"NATO-nun Bakıda əlaqə ofisi yaradılmalıdır"

 

ATMİA prezidentinin fikrincə, ictimai rəydə alyansın nüfuzunun qaldırılması üçün bir sıra addımlar atılmalıdır

 

May ayının 25-də Azərbaycan "Qoşulmama Hərəkatı"na üzv oldu. Bu addımdan sonra cəmiyyətdə bir sual yarandı: NATO ilə də əməkdaşlığın perspektivləri necə olacaq? Əvvəlkitək sıx münasibətlər, intensiv səfərlər müşahidə olunacaqmı? Bu və digər mövzuda suallarımıza ölkənin ən böyük çətir assosiasiyalarından biri olan Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) prezidenti, ehtiyatda olan polkovni-kleytenant Yaşar Cəfərli ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.

- NATO-nun Azərbaycanla və ya əksinə, Azərbaycanın NATO ilə münasibətlərinin ikinci mərhələsinin başladığı şəksizdir. 1994-cü ildən başlanmış və 2011-ci ilin may ayının 25-nə qədər davam edən dövrdə Azərbaycanın və NATO-nun əməkdaşlıq hədəfləri may ayının 25-dən sonrakı dövrdə elan edilən məqsədlərdən fərqli görünür. Birinci mərhələdə NATO ilə Azərbaycan arasında 200-dən artıq proqram, sənəd, plan imzalanıb, onlar arasında PfP, İPAP, İPP, PAP-DİB, OCC, PARP və s. əsas qurucu sənədlər hesab olunur, Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu NATO-nun müxtəlif plan və proqramları çərçivəsində minlərlə kurs, seminar, konfrans və tədbirlərdə iştirak ediblər, Azərbaycanda ali hərbi təhsil NATO standartlarına uyğunlaşdırılıb, Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik sənədləri NATO standartlarına uyğunlaşdırılıb, NATO-nun dəstəyi ilə mühüm ekoloji layihələr həyata keçirilib, Ağstafada Saloğlu ərazisinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi, Ələt qəsəbəsində "Melanj" layihəsi və s. reallaşıb.

Eyni zamanda İPAP çərçivəsində Azərbaycan Silahlı Qüvvələrində ştat- struktur dəyişiklikləri həyata keçirilib, Azərbaycan Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin imkanları, maddi-texniki təchizatı artırılıb, ölkənin hərbi çağırış sistemində yeniliklər və təkmilləşdirmələr baş verib və s.

Bütün qeyd edilən islahatlar yekunlaşmadan məqsədləri, prioritetləri bəlli olmayan, sıralarında demokratiyadan uzaq, daha çox diktatura və avtoritar idarəetməsinin hökm sürdüyü dövlətlərin cəmləşdiyi bir quruma üzvlük, məncə, Azərbaycan üçün əhəmiyyətsiz olacaq və bu, milli təhlükəsizliyimizin təmin olunması prosesinə heç bir fayda verməyəcək.

- Siz qeyd etdiniz ki, ölkənin müdafiə və təhlükəsizlik sektorunda islahatlar hələlik yekunlaşmayıb. Bu istiqamətdə problemləri nədə görürsünüz?

- Bizim araşdırmalar göstərir ki, ölkənin müdafiə və təhlükəsizlik sektorunun NATO standartlarına uyğunlaşdırılması prosesində ciddi problemlər qalmaqdadır. Misal üçün, hərbi qanunvericiliyin əsas hissəsinin hələ də NATO standartlarına uyğunlaşması gecikir, orduda idarəetmə tam yeniləşdirilməyib, aşağı səviyyələrdə həyata keçirilən ştat-struktur islahatları yuxarı səviyyəyə qalxmayıb. Müdafiə Nazirliyi aparatının və Silahlı Qüvvələr Baş Qərargahının səlahiyyətləri konkretləşdirilməyib.

Daha bir vacib məsələ müdafiə nazirinin mülki şəxs olmaması ilə bağlıdır. Ümumiyyətlə, orduda mülkiləşmə prosesinin aparılması istiqamətində səmərəli addımlar atılmadı. Ordunun kadr təminatında ciddi problemlər ortaya çıxdı, NATO standartlarına uyğun təhsil almış kadrlar hələ də Silahlı Qüvvələrdə orta səviyyəyədək olan vəzifələri bölüşürlər və onların heç biri Müdafiə Nazirliyindəki rəhbər vəzifələrə təyin olunmayıb. Nə qanunvericilik əsasında, nə də real şəkildə orduya vətəndaş nəzarəti mexanizmi yaradıldı.

Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizə aparılmır, kəskin şəkildə artırılan hərbi büdcə fonunda hərbi qulluqçuların sosial təminatının NATO standartlarına uyğunlaşdırılması prosesi gecikir.

Daha bir problem ordu islahatları və ümumiyyətlə, NATO ilə imzalanmış bütün sənədlərin tam mətninin ictimaiyyət üçün açıq olmamasındadır. Bununla da cəmiyyət ordu islahatlarına müdaxilə imkanlarından məhrum olub.

Bu gün müdafiə və təhlükəsizlik sektorunda islahatlarda durğunluq hiss olunur. Əsas problemlərdən biri Azərbaycanda ordu quruculuğu perspektivlərinin hələ də bəlli olmaması ilə bağlıdır. Ölkənin real hərbi-strateji müttəfiqlərinin adları onun doktrinal sənədlərində əksini tapmır.

- Bir sıra ekspertlərin fikrincə, Azərbaycanın NATO ilə münasibətlərində geriləmə artıq hiss olunmağa başlayıb.Sizcə, bu mövcuddursa, onun əsl səbəbləri nədir?

- Məncə, bu fikir əsaslıdır. Konkret misallar da çəkmək olar. Misal üçün, hazırda NATO və Azərbaycan münasibətlərində diqqətçəkən əsas problemlərdən biri alyansın Bakı ilə razılaşdırmağa hazırlaşdığı Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (İPAP) üçüncü mərhələsinin taleyinin sual altına düşməsidir. Bu proses artıq bir ildən çoxdur təxirə düşür. Müxtəlif səbəblər səslənir, amma təəssüf ki, rəsmi mövqe hələlik ortada yoxdur.

Azərbaycan hakimiyyətinin NATO ilə daha sıx əlaqə qurmaqdan geri çəkilməsinin səbəbləri müxtəlif cür izah oluna bilər. Məncə, bu daha çox rəsmi Bakının demokratik islahatlardan çəkinməsi ilə əlaqədardır.

Ümumilikdə müşahidə olunan proseslərə görə, NATO-Azərbaycan əməkdaşlığında hiss olunan geriləmələrin bir sıra əsas səbəbləri mövcuddur. Yəni burada tərəflərin qarşılıqlı məsuliyyəti də var. Misal üçün, NATO-nun Cənubi Qafqaz regionundakı tərəfdaş ölkələrlə əməkdaşlığa dair konkret strategiyasının, bu regionda mövcud və gələcək fəaliyyətə dair fəaliyyət proqramının olmaması və s. münasibətlərə mənfi təsir göstərir. Məncə, NATO-nun regionda yürütdüyü siyasətdə bir sıra səhvlər və çatışmazlıqlar müşahidə olunur. Düşünürəm ki, alyansda region ölkələrinin milli xüsusiyyətlərini, bölgədəki iqtisadi-siyasi və hərbi vəziyyəti nəzərə alan, perspektiv üçün konkret proqnozlar və fəaliyyət ssenariləri ortaya qoyan strateji beyin mərkəzlərinin fəaliyyəti hələ ki qeyri-səmərəlidir. Bu, əsas çatışmazlıqlardan hesab edilə bilər.

Alyansın Cənubi Qafqaz regionuna bütöv region şəklində yanaşmaması münasibətlərdə bir sıra problemlərin ortaya çıxmasına səbəb oldu. Hesab edirik ki, alyansın regional münaqişələrin həlli prosesinə müdaxilə etmədiyi onun ictimai nüfuzuna xələl gətirən haldır. NATO mütləq bu məsələləri diqqətə almalıdır. Daha bir vacib məsələ alyansın Azərbaycanla münasibətlərdə daha çox təhlükəsizlik və ekoloji məsələləri qabartması, siyasi və iqtisadi islahatların hədəf olmamasıdır. Halbuki siyasi islahatların dərinləşməsi, demokratik quruluşun bərqərar olması müdafiə və təhlükəsizlik islahatları üçün münbit şərait yaradardı.

Alyansın Cənubi Qafqazdan olan tərəfdaşlarla konkret əməkdaşlıq mexanizmində də təkmilləşdirmələrə ehtiyac yaranıb. Ölkələrdəki Əlaqə səfirliklərinin fəaliyyətinin və səlahiyyətlərinin dəqiq və təkmil olmaması, NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya xüsusi nümayəndə statusunun səlahiyyətinin məhdud olması, Cənubi Qafqaz üzrə əlaqə zabitinin fəaliyyətinin səmərəli olmaması diqqət çəkir.

NATO-nun SNT proqramı çərçivəsində tərəfdaşlara cəlbedici təkliflər verə bilmədiyi, xüsusilə də tərəfdaşlara təhlükəsizlik təminatının verilmədiyi, NATO plan və proqramları üzrə tərəfdaş ölkələrin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilmə prosedurunun konkret olmadığı, islahatların yerinə yetirilib və ya yetirilmədiyi üzrə hər hansı şəkildə mükafatlandırma və cəzalandırma mexanizminin yoxluğu və s. ciddi xüsusatlar hesab olunur. Bir məsələni qeyd edim: bu gün Rusiya və İrandan Azərbaycanın milli təhlükəsizlik maraqlarına olan təhdidlərin qarşısının alınması üçün NATO-nun hər hansı fəaliyyəti hiss edilmir. Fikrimcə, alyansda bu məsələ xüsusi diqqət mərkəzində saxlanılmalıdır.

- Azərbaycanın NATO ilə əlaqələrinə ictimai dəstək varmı? Ümumilikdə, NATO-nun və onun ayrı-ayrı qurumlarının ötən dövrdə Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Bununla bağlı müəyyən mülahizələrimi söyləyə bilərəm. Hesab edirəm ki, ötən dövrdə alyansın Azərbaycan cəmiyyəti ilə münasibətlərində bir sıra nüanslar diqqəti çəkib. Məncə, NATO-nun Cənubi Qafqaz ölkələrində vətəndaş təşkilatları və media ilə əməkdaşlığı o qədər də geniş olmayıb və bu bəlkə də alyansın fəaliyyət qaydalarından, onun xarakterindən irəli gəlir. Amma bir sıra detallar var ki, NATO-nun onları həll etməsi vətəndaş cəmiyyətinin işinə yarayardı. Misal üçün, İPAP kimi sənədlərin tam mətninin Azərbaycan cəmiyyətinə açıqlanması vətəndaş cəmiyyətinə böyük dəstək olardı. Eyni zamanda, düşünürəm ki, NATO Azərbaycanda fəaliyyət göstərən Avroatlantik yönümlü təşkilatlarla birbaşa əməkdaşlıq qurulması mexanizmlərinə malik olmalıdır.

Müxtəlif tədqiqatlar göstərir ki, Azərbaycanın ictimai rəyində NATO-nun nüfuzunu qaldırmaq üçün bir sıra addımların atılmasına ehtiyac var. İlk növbədə NATO Azərbaycan cəmiyyətini təmsil edən təşkilat və qurumlarla sıx əməkdaşlığa başlamalıdır. Tərəfdaş ölkələr üzrə NATO-dan göndərilən qiymətləndirici missiyaların gəldiyi nəticələr ictimaiyyətə açıqlanmalıdır, NATO Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakını gücləndirməlidir, alyansın bölgədəki mövcud və perspektiv sülhməramlı əməliyyatlarda iştirakının genişləndirilməsi üçün cəlbedici təklifləri olmalıdır, NATO-nun tərəfdaş ölkələr, o cümlədən Azərbaycanla əməkdaşlığında siyasi aspektlər gücləndirilməlidir, siyasi inteqrasiya, siyasi sahədə islahatlar sürətlənməlidir.

Bununla yanaşı, hesab edirik ki, NATO-nun Azərbaycanda Əlaqə səfirliyinin, alyans baş katibinin xüsusi nümayəndəsinin və region üzrə əlaqə zabitinin fəaliyyəti təkmilləşdirilməli və səlahiyyətləri artırılmalıdır. NATO-nun Bakıda real işləyəcək əlaqə ofisi yaradılmalıdır, gələcəkdə isə ölkənin 34 bölgəsində belə ofislər formalaşdırılmalıdır. Əlaqə səfirliklərinin ötürülməsi ilə bağlı konkret plan və mexanizm olmalıdır. Alyansın Azərbaycan kimi tərəfdaş ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və KİV ilə əlaqələrə dair xüsusi dəstək strategiyası qəbul olunmalıdır. NATO standartlarına uyğun islahatlarda vətəndaş cəmiyyətinin yaxından iştirak etməsinə nail olunmalıdır.

 

 

C.Məmmədov 

 

Ayna.- 2011.- 23 iyul.- S.15.