"Yaşlı nəsil sənət adamlarında sovet eqoizmi var"

 

Kamran Şahmərdan deyir ki, iş az olanda bu "özəllik"lərini aşkar hiss etdirirlər

 

Uzun illərdir Finlandiyanın İmatra şəhərində yaşayan və orada yaratdığı "Ağ və Qara" teatrına rəhbərlik edən azərbaycanlı rejissor Kamran Şahmərdanın yerli teatr mühiti ilə sıx bağları var. Qısa zamanda üç teatrda - İbRus Teatrı, Kukla Teatrı və Rus Dram Teatrında tamaşalar hazırlayıb. Sonuncu tamaşası isə Akademik Milli Dram Teatrında Elçin Əfəndiyevin əsəri əsasında hazırladığı "Teleskop"dur. Yolüstə ikən rejissor media ilə də görüşməyə zaman ayırdı.

- "Teleskop" çağdaş Azərbaycan teatr sənətində böyük rezonans doğursa da, tamaşa sanki tələsik hazırlanıbmış təəssüratı bağışladı.

- Bu, böyük bir söhbətin mövzusudur. Teatr bir böyük ailədir, düşünürəm ki, ailənin içində baş verənlər kənara çıxmamalıdır. Nə olubsa olub, orada da qalıb, mən içimdə rahatam ki, işimi vicdanla görmüşəm.

- Niyə məhz Elçinin "Teleskopu"? Bundan xeyli əvvəl siz Azərbaycan mətbuatındakı müsabibələrdən birində klassik əsərə quruluş vermək arzusunda olduğunuzu deyirdiniz.

- Pyesi mənə göndərmişdilər, oxudum, xoşuma gəldi. İnsanın ölümdən sonra da həyatı mövcud ola bilər. İnsanın genetik yaddaşından başqa ruhi yaddaşı da var. Bu yaddaşı ilə yaşasa, insan özünü əsl insan kimi hiss edər. Mənə elə gəlir ki, ölüm yoxdur, insan öləndən sonra da yaşamaq imkanına malikdir.

- Siz xaricdə Azərbaycan teatrını tanıtma missiyasını üzərinizə götürmüşsünüz. Avropaya çıxmağa bizdə nə çatmır?

- Onu deyə bilərəm ki, Bakıda çalışdığım bütün teatrlarda güclü aktyor heyəti ilə rastlaşmışam. Eləcə də son işim Azdramada olduğu üçün deyə bilərəm ki, bu teatrın aktyorlarının böyük potensialı var. Bu teatrda tamaşa hazırlamaq mənim üçün böyük fəxrdir. Mənə elə gəlir ki, Akademik Milli Dram Teatrında aktyorların səviyyəsi ilə bağlı heç bir problem yoxdur. Bu teatr Avropa səviyyəsinə çıxmaq üçün əvvəlcə idarəetmə, menecment və prodüser problemini həll etməlidir.

Aktyorlar həqiqətən çox böyük potensiala malikdir, lakin onlarla çox işləmək lazımdır.

- Pyesin müəllifi Elçin Əfəndiyev tamaşadan razılıq edərək bildirdi ki, aktyorların bəzilərini səhnədə tanımadım. Aktyorları necə dəyişdirə bildiniz?

- Bilirsiniz, bu mənim işimdir. Hər rejissorun özünəməxsus iş prinsipi, sənət sirləri var. Mən aktyorlarla işləməyin sirrini aça bilmərəm, bu, fərdi qaydada onlarla mənim aramda baş verən hadisədir. Necə işləmək lazım olduğunu mən yalnız aktyora deyə bilərəm. Rejissor təkcə aktyora mizan vermək deyil, obrazın ruhən onun bədəninə yeridilməsinə çalışmalıdır.

- Deyilənə görə, tamaşanın rol bölgüsündən sizin xəbəriniz olmayıb və siz bundan narazı qalmısınız. Bu nə dərəcədə doğrudur?

- Tamaşadakı rolları aktyorlar arasında mən özüm bölmüşəm. Bəli, rollar məndən əvvəl də bölünmüşdü, lakin mən Bakıya gələndən sonra dəyişiklik etdim. Bu barədə başqa heç nə demək istəmirəm.

- Bundan sonra Akademik Milli Dram Teatrında sizin quruluş verəcəyiniz başqa tamaşalara baxa biləcəyik?

- Sizə bir məqamı səmimi etiraf etmək istəyirəm. Həqiqətən də əvvəlcədən nəsə demək mənə düşmür. Azdrama səhnəsində quruluş vermək istədiyim bir çox əsərlər var. Amma bu barədə əvvəlcədən heç nə danışmaq istəmirəm. Əgər nəsə olsa, söz verirəm ki, birinci sizin qəzet bundan xəbər tutar.

- Azərbaycan teatrı Finlandiyadan baxanda necə görünür? Oralarda bizim teatr barədə insanların bilgisi varmı?

- Mən Helsinkidə öz teatrımda Elçin Əfəndiyevin "Şekspir" əsərinə quruluş vermək istəyirəm. Finlandiya elə də böyük deyil. Orada fəaliyyət göstərən Azərbaycan diasporu ilə öz mədəniyyətimizi layiqincə tanıtmağa çalışırıq. İnşallah, bu sahədə gələcəkdə bir sıra böyük layihələr düşünürəm. Amma qoy əvvəlcədən heç nə deməyim. Azərbaycan teatrının nöqsanları barədə danışmağım isə etik çıxmaz. Peşəkar kimi hər hansı nöqsanlar barədə konkret tamaşaların quruluşçu rejissoru və aktyorları ilə fərdi söhbətimdə danışıram, amma sizə bu barədə danışmağım bir az qeyri-etik təəssürat bağışlaya bilər. Ümumi olaraq deməliyəm ki, Azərbaycanda teatr sənətinin inkişafı istiqamətində güclü işlərə start verilib. Bildiyimə görə, ölkə rəhbəri İlham Əliyevin bu barədə xüsusi sərəncamı var. Görülən işlər hiss olunmaqdadır. Lakin hələ görüləsi çox işlər var.

Bu gün teatrlarda eksperimentlər aparılmalı, dünya teatr sənətində baş verən yeniliklər bu tamaşalarda öz təzahürünü tapmalıdır. Bundan başqa, gənclər üçün şərait yaradılmalıdır. Amma bunlardan ən vacibi gəncləri xaricə göndərib oxutmaqdır. Təəssüf ki, bu gün Azərbaycanda yaşlı və gənc tandeminin şahidi oldum. Mənə elə gəlir ki, gənclər yaşlılara hörmət edib onlardan dərs almalı, yaşlılar da gənclərin irəli getmələri üçün yol açmalıdır. Yaşlı sənətkarlar sovet ideologiyasının təsiri altında yetişdikləri üçün sovet eqoizmi onlarda var. İş az olanda da onlar özlərinə qapanıb bu xüsusiyyətlərini aşkar hiss etdirir, şəxsi ambisiyalarından çıxış edirlər. Bunlar hamısı işin az olmasından irəli gəlir. Əgər iş çox olsa, bu insanların başqa neqativ şeylər barədə düşünməyə vaxtları olmaz.

- Sizin bir çox ölkənin teatrlarında tamaşa hazırlamağınız barədə xəbərimiz var. Bizim aktyorlardan o tamaşalarda istifadə ilə bağlı planınız var?

- Bəli, mən Azərbaycanda bir-iki aktyoru gələcəkdə Finlandiya, Rusiya və İsveçdə öz tamaşalarımda istifadə etmək üçün gözaltı etmişəm.

- Sirr deyilsə kimləri?

- Sözün düzü, o aktyorlar işə başlamaq üçün müqaviləyə qol çəkməyənə qədər bu barədə danışmağım düzgün olmaz.

- Azərbaycandan başqa hansı teatrlar sizin bacarığınızdan bəhrələnmək arzusundadır?

- Belə teatrlar var, ortada konkret iş olanda, açıqlamağı düşünürəm.

- Bəs hansı xarici ölkədən dəvət almısınız?

- Bura gəlməzdən əvvəl Almaniyada bir tamaşa hazırladım, məni yenidən dəvət ediblər. Gələn ilin əvvəllərində Almaniyada bir tamaşa hazırlayacağam. Bundan başqa, Sankt-Peterburqun məşhur Böyük Dram Teatrı mənə tamaşa qoymaq üçün dəvət göndərib. Öz teatrımda iki əsərin məşqlərinə də başlamışam. Ona görə də əlimdə hardasa iki-üç ilin işi var.

 

 

 ŞƏMS

 

Ayna.- 2011.- 11 iyun.- S.20.