Azərbaycan futbolu 100 yaşını qeyd etdi

 

Yubiley "Buta Palace"da təntənəli mərasimlə yekunlaşıb

 

Bu həftə, daha dəqiq desək, iyunun 6-da Azərbaycan futbolunun 100 yaşı tamam oldu. Bu münasibətlə ölkədə yüksək səviyyədə törənlər vardı. Törənlərdə dünya və Avropanın ali futbol qurumlarının təmsilçiləri, müxtəlif ölkə federasiyalarının rəsmiləri və fəxri qonaqlar iştirak edirdilər.

Bir sıra ölkələrin futbol tarixi oyunun həmin ölkəyə gəldiyi vaxtdan hesablanır. Amma tarixinin ilk çempionatdan, yaxud yoldaşlıq görüşü xarakterli ilk matçın təşkilindən götürüldüyü ölkələr daha çoxdur və Azərbaycan da bu sıradandır. Tarixi qaynaqlara isnad etsək, bəlli olar ki, Azərbaycana futbol 1911-ci ildə, yəni "kəşf"indən 48 il sonra gəlib. Amma bizdə futbolla tanışlıq 1911-ci ildən öncə - XX yüzilin lap əvvəllərindən başlayır və bunu o dövrün mətbu orqanlarında, Bakıda, Tiflisdə çıxan qəzetlərdəki yazılar da sübut edir. Lakin futbol kollektivlərinin rəsmi təsdiqlənməsi və onların iştirakı ilə mütəmadi oyunlar prosesi məhz 1911-dən başladığı üçün milli futbolumuzun tarixi də o ildən hesablanır.

Futbolumuzun 100 illik yubileyi FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin ölkəmizə səfəri ilə başladı. Fəxri qonaqlar əvvəlcə prezident İlham Əliyevin qəbulunda oldular. Prezident Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən törənlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Yozef Blatterə təşəkkürünü bildirib. FİFA prezidenti isə öz növbəsində futbolumuzun 100 illik yubileyində iştirak üçün ölkəmizə dəvət olunduğuna görə dövlət başçısına minnətdarlıq bildirib.

FİFA və UEFA prezidentləri daha sonra futbolumuzun 100 illiyi ilə bağlı törənlərə qatılıblar. Fəxri qonaqlar əvvəlcə AFFA-nın Mərdəkanda tikdirdiyi futbol mərkəzində "Dalğa Arena" stadionunun və yardımçı meydançanın açılışında iştirak ediblər. Açılış mərasimində rəmzi lenti FİFA, UEFA və AFFA prezidentləri Jozef Blatter, Mişel Platini və Rövnəq Abdullayev kəsib. "Dalğa Arena" stadionunun tikintisi 2010-cu il aprelin 24-də başlayıb. O, 6500 seyrçi üçün nəzərdə tutulub.

Azərbaycan futbolunun 100 illiyi münasibətlə paytaxtda keçirilən yubiley törənlərinin ən möhtəşəmi Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi oldu. Metronun "Əzizbəyov" stansiyası yaxınlığında 50 hektarlıq ərazidə yerləşən və paytaxtda müasir tikinti üslubu, xüsusi gözəlliyi ilə seçilən, 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli çağdaş idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Ümumilikdə, 18 girişi olan stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edən 7 dayanacaq fəaliyyət göstərəcək.

Azərbaycan futbolunun 100 illik yubileyi "Buta Palace"da təşkil olunan təntənəli mərasimlə yekunlaşıb. Törənin əvvəlində AFFA baş katibi Elxan Məmmədov Azərbaycan futbolu haqqında, son illər bu sahədə görülən işlər barədə nitq söyləyib. Ardınca Azərbaycan futbolunun 100 illik tarixinə həsr olunmuş film nümayiş olunub. Daha sonra 2012-ci ildə Azərbaycanda təşkil olunan 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipi təqdim olunub.

Mərasim dünya şöhrətli hakim Tofiq Bəhramova həsr olunmuş film ilə davam etdirilib. Sonra səhnəyə ingiltərəli futbol veteranı, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında Almaniya yığmasının qapısına vurulan və Tofiq Bəhramovun oyunun baş hakiminə müvafiq işarəsindən sonra qeydə alınmış qolun müəllifi Ceff Herst, həmin oyunda Almaniya yığmasının qapısını qoruyan Hans Tilkovski və Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov dəvət edilib. Bəhram Bəhramovun vasitəçiliyi ilə hər iki veteran futbolçu bir-birinin əlini sıxaraq 45 illik mübahisəyə Azərbaycan futbolunun 100 illik yubiley mərasimində son qoyulduğunu bildiriblər.

400-ə yaxın qonağın iştirak etdiyi mərasim sonda öz yerini banketə verib. Banket Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə hazırlanmış özəl bir tortun kəsilməsi ilə başa çatıb.

 

 

Kərim 

 

Ayna.- 2011.- 11 iyun.- S.22.