Müdafiə və təhlükəsizlik sektorunda nə baş verib? (15-31 may)

 

May ayı hadisələr baxımından zəngin oldu. SNT layihəsi çərçivəsində Azərbaycanın və ümumilikdə regionun təhlükəsizlik və müdafiə sektorunda baş verən hadisələrin icmalını hazırlamaqda davam edirik. Bu dəfə də ənənəmizə sadiq qalaraq mayın ikinci yarısında baş verən hadisələrin qısa icmalın təqdim olunur.

 

Dağlıq Qarabağ münaqişəsi

 

19 may. ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon mayın 18-də Senatın Xarici əlaqələr komitəsinin Avropa işləri üzrə alt komitəsində çıxışı zamanı bildirib ki, "Qarabağla bağlı sülh sazişi üzərində işə başlamağın vaxtı çatıb".

19 may. Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, "Azərbaycan müharibəyə başlasa, Ermənistanın KTMT tərkibindəki müttəfiqlərinin dəstəyini almağa haqqı var".

20 may. Vaşinqtonda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton bəyan edib ki, "Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".

20 may. PA beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, "KTMT-nin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur".

23 may. Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Murat Laumulin bildirib ki, Dağlıq Qarabağda hərbi münaqişə başlayarsa, bu, Azərbaycanın Ermənistana hücum etməsi demək olmayacaq".

26 may. Fransanın Dovil şəhərində keçirilən G-8 sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat imzalayıblar. Prezidentlər bəyanatda Azərbaycan və Ermənistan liderlərini "əhalini müharibəyə deyil, sülhə hazırlamağa, iyunda keçiriləcək sammitin gedişində əsas nizamlanma prinsipləri üzərində işi başa çatdırmağa" çağırıblar.

31 may. ABŞ səfiri Metyu Brayza bildirib ki, "Rusiya, ABŞ və Fransa prezidentlərinin G-8 ölkələrinin bu yaxınlarda Dovildə keçirilən sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış etmələri həm ABŞ, həm də həmin ölkələrin bu münaqişənin sülh yolu ilə həlli üçün çalışdıqlarına bir daha sədaqətli qalmaları kimi dəyərləndirilməlidir".

31 may. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, "bölgədə status-kvonun dəyişdirilməsi Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması ilə başlamalıdır".

 

Təmas xətti

 

18 may. Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında həyata keçirilən təlimlərdə quru qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti iştirak edib.

18 may. Ermənistan silahlı qüvvələri peşəkar snayperlərini cəbhə xəttinin ön nöqtələrinə yerləşdirməyə başlayıb. Tərtər və Ağdam rayon icra hakimiyyətlərindən verilən məlumata görə, vəziyyət təhlükəli olduğundan, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin icra nümayəndələri və bələdiyyələr yerli sakinlər arasında düşmən snayperlərindən qorunmaq üçün maarifləndirmə işləri aparır.

26 may. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərindən Ağdam rayonunun Çıraqlı kəndindəki əkin sahələrində çalışan sakinləri atəşə tutublar.

27 may. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərini daim nəzarətdə saxlamaq üçün nazirlikdə xüsusi komissiya yaradılıb.

 

İtkilər

 

17 may. Müdafiə Nazirliyinin Gəncədəki N saylı hərbi hissəsində əsgər, 2010-cu ilin aprelində Quba RHK-dan çağırılmış 19 yaşlı Əkbər Cəbrayıl oğlu Dəmirov postda olarkən əlindəki xidməti silahla davranma qaydasını kobud şəkildə pozduğu üçün atəş açılıb və hərbçi yoldaşına dəyib. Nəticədə onunla birgə xidmətdə olan əsgər, 2010-cu ilin aprelində Şuşa RHK-dan çağırılmış 19 yaşlı Xaqani Zakir oğlu Allahverdiyev aldığı güllə yarasından keçinib.

17 may. Naxçıvandakı N saylı hərbi hissədə xidmət edən kiçik çavuş, 19 yaşlı Əliyev Elvin Əkbər oğlu (Ordubad RHK) əsgər yoldaşı, 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu (Şərur RHK) qətlə yetirib. Elvin Əliyev sonra intihar edib.

19 may. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərlərini Mingəçevirdəki hospitala aparan avtobusda olan əsgər Şəhriyar İmranlı özünü maşından atıb. Nəticədə əsgərin boynu sınıb və bir sıra ağır xəsarətlər alıb.

20 may. Ağdamın Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan SQ-in hərbi qulluqçusu, Ağdam RHK-dan çağırılmış, müddətdən artıq hərbi qulluqçu Məmmədov Rəhman Eldar oğlu aldığı güllə yaralarından həlak olub.

22 may. Ermənistan silahlı qüvvələrinin cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Şuşa RHK-dan ötən ilin iyulunda çağırılmış Milli Ordunun əsgəri Fərid Vidadi oğlu Fərəcov həlak olub.

24 may. Goranboyda yerləşən N saylı hərbi hissənin əsgəri, bir həftəlik məzuniyyətə gəlmiş 18 yaşlı Qəhrəman Ömürmalı oğlu Cavadov Sumqayıtda yol qəzasında ölüb.

27 may. Tərtər istiqamətində - qoşunların təmas xəttində ermənilərin açdığı atəş nəticəsində müddətdən artıq xidmət edən Ənvər Rafiq oğlu İsgəndərov aşağı ətraf nahiyəsindən güllə yarası alıb.

 

Hərbi siyasət

 

18 may. Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in icarə müddətinin artırılmasına dair danışıqların başlandığına dair məlumat yayılıb.

19 may. İranın Rusiya səfiri Mahmud Rza Səcadi Rusiyanı ölkəsinə "C 300" zenit-raket kompleksi satmaqdan imtina etdiyinə görə tənqid edib. Səfir bəyan edib ki, bu addım iki ölkə arasında ticarət münasibətlərinə neqativ təsir göstərəcək.

19 may. GUAM-ın Ukraynanın paytaxtı Kiyev şəhərindəki mənzil qərargahında terrorizmlə mübarizə üzrə işçi yarımqrupunun 6-cı iclası keçirilib. İclas iştirakçıları terrorizmlə mübarizə sahəsində regional, o cümlədən ikitərəfli və çoxtərəfli səviyyələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar. İclasda GUAM çərçivəsində informasiyanın kriptoqrafik müdafiəsi üzrə layihənin reallaşdırılması gedişi nəzərdən keçirilib. Forumun nəticələrinə görə protokol imzalanmışdır.

20 may. Rusiya SQ Kosmik Qoşunlarının qərargah rəisinin müavini, polkovnik İqor Morozov deyib ki, Avropa Raket Hücumundan Müdafiə Sisteminə inteqrasiya üçün ən uyğun obyekt Qəbələ RLS-dir.

23 may. ABŞ-ın Bakı səfirliyi terror həyəcanının qüvvədə qaldığını bildirib.

24 may. Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim bildirib ki, "Azərbaycan-NATO tərəfdaşlığı bu günədək böyük inkişaf yolu keçərək möhkəmlənib və məzmunca dərinləşib".

25 may. Azərbaycanın Pakistan səfiri Daşqın Şikarov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Xalid Vaynla görüşüb.

25 may. Azərbaycan Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub.

Bu barədə qərar İndoneziyanın Bali adasında keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında qəbul olunub.

25-28 may. Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin (DCAF) direktor müavini Filip Flurinin rəhbərlik etdiyi heyət Azərbaycanda səfərdə olub.

27-30 may. Azərbaycanlı millət vəkilləri mayın 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edib. Sessiyanın iclaslarında informasiya və milli təhlükəsizlik, Ukraynada daxili dinamika və xarici siyasətin prioritetləri, Əfqanıstanda idarəetmə problemləri, raket əleyhinə müdafiə, Çinin tərəqqisi və bunun NATO üçün mümkün nəticələri, bioloji və kimyəvi təhdidlərə qarşı müqavimət göstərilməsi, sənayenin su təhlükəsizliyinə təsiri və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

30 may. İran və Ermənistan enerji, ticarət, sənaye və digər sahələrdə əməkdaşlığa dair saziş imzalayıblar. Müvafiq sənəd ötən gün Tehranda İran-Ermənistan hökumətlərarası komissiyanın iclası çərçivəsində imzalanıb. Təmaslar zamanı tərəflər Culfa-Sisyan dəmiryol xəttinin tikinti layihəsini müzakirə ediblər. İran Dəmiryol İdarəsinin rəsmisi Reza Pilpayeh deyib ki, layihənin ümumi dəyəri 2,5 mlrd. dollara yaxındır və indi əsas məqsəd sərmayəçiləri tapmaqdır.

31 may. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib ki, Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Gürcüstandan diplomatik kanallarla dəvət gözləyir. Azərbaycanla Gürcüstan arasında 480 kilometr sərhəd olduğunu xatırladan komitə sədri bunun 300 kilometrinin artıq razılaşdırıldığını, təxminən 180 kilometrin hələ razılaşdırılmamış qaldığını deyib.

 

Xəzərin təhlükəsizliyi

 

22 may. Hərbi qaynaqların məlumatlarına görə, Türkmənistan yaxın 15 il ərzində Xəzər donanmasına 25 yeni, müxtəlif tutumlu hərbi gəmi daxil etməyi, həmçinin yaxın 2 il ərzində Xəzər üzərində yeni müşahidə sistemi qurmağı planlaşdırır. Artıq bu məqsədlə Fransanın "Thales" şirkəti ilə müqavilə imzalanıb və bu şirkətin istehsalı olan radarların Türkmənistanın Xəzər sahilindəki bazalarında qurulma prosesi davam edir. Türkiyənin "Dearsan" şirkəti ilə imzalanmış müqavilə çərçivəsində isə Türkmənistanın bir sahil şəhərində qurulan tərsanədə bu ölkə HDQ-si üçün 2 ədəd 56 metrlik "Tuzla" sinifli gəminin inşasına başlanıb.

23 may. Türkmənistan parlamenti "Xəzər dənizində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında" qanun layihəsini qəbul edib. Birgə bəyannamə ilə yanaşı, saziş Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İran rəhbərləri tərəfindən 2010-cu il noyabrın 18-də Bakıda imzalanıb.

31 may. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Xəzəryanı ölkələrin səfirlərinin ötən həftə Həştərxanda keçirilən görüşündən sonra deyib ki, "Xəzərin hüquqi statusuna dair beştərəfli formatda aparılan müzakirələrdə bir sıra məsələlər üzrə irəliləyiş istədiyimiz qədər sürətlə getmir. Aydındır ki, hər bir sahilyanı ölkə maraqlar balansının axtarışına öz töhfəsini verməlidir.

 

Müdafiə sənayesi

 

16 may. MSN "Azad Systems Co" şirkəti bu il üçün Silahlı Qüvvələrdən 60 ədəd pilotsuz uçan aparat sifarişi alıb. Nazir Yavər Camalovun sözlərinə görə, artıq şirkət "Orbiter 2M" və "Aerostar" tipli pilotsuz aparatların istehsalına start verib. Müdafiə Nazirliyinin sifarişi üzrə pilotsuz aparatların tədarükü ilin sonuna qədər başa çatdırılacaq.

16 may. Orta Anadolu İxracatçıları Birliyinin hesabatında bildirilir ki, bu ilin yanvar-aprel aylarında Türkiyə Azərbaycana 20 milyon dollardan artıq məbləğdə silah və sursat satışını həyata keçirib. Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatının (MKEK) yaydığı məlumata görə isə, şirkət tərəfindən 2010-cu ildə Azərbaycana 299 505,2 min ABŞ dolları dəyərində silah və sursat ixracı həyata keçirilib.

17 may. Nazir Yavər Camalov bildirib ki, Azərbaycan və Çexiya "Aero L-159 ALCA" (Advanced Light Combat Aircraft) təyyarələrinin Bakıda yığılması və birgə satışına dair işlər aparır.

19 may. Nazir Yavər Camalov bildirib ki, MSN Silahlı Qüvvələrin modernləşmə layihələrini tam olaraq üzərinə götürməyə hazırlaşır. Qeyd edib ki, bu il üçün MSN Müdafiə Nazirliyindən 10 ədəd BTR və 60 ədəd BRDM tipli döyüş maşınının modernləşdirilməsinə dair sifariş alıb. Y.Camalovun sözlərinə görə, modernləşmə zamanı döyüş maşınları yeni qüllələrlə və "Şimşək" atış-kontrol sistemləri ilə təchiz ediləcək.

19 may. Azərbaycanın hərbi qurumlarının Türkiyənin "Yüksel Savunma A.Ş." (YSS) şirkətinin istehsalı olan uzaqdan komandalı silah sistemlərinə böyük maraq göstərdiyi bildirilib.

20 may. Azərbaycan MSN-in Türkiyənin Trabzon Silah Sanayi (TİSAŞ) şirkəti ilə birgə bu ilin ikinci yarısından etibarən Bakıda "İnam", "Zəfər" və "Zəfər-K" tipli tapançaların seriya istehsalına başlayacağı bildirilib.

21 may. Türkiyənin BİTES şirkəti elektron tədris sistemlərinin ixracatına dair yaxın vaxtlarda Azərbaycanın hərbi qurumları ilə görüşlərə başlayacaq.

21 may. Türkiyə şirkəti Azərbaycana universal robotlar və insansız sualtı aparatlar təklif edib.

21 may. Nazir Yavər Camalov bildirib ki, Azərbaycan 2012-ci ilin sonundan Silahlı Qüvvələri iriçaplı döyüş sursatları ilə tam təchiz edəcək.

23 may. Azərbaycan konstruktorları tərəfindən hazırlanan "İstiqlal" snayper tüfənginin texniki göstəricilərinin təkmilləşdirilməsi üçün Türkiyə ilə əməkdaşlıq sazişi imzalanıb.

23 may. Azərbaycan Texniki Universitetində MSN üçün kadrlar hazırlanması məqsədilə ayrıca fakültə yaradılacaq. Bunun üçün artıq bütün lazımi sənədlər - fənlərin dövlət standartları, lazımi ixtisasların adları və digərləri hazırlanaraq hökumətə təqdim olunub. Fakültədə tələbələr beş ixtisas üzrə təhsil alacaqlar. Hər ixtisas üzrə 15 nəfər olmaqla ümumilikdə 75 tələbə qəbul ediləcək.

23 may. Nazir Yavər Camalov bildirib ki, Azərbaycanın hərbi mühəndisləri Cənubi Afrika şirkəti ilə birgə zirehli transportyorlar üçün xüsusi qüllə hazırlayıblar.

25 may. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələri Baş Qərargahının Təminat və Təchizat İdarəsinin rəisi general Xəlifə Məhəmməd Səni Ər-Rumeysinin rəhbərlik etdiyi geniş tərkibli heyət Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Azərbaycana gəlib.

31 may. Yaxın vaxtlarda Bakıda Türkiyə müdafiə sənayesi ofisinin açılması planlaşdırılır.

Ofisdə Türkiyə hərbi-sənaye kompleksinə daxil olan şirkətlərin məhsulları nümayiş etdiriləcək. Hazırda Türkiyə müdafiə sektorunda fəaliyyət göstərən 20-dən artıq şirkətin Azərbaycanla əməkdaşlıq və ticarət əlaqəsi mövcuddur.

 

Müdafiə Nazirliyi

 

16-17 may. Gürcüstan müdafiə naziri Baço Axalaya Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və digər rəsmi şəxslərlə görüşüb. Gürcüstan Azərbaycana hərbçilərə təlim keçilməsi sahəsində əməkdaşlıq təklif edib. Nazir Bakıda keçirdiyi görüşlərdə Saçxere Təlim Mərkəzində Azərbaycan hərbi qulluqçularının hazırlanması təklifi ilə çıxış edib. Gürcüstan hərbçilərinin azərbaycanlı həmkarları ilə beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak təcrübəsini bölüşməyə hazır olduqlarını da bildirib. Görüşlər zamanı silahlı qüvvələr arasında hərbi təhsil, hərbi islahat, Azərbaycan və Gürcüstan arasında təhlükəsizlik məsələləri müzakirə olunub.

16-20 may. Bakıda birgə əməkdaşlıq çərçivəsində Brunssumdakı BQK-nın mobil təlim qrupu tərəfindən çoxmillətli birgə tapşırıq qüvvələri (CJTF) əməliyyat planlaşdırma kursu və maddi-texniki təminat mövzusunda kurs keçirilib.

17-19 may. NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının (BQK) əməliyyat direktoratlığının birgə planlar şöbəsinin rəisi briqada generalı Maykl Jorqensen Azərbaycanda səfərdə olub.

19 may. Azərbaycanın NATO ilə birgə keçirilməsi planlaşdırılan, lakin təxirə salınmış "Regional Response-2011" ("Regional Cavab") təliminin avqust ayında keçirilməsini təklif etdiyi bildirilib.

23-25 may. NATO/ABŞ ekspertləri Azərbaycanda səfərdə olublar. Məqsədi Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımını davam etdirməkdir.

23-26 may. Azərbaycan-Özbəkistan ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda əməkdaşlığın prioritetlərinin, perspektivlərinin və istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri üzrə hərbi ekspertlərin işçi görüşü keçirilib.

24-27 may. Azərbaycan SQ nümayəndələri Bosniya və Herseqovinanın Neum şəhərində keçirilən NATO-nun Arxa Cəbhə İdarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun görüşündə iştirak ediblər.

29-31 may. Türkiyə Quru Qoşunları Təlim və Doktrina komandanı Saldıray Berkin başçılıq etdiyi heyət Azərbaycanda səfərdə olub.

Onlar prezident İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubov, Daxili Qoşunlar komandanı Zakir Həsənov tərəfindən qəbul ediliblər.

31 may. Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan hərbi qulluqçuları bu tədbirlərdə iştirak edəcəklər:

HHQ Komandanları konfransı və aviaşou. 01-05.06.2011. İstanbul, İzmir, Türkiyə.

SQ Hərbi Xarici Dil sahəsində ekspert dəstəyinin təmin edilməsi məqsədilə NATO Beynəlxalq Qərargahının Beynəlxalq Dil Əlaqələndirmə ofisi (BİLC) ekspert qrupunun səfəri. 06-08.06.2011. Bakı, Azərbaycan.

Hərbi Attaşelərin "VII Sovereign Challenge" konfransı. 06-09.06.2011. Dearborn, Michiqan ştatı, ABŞ.

FTP-dən əlavə. 06-09.06.2011. NATO-nun Birləşmiş Analiz və Təcrübələrin Öyrənilməsi Mərkəzinin (JALLC) ekspert qrupunun səfəri. Bakı, Azərbaycan.

Azərbaycan-ABŞ iş planına əsasən. 06-09.06.2011. Missiyaqabağı səhra yoxlama təlimlərinin planlaşdırılması mövzusunda seminar. Bakı, Azərbaycan.

"Combined Endeavor-2011" təliminin Yekun Planlaşdırma konfransı. 06-10.06.2011. Budva, Çernoqoriya.

NATO İctimai əlaqələr siyasətinin hazırlanması kursu. 06-10.06.2011. Oberamerqau, Almaniya.

Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu. 06-10.06.2011. Oberamerqau, Almaniya.

"Sea Breeze 2011" təlimi. 06-18.06.2011. Odessa, Ukrayna.

FTP-dən əlavə. 06.06-01.07.2011. "Beynəlxalq Qərargah zabitləri üçün bacarıqlar" kursu. Sarayevo, Bosniya və Herseqovina.

Eternity-2011 təliminin əsas planlaşdırma konfransı. 07-08.06.2011. Bakı, Azərbaycan.

Azərbaycan-Polşa ikitərəfli əməkdaşlıq planına əsasən. 14-15.06.2011. İki ölkənin Silahlı Qüvvələrinin hüquq xidmətinin seçilmiş aspektləri üzrə hərbi hüquqşünaslar arasında məsləhətləşmələr. Bakı, Azərbaycan.

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən. 14.06-08.07.2011. "Avropa təhlükəsizliyi-2011" kursu. Hamburq, AFR.

Azərbaycan-ABŞ iş planına əsasən. 15.06.2011-05.01.2012. Piyada zabitinin təməl kursu. San-Antonio, ABŞ.

2012-ci il Kooperativ tipli təlimləri: Birgə təlimlərin xüsusiyyətləri konfransı. 15-16.06.2011. Mons, Belçika.

 

Fövqəladə Hallar Nazirliyi

 

21 may. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi heyət Niderland Krallığında rəsmi səfərdə olub.

23 may - 2 iyun. Azərbaycan xilasediciləri xilasetmə dəstələrinin Almatıda 16-cı "Kazspas-2011" beynəlxalq təlim-seminarında iştirak edib. Tədbirə Qazaxıstan və Azərbaycanla yanaşı, Rusiya, Qırğızıstan və Tacikistandan xilasedicilər, eləcə də ABŞ-ın Arizona ştatı Milli Qvardiyasından və Çexiya Daxili İşlər Nazirliyindən olan müşahidəçilər qatılıb. Təlimdə texnogen uçqunlar, zəlzələ, aviaqəza, dəmiryolu qəzaları, yanğınlar, kimyəvi maddə istehsal edilən müəssisələrdə qəzalar zamanı xilasetmə işləri və digər təxirəsalınmaz tədbirlərin görülmə metodları sınaqdan keçirilib.

25 may. Belarusun Azərbaycan səfiri Nikolay Patskeviç bildirib ki, Belarus Fövqəladə Hallar Nazirliyinin tədris müəssisələrində 200-dən artıq Azərbaycan vətəndaşı təhsil alır.

25-26 may. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi heyət İtaliyada rəsmi səfərdə olub. Səfər çərçivəsində "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikası Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu" imzalanıb.

29-30 may. Fövqəladə Hallar Nazirliyindən Kəmaləddin Heydərovun rəhbərlik etdiyi bir heyət Latviyada rəsmi səfərdə olub.

 

Ədliyyə Nazirliyi

 

19 may. Azərbaycanda səfərdə olan Fransa Ədliyyə və Azadlıqlar Nazirliyinin Avropa və beynəlxalq məsələlər xidmətinin rəisi Erik Metrpyer ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.

23 may. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) illik konfransında assosiasiyanın Senatına seçilib.

 

Milli Təhlükəsizlik Nazirliyi

 

25 may. Dnepropetrovskda MDB dövlətləri təhlükəsizlik qurumları və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası keçirilib. Xüsusi xidmət orqanları rəhbərləri terrorçuluğa, qaçaqmalçılığa, narkobiznesə, qeyri-leqal miqrasiyaya qarşı birgə mübarizə yollarını da müzakirə ediblər. İclasın sonunda növbəti toplantını Bakıda keçirmək barədə qərar qəbul olunub.

25 may. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami bildirib ki, Tehranda keçiriləcək terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş konfransa Azərbaycan və Ermənistan prezidentləri də dəvət olunub.

 

Dövlət Sərhəd Xidməti

 

19 may. DSX əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilib. Bildirilib ki, kompleks 1,6 hektar sahəni əhatə edir. Burada onikimərtəbəli 264 mənzilli yaşayış binası inşa olunub. Yaşayış binası iki və üçotaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün hər şərait yaradılıb. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı var.

 

ANAMA

 

20 may. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini xanım Nato Alxazişvili ANAMA-da olub. Məqsəd Azərbaycanda minatəmizləmə fəaliyyəti ilə tanışlıq və proqram çərçivəsində əməkdaşlıq perspektivlərini müəyyənləşdirməkdir.

 

Büdcə və sosial təminat, qanunvericilik

 

23 may. Maliyyə naziri Samir Şərifov deyib ki, zabitlərin əməkhaqqının artırılması aktual məsələdir. "Cəbhə xəttində xidmət edən hərbçilərin iş şəraitinin arxa cəbhədəkindən fərqli olduğunu deyən maliyyə naziri bu istiqamətdə müəyyən işlər görüləcəyini deyib".

25-26 may. Minskdə Veteranlara güzəştlər və zəmanətlər verilməsi üçün sənədlərin reallaşdırılmasına dair təkliflərin təhlili və hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib.

27 may. Azərbaycanda 2011-ci il dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait 39,7 milyon manat (3 %) artırılaraq 1 364,8 milyon manat təşkil edib. Bu, "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklərdə qeyd olunub. Qeyd olunur ki, 2011-ci ildə artan büdcə gəlirləri fonunda "Müdafiə" bölməsi üzrə artımla nəzərdə tutulmuş vəsaitlər əsasən Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsinin və onların həyat şəraitinin yaxşılaşdırılmasının, hərbi-iqtisadi və hərbi-texniki ehtiyacların ödənilməsi üçün təchizatın həyata keçirilməsinin, ölkə ərazisində hərbi infrastruktur obyektlərinin inkişaf etdirilməsinin dayanıqlı maliyyə təminatını formalaşdırmağa imkan verəcək. 2011-ci ildə artımla bir yerdə nəzərdə tutulan vəsaitin 1 270 857 361 manatı Müdafiə Nazirliyi, 92 932 391 manatı Dövlət Sərhəd Xidməti daxil olmaqla müdafiə qüvvələri üçün nəzərdə tutulub. Öz növbəsində, bu vəsaitdən 34 506 900 manatı əməkhaqqı və pensiya təminatına, 188 014 055 manatı ölkənin müdafiə potensialının gücləndirilməsi ilə bağlı xərclərə, 3 374 102 manatı mənzil, kommunal, kommunikasiya kimi xidmətlərdə yeni tariflərin tətbiqi ilə bağlı digər xərclərə, 49 163 227 manatı maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə yönəldiləcək. Müdafiə xərcləri bölməsi üzrə vəsaitin 88 955 665 manatı milli təhlükəsizlik tədbirlərinə, o cümlədən 86 955,665 manatı Milli Təhlükəsizlik Nazirliyinə, 2 mln. manat bu sahədə maddi-texniki təminatın gücləndirilməsinə sərf olunacaq. Bundan başqa, müdafiə xərcləri bölməsi üzrə Müdafiə Sənayesi Nazirliyinə müdafiə sahəsində tətbiqi tədqiqatlara görə 2 326 428 manat, digər xərclər üçünsə 2 656 571 manat yönəldiləcək. Qeyd edək ki, büdcənin müdafiə xərcləri bölməsində digər hərbiləşmiş qurumlar olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidməti büdcənin hüquq-mühafizə orqanları bölməsi üzrə maliyyələşdirilir. 2011-ci ilin büdcəsində Daxili Qoşunlar üçün 62 862 743 manat, Xüsusi Dövlət Mühafizə Xidməti üçünsə 68 300 702 manat vəsait nəzərdə tutulub. Bundan başqa, 2011-ci il dövlət büdcəsinin xərclərində xüsusi müdafiə təyinatlı layihələr üçün əlavə olaraq 1 mlrd. 087 mln. manat vəsait nəzərdə tutulub. Bununla da Azərbaycanın ümumilikdə hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2 582 959 470 manat (3 mlrd. 270 mln. ABŞ dolları) təşkil edəcək.

26 may. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb

30 may. Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrində kütləvi yoxlamalara başlandığı xəbəri yayılıb.

 

Kriminal, məhkəmə

 

18 may. Müdafiə nazirinin sabiq müavini, HHQ və HHMQ-nın keçmiş komandanı general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti təmin olunmayıb.

19 may. Sumqayıt şəhərinin hərbi komissarı polkovnik Samir Məmmədov işində yol verdiyi nöqsanlara görə həbs olunub.

23 may. Şəmkir Hərbi Birləşməsinin zabiti, polkovnik-leytenant Seymur Əyyubov CM-nin 311.3.2-ci (rüşvət alma - təkrar bir daha törədildikdə), 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham olunub. Törətdiyi əmələ görə Gəncə Hərbi Məhkəməsinin qərarı ilə Seymur Əyyubov 9 il müddətinə azadlıqdan məhrum edilib.

24 may. Hərbi Prokurorluq Cəlilabad Rayon Hərbi Komissarlığında yoxlamalar aparıb. Yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı artıq rayonun hərbi komissarı Şirvan Xasıyevin ifadəsi alınıb..

 

 

 Ayna.- 2011.- 4 iyun.- S.9-10.