Azərbaycanın
müstəqilliyinin 20 ili: xarici
siyasətin formalaşması (1991-2003)
(Ardı.
Əvvəli 11,18,25 iyun, 2,9,16,23 iyul sayımızda)
Bütün bu mülahizələri nəzərə alaraq M.Bağırov və Q.Arutunov
Stalindən aşağıdakı məsələlərə
sanksiya verilməsini xahiş
edirdilər:
1. Ermənistan
SSR-də yaşayan azərbaycanlı əhalinin
Azərbaycan SSR-in əhalisi az olan
pambıqçılıq rayonlarına
köçürülməsi və boşalan
torpaqların və mənzillərin xarici
ölkələrdən Ermənistan SSR-ə gətirilən
ermənilərin qəbulu və yerləşdirilməsi üçün istifadə edilməsi.
2.
Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan
SSR Nazirlər Sovetinə köçürülmənin şərtlərini
və qaydalarını işləyib hazırlamaq, həmçinin
köçürülmənin həyata keçirilməsinə
rəhbərlik etmək üçün
birgə komissiya yaradılmasına icazə
verilməsi.
3. Bu tədbirlə
bağlı xərclərin İttifaq büdcəsindən
maliyyələşdirilməsi.
Həmin müraciətə
baxıldı. SSRİ Nazirlər Soveti
1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da kolxozçuların və digər
azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan
SSR-də Kür-Araz ovalığına
köçürülməsi haqqında xüsusi
qərarlar qəbul etdi. Həmin qərarlara əsasən, 1948 və
1953-cü illər ərzində 100 mindən artıq azərbaycanlı
zor gücünə tarixi
doğma torpaqlarından - Ermənistanın
dağlıq rayonlarından Azərbaycan SSR-in
susuz, heç bir şəraiti olmayan Muğan və Mil
çöllərinə köçürüldü.
Xaricdən gətirilən ermənilər isə Ermənistandan
köçürülən azərbaycanlıların hər cür şəraiti olan
evlərinə yerləşdirildi.
Sonrakı
illərdə də xarici ölkələrdən
ermənilərin gətirilməsi işi davam etdirildi. Xarici ölkələrdən Ermənistana
1961-ci ilin ortaları üçün
200 min, 1962-1973-cü illərdə isə
26 min 100 nəfərdən çox erməni gətirilmişdi.
Onlar
özləri ilə Cənubi Qafqaza
qatı millətçilik və xalqlar
arasında düşmənçilik hissi
gətirdilər. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin
məlumatlarından aydın olur ki, 60-cı illərdə Azərbaycan SSR ərazisində
60 nəfər keçmiş daşnak və digər erməni millətçisi
qeydə alınmışdı. Onlar
düşmənçilik hərəkətlərini hər an büruzə verirdilər. 60-cı illərdə
Dağlıq Qarabağ bölgəsində
Ermənistandan göndərilən şəxslər
qarşıdurma yaratmağa səylər
etdilər. Erməni sovet xadimlərindən
A.Mikoyan 1964-cü ilin
əvvəlində SSRİ rəhbəri N.S.Xruşşova
DQMV-nin Ermənistana birləşdirilməsi
barədə təklif etdi. N.S.Xruşşov isə DQMV-dəki ermənilərin
Ermənistana bir sutka ərzində
köçürülməsi üçün
12 min hərbi yük
maşını verməyə hazır olduğunu
bildirdi. Lakin sonra N.S.Xruşşov istefaya göndərildi.
70-ci
illərdə də Ermənistan Azərbaycanın
Dağlıq Qarabağ regionunda
milli münaqişəni qızışdırmağa
cəhd etdi. Lakin onun qarşısı alındı.
Ermənistandakı
müəyyən dairələr sovet rəhbərliyinə
müraciətlər edir, əsassız iddialar irəli sürürdülər. Ermənistanda
millətçi qrup və təşkilatların
antitürk əhval-ruhiyyəsi güclənirdi.
SSRİ DTK-nın 1975-ci il üçün
fəaliyyətinə dair hesabatında deyilirdi ki, Ermənistanda
millətçi qruplar mövcuddur.
Eyni vəziyyət DTK-nın 1976-cı il hesabatında da əksini
tapmışdı. 1977-ci ildə Ermənistanda millətçi
qrupların olduğu göstərilirdi.
Növbəti ildə də bu respublikada millətçi qrupların fəaliyyəti
qeydə alınmışdı. DTK 1979-cu ildə Ermənistanda
ekstremist əhval-ruhiyyəli şəxslərin
millətçi təşkilat yaratmaq niyyətlərinin
qarşısını almışdı.
Artıq
qeyd edildiyi kimi, erməni radikal millətçi
qrup və təşkilatların fəaliyyət
istiqamətlərindən biri Azərbaycana
qarşı əsassız ərazi iddiaları idi.
Onlar Azərbaycan xalqının tarixi-etniki ərazisi olan
Dağlıq Qarabağ bölgəsinin
Ermənistana birləşdirilməsinə cəhdlər
edirdilər. Əslində ermənilər tarixən
Dağlıq Qarabağda
yaşamamışdılar. Onlar 1828-ci ildə Şimali Azərbaycan
Rusiya tərəfindən işğal
edilib bölüşdürüldükdən
sonra bu əraziyə çarizmin müstəmləkə siyasətinə
xidmət məqsədi ilə köçürülmüşdü.
Hətta Dağlıq Qarabağa
köçürülmələrinin 150 illiyi
münasibəti ilə 1978-ci ildə bir
abidə də qoymuşdular. Azərbaycan
xalqı isə onlara isti
qucağını açmış, torpağını vermiş və çörəyini bölüşmüşdü.
70-ci
illərdə çoxlu erməni
Dağlıq Qarabağı özünə doğma
torpaq hesab etməyərək
köçüb gedirdi.
Buna bütün
ölkədə gedən inteqrasiya prosesləri
də təsir edirdi. SSRİ-də
vahid sovet
xalqının yaradılması niyyətlərini güdən
güclü təbliğatın təsiri
altında bir çox
erməni ölkənin iri şəhərlərində
məskunlaşmağa can atırdı. Amma bəzi erməni alim,
yazıçı, şair və publisistləri
bunu yanlış qiymətləndirir,
antiazərbaycan baxışlarından heç
cür əl çəkmirdilər. Onlar özlərini
qəzəbli və kinli aparır,
Dağlıq Qarabağ regionunda
həyata keçirilən nəhəng təsərrüfat, mədəni
quruculuq işlərini, onların mətbuatda
əks olunmasını qısqanaraq daha məkrlə
əsassız iddialarını davam etdirirdilər.
Bəzi
erməni ziyalıları Sov. İKP MK Siyasi Bürosu
üzvlüyünə namizəd, Azərbyacan KP MK-nın birinci katibi Heydər Əliyevin
rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi,
mədəni sahələrdə qazandığı
uğurları qısqanır, Dağlıq Qarabağ
regionunda aparılan quruculuq
işlərindən əndişə duyurdular.
Erməni dairələrinin müxtəlif mərkəzi orqanlara göndərdikləri şər və
böhtan dolu şikayət
məktubları və teleqramlarının ardı-arası kəsilmirdi.
Dağlıq
Qarabağ Muxtar Vilayətindən
olan iki nəfər qocaman erməni bolşevikinin
xahişi ilə müxbir
İ.Y.Mesxinin "Oqonyok"
jurnalının 1979-cu il 34-cü nömrəsində
"Biz Qarabağdanıq" adlı oçerki dərc olunmuşdu.
Oçerkdə Dağlıq Qarabağın sosial-iqtisadi
və mədəni həyatında qazanılan uğurlardan,
millətlərarası dostluqdan söhbət
açılırdı. Məqalənin işıq üzü görməsindən az sonra erməni
ziyalılarının bəziləri oçerkdə əksini
tapan məsələlərə etiraz etdilər. Belələrindən
biri əslən Dağlıq Qarabağdan olan, atası
Bakıda fəhlə işləyərək ailəsi üçün çörək pulu qazanmış İrəvan şəhər
sakini, İkinci Dünya müharibəsi
iştirakçısı, istefada olan zabit, həkim Georgi Karapetoviç Ter-Akopov idi. 1980-ci ilin mart ayında redaksiyaya beş səhifəlik məktub göndərən
bu şəxs oçerkə
etirazını bildirirdi.
Onun məktubunda
irəli sürdüyü iddialar
əsasən aşağıdakılardan ibarət idi: müxbir İ.Y. Mesxi öz oçerki
ilə oxucuları çaşdırır; müharibə illərində
SSRİ-nin əhalisi azalsa
da, müharibədən sonrakı
dövrdə ölkə əhalisi ümumən təxminən
iki dəfə, çarizm
zülmü altında inləyən xalqlar isə daha çox artıb. Azərbaycanın əhalisi
1920-1978-ci illərdə 3,1, Naxçıvan Muxtar
Sovet Sosialist
Respublikasının əhalisi 2,7, Ermənistanın əhalisi
isə 4,2 dəfə artıb.
..
Lakin Dağlıq Qarabağda
tam tərsinə olan
vəziyyət yaranıb. Burada əhali heç 1913-cü il səviyyəsinə
çatmayıb. 1913-cü ildə burada
176 min, 1923-cü ildə 158 min, 1979-cu ildə 161 min əhali
yaşayırdı. Dağlıq Qarabağ
yeganə milli qurumdur ki, orada "yerli əhali" olan ermənilər
azalmağa döğru
gedib; bütün ölkədə iqtisadiyyat geniş inkişaf edir, fabrik-zavodlar tikilir, yollar çəkilir,
40 min əhalisi olan Stepanakert üçün
26 kilometrlik Ağdam-Stepanakert
dəmir yolunun çəkilişi isə
şişirdilir, axı hələ
müharibə dövründə Stepanakertə kiçik dəmir yolu
vardı. Bakı-Ağdam dəmir yolu isə
çoxdan işləyir;
Qarabağın istedadlı adamları istəklərini illərlə
yerinə yetirə bilmədiklərindən çıxıb gedir, onları iri şəhərlər
özlərinə çəkir; Stepanakertdə
çoxdandır yaşayış evləri tikilmir.
Adamlar uzun illərdir
mənzil növbəsində gözləyir. Buna
baxmayaraq, xan
sarayının şairi Molla
Pənah Vaqifə 18 metrlik mavzoley
ucaldılır, xan qızı şairə
Xurşidbanu Natəvan mədh edilir. Ermənilərdən olan
15 akademik, 16 bəstəkar və 23 general unudulur. Muxtar vilayət yaradılarkən əhalinin
94%-ni təşkil edən erməni xalqı özünün
çoxəsrlik tarixində məgər sıralarından
xatirəsinin əbədiləşdirilməsinə layiq olan adamlar
yetişdirə bilməyibmi? Xalq məktəbə,
uşaq müəssisələrinə ehtiyac duyduğu və erməni
memarlıq abidələri bir-birinin
ardınca dağıdıldığı bir
zamanda belə tikililər
lazımdırmı?; erməni əhalisinin
yaratdığı iki milli
ərazidən biri olan
Ermənistan SSR-də əhali artdığı, elm, təhsil, mədəniyyət inkişaf etdiyi halda, Dağlıq Qarabağda
bütün bunlar
geriyə gedir; indiyədək heç bir respublikada yerli əhalinin
köçməsinə rast gəlinməyib.
Yerli erməni əhalisi
sıxışdırılır. Azərbaycan xalqının
mədəni sərvətləri dirçəldilir.
Diyarın əhalisinin çox hissəsini
təşkil edən yerli erməni
xalqının mədəni irsi barədə
isə susulur. Məktub müəllifi 4,5 min kvadratkilometr ərazisi olan Dağlıq Qarabağın Azərbaycan tərkibinə
guya ədalətsiz qatıldığını
əsassız yerə iddia edirdi.
Həmin
məktubu jurnalın baş redaktoru Anatoli Safronov 1980-ci il martın
28-də Sov.İKP MK Siyasi
Bürosu üzvlüyünə namizəd,
Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyevə göndərərək,
redaksiyanın müəllifə cavab verərkən
istifadə etməsi üçün imkan olarsa, öz
mülahizələrini bildirməsini xahiş
etdi. A.Safronovun məktubu
Azərbaycan KP MK-da 1980-ci il
aprelin 8-də 1569 nömrə ilə qeydiyyatdan keçdi. H.
Əliyev
aprelin 10-da məktubla tanış olaraq "Mənimlə danışın. B.S.Kevorkovu tanış edin"
dərkənarı yazaraq MK-nın ideologiya katibi Kamran Bağırova göndərdi. Bundan sonra Azərbaycan KP Dağlıq Qarabağ vilayət partiya
komitəsinin katibi B.S.Kevorkovla
əlaqə saxlanıldı. O, vilayətin sosial-iqtisadi
və mədəni inkişafına dair
kifayət qədər əsaslandırılmış 11 may tarixli 59 saylı məxfi
arayış hazırladı. Həmin arayış mayın
13-də Azərbaycan KP MK-da 1569
nömrə ilə qeydiyyatdan keçdi. Arayışda Ter-Akopovun
məktubunda irəli sürülən iddiaların əsassızlığı
zəngin fakt və materiallarla
təkzib olunmuşdu.
H.Əliyev
bundan sonra iyunun 23-də A.V.Safronova ünvanlanan 252 saylı məktubu imzaladı.
Məktuba 7 səhifəlik müvafiq
arayış da əlavə edildi. Arayışda
yazılırdı ki, Ter-Akopovun
söylədikləri əsassız və saxta
olduğundan onları təkzib etməyin heç mənası da yoxdur, bununla belə,
redaksiyanın məktub müəllifinə müvafiq
cavab verməsi üçün
Azərbaycan SSR-in tərkibində
Dağlıq Qarabağın sovet hakimiyyəti
illərində keçdiyi inkişaf yolu barədə
kifayət qədər faktiki material olan
arayışı Sizə göndəririk.
Arayışın əsas müddəaları
aşağıdakılardan ibarət idi:
Birincisi,
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına və
statusuna dair hüquqi-siyasi məsələlər Kommunist
Partiyasının, dövlətin sənədləri və
arxiv materialları əsasında tutarlı şəkildə
izah olunurdu. Göstərilirdi ki, Azərbaycan ilə iqtisadi əlaqəsini,
azərbaycanlılarla ermənilər arasında daimi
sülhün zəruriliyini nəzərə alaraq
Dağlıq Qarabağ Azərbaycanın tərkibində
saxlanmışdır. 1923-cü ildə partiyanın qərarı
ilə Muxtar Vilayət yaradılmışdır. Həmin qərar
yekdilliklə qəbul edilmişdir.
İkincisi,
göstərilirdi ki, Dağlıq Qarabağda əhalinin
azalmasının 1913-cü illə müqayisə edilməsinin
heç bir əsası yoxdur. Çünki həmin vaxt muxtar
vilayət mövcud deyildi. Vilayətin ərazisinə
Yelizavetpol quberniyasından (Şuşa, Cavanşir, Cəbrayıl,
Zəngəzur qəzaları) və respublikanın indiki
rayonlarının bəzisi də daxil olmuşdu. Buna görə
də müqayisənın istinad nöqtəsi kimi muxtar vilayətin
yaradılması ili götürülməlidir. 1923-cü ildə
vilayətin əhalisi 158 min nəfər idi. Böyük Vətən
müharibəsi illərində o, təbii olaraq
azalmışdı. 1980-ci il aprelin 1-nə olan məlumata
görə, vilayətin əhalisi 163,1 min nəfər
olmuşdu. Bu isə vilayət əhalisinin
azalmadığını göstərir. Vilayətdə
obyektiv miqrasiya prosesləri getdiyindən, əhalinin və
ölkənin həyatında beynəlmiləlləşmə
prosesləri baş verdiyindən, burada 49 millətin nümayəndəsi
yaşayır. Əhalinin 76%-ni ermənilər təşkil
edir.
Üçüncüsü,
DQMV-nin iqtisadi
inkişafı məsələlərinə aydınlıq gətirilirdi.
İnqilabadək DQMV-nin sənayesi kiçik yarımkustar emalatxanalardan
ibarət idi. 70-ci illərdə isə
vilayətdə yüzlərlə məhsul istehsal
edən və nəinki ölkənin müxtəlif yerlərinə
göndərilən, eyni zamanda
xaricə
ixrac olunan 45 sənaye
müəssisəsi fəaliyyət göstərirdi. Sovet hakimiyyəti
illərində vilayətdə sənaye məhsulu istehsalı
724 dəfə artmışdı. Əgər əvvəlki
beşillikdə vilayətdə sənaye məhsulu
istehsalının həcmi 24% artmışdısa, 1976-1980-ci
illərdə 50,3% artmışdı. Əmək məhsuldarlığı
17,1% əvəzinə 37,6% olmuşdu.
Bu
müddət ərzində 80-dən çox
yeni sənaye məhsulu
buraxılmışdı. Stepanakertdə ildə 6 min maşın təmir edən zavod yaradılmışdı. Vilayətdə
aqrar-sənaye kompleksi də inkişaf edirdi. 1976-1979-cu
illərdə kənd təsərrüfatı məhsullarının
orta illik məcmu
artımı planda nəzərdə
tutulan 16,8% əvəzinə 49,1% olmuşdu. Həmin illərdə əmək məhsuldarlığı
beşillik planda nəzərdə
tutulmuş 15,6% əvəzinə 42,8%
artmışdı. Üzümçülük,
maldarlıq və bağçılıq inkişaf
etmişdi. Dağlıq Qarabağ
bütün bu sahələr
üzrə inkişaf baxımından Cənubi
Qafqazda yaradılmış muxtar vilayətlərin hamısını geridə
qoyurdu.
Dördüncüsü, Ağdam-Stepanakert dəmir yolunun
çəkilməsi barədə də tutarlı fakt və materiallar verilirdi. Dəmiryol xəttinin
çəkilişi xərclərinin 50%-ni SSRİ Dəmiryol Nazirliyi, 50%-ni isə Azərbaycan SSR hökuməti
ayırmışdı. Bu isə Azərbaycanın
digər rayonları ilə Dağlıq Qarabağın əlaqəsini
gücləndirir, nəqliyyatın inkişafına, vilayətdə
istehsal olunan məhsulların
ölkənin müxtəlif şəhərlərinə
daşınmasına müsbət təsir edirdi.
Beşincisi, vilayət
əhalisinin sosial-iqtisadi həyatının
xeyli yüksəldiyi göstərilirdi. Onuncu
beşillikdə əhalinin pul gəlirləri
doqquzuncu beşilliyin müvafiq dövrü ilə
müqayisədə 39,1% artmışdı. Pərakəndə
ticarət 18,3%, əhaliyə göstərilən məişət
xidməti 52% çoxalmışdı. Əhalinin təbii qazla təmin edilməsi 1980-ci il
yanvarın 1-i üçün 95% olmuşdu. Yevlax-Stepanakert-Şuşa
qaz kəmərinin çəkilişi
vilayət mərkəzinin və Şuşa
kurort şəhərinin problemlərinin həllinə
kömək etmişdi.
Altıncısı,
vilayətdə mənzil tikintisinə xüsusi
diqqət yetirildiyi qeyd
edilirdi. Doqquzuncu beşilliyin ilk
dörd ilində dövlət vəsaiti
hesabına 93,7 min kvadratmetr
ev, 2000-dən çox
mənzil tikilmişdi. 16681 şagird yeri olan ümumitəhsil məktəbi, 1590 yerlik uşaq məktəbəqədər
müəssisəsi tikilib istifadəyə
verilmişdi. Stepanakertin
su təchizatının genişləndirilməsi
vilayət mərkəzinin təminatının
yaxşılaşdırılmasına imkan
vermişdi.
Yeddincisi,
vilayətin mədəni inkişafı haqqında məlumat verilirdi. İnqilabadək həmin ərazidə
şəxsi adamlara məxsus olan yalnız üç mədəni-maarif
müəssisəsi fəaliyyət göstərirdi. Əhalinin
90%-dən çoxu savadsız idi. 70-ci illərdə isə vilayətin əhalisi
başdan-başa savadlı olmuşdu. Burada
193 ümumtəhsil məktəbi, o
cümlədən 147 erməni məktəbi fəaliyyət
göstərirdi. Stepanakert Pedaqoji
İnstitutunda dərslər Azərbaycan, rus və erməni dillərində keçirilirdi. Vilayətdəki 5 texnikumdan və 5 texniki-peşə təhsili məktəbindən
4-ündə dərslər erməni dilində keçirilirdi.
Burada kitab fondu 1,5 mln. olan 196 kütləvi kitabxana, 202 klub, mədəniyyət
evi, 195 kinoteatr və kinoqurğusu, M.Qorki
adına Stepanakert şəhər dram teatrı, mahnı və rəqs
ansamblı, erməni dilində və rus
dilində dublyajı nəşr olunan
"Sovetakan Karabax"
qəzeti, 5 rayon qəzeti (4-ü erməni
dilində, 1-i Azərbaycan dilində) var idi. Vilayətdə
2,5 saat yayımlanan radio
verilişlərindən 2 saatdan çoxu erməni dilində idi.
Ardı var
Musa QASIMLI,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru, professor
Ayna.-2011.-29 iyul.- S.19.