Azərbaycanın
müstəqilliyinin 20 ili: xarici
siyasətin formalaşması (1991-2003)
Artıq bir neçə ildir"Azərbaycan Respublikasının xarici siyasəti"
adlı
çoxcildlik yazılır.
Çoxcildliyin tərəfimdən
yazılan 1991-2003-cü illəri əhatə
edən IV cildi əsasən
başa çatdırılmışdır.
Dövlət müstəqilliyimizin bərpasının 20 illiyinin bayram edildiyi bir zamanda
həmin cildin bəzi hissələrini
oxucuların mühakiməsinə verirəm.
XX əsrin 80-ci illərinin
sonu-90-cı illərinin əvvəllərində SSRİ-nin
daxili və beynəlxalq vəziyyəti
XX əsrin
80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində
SSRİ-nin daxili və beynəlxalq vəziyyəti mürəkkəb,
ağır olaraq qalırdı. Bunun da bir sıra səbəbləri
var idi. Hələ 70-ci illərin sonlarında SSRİ-nin
dünyada ümumi qəbul olunmuş beynəlxalq hüquq normalarını
kobudcasına pozaraq Əfqanıstana hərbi müdaxilə
etməsi nəticəsində beynəlxalq münasibətlərdə
gərginlik artmış, iki əks sosial-iqtisadi sistemli ölkələr
arasında soyuq müharibənin yeni bir dövrü
başlamışdı. Avropa qitəsində gərginliyin zəiflədilməsinə
tərəfdar olan və müvafiq sənədləri imzalayan
SSRİ rəhbəri Leonid Brejnev dünyanın digər
regionlarında tamamilə fərqli siyasət
yürüdürdü. Sovet rəhbərliyi zəngin təbii
sərvətləri olan, əlverişli hərbi-siyasi, strateji
mövqedə yerləşən Fars körfəzinə və
Hind okeanına, isti dənizlərə çıxmaq
üçün bütün mümkün vasitələrdən
istifadə edirdi. Əfqanıstanın işğal edilməsinin
çoxlu məqsədləri var idi. Əfqanıstanda
nüfuz qazanmaq Sovet İttifaqının Çin, Hindistan və
Pakistana təsir etmək imkanlarını artırırdı.
Əfqanıstanın zəngin təbii sərvətlərinə
yiyələnmək SSRİ-nin əsas hədəflərindən
idi.
SSRİ-nin
Əfqanıstana təcavüzünün ağır beynəlxalq
nəticələri oldu. Bundan sonra beynəlxalq gərginliyin zəiflədilməsi
prosesinə olan inam azaldı və dövlətlər
arasında etimadsızlıq artdı. Heç şübhəsiz,
etimadsızlığı azaldan təkcə Əfqanıstana
qarşı təcavüz deyildi. Bundan əvvəl, 1978-1979-cu
illər İran inqilabının nəticələri və bu
ölkə uğrunda gedən nüfuz savaşı da ona təsir
etmişdi. İrandan ABŞ-ın qovulması və Əfqanıstana
sovet hərbi müdaxiləsi Birləşmiş
Ştatların nüfuzuna ciddi zərbə vurmuşdu.
Hərbi
müdaxilədən SSRİ-yə də ziyan dəydi. Sovet
dövlətinin beynəlxalq aləmdə güc
nümayiş etdirməsi ilə ölkə daxilindəki
mövcud vəziyyəti arasında böyük fərqlər
yaranmışdı. Əhalisinin müəyyən bir hissəsi
çətin sosial-iqtisadi vəziyyətdə
yaşamasına baxmayaraq, SSRİ rəhbərliyi güclü
təbliğat apararaq xalqı "Qərb təhlükəsi"
ilə qorxudub ümumi düşmənə qarşı
mübarizəyə yönəldir, hərbi-texniki baxımdan
həmin ölkələrə çatmaq üçün
baha başa gələn sürətlə silahlanma
proqramlarını davam etdirirdi. Belə proqramların həyata
keçirilməsi sovet xalqını müflis edərək vəziyyətini
daha da ağırlaşdırırdı.
ABŞ
başda olmaqla Qərb dövlətləri SSRİ-nin beynəlxalq
hüquqa zidd hərəkətlərinin
qarşısını almaq üçün fəaliyyətlərini
qətiyyən dayandırmadılar. Ona qarşı təzyiqlərini
daha da artırdılar. ABŞ və müttəfiqləri əfqan
mücahidlərinə yardımlar etdilər. BMT
tribunasından sovet dövlətinə qarşı
diplomatik-siyasi təzyiqlərə başladılar. SSRİ-yə
qarşı sanksiyalar tətbiq etdilər. 1980-ci il Moskva yay
olimpiadasını boykot etdilər. SSRİ-nin artan təcavüzkarlıq
siyasəti qarşısında ABŞ prezidenti Ronald Reyqan onun
üzərində tam hərbi üstünlüyə nail olmaq
planını imzaladı. ABŞ digər tədbirləri də
həyata keçirdi. ABŞ senatının xarici əlaqələr
komitəsi iki ölkə arasında strateji hücum
silahlarının məhdudlaşdırılması
haqqında ikinci müqaviləni senatın təsdiqinə vermədi.
ABŞ hökuməti nüvə silahları
sınaqlarının tamamilə dayandırılmasına,
kütləvi silahların ləğvinə və Hind
okeanında silahlı qüvvələrin azaldılmasına
dair SSRİ ilə aparılan danışıqlardan imtina etdi.
Belə bir şəraitdə böyük dövlətlər arasında sürətlə silahlanma yarışı yenidən gücləndi. Bu isə beynəlxalq gərginliyi daha da artırırdı. Lakin SSRİ-nin sürətlə silahlanma üçün kifayət qədər iqtisadi potensialı yox idi. Sovet iqtisadiyyatı Qərb ölkələrindən geri qalırdı. Rəqabətə tab gətirməkdə çətinlik çəkən SSRİ rəhbərliyi yeni sualtı qayıqlar hazırlamamağa və Avropada yeni nüvə raketləri yerləşdirməməyə, həm Avropada, həm də Uzaq Şərqdə etimad tədbirlərinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Bütün bunlar sovet rəhbərliyinin Qərb ilə silahlanma yarışında fasilə götürməsi, "nəfəs alması" üçün bir manevr idi. Tərksilah sahəsində fəaliyyətdə irəliləyiş nəzərə çarpmırdı. Avropada yerləşdirilmiş ABŞ və SSRİ-nin nüvə silahları qitədə təhlükəsizlik üçün böyük qorxu törədirdi.
1985-ci ilin yazınadək SSRİ-ABŞ münasibətləri donmuş bir halda idi. İki ölkə arasında münasibətlərin belə vəziyyəti bütün beynəlxalq münasibətlər sisteminə mənfi təsir edirdi. Artıq qeyd edildiyi kimi, raket-nüvə silahları sahəsində aparılan danışıqlar dayandırılmış, Avropada ortamənzilli raketlərin yerləşdirilməsi məsələsində SSRİ-ABŞ qarşıdurması güclənmişdi. İki ölkə arasında üçüncü dünya ölkələrində nüfuz qazanmaq uğrunda mübarizə artmışdı. Ronald Reyqan SSRİ-ni şər imperiyası adlandıraraq ona qarşı "səlib yürüşü" elan etmişdi.
Lakin 80-ci illərin ikinci yarısından etibarən beynəlxalq münasibətlərdə dərin dəyişikliklər baş verməyə başladı. Buna ilk növbədə SSRİ-nin daxilində gedən proseslər ciddi təsir etdi. Sovet rəhbəri Konstantin Çernenkonun vəfatından dərhal sonra, 1985-ci il martın 11-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclasında SSRİ xarici işlər naziri, Siyasi Büronun üzvü Andrey Qromıkonun təklifi ilə Mixail Qorbaçov MK-nın baş katibi seçildi.
ABŞ
ilə münasibətləri yaxşılaşdırmaq qərarına
gələn M.S.Qorbaçov bunun üçün imkanlar
axtarmağa başladı. O, 1985-ci il martın 25-də Ronald
Reyqana məktubla müraciət edərək iki ölkə
arasında münasibətlərin
yaxşılaşdırılması, yarış və
qarşılıqlı hörmət əsasında, ümumi
maraqlar naminə hər iki dövlətin məsuliyyət
daşıması və etimad mühitinin yaradılması zəruriliyini
vurğuladı. R.Reyqan aprelin 4-də M.Qorbaçova
yazdığı cavab məktubunda ölkəsinin ümumi məqsədlər
naminə nüvə silahını ləğv etmək,
münasibətləri yaxşılaşdırmaq, humanitar və
regional məsələləri həll etmək
üçün əməkdaşlığa hazır
olduğunu bildirdi. Lakin birmənalı olaraq SSRİ-ABŞ
münasibətlərində ən ağır məsələnin
Əfqanıstan olduğunu vurğuladı. R.Reyqan iki ölkə
arasında münasibətləri
yaxşılaşdırmağın başlıca şərti
kimi Əfqanıstandan sovet qoşunlarının
çıxarılmasını irəli sürdü.
Bu
zaman M.Qorbaçov ölkənin daxili və xarici siyasətində
əvvəlki illərdən kifayət qədər fərqli xətt
yürüdəcəyini elan etdi. İlk addımlar
atıldı. 1985-ci il iyulun 1-də keçirilən
Sov.İKP MK plenumunda xarici işlər naziri vəzifəsindən
azad edilərək SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri
vəzifəsinə təyin olunan A.Qromıkonun əvəzinə
heç bir zaman bilavasitə xarici siyasət məsələləri
ilə məşğul olmayan Gürcüstan KP MK-nın
birinci katibi Eduard Şevardnadze gətirildi. Yeni şəraitdə
SSRİ Xarici İşlər Nazirliyinin əsas vəzifələri
nazirliyin məsul əməkdaşları, xarici ölkələrdəki
səfirləri və nümayəndələrinin
M.Qorbaçovun iştirakı ilə keçirilən
müşavirəsində müəyyənləşdirildi. Tədbirdə
çıxış edən M.Qorbaçov beynəlxalq aləmdə
baş verən hadisə və proseslərə yalnız
sırf maraqlar baxımından yanaşmağın lazım
olmadığını bildirdi. O, hər bir ölkənin
maraqları olduğunu deyərək əməkdaşlıq
etməyin və güzəştə getməyin vacibliyini
vurğuladı. Bundan sonra SSRİ Xarici İşlər
Nazirliyinin fəaliyyətində mühafizəkarlıqdan
imtina edildi. Müşavirədə həmçinin
silahların məhdudlaşdırılması və
azaldılması, strateji sabitliyin möhkəmləndirilməsi,
ümumavropa proseslərinin davam və inkişaf etdirilməsi,
regional münaqişələrin tənzimlənməsi və
bir sıra dövlətlər ilə ikitərəfli
münasibətlərin genişləndirilməsi sovet xarici
siyasətinin əsas istiqamətləri kimi müəyyənləşdirildi.
Ölkənin
xarici siyasət konsepsiyası dəyişdirildi. SSRİ-nin
xarici siyasətində, fəaliyyətində beynəlxalq
münasibətlərdə ziddiyyətli, lakin
qarşılıqlı asılı, mahiyyətcə
bütöv dünya konsepsiyası irəli sürüldü.
Həmin konsepsiyada qeyd edilirdi ki, nüvə müharibəsi
siyasi, iqtisadi və ideoloji məqsədlərə çatmaq
üçün vasitə ola bilməz, böyük hərbi
münaqişələri ləğv etmək lazımdır.
İki sistem ölkələri arasında güc
tarazlığı deyil, maraqların tarazlığı
prinsipi irəli sürüldü. Təhlükəsizlik
hamı üçün bərabər elan edildi.
Xarici
siyasət sahəsində yeni siyasi təfəkkür bəyan
olundu. Onun da əsasını ümumbəşəri dəyərlər
tuturdu.
Lakin
Qərb ölkələrində yeni sovet rəhbərliyinə
və siyasətinə birmənalı baxış mövcud
deyildi. Bu baxımdan ABŞ prezidenti olmuş Riçard Niksonun
xatirələri diqqəti cəlb edir. O yazırdı ki,
Fransa prezidenti Fransua Mitteranın fikrincə, Qərb
M.Qorbaçovun hakimiyyətdə qalmasında maraqlı idi.
İslahatları yalnız uğurlu olacağı təqdirdə
M.Qorbaçov hakimiyyətdə qala bilərdi. R.Niksonun fikrincə,
buradan belə nəticə çıxırdı ki, Qərb
ölkələri M.Qorbaçova yardım etməli idilər.
Lakin R.Nikson F.Mitteranın belə mövqeyi ilə
razılaşmırdı. O, Qərbin M.Qorbaçov
qarşısında altı şərt irəli sürməsini
uyğun görürdü: SSRİ-də azad bazar
iqtisadiyyatının tətbiq edilməsi; Şərqi Avropa
ölkələrinin tam müstəqilliyə nail olması;
NATO ilə Varşava Müqaviləsi Təşkilatı
ölkələri arasında adi silahlara dair
tarazlığın yaradılması; SSRİ və ABŞ
arasında strateji hücum silahlarına dair həqiqi
sazişin bağlanması; M.Qorbaçovun
üçüncü dünya ölkələrinə qarşı
təcavüzkarlıqdan imtina etməsi; Sovet İttifaqında
insan hüquqlarına hörmət edilən, xalqın azad
seçkilərdə iradəsini ifadə edə bilən
siyasi qayda yaradılması.
R.Niksonun
fikrincə, əgər M.Qorbaçov islahatları uğurlu
olardısa, aşkarlıq SSRİ-də siyasi plüralizmə
gətirərdisə, onda amerikalılar güman ki, XXI əsrdə
Berinq boğazının o biri sahilində ABŞ-dan fərqlənməyən
bir fövqəldövlət görərdilər. Əgər
həmin islahatlar kommunist rejiminin iki ayaq üstə
durmasına kömək edərdisə, onda növbəti
yüzillikdə ABŞ daha güclü, özünə
inamlı və təhlükəli rəqiblə üz-üzə
qala bilərdi.
SSRİ-də
yaranmış vəziyyəti qiymətləndirən sovet rəhbərliyi
ABŞ ilə münasibətlərin
normallaşdırılması istiqamətində konkret
addımlar atmağa başladı. Belə ki, 1985-ci ilin avqust
ayında sovet hökuməti nüvə silahlarının
sınaqlarını dayandırdığını bəyan
etdi. Buna dair moratoriumun vaxtını 1986-cı il martın 31-dək
artırdı. Belə bir qərarın qəbul edilməsi
çoxlu səbəblərlə yanaşı, SSRİ-nin
nüvə sınaqlarını keçirməkdə
imkanlarının məhdud olması ilə bağlı idi. Qeyd
etmək lazımdır ki, hələ 1984-1986-cı illərdə
Stokholmda keçirilən Avropada etimadı, təhlükəsizliyi
və tərksilahı möhkəmləndirmək tədbirlərinə
dair konfransda qəbul edilən sənəddə qitədə
hərbi qarşıdurmanın zəiflədilməsinə
yönəlmiş siyasi və hərbi tədbirlər kompleksi
nəzərdə tutulmuşdu.
1985-ci
ilin sentyabr ayında SSRİ xarici işlər naziri
E.Şevardnadzenin Nyu-Yorkda ABŞ dövlət katibi Corc
Şults və prezident R.Reyqan ilə görüşündə
silahlara nəzarət, regional və ikitərəfli məsələlərə
yanaşmada tərəflər arasında dərin fikir
ayrılıqlarının olduğu aydınlaşdı. Buna
baxmayaraq, yüksək səviyyəli SSRİ - ABŞ
görüşünə hazırlığa başlandı.
Görüşə hazırlıq zamanı SSRİ Xarici
İşlər Nazirliyi, SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsi və SSRİ Müdafiə Nazirliyinin keçirilməsi
nəzərdə tutulan Qorbaçov - Reyqan
görüşünə dair hazırladığı
arayışda başlıca tezis ABŞ prezidenti ilə
ümumi dil tapmaq, bərabər münasibətlər qurmaq,
beynəlxalq münasibətlərə ideoloji fərqləri gətirməmək
idi.
Keçiriləcək
görüş haqqında ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsi də R.Reyqan üçün müvafiq məruzə
hazırlamışdı. Məruzədə M.Qorbaçovun
Cenevrə görüşünə ümidlərinin az
olduğu qeyd edilirdi.
Geniş
hazırlıq tədbirlərindən sonra, nəhayət,
1985-ci ilin noyabr ayında Cenevrədə M.Qorbaçov ilə
R.Reyqan arasında görüş oldu. Həmin
görüşdə yalnız tərcüməçilər
iştirak edirdilər. Xarici işlər nazirləri hətta
bağlı qapılar arxasında görüşün nəticəsini
gözləyirdilər. M.Qorbaçov və R.Reyqan
qarşılıqlı münasibətlərdə mövcud
olan etimadsızlığı və şübhələri
aradan qaldırmaq zərurətindən danışdılar.
M.Qorbaçov sürətlə silahlanmanın
dayandırılması vacibliyindən, R.Reyqan isə
SSRİ-nin üçüncü dünya ölkələrində
nüfuzunu yaymaq cəhdlərindən danışaraq sovet
qoşunlarının Əfqanıstandan
çıxarılmasını qəti surətdə tələb
etdi. Görüş nəticəsiz sona çatdı. Bununla
belə, Cenevrə danışıqlarında müsbət
meyillər də müşahidə edildi. Ən
başlıcası, ölkə rəhbərləri hərbi
üstünlüyə çalışmamaq barədə
razılığa gəldilər.
Cenevrə
görüşündən sonra sovet rəhbərliyi Əfqanıstan
siyasətinin dəyişdirilməsinin zəruriliyini başa
düşdü. Bunun üçün müvafiq addımlar
atdı. 1985-ci ilin dekabr ayında Əfqanıstan rəhbəri
Bəbrək Karməl SSRİ-yə səfərə dəvət
edildi.
Onunla birlikdə Əfqanıstan təhlükəsizlik xidmətinin rəhbəri Məhəmməd Nəcibulla və bir neçə nəfər də gəlmişdi. Nümayəndə heyəti ilə görüşdə M.Qorbaçov, A.Qromıko və E.Şevardnadze iştirak edirdilər. Danışıqların gedişində Əfqanıstanda vəziyyətin ağır olduğu bir daha məlum oldu. M.Qorbaçov əfqan nümayəndələrinə sovet qoşunlarının Əfqanıstandan çıxarılacağını, müstəqil şəkildə döyüşmək üçün əfqan hökumətinə istədiyi qədər silah veriləcəyini dedi. Əfqanıstan nümayəndə heyəti belə bir söhbəti heç gözləmirdi. Əfqanlar sovet siyasətinin dəyişdiyini təəccüblə qarşıladıqlarından M.Qorbaçov SSRİ rəhbərliyinin yeni mövqeyini bir daha təkrar etdi. Sovet qoşunlarının olduqları yerlərdə əfqan ordusunu yerləşdirməyi və silahlandırmağı məsləhət bildi. Danışıqların gedişi və nəticəsi SSRİ-nin Əfqanıstan siyasətində yeni bir dövrün astanasında olduğunu göstərirdi.
Həmin danışıqlardan sonra Əfqanıstandan sovet qoşun hissələrinin necə çıxarılma məsələsi SSRİ rəhbərliyinin başlıca qayğılarından birinə çevrildi. Sov.İKP MK Siyasi Bürosunun 1986-cı il martın 20-də keçirilən iclasında Əfqanıstan məsələsi geniş müzakirə edildi. Çıxış edən SSRİ DTK sədri Viktor Çebrikov B.Karməlin vəzifələrini yerinə yetirə bilmədiyini deyərək sovet rəhbərliyinə göndərdiyi teleqramını oxudu. Teleqramdan Əfqanıstanda vəziyyətin ağır olduğu bir daha aydın olurdu. Aparılan müzakirə sovet rəhbərliyinin Əfqanstandan qoşunları çıxarmağa tədricən hazırlaşdığının ilk göstəricilərindən biri idi. Az sonra B.Karməl hakimiyyətdən getdi. Onun yerinə Məhəmməd Nəcibulla gətirildi.
Bu zaman SSRİ rəhbərliyi xarici siyasət sahəsində bir sıra digər addımlar da atdı. Sovet dövləti ümumbəşəri dəyərlərin sinfi dəyərlərdən üstün, münaqişələrin dinc yolla həllinə və tərksilaha tərəfdar olduğunu bəyan etdi. Sovet dövləti nüvə dövlətlərini nüvə silahları sahəsində silahlanmanı dayandırmağa çağıran 1985-ci il 28 yanvar tarixli Dehli bəyannaməsinə qoşuldu. Belə addımlar SSRİ-ABŞ münasibətlərinin normallaşmasına və bütövlükdə beynəlxalq münasibətlərə müsbət təsir edən amillər idi.
Qarşılıqlı münasibətlərdə mövcud olan bütün ziddiyyətlərə baxmayaraq, Cenevrə görüşündən sonra
SSRİ rəhbərliyi ABŞ ilə
yaxınlaşmaq xəttini davam etdirirdi. 1986-cı il sentyabrın 19-da ABŞ-a səfər zamanı
SSRİ xarici işlər
naziri E.Şevardnadze M.Qorbaçovun yeni görüş təklifini və məktubunu
R.Reyqana təqdim etdi. R.Reyqan M.Qorbaçov ilə
İslandiyanın paytaxtı Reykyavikdə görüşməyə
könülsüz razılıq
verdi. Nəhayət, həmin ilin oktyabrın 10-12-də
M.Qorbaçov və R.Reyqan Reykyavikdə təkbətək
görüşərək ikitərəfli və beynəlxalq
məsələləri müzakirə etdilər. R.Reyqan əvvəlki kimi yenə də sovet qoşunlarının Əfqanıstandan
çıxarılmasını tələb etdi.
Lakin həmin
görüşdə də razılıq əldə
olunmadı. Görüş başa çatdıqdan sonra maraqlı bir hadisə baş verdi. Avtomobilinə tərəf addımlayan R.Reyqan birdən ayaq saxlayaraq M.Qorbaçova tərəf
dönüb dedi:
"Siz mənə bir söz də
deməyə imkan vermədiniz. Ona görə də biz heç bir şey barədə
razılaşmadıq". M.Qorbaçov geri qayıtmağı təklif
etsə də, R. Reyqan imtina
edərək çıxıb getdi..
(Ardı gələn
sayımızda)
Musa Qasımlı,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru,
professor
Ayna.- 2011.- 11 iyun.- S.18.