Əlibəyli kənd kilsəsi istifadəyə verilib

 

Təmirdən sonrakı açılış törənində Gürcüstan səfiri də iştirak edirdi

 

Qax rayonunun Əlibəyli kəndində gürcü kilsəsi təmir edilərək yerli dini icmanın istifadəsinə verilmişdir. Bu kilsə rəsmi arxiv sənədlərində Kürmük kilsəsi adlansa da, Əlibəyli kəndinin gürcü sakinləri buranı gürcü xristian müqəddəslərindən birinin adı ilə "Nino kilsəsi" adlandırırlar. Kilsə XVIII yüzilin sonu, XIX yüzilin əvvəllərində tikilib. Bu münasibətlə Gürcüstanın Azərbaycan səfiri Teymuraz Şaraşenidze Qax rayonunda olub, təmirdən sonrakı açılış törənində iştirak etmişdir.

Qax rayon Mədəniyyət Şöbəsinin müdiri Nəzir Ömərov bildirib ki, Əlibəyli kəndində yaşayan gürcü dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova müraciət edərək kənd ərazisindəki Kürmük kilsəsinin icmanın istifadəsinə verilməsini xahiş edib. Hidayət Orucovun müsbət cavabından sonra kilsə təmir edilərək gürcülərin ixtiyarına verilib (APA).

Açılış mərasimində Qax rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak ediblər.

 

Ayna.- 2011.- 4 iyun.- S.18.