Diyarbəkir - Oğuz yurdu, Ağqoyunlu yurdu
Kənan Ziya Taş:
"Tarixçilərin əməkdaşlığına
böyük ehtiyac duyulur"
Professor
doktor Kənan Ziya Taş Türkiyənin Diyarbəkir Dəclə
Universiteti tarix fakültəsinin məzunu, sonralar bu universitetdə
tarix bölümünün başqanı olub.
Bu anda Balıkəsir Universitetində
yeni tarix professoru, Fənn-Ədəbiyyat fakültəsi tarix
bölümünün başqanıdır. Güneydoğu
Anadolu üzrə dəyərli mütəxəssis olmaqla bərabər,
Osmanlı İmperiyasının son dönəmində
kürd-erməni ilişgilərinin, "erməni məsələsi"nin
tarixinə dair yazıları, kitabları nəşr
edilmişdir. Məsələn, "Tarix
işığında Güneydoğu və Anadolu",
"Osmanlılarda lələlik müəssisəsi",
"Osmanlılarda laiqlik müəssisəsi" və s.
Kənan Ziya Taş Azərbaycanın elm çevrələrində də yaxşı tanınır, Bakının tarixçi alimləri ilə əməkdaşlığı, dostuğu var. Bakıya budəfəki gəlişi isə BDU-da Türk Tarix Qurumu ilə müştərək tərtiblənmiş elmi konfransda "Naxçıvan vilayətinin Osmanlı dövlətində idari statusu" mövzusunda çıxışı ilə bağlıydı. Kənan Ziya Taş Naxçıvan diyarı ilə bağlı araşdırmalar aparmış və aparmaqdadır. Alimlə MEA Şərqüşanslıq İnstitutunun türk şöbəsində etdiyimiz söhbət Güneydoğu Anadolu və Azərbaycan arasındakı tarixi bağlantılar, aparılan və aparılması gərəkli olan elmi araşdırmalar üzərindədir. Kənan Ziya Taş:
- Diyarbəkir Dəclə Universitetində
çalışdığım vaxtlar Urfanın ən
böyük ilçəsi olan Sivərəkdə bölgənin
tarixinə dair, daha sonra Mardində Artuklu xanədanı
mövzusunda, Nusaybində beynəlxalq simpoziumlar keçirdik.
Bu işləri biz tarixçilər bir həvəslə,
hissiyyat ilə gördük. Bunlar çox faydalı
simpoziumlar idi. Dəclə Universitetində sonrakı
"Oğuzlardan Osmanlıya Diyarbəkir"
mövzusundakı simpoziumda azərbaycanlı şərqşünas
alim, yaxın dostumuz Şahin Mustafayev də iştirak edirdi.
Biz bilirik ki, Diyarbəkir - bir Oğuz yurdu, Ağqoyunlu yurdudur.
Bu simpoziumun nəticəsi olaraq ortalığa qalıcı
bir əsər çıxdı. Bunlar bu anda Türkiyə
dövlətinin o bölgədə yaşadığı
sıxıntıların öhdəsindən gəlinməsi
nöqtəsində tarixçilərin payına düşən
bir fəaliyyət idi. Bu işləri biz bu düşüncə
ilə gördük.
Tarix
bizə göstərir ki, bu gün Türkiyənin o bölgəsində
yaşanan sıxıntıların lap çoxu
dışarıdan gəlir.
Bunun
ciddi dərəcədə idarəçilərimizin fərqində
olmasını və hazırladığımız o
kitablardan istifadə etməsini gözləyirik.
- Bu gün biz buradan Türkiyə
telekanallarını izlədikdə elə görüntü
yaradılır ki, guya Güneydoğu Anadolu ellərində əhalinin
əksəriyyətini elə kürdlər təşkil edir. Bura
sanki bir "kürd vilayətləri" imiş. Çox
maraqlıdır ki, yüz il öncə bu bölgələr
dünyaya "erməni vilayətləri" kimi
sırınırdı. Eyni ssenariyə bənzəyir. Siz
tarixçi alimlərin gözündə bu günün
gerçəyi nədir?..
- Etnik mənada bir türk-kürd ayırımı yapmaq mürəkkəb məsələdir. Doğrudur, bölgədə bir kürd ləfzi var - bunu inkar etmirik. Bu məsələ yalnız XX yüzildə bir siyasi tələb nöqtəsinə gəldi. Baxın, siyasi tələbi dəstəkləmək üçün bir zəmin oluşdurmaq lazım... Bunun üçün orada bir kürd varlığını qəbul etdirmək lazım... Yəni öncə zehinlərdə qəbul edilir, sonra qəbul etdirilir... Qəbul etdirmək üçün kiçik bir şey dev kimi göstərilir və bunu etmək mümkündür. Bu isə artıq təbliğata aid bir fəaliyyətdir. Buna "inşa metodu" deyilir - yəni pillə-pillə bir takım şeylər... Sonda gəlinən nöqtə isə tarixin gerçəkləri ilə uymayan, amma əfsuslar olsun ki, ölkəni sıxıntıya sürükləyən bir hal. Bu da bir reallıqdır. Odur ki, bir az öncə dediyim kimi, alimlərin gördüyü işləri digər yetkililərin də dəstəkləməsi lazım gəlir.
- Sözlərinizdən
belə anlaşılır ki, telekanallarda bizə təqdim
olunanlar siyasi amac mahiyyətli görüntülərdir.
Güneydoğu Anadoluda türklük ruhu hələ də
güclüdür.
- Bu ruh hələ qeyb olmamışdır. Mən əgər Bakıya gəlib taksiyə əyləşərək şəhərdə rahat-rahat gəzirəmsə, siz də Mardində, Urfada, Diyarbəkirdə, Sivərəkdə, Nusaybində eynən rahatlıqla gəzə bilərsiniz. Tarixi qoyaq bir kənara. Bu günün havası da işin həqiqətini göstərir. Qəzetlərə, telekanallara yansıyan isə hədəflərin siyasi inikasıdır.
- "Osmanlı
dəftərləri"nin sizin araşdırma
mövzularınıza daxil olduğu barədə bilgimiz var.
Bu dəftərlər burada Azərbaycan tarixinə dair
çox qiymətli qaynaqlar sayılır. "Dəftərlər"
üzərində işlər davam etdirilirmi?
- Mənim doktorluq işim bu təhrir dəftərləri üzərində idi. Osmanlı vilayətlərindən olan Bolu civarının dəftərlərini araşdırmışam. Bu arada Naxçıvanla ilgilənirəm. "Erməni məsələsi" qızışdırılanda Gəncə-Qarabağ dəftərlərini aldıq, tədqiq etdik. Bu bizim boynumuzun borcudur. Çalışacağıq, inşallah. Bu işlər görülməlidir, biz davam edirik.
- Bu dəftərlər
mürəkkəb siyaqət xətti ilə yazılıb. MEA
Tarix İnstitutunda bu xətti oxuya bilən
tapılmadığından "Gəncə-Qarabağ icmal dəftəri"
indiki əlifbaya transliterasiya edilmədən nəşr edilib.
Bu xətti oxuya bilən Hüsaməddin Qaramanlı hazırda
Kanadada yaşayır, Şahin Mustafayevin isə son zamanlar
işləri Səmərqəndlə bağlıdır...
-
Türkiyədə də bu xətti oxuya bilənlər iki əlin
barmaqları sayda olar-olmaz. Çünki özəl bir
yazı üslubudur, şifrəli yazılardır. Amma narahat
olmağa əsas yoxdur, sizin MEA Şərqşünaslıq
İnstitutunda bu xətti mənimsəmiş gənc mütəxəssislər
yetişiblər. Onlar hazırda dediyiniz "Osmanlı dəftərləri"
üzərində işləri davam etdirirlər.
- Təbii ki, Osmanlı, özəlliklə
də Güneydoğu Anadolu ilə Azərbaycan tarixində
bağlantılı sahələr çoxdur. Bunları
öyrənirsiniz. Bəs, aradakı elmi əməkdaşlığın
səviyyəsi sizi qane edirmi?
- Biz iki dövlət, bir millətik. Bu işbirliyi üçün ortada inzibati və s. əngəllər də yoxdur. Gediş-gəliş çox rahatdır, bir sıxıntıya rast gəlmirik. Tarixçilərin əməkdaşlığına isə indiki zəmanədə çox böyük ehtiyac duyulur. Özü də şiddətli dərəcədə.
İsmayıl Umudlu
Ayna.- 2011.- 4
iyun.- S.18.