O, Azərbaycanda
mikrocərrahiyyənin təməlini qoydu
Görkəmli
oftalmoloq alim Nazim Əfəndiyevi anarkən
Ölkəmizin
məşhur göz həkimi, uzun illər Oftalmologiya
İnstitutu - bakılıların "göz institutu" kimi
tanıdıqları elmi-tədqiqat mərkəzi və xəstəxanasının
direktoru işləmiş professor Nazim Əfəndiyev (1926, 7
iyun - 1998, 5 yanvar) Azərbaycanın tibb tarixinə oftalmologiya
sahəsində elmi məktəbin yaradıcısı kimi
daxil olmuşdur. Tibbi praktikası dövründə on minlərcə
əməliyyat aparmış, mikrocərrahi əməliyyatların
yeni üsullarını işləyib
hazırlamışdır. Nazim Əfəndiyev bu sahədə
150-yə yaxın elmi əsərin, o cümlədən 3
monoqrafiya, 3 ixtira, 20-dən artıq metodik tövsiyə, bir
sıra səmərələşdirici təkliflərin
müəllifi idi. Onun işləri yaxın xaricdə
aparıcı oftalmoloji müəssisələrdə tətbiq
edilirdi. Daha çox isə, respublikada gözün mikrocərrahiyyə
üsullarını ilk tətbiq edən yüksək
oftalmoloq-cərrah kimi tanınırdı.
Nazim
Əfəndiyevin adı çəkiləndə bizim təbabətdə
öncə Azərbaycanda traxomanın kökünün kəsilməsində
misilsiz rol oynamış bir həkim yada düşür. Traxoma
hər zaman Azərbaycan torpağının bəlası
olmuşdu. Təsəvvürümüzə gətirək ki,
50-ci illərdə bəzi rayonlarda əhalinin 60 faizi bu xəstəliyə
yoluxmuşdu. Respublika hökuməti bu bəlanın
kökünün kəsilməsini milli təbabətin qarşısında
bir vəzifə olaraq qoymuşdu.
Nazim
Əfəndiyevin başçılıq etdiyi "traxoma ilə
mübarizə qrupu" həkim briqadaları təşkil edərək
rayonları bir-bir gəzir, kəndbəkənd insanları
müayinə və müalicə edirdilər. Bu mübarizənin
gedişi Bakıdan və Moskvadan səhiyyə rəhbərləri
tərəfindən diqqətlə izlənirmiş.
Ölkəsini
və xalqını dərindən sevən bir vətəndaş
olaraq Nazim Əfəndiyev insanımızı bu bəladan
xilas etməyi qarşısında ciddi bir vəzifə kimi
görürdü. Onun gecəli-gündüzlü əməyi,
çalışqanlığı, vətəndaş qeyrəti
sayəsində Azərbaycan "korluğun, həm də
anadangəlmə korluğun vətəni" statusundan həmişəlik
xilas olmuş, Mil, Muğan, Şirvan düzlərindən,
Abşeron torpağından bu xəstəliyin kökü
qazınmışdı. Bu mübarizənin tarixçəsi
vərəqlənəndə hökmən Nazim Mirqasım
oğlu Əfəndiyev yada düşür.
Nazim
Əfəndiyev sağ olsaydı, onun dəyərli
ömrünün 85 illiyi tamamlanacaqdı. O, həyatda yoxdur,
doğmalarının, onu sevənlərin qəlbində, xatirələrində
yaşayır. Biz buna Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzində görkəmli oftalmoloqlarla
söhbətlərimizdə bir daha şahid olduq. Tibb tariximizin
toxunduğumuz səhifələrində onun adı var.
İnsanın yaxşı əməllərini, kim nə
deyir-desin, qədirbilən vətəndaşlar unutmurlar. Bir
zaman onunla çiyin-çiyinə
çalışmış, xalqımızın
gözünün nurunun keşiyində dayanmış mütəxəssislərin
söylədikləri bizi yaxın keçmişə
qaytardı.
"Onun arzusu iki ildir həyata
keçib"
Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru,
tibb elmləri doktoru Elmar Qasımov:
Nazim Əfəndiyevi
ziyalı, mədəni, xeyirxah bir insan kimi xatırlayıram.
Mən bir oftalmoloq kimi birbaşa onun təsiri altında
formalaşmışam. Biz, gənc oftalmoloqlar hər zaman onun
qayğısını hiss edirdik. Gözəl mütəxəssis
və bacarıqlı rəhbər olaraq peşə biliklərini
və təcrübəsini bizimlə bölüşərdi.
Bu mərkəzdə çalışan mütəxəssislərin
70 faizdən çoxu onun şagirdləri və
davamçıları olmaqla, onun ideya və arzularını həyata
keçirirlər.
Nazim Əfəndiyevin
ən böyük arzularından biri Bakıda müasir
dünya standartlarına uyğun oftalmoloji mərkəzin tikilməsi
idi. Bu arzu iki ildir həyata keçib. Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzi dünyada ən
böyük və müasir oftalmologiya komplekslərindən
biridir. Nazim müəllimin gözəl xatirəsi bizim qəlbimizdə
daim yaşayacaqdır.
"Mən onun stilistikası ilə
cərrahlıq edirəm"
Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzində
kataraktanın cərrahiyyəsi şöbəsinin elmi
müdiri, professor Kərəm Kərimov:
1974-cü
ildə göz institutunda internaturada olarkən şəxsən
tanış oldum. 30 ilə yaxın idi ki, institutun direktoru vəzifəsində
çalışırdı. İnstitutda kişi və gənc
oftalmoloqların sayı az idi. Nazim müəllim istəyirdi
ki, kişi oftalmoloqların sayı artsın. Çünki Azərbaycana
yeniliklər gətirmək üçün digər ölkələrə
məzuniyyətə getmək, konfranslarda
çıxış etmək lazım idi. Bundan başqa,
SSRİ məkanından və ya xaricdən gələn
qonaqlarla məşğul olmaq lazım idi. Əksər
xanım həkimlərin ailəsi buna icazə vermirdi.
Təyinatım
Naxçıvana idi. Dəyişmək mümkünsüzləşdi.
Nazim müəllim Zərifə xanım Əliyevaya dedi ki, gəncləri
Moskvaya, Odessaya təkmilləşdirmək, təhsillərini
artırmaq üçün göndərmək
lazımdır. Gənc həkimlərin təkmilləşməsinə
xüsusi diqqət yetirirdi. Əməliyyatlarında bizim
iştirakımızı tələb edirdi. Təsadüfi
deyil ki, o illərdə onunla çalışan cərrahlar və
mən onun stilistikası ilə cərrahlıq edirəm. Bizim
üçün böyük məktəb idi.
Sadə,
təvazökar, ünsiyyətcil və yaxşılıq etməyi
sevən insandı. Torpağını, vətənini və Səməd
Vurğunu çox sevirdi. Poeziyanın vurğunu, gözəlliyi
sevən insan idi.
Nazim Əfəndiyev
Azərbaycan oftalmologiyasının inkişafında, institut
üçün yeni binanın layihələndirilməsində
əməyi olub. Hazırda çalışdığım mərkəz
gün ərzində 750-yə yaxın pasiyenti qəbul etmək
gücündədir. Bundan başqa, Nazim ölkəmizdə
ilk dəfə süni büllurun implantasiyası əməliyyatını
uğurla keçirib. Yaxşı yadımdadır ki, həmin
şəxs çilingər idi.
Əməliyyatdan
sonra görmə qabiliyyəti 80-90 faiz bərpa edildi.
Təqribən
7 ilə yaxın institutun baş həkimi, 43 ildən artıq
isə direktoru vəzifəsində çalışıb. Yəni
yarım əsr Azərbaycan oftalmologiyasına xidmət edib.
Bu, bir insan ömrünə bərabərdir.
Düşünürəm ki, onun 85 illiyi münasibətilə
yaşadığı binaya barelyefinin vurulması və ya
xatirəsinin başqa bir formada əbədiləşdirilməsi
yaxşı olardı.
"Böyük elmi uğurlara imza
atmışdı"
Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi,
professor Mürşüd Məmmədov:
Lənkərandan
Bakıya Nazim Əfəndiyevin qəbuluna gəldim. Elmi
işlə məşğul olmaq üçün mövzu
götürmək istəyimi bildirdim. Onunla ilk
tanışlığımız idi. Amma mənə elə
münasibət göstərdi ki, onun insaniyyətinə
vuruldum. Mənə mövzu verildi. İşə qəbul
olunduqdan sonra isə onu yaxından tanıdım. İnsani
gözəlliklərin hamısının bir adamda cəmləşməyinə
özüm də təəccüblənirdim. Çünki
direktor bəzən sərt olmaq məcburiyyətində idi.
Qaydaları pozanlar, işinə məsuliyyətsiz
yanaşanlar olurdu. Onları danlayanda da bir kobud kəlmə
işlətməz, heç kimin üstünə
qışqırmaz, xətrə dəyən söz deməzdi.
Çox
təmiz insan idi. Gözü-könlü tox adam olmaq başqa
bir şeydir. Böyük elmi uğurlara imza
atmışdı, heç kimin də köməyindən
istifadə etməmişdi.
Professor
olarkən də onda heç nə dəyişməmişdi.
Onda gördüyüm insani xüsusiyyətləri heç
kimdə görməmişəm.
Göz xəstəlikləri
institutunda yeniliklər etdi. İnstitutu SSRİ-nin digər
müvafiq institutları səviyyəsinə qaldırdı.
İşinin fədaisi idi. Təzə gələn həkimlərə
bildiklərini öyrədir, təcrübəsini
bölüşürdü. Bunu hər adam etmirdi.
"Əlimə cərrah
bıçağını o verib"
Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi,
kataraktanın cərrahiyyəsi şöbəsinin müdiri,
tibb elmləri namizədi Misirxan Ağayev:
Gəncliyim
Nazim müəllimin gözü qarşısında
keçib. 1973-cü ildən onun rəhbərliyi altında
işə başlamışam. Baş laborantdan şöbə
müdiri vəzifəsinədək yüksəlmişəm.
Mənim müəllimim olub. Əlimə cərrah
bıçağını o verib. Xətrimi çox istəyərdi.
Çox diqqətli, gözəl insan idi. İşçilərin
qayğılarını bölüşür, onlara köməyini
əsirgəmirdi.
Bir az da
romantik insan idi. Təqribən 80-ci illərdə avtomobillə
İrəvana konfransa gedirdik. Kərəm həkim, həyat
yoldaşı Həyat xanım da bizimlə idi. İcevan yolu
ilə gedəndə dayanmadan bizə o qədər şeirlər
söylədi ki, İrəvana nə vaxt
çatdığımızı bilmədik. Səməd
Vurğundan və digər sevdiyi şairlərdən şeirlər
söyləməyi sevərdi.
Həftədə
iki gün əməliyyat günü idi. Həftədə bəzən
8-9 əməliyyat edirdi. 1976-cı ildə Azərbaycanda mikrocərrahiyyənin
əsasını o qoyub. Onun kəşfinə qədər
makrocərrahiyyə əməliyyatı aparılırdı.
Yəni xəstə əməliyyatdan bir həftə sonra xəstəxana
çarpayısında arxası üstə uzanırdı.
Mikrocərrahiyyədən sonra xəstə həmin gün
axşam durub gəzirdi. Bir-iki gündən sonra isə evə
buraxılırdı. Mikrocərrahiyyə əməliyyatından
sonra görmə qabiliyyəti makrocərrahiyyədən dəfələrlə
yüksək olurdu.
Onun kəşfindən
sonra ölkəmizdə lupa ilə deyil, mikroalətlərlə
gözün içində əməliyyatların miqyası
böyüdü. Azərbaycanın digər göz xəstəlikləri
şöbələrində, rayonlarda bu cür əməliyyatlar
edildi.
Hətta
o vaxtlar 12 türk həkim Almaniyada deyil, məhz Bakıda
mikrocərrahiyyə əməliyyatını öyrənməyə
gəldi. 6 aydan sonra onlara sertifikat verdik. Bundan başqa,
İrandan, Türkiyədən, digər yaxın ölkələrdən
pasiyentlərimiz olurdu. "Dəmir pərdə" dönəmi
olduğundan onların sayı az idi, amma gəlirdilər.
"Kübar, alicənab bir adam
idi"
Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
kataraktanın cərrahiyyəsi şöbəsinin elmi
işçisi Şahin Məmmədov:
Mən
1989-cu ildə professor Nazim Əfəndiyevin göstərişi
ilə Göz Xəstəlikləri İnstitutunda onun təşəbbüsü
ilə yaradılmış mikrocərrahiyyə şöbəsinə
qəbul olunmuşam. Mənim bir həkim və cərrah kimi
formalaşmağımda onun böyük əməyi olub.
Çox
həssas bir adam idi. Həkimə xas olan bütün gözəl
keyfiyyətlərə malikdi. Bizə deyərdi ki, həkim əvvəlcə
gözəl insan olmalıdır, insan olmayan insanın qədrini
bilməz. Gözlərlə məşğul olan həkim
gözün özü qədər həssas olmalıdır.
Professor
Nazim Əfəndiyev kübar, alicənab bir adam idi.
Bütün hərəkətlərində,
danışığında, insanlara münasibətində
bir ziyalılıq vardı. Mən bu sənətdə ilk
müəllimim olaraq Nazim müəllimi xoş duyğularla
xatırlayıram.
"Çox sevinirəm ki, onun arzusu
həyata keçdi"
Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ali dərəcəli
həkim oftalmoloqu, Nazim Əfəndiyevin həyat
yoldaşı Həyat Əfəndiyeva:
Onun elmi
işinin əsası "Şüşəvari cismin
patologiyası"na aid idi. Namizədlik və doktorluq
dissertasiyası bu mövzuya həsr olunmuşdu. Böyük
alimlər belə bu sahənin ona aid olduğunu söyləyirdilər.
Böyük arzusu idi ki, şüşəvari cismin
patologiyasındakı fəsadları müasir avadanlıqlarla
əməliyyat etmək mümkünləşsin.
Çapıqları, bitişmələri aradan qaldırmaq
üçün cərraha belə avadanlıqlar lazım idi.
Onun dövründə belə imkan yox idi. İndi isə ən
müasir avadanlıqlarımız var və gözəl əməliyyatlar
aparılır. Çox sevinirəm ki, onun arzusu həyata
keçdi. Mən bunun şahidiyəm. Onun işinə rəğbətim
var idi. Əməliyyatları dünya səviyyəsində
aparırdı. Ruhu şad olsun..
Aynurə
Ayna.- 2011.- 4 iyun.- S.19.