Aktrisa Xanım Qafarova:
"Sənətdə iz qoymağa
çalışıram"
Onun
"ya sənət, ya ailə" seçimi olmayıb
Həyatını səhnəsiz təsəvvür
etmir. Musiqili Komediya Teatrının aktrisası, əməkdar
artist Xanım Qafarovanın sözlərinə görə, sənətdə
yer tutmaq çox çətindir. Sənətə zəhməti
ilə gəldiyini söyləyir. Aktrisa "bəzilərinə
irəliləmək üçün dayaq dururlar, bəzilərinə
əksinə, maneələr yaradırlar. Etiraf edim ki, məni
nə geri çəkən olub, nə də qarşımda
böyük bir yol açan. Doğrudur, ustadım Hacıbaba
Bağırovun mənə böyük köməyi dəyib.
Bundan sonrakı uğurlarımda da onun ruhuna borcluyam. Həm həyatda,
həm də sənətdə qarşımda çox
böyük çətinliklər olub. Səbirli
olmağımla, çətinliklərlə mübarizə
apara-apara bügünkü mövqeyə
çıxmışam", - dedi.
Söhbət əsnasında öyrəndik
ki, Xanım Qafarova yaratdığı obrazlarla seyrçi məhəbbəti
qazansa da, populyarlaşsa da, özünü şanssız hesab
edir. Deyir ki, həyatda şanslı və şanssız
insanlar olur, özünü isə ikincilərin
sırasında görür:
"İnsanın naxışı həyatda
da, sənətdə də onu önə çəkən bir
amildir. Allah
şansı mənə bir az yarımçıq verib".
Lakin
aktrisa söyləyir ki, şanssızlıq onu heç nədən
məhrum etməyib. Sadəcə, məqsədə
çatmaq üçün həmişə uzun yol qət etməli
olub. Onun məqsədə doğru getdiyi yol heç vaxt hamar
olmayıb. Lakin aktrisa enişli-yoxuşlu yollarla olsa da,
arzularına çatıb. Ona görə də zəhmətlə
qazanılan uğurun daha gözəl olduğunu
düşünür:
"Əziyyətlə
sənətə gəlib tamaşaçıların qəlbində
yer tapırsansa, onların yaddaşında ömürlük
qalırsan. Bu gün populyar olmaq
çox asandır. Yoldan keçən bir insan bir ay ərzində
efirdə, qəzetdə görünsə, populyar olacaq. Ancaq ən
əsası - yadda qalmaq, tamaşaçının ürəyinə
yatmaqdır. Həmişə demişəm ki, mən
ustadlarımın yolu ilə getmək istəyirəm. Onlar da
sənətə çətinliklərdən keçib gəliblər.
Mən həm həyatda, həm də sənətdə onlar
kimi iz qoymağa çalışıram".
Həyatda öyrəndikləri səhnədə köməyinə çatıb. Həyatda isə aktyorluq edə bilmədiyini vurğulayaraq deyir ki, əgər səhnədə həyatdakı kimi aktrisa olsaydı, onu heç kəs qəbul etməzdi. Xanım Qafarovanın dediyinə görə, roldan-rola dəyişmək, başqalarının maskasını taxmaq asan məsələ deyil. Amma müsahibim etiraf edir ki, həyatda gördükləri ona səhnədə çox kömək olur:
"Çünki biz sənətçilər müşahidəçiyik. Ancaq səhnədə elə rollarım var ki, özüm onlara həsrətlə baxıb "kaş həyatda elə şanslı, xoştale insan ola biləydim" deyirəm. Məsələn, "Səhnədə məhəbbət", "Nəğməli könül"dəki rollarımdakı kimi...".
X.Qafarova deyir ki, vaxtilə incəsənətdə haqsızlıq dövrü yaşanırdı. İndi isə "ələk dövrüdür". Aktrisa bu qənaətdədir ki, indi ələkdən yaxşılar keçir. O inanır ki, vaxt gələcək yalnız ələkdən keçənlər üzdə olacaqlar:
"Əslində, onlar onsuz da üzdə, xalqın ürəyindədir. Ancaq efirdə yoxdurlar, mətbuatda az-az çıxış edirlər. Amma hər bir tamaşaçı, oxucu danışan kimi, onların adını çəkir. Hər kəsin qəlbinin dərinliyində onların adı var".
Aktrisa sənətdə "mənəm-mənəm" deyənləri "xəstə" adlandırır. Onun fikrincə, belə şəxslər "mənəmlik" xəstəliyinə tutulublar. "İndiyə qədər eşitməmişəm ki, əsl sənətkarlar, məsələn, Zeynəb xanım, Flora xanım efirdə "mənəm-mənəm" desinlər. Dünyasını dəyişən sənətkarların lentlərində də belə şeylərə rast gəlməmişəm. Şəxsən mən o xəstəlikdən çox-çox uzağam".
Xanım Qafarova Musiqili Komediya Teatrının aparıcı aktrisası, əməkdar artist, prezident təqaüdçüsüdür. Çalışdığı teatrın repertuarının əsas yükü onun çiynindədir:
"Bu mənim işim, sənətimdir. Bu qiyməti mənə həm dövlət, həm tamaşaçı verib. Bu məni qane edir. Bəzən görürsən ki, uşaq evinə, əlillər evinə gedib bir kiloqram alma aparan
adamlar
özlərini reklam edirlər.
Bu
günə qədər saysız-hesabsız tədbirlərdə iştirak eləmişəm, ancaq heç vaxt ağlıma gəlməyib ki, onu reklam edim. Bu mənim sənətdən əlavə bir insan kimi borcumdur".
Xanım Qafarova aktrisalığa mahnı ifaçılığından gəlib. Vaxtilə ifaçı kimi ümumittifaq müsabiqələrində çıxış edib, Moskvada gənclərin XII ümumittifaq festivalının laureatı olub. Əlibaba Məmmədovun "Hümayun" ansamblında, daha sonra Şəfiqə Axundovanın "Fərəh" instrumental ansamblında oxuyub. X.Qafarova teatra gələndən sonra ansambllardakı işinə son qoyub. Buna baxmayaraq, o deyir ki, aktrisalıq karyerası onun mahnı ifaçılığını üstələməyib. O yenə də oxuyur:
"Sadəcə, mahnı ifaçılığı pula daha çox bağlıdır. Mahnını bəstəkardan alırsan, klip çəkdirirsən, efirdə "raskrutka" etdirirsən. Mənim o qədər imkanım olmadığı və teatrda repertuar yüküm ağır olduğu üçün mahnı ifaçılığı ikinci plana keçdi. Hazırda çox gözəl mahnılar yazdırmışam. Amma klip çəkdirmək imkanım olmadığından mahnılarım efirdə səslənmir. Bilirsiniz ki, telekanallar pulla xidmət göstərir. Bu məni, təbii ki, sənət baxımından qane etmir".
İfa etdiyi mahnıların özünün xarakterini ifadə etdiyini vurğulayır. Repertuarında lirik mahnılar üstünlük təşkil edir.
Onun
həyatında sənəti ilə ailəsi bir-birinə mane olmur. Xanım Qafarova söyləyir ki, münasibətlərin möhkəmlənməsi, ailədə söz-söhbətin olmaması qadından asılıdır. Onun fikrincə, ideal, söz-söhbətsiz ailə yoxdur:
"Qadın həmişə evdə tənzimləyici rol oynayır. Hər bir vəziyyətdə güzəştə getməyi bacarmaq lazımdır. Mənə elə gəlir ki, qadın kişidən daha çox mülayim olur. Bir müddət keçəndən sonra tərəflər bir-birini başa düşür. Onda münasibətlər get-gedə adiləşir, söz-söhbətlər də olmur".
Aktrisa
"sənət və ailə bir yerdə tutmur, ikisindən birini qurban vermək lazımdır" söyləyənləri anlamır:
"Onlar ailəni sənətə qurban
vermirlər. Ailəni villada
yaşamağa, bahalı maşına minməyə, dəbdəbəli
restoranlarda yeyib-içməyə, xarici ölkələrdə
gəzməyə qurban verirlər. Danışanda
da deyirlər ki, ailəmi sənətə qurban vermişəm.
Amma əslində, ortada heç bir sənətdən
söhbət gedə bilməz. Əlbəttə,
bu fikri hamıya aid etmək olmaz. Müəyyən
bir kəsim var ki, həqiqi sənətlə məşğuldur.
Belə fanatlar çox azdır. Mən həyatımı səhnəsiz təsəvvür
etmirəm. Bilmirəm, bəlkə elə
vəziyyət yarana bilər ki, səhnəni atmalı olaram.
Həmişə deyirdim ki, əgər gözəl
ailəm və uşaqlarım olsa, "ya sənət, ya da
ailə" seçimi qarşısında qalsam, onda sənəti
ailəyə qurban verə bilərəm. Çox
şükürlər olsun ki, mənə həm ailə qismət
oldu, həm də Tanrı nə qədər ömür verərsə,
sənətlə bağlı qarşımda heç bir əngəl
yoxdur"..
Xatun
Ayna.- 2011.- 30 iyul.- S.20.