YUSİF MUXTAROV - 70
Mərhum diktor, Azərbaycan radiosunun
qızıl fondunda 300-dən çox müxtəlif səpkili
verilişlərdə məxmər, cingiltili səsi qorunub
saxlanan xalq artisti, Bakı Bələdiyyə Teatrının sərəncamçı
direktoru Yusif Mehdi oğlu Muxtarovun 70 yaşı tamam olur. Yusif
Muxtarov 1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kürkənd məntəqəsində
doğulub. Ömrünün 30 ilini radio diktorluğuna sərf
edən Muxtarov üç ali məktəb bitirib və 18 il
Bakı Bələdiyyə Teatrının sərəncamçı
direktoru vəzifəsində çalışıb. Ötən
il aprelin 26-da qəfildən həyata vida etmişdir. İndi
onun 70 yaşını doğmaları onsuz qeyd edirlər.
Radio komitəsində bərabər
çalışırdıq. O illər onun ifası
üçün bir çox radiopyeslər yazdım. Gözəl
sənətkarın yubileyi üçün də mən bir
radiohekayə yazdım və təxəyyülümdə o ecəzkar
səsi canlandırmaq, bir daha onun sehrinə düşmək
istədim!
İçində
çinar gəzdirən adam
(radio-hekayə) 1. səs: Diqqət! Diqqət!
Danışır Bakı.
Bu gün 2010-cu il aprel ayının
26-sı saat 8:50 dəqiqədir.
2. səs:
"Görüşlər, xatirələr"
silsiləsindən növbəti verilişimizə
başlayırıq.
İçində çinar gəzdirən
adam.
1. səs: Yusif Muxtarov, respublikanın
xalq artisti (musiqi)
2. səs: Onu ilk dəfə nə vaxt
görmüşəm yadımda deyil. Ancaq bircə bu
yadımdadır ki, onun özündən qabaq səsini
görmüşəm. Özü də uzaqdan, kəndimizdə.
Onun səsi bizim kəndə gəlmişdi.
Ağaclar, yarpaqlar, dağlarımız,
adamlarımız, dəliqanlı dağ çayımız da
dayanıb ona qulaq asırdılar. Bu səsə sanki ilahi əl
gəzdirmişdi, tumarlamışdı. O adamların, o
dağların arasında mən də vardım.
/pauza.musiqi/
1. səs: Lap sonralar, nağıl kimi
keçən günlərin birində, Mehdi Hüseyn
küçəsinin tinində bir çinar kimi bitdi bu səs
qabağımda. Radioda dünya incəsənəti haqqında
bir essem getmişdi. Özü götürüb oxumuşdu, məni
görüb təbrik elədi. Əl uzatdı, tanış
olduq. İnanın, əlinin yumşaqlığını indi
də əlimdə hiss edirəm. Bu mənim ilk təbriklərimdən
biri idi deyə heç vaxt yadımdan çıxmır.
2. səs: Yanımda dayanan
yoldaşlarımdan biri dedi, bilirsən kimdi o? Radionun diktoru
Yusif Muxtarov, Amaliya Pənahovanın əri... tər basdı məni
şəhərin istisində. Ürəyimdən bir fikir
keçdi. Pahoo, mən nə böyük adamam. Ardınca da o
biri fikir gəldi beynimə. O cür qəşəng xanim
gör nə gözəl kişini sevib. Yaraşırlar
bir-birinə. 1. səs: Hava isti idi. Ancaq mənə nəsə
bir sərinlik, dağ havası gəlirdi. Hardan idi bu hava...
Çox düşündüm. Yanımdan uzaqlaşan Yusif
Muxtarovun içində gəzdirdiyi çinarı
gördüm...
Bu o çinarın sərinliyi idi...
2.səs: Sonralar radioda birgə işlədiyimiz
günlərdə Yusifi lap tez-tez görürdüm. Sabahın
xeyir. Vaxtın xeyir. Axşamın xeyir.
Bu sözlərdən sonra həmişə
soruşardı. Təzə nə yazmısan, gətir oxuyum.
1. səs:
( lent. Rafiq Səməndər.
çıxış )
Bilirsiz, Yusif Muxtarovu
digər həmkarlarından
nə fərqləndirirdi?
Yusif çox savadlı adam
idi. Yüksək intellekti var
idi. Dünyagörüşü geniş idi.
Olduqca mütaliəli idi. Azərbaycan,
eləcə də dünya incəsənətini
əla bilirdi. Hər hansı bir termini, sözü düz yazmayanda Yusif o dəqiqə tuturdu onu. Deyirdi yox o elə
deyil, bax belədir. Və o termin haqqında
başlayırdı ətraflı
məlumat vermeyə.
Bax belə şeylərlə
o bizim aramızda çox böyük hörmət qazanmışdı.
Ümumiyyətlə, 70-80-ci illərdə Azərbaycan radiosunda çox savadlı, istedadlı, bilikli yazıçı və jurnalistlər işləyirdi.
Onların yan-yörəsində, içində gəzib-dolaşmaq
hər adamın işi deyildi. Səni heç çayxanaya yanlarındakı boş kürsüyə yaxın
qoymazdılar. Ancaq Yusif
Muxtarov bu sırada biliyi və savadıyla yüksək hörmətə
malik bir şəxsiyyət idi.
/ çıxış bitir/
2.səs: O elə bil hər
gün bağında,
bağçasında, lap elə
evindəki güldanında
belə söz əkib-becərirdi. Sözə qulluq
edirdi, vaxtlı-vaxtında
alağın edib, suyunu verirdi. Onun çox böyük söz ehtiyatı vardı. Kim bilir, bəlkə elə söz barının çoxluğuna,
bolluğuna dözmədi
içində gəzdirdiyi
çinar.
1.səs: Və günlərin bir günü heç nədən qopub yıxıldı içindəki çinar.
Ağaclar yıxılanda yan-yörəsinə
xətər yetirir.
Amma Yusifin çinarı öz səsinin üstünə
yıxıldı! Şaraqqq... bu
da nəhəng bir çinarın son haray səsidir.
2.səs: O getdi, ancaq səsi
qaldı dağlarımızda,
bağlarımızda, yaddaşlarımızda.
Mən o
səsi bu gün də görürəm addım-addım
üstümə gəlir.
Mənimlə görüşüb, üstümdən adlayıb
gedir göylərə.
1. səs:
Səs göylərdə
olar. Səs göylərdə yaşayar. Səsin məzarı göylərdir.
Yusif də öz səsi ilə birgə göylərdədir.
/musiqi/
2. səs:
Hörmətli dinləyicilər,
siz "Görüşlər,
xatirələr" silsiləsindən
respublikanın xalq artisti Yusif Muxtarova
həsr olunmuş
"İçində çinar
gəzdirən adam"
radiohekayəsini dinlədiniz.
Hekayənin müəllifi: publisist-jurnalist
Rafiq Səməndər..
Ayna.- 2011.- 23 iyul.- S.20.