Son tamaşa Elçin Həmidovun xatirəsinə
oynanılacaq
İyunun 29-da Azərbaycanın tanınmış aktyoru, əməkdar artist Elçin Həmidovun 53 yaşı tamam
olur. Həmin gün aktyorun xatirəsinə Azərbaycan
Dövlət Musiqili Komediya
Teatrında "Hərənin öz ulduzu" tamaşası nümayiş
olunacaq.
Teatrın
mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, mərhum
aktyor bu tamaşada uzun illər Nəzir obrazını ifa edib.
Teatr kollektivi aktyorun xatirəsinə hörmət əlaməti
olaraq, mövsümü Elçin Həmidovun sevimli
tamaşası ilə yekunlaşdıracaq. Tamaşa Azərbaycan
Dəniz Gəmçiliyi İdarəsinin Mədəniyyət
Evində təqdim olunacaq.
Elçin
Həmidov "Boşanaq, evlənərik"
tamaşasında İkram, "Qarğa məndə qoz
var"da Zərzibonskaya, "Qızıl gül"də
Azay, "Beş manatlıq gəlin"də Nadir,
"Özümüz bilərik"də Miriş, "Subaylarınızdan
görəsiniz"də Mayıl, "Hərənin öz
ulduzu"nda Nəzir, "Nəğməli Könül"də
Mustafa, "Səhnədə məhəbbət"də
ofisiant, "O olmasın, bu olsun"da Rza bəy, "Talelər
qovuşanda"da Potuş rollarını ifa edib.
Teatrın
bu mövsümdə ən uğurlu işləri
sırasına daxil olan Qoqolun "Evlənmə"
tamaşasındakı Yaiçnitsa obrazı Həmidovun səhnədə
son rolu olub. Aktyor bu il martın 5-də vəfat etdi.
Ayna.- 2011.- 11 iyun.- S.20.