Savaş
alınlarına yazılmışdı
Döyüşdülər,
öldülər, yenə döyüşəcəklər
Ermənilərin bizim torpaqlardan qopartmaq istədikləri
təkcə Qarabağ deyildi. İllərlə
hazırlaşdıqları elansız müharibəni
bütün sərhədlərimiz boyunca aparırdılar. Məmləkətimizin
qərb ucunda yerləşən qədim Oğuz yurdu Qazax da bu
fitnə-fəsadlardan yan keçmədi. Ötən
yüzilin əvvəlində xain qonşu ilə
savaşmış Bağanıs-Ayrım, Aşağı Əskipara,
Yuxarı Əskipara, Qızılhacılı, Sofulu,
Barxudarlı, Xeyrimli kəndləri yüzilin sonunda yenə
savaş gördü.
O illərin
qəzet jurnalisti M.S.Ordubadi isti-isti qələmə
aldığı "Qanlı sənələr"
kitabında yazır: "Qazax uyezdinin hadisələri 1905-ci
ilin 29 noyabrında başlanıb. Müsəlmanlar
müasir işlərdən xəbərsiz olduqlarına
görə böyük xəsarət gördülər. Qazax
uyezdində hökumət məmurları, xüsusilə polis
qulluqçularının əksəriyyəti erməni
olduğundan müsəlmanlara artıq zərərlər
vermişlər. Qazax uyezdində üç böyük və
müdhiş müharibələr də zühur etmişdir.
1. Əlibəyli, 2. Tatlı, 3. Əskipara müharibələri".
Yazıçı öz əsərində əlavə 12 kəndin adını çəkir və hadisələrin təfsilatını verir: "...ermənilərin qonşuluq və vətəndaşlıq hüququna riayətsizliyini eşidən müsəlmanlarda bir az intibah əmələ gəlir, hər tərəfdən müsəlman könüllü əsgərləri hücuma keçib Əskipara adlı kənddə böyük müharibəyə başlayırlar. Bu müharibədə müsəlmandan 4 nəfər qətl olunur. Ermənilər dəxi 80 nəfər tələfat verib bir çox cəbbəxana hərbi ləvazimatlarını qoyub qaçmağa məcbur olurlar...".
90 il sonra eyni
ssenari
1992-ci ildə Qazaxın bu kəndləri yenə
müharibə alovuna bürünür. İndi o hadisələrdən
artıq 19 il ötür. Qazaxın yeddi sərhəd kəndi
işğal altındadır, xaraba qoyulub. Aşağı Əskipara kəndi onlardan biridir. İri kənd idi, böyük orta məktəbi
vardı. Yaxın kəndlərin uşaqları orta təhsili
tamamlamaq üçün bura gələrdilər. 30 ildən
çox məktəb direktoru işləmiş Tofiq Qasımov
o günləri xatırlayır:
-
İkimərtəbəli orta məktəbimiz respublikada ən
yaxşı məktəblərdən idi. Bütün fənn kabinetlərini yaratmışdıq. Hər il neçə-neçə yetirmələrimiz ali məktəblərə qəbul olunurdu. Kəndimiz, məktəbimiz, ev-eşiyimiz dağıldı, yurd-yuvamızı
viran qoydular.
Söz
açmaq istədiyim qız - Qaratel Şəmi qızı
Hacımuradova da bu kənddən idi. 1948-ci ildə
doğulmuşdu. 1962-ci ildə kənd orta məktəbini bitirib, Bakı Ticarət Texnikumuna daxil olub. 1965-70-ci illərdə Qazax rayon ticarət mərkəzində işləyib. Xalq Təsərrüfatı İnstitutunda qiyabi oxuyub. 1976-91-ci illərdə neft-kəşfiyyat
idarəsində
işləyib.
Teyyibə
nənə (anası): - Həmzəçəmən
yaylağında, dağ havasında dünyaya gəldi. Elə adını da Hava qoydum. Arana gələndə gördüm saçları qaradı, adını Qaratel yazdırdım. Amma hamı Hava
kimi tanıyırdı onu...
Narın
Seyidova (qardaşı arvadı): - Yoldaşım Məhəmməd
rəhmətə getdi. Qaratel onun üç
uşağını böyüdüb ərsəyə gətirdi,
həyatını onlara həsr etdi, özünə ailə
qurmadı.
Mənşurə (bacısı): - Böyük qardaşım Məhəmməd 1961-63-cü illərdə Belarusda hərbi xidmətdə idi. Biz uşaq idik. Əmim oğluna məktublar yazardı. Mən o məktubları sonralar görmüşdüm. Sonluğu belə bitirdi: Azərbaycanın azadlığı uğrunda mübarizəyə hazır olun! Əmim oğlu o məktubları bizdən gizlədirdi. Yəqin ki, onlar o vaxt hansısa gizli təşkilatın üzvü olublar. 1988-ci ildə milli hərəkat başlayanda o məktublar Qaratelin yadına düşdü.
Həyat
necə də qəribədir - demək istəmirəm. Çünki hər şeydə bir məntiq, bir qanunauyğunluq
var. İllər ötür, o vaxt "sovet
əsgəri" olan Məhəmmədin məktubda yazdığı azadlıq xəyalları gerçəkləşir. Bu mücadilədə onun bacısı Qaratellə yanaşı öz oğlu Şahin də iştirak edəcək.
Teyyibə
nənə (anası): - Bir dəfə Qaratel Qazaxa gələndə
qırmızı, göy, yaşıl rəngdə
parçalar gətirdi, bunları bir-birinə tikdi,
üstünə təbaşirlə ay-ulduz çəkdi.
Dedi,
ana, bu, Azərbaycanın üçrəngli
bayrağıdır, biz də müstəqil dövlət
olacağıq. Dedim,
sən bu bayrağı harda qaldıracaqsan? Rus bizi qırar. Dedi, bu bayrağı
meydanda mən özüm qaldıracam, ana.
Novella Cəfəroğlu: - Kiçik-kiçik bayraqlar tikər, adamlara bağışlardı. Azadlıq hərəkatında fəal idi. Vətənpərvər idi. 20 Yanvardan sonra özünə yer tapa bilmirdi. Azadlıq ruhu bu qızın qanına elə hopmuşdu ku, bu yolda ölümə hazır idi.
Zeynəb Göyçəli (qohumu): - Bəlkə də o, 20 Yanvar gecəsi şəhid olacaqdı... Jurnalist Salatın Əsgərova öldürüləndə "Nə qədər bəxtəvərdi, şəhid oldu" deyirdi...
Şahidlərin söylədiklərindən
Fəzail Əliyev (bölük komandiri): - 1990-cı ildə Bağanıs-Ayrımda baş verən faciəli hadisədən sonra ermənilər ətraf kəndlərlə yanaşı bizim kəndimizi də müntəzəm olaraq atəşə tuturdular. Qarabağda gedən savaş burada bizim kəndlərimizdə də gedirdi. Aşağı Əskipara strateji cəhətdən önəmli mövqedə idi. Ermənilərin 2 rayonunu birləşdirən yol buradan keçirdi. Bu yolun maneəsiz işləməsi onlara çox vacib idi. Ona görə yolun yaxınlığında yerləşən kəndləri təzyiq altında saxlayırdılar. Vəziyyətimiz günbəgün pisləşdiyindən biz kənd cavanlarından ibarət könüllü özünümüdafiə batalyonu yaratdıq. Hər gün kənd atəşə tutulurdu deyə dinc əhalini - qadınları və uşaqları kənddən çıxarmağa məcbur olduq.
Kimi rayon mərkəzində yerləşdirildi, kimi də qohumların evlərində.
Kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar. Qaratel ondan fikrini soruşur. Hümbət Qarabağa gedəcəyini deyir. Qaratel qardaşına öz kəndlərinə getməyi məsləhət görür, axı Əskiparada da müharibə gedirdi. Hümbət Qarabağ döyüşlərinə yollanır. O isə öz kəndlərinə gəlir. Kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. Məhəmmədin oğlu Şahin də döyüşçülərin arasında idi. Bibisini buradan nə qədər uzaqlaşdırmaq istəsə də, bacarmamışdı. Əksinə, onun orada olması döyüşçüləri ruhlandırır, əzmkarlığı artırırdı. Döyüşlərin birində Şahin də yaralandı.
Saleh Həsənov:
- Qaratel bizə ana-bacı oldu. Yeməyimizi bişirir,
paltarımızı yuyurdu. Silahla davranışı da
öyrəndi. Yemək çatmayanda, gedib bağlardan
göy-göyərti yığıb bişirərdi ki,
döyüşçülər ac qalmasın.
Taleh Həsənov:
- Səngərdə bizimlə bərabər
döyüşürdü. Heç nədən qorxmazdı.
O yanımızda olanda biz də ürəklənirdik. Sanki
müharibədə deyildik, bir döyüş filminə
baxırdıq.
Fəzail
Əliyev: - Hər gün atışma olurdu. 1992-ci il iyunun 8-də
ermənilər güclü hücuma keçdilər. Biz 28 nəfər
idik, bir də Qaratel. Silah-sursatımız - hərəyə
bir avtomat və 2 ədəd də qumbaraatan... Buna baxmayaraq,
hücumu dəf edə bildik, ermənilər geri çəkilməyə
məcbur oldular.
Teyyibə
nənə: - Mən 35 km yolu yarı piyada, yarı
maşınla Əskiparaya getdim, Qaratel məni görəndə
ağladı, ana, niyə gəldin, ermənilər səni
öldürər, dedi. Mən qocayam, sən cavansan, dedim,
burdan çıx. Nə qədər elədim,
qayıtmadı. Dedi, ölsəm də bu kənddə öləcəm...
Nəsib
Nəsibov: - Şəhid olmuş qardaşımın qəbri
üstünə getmişdim. Qəbiristanlığa
yaxınlaşanda gördüm, Qaratel qardaşı Məhəmmədin
qəbri üstündə ağlayır.
. Deyir,
qardaş, mən səni qoyub kənddən çıxmaram,
burda şəhid olacam. Dedim, qorxmursanmı, tək gəlmisən
bura, ermənilər hər yerdən atır. Dedi,
qardaşımı yuxuda görmüşəm bu gecə,
ziyarətinə gəlmişəm.
Narın
Seyidova: - Gəldi bizə, Qazaxda qalırdıq.
Başını yudu. Dedim, Qaratel, vəziyyət
ağırdı, kəndə qayıtma, qız
xeylağısan, ermənilər səni tutsa, biz neyniyərik.
Dedi, narahat olmayın, işimi bilirəm, ermənilər məni
diri tuta bilməzlər.
Yaşar
Qasımov (taqım komandiri): - İyunun 14-də səhər
tezdən ermənilər rus hərbi bölmələrinin
köməyi ilə növbəti güclü hücuma
keçdilər. Qaratel mənim taqımımda
döyüşürdü. Ən təhlükəli olan Fələməz
deyilən mövqeni mən üzərimə
götürdüm. Hər tərəfdən top, tank atəşinə
tutulduq. Bizim silah-sursatımız tükənirdi və mən
əmr etdim ki, başqa səngərdən qumbaraatan mərmisi
gətirsinlər. Amma kimin gətirməsini deməmişdim.
Biz mövqedən üzbəüz döyüşdəydik.
Bir müddət keçdi, məlumat verdilər ki,
silahları gətiriblər. Geri döndüm, gözlərimə
inanmadım, bu çətin tapşırığı Qaratel
yerinə yetirmişdi. Çox təhlükəli olduğuna
baxmayaraq, gedib başqa səngərdən silah-sursat gətirmişdi...Ancaq düşmənlə
bizim qüvvəmiz qeyri-bərabər olduğundan, get-gedə
zəifləyirdik və hər an vəziyyət pisləşə
bilərdi. Buna görə mən Qaratelə səngəri tərk
etməsini, hətta kənddən çıxmasını əmr
etdim. Özümüz isə döyüşə-döyüşə
geri çəkilməyə məcbur olduq...
Hərə
bir tərəfdə döyüşü davam etdirir. Qaratel də geri çəkilmir,
arabir mövqeyini dəyişir. Mərdanla birlikdə
döyüşürlər. Bu son döyüşün
şahidi kənd ağsaqqalı Vəli kişi də
onların yanında olur. Ermənilər onu əsir
götürürlər.
"Bax, kəndiniz necə
yanır..."
Namazov Vəli:
- Məni yıxdılar yerə, bir erməni üstümdə
oturdu. Sonra qaldırıb kəndi göstərdilər:
"...bax,
kəndiniz necə yanır", - dedilər. Gördüm kəndimiz
od içindədir... Komandirləri ratsiya ilə
danışırdı: "Bir qadın sağdı, deyəsən
muzdlu əcnəbi qadındır, onu diri tutun". Bir xeyli
atışmadan sonra uzaqdan Qaratelin bərkdən
qışqırtısını eşitdim. Bununla da səslər
tamam kəsildi. Bu, Qaratelin özünü öldürməzdən
öncə son harayı idi. Sonra saçından tutub
sürüyə-sürüyə mənim yanıma gətirdilər.
Cəsədi qan içindəydi. Məndən soruşdular
ki, bu qadını tanıyırsanmı, dedim, kəndimizin
qızıdı - Seyidova Hava.
Ermənilər
Qaratelin başına pul qoyur. Onlarla ratsiya ilə
danışırmış:
- Ancaq mənim
meyitimin üstündən keçib kəndi ala bilərsiz.
Ermənilər
Qaratellə bərabər həlak olmuş Alıyev Alı, Əsgərov
Mərdan, Əmiraslanov Şəmistanın meyitlərini də
götürüb aparırlar.
Yaşar
Qasımov: - O həmişə özündə zəhər gəzdirirdi,
köynəyinin yaxalığına tikmişdi. Biz zarafat
edirdik ki, dar ayaqda güllə var, bunu neynirsən? Deyirdi, birdən
əllərim bağlı oldu, heç olmasa bu imkanım
olsun.
Şahin
(qardaşı oğlu): - 12 gündən sonra meyitləri dəyişdirə
bildik. Ermənilər bizdən Qarateli soruşdular, dedik ki, elə
adam tanımırıq. Biz Seyidova Havanın meyitini istəyirik.
Əgər ermənilər bilsəydilər ki, onların
axtardığı Qaratel bizə verdikləri Havadır,
heç vaxt qaytarmazdılar.
Zeynəb
Göyçəli (qohumu): - 1994-cü ildə televiziyada Heydər
Əliyevin çıxışına baxmışdım.
Milli Qəhrəmanlar haqqında söhbət gedirdi. Dedi:
"...Əsl Milli Qəhrəman adı kimə verilməlidir?
Qazaxda bir Qaratel vardı, düşmən əlinə sağ
keçməsin deyə özünü
öldürmüşdü. Bax, Milli Qəhrəman adı o
xanıma layiqdir". Tarixdə qəhrəman qadınlar
çox olub. Əsrlər ötəcək, XX əsrin sonunda
Qazaxda öz kəndi uğrunda döyüşən igid bir
qızın, Qaratelin də adı çəkiləcək.
İki il
əvvəl "Qaratel" sənədli filmini çəkəndə
Qazaxda oldum, Qaratelin döyüş yoldaşları ilə
danışdım. Döyüşdüyü, şəhid
olduğu yerləri bir güllə mənzilindən seyr edə
bildim. Bu məqalədə isə o günlərin təfsilatını
döyüşçülərin, Qarateli tanıyanların
dilindən oxuyursunuz.
Bir kəndin acı tarixinə
çevrilən bir sevgi məktubu
O
döyüşçülərdən indi kimisi vətəndə,
kimi də kənarda "atəşkəs" günlərini
yaşayır, savaşa qoşulacaqları anı gözləyirlər.
Döyüşçü Nəsibovdan savaş şəkillərini
istədim. Fotoşəkillərin arasından köhnə məktublara
rast gəldim. İlləri arxada qoymuş bu əzik
kağız parçaları gənc
döyüşçünün sevdiyi qıza
yazdığı məktublar idi.
"...sizi
bütün varlığımla sevirəm. Amma gülüm mənim,
gərək bu torpağı da sevəsən. Yeganə
qardaşım bu torpaqda yatır. Biz bu torpaqda boy
atmışıq. Məni heç kəs məcbur etmir kənddə
qalım, bax, bunlar saxlayır. Elə məni eşidib kəndi
tərk etməyən uşaqları da... İndi yaman
atırlar... Həyatımı verməyə hazıram.
Ümid edirəm ki, yenə kəndimiz yerinə qayıdacaq.
Biz isə alnıaçıq gəzəcəyik...".
Bu sevgi məktubunu
ünvanladığı qızla oğul-uşaq sahibi olan
keçmiş döyüşçü Nəsibov, bir vaxt
Aşağı Əskiparadan yazdığı məktubundan sətirləri
verdiyimçün yəqin məni bağışlar.
Düşünürəm, bu məktublar zamanında bir
qıza yazılsa da, bu çərçivədən
çıxaraq artıq o kəndin acı tarixinə
çevrilmişdir..
Kəmalə Musazadə
Ayna.- 2011.- 11 iyun.- S.19.