən bu cür kobud yayınmanın qarşısını
alsınlar".
Rayon və ümumrespublika səviyyəsində
müvafiq icra qurumları, konkret olaraq rayon icra hakimiyyətləri doqquzuncu
sinifdən sonra gənclərin peşə
yönümündə istiqamətlərin
müəyyənləşməsi üçün orta məktəblərə nəzarət
etməlidir. Bundan başqa, orta məktəbdə oxuyan qıza, onun valideynlərinə məktəbi bitirdikdən
sonra hansısa peşə ilə məşğul ola
biləcəyi bildirilməlidir.
Sözsüz ki, həmin
uşaqlar işlə
təmin olunmalıdır,
bu onlarda daha çox həvəs yaratsın.
Buna görə də millət vəkili düşünür
ki, qızların erkən ərə getməsinə birinci səbəb rayon yerlərində
onlarən müvafiq peşələrinin olmaması
ilə bağlıdır.
M.Quliyev deyir ki,
qızların məşğulluğunu
təmin etmək lazımdır ki, buna da hazırkı
qanunvericilik kifayət
qədər şərait
yaradır. Sadəcə,
nəzarəti gücləndirmək
lazımdır ki, peşə hazırlığı
mümkün qədər
təmin olunsun. Bundan sonra onlar
ailə qurana qədər həm psixoloji, həm fizioloji, həm iqtisadi cəhətdən və s. hazır olacaqlar. Yəni peşə məşğuliyyəti
onları bir növ sağlam ailə qurmaq üçün hazırlayır.
Müsahibim hesab edir ki, ilk növbədə
sosial faktorları, xüsusən də məşğuliyyət
problemini həll etmək lazımdır və ondan sonra
yaşla bağlı qanunda dəyişiklik etmək olar:
"Hazırkı stereotipi
qırmayınca nə qədər qanun dəyişsək də,
bu problem həll olmayacaq. Ümumiyyətlə, nikaha girməyin
bir neçə faktoru var. Burada bioloji, psixoloji və s.
faktorlar nəzərə alınmalıdır. Bioloji yetişkənlik
dövrü hər insanda eyni deyil. Mən bunu deputat kimi yox,
bir həkim kimi deyirəm. Nəinki hər millətdə, hər rayonda, regionda belə bu, eyni
deyil. İnsan şüurlu varlıq olmaqdan öncə bioloji varlıqdır.
Bunları nəzərə
almadan biz birdən-birə
nikah yaşını
qaldırırıqsa, istər-istəməz
gizlin erkən nikahlarla da üzləşəcəyik
və fəsadlar daha çox olacaq"..
A.Əhmədova
Ayna.- 2011.- 23 iyul.- S.6.