Azərbaycanda hərbi təhsil
problemləri
Silahlı Qüvvələrin NATO
standartlarına keçidi peşəkar zabit
ehtiyaclarını ortaya çıxarır
Azərbaycanda
2011-2012-ci illər tədris ilinə hazırlıq gedir. Bu
gün Silahlı Qüvvələri kadrlarla təmin edən Hərbi
Akademiya, Ali Hərbi Məktəb, Naxçıvan Ali Hərbi
Məktəbi, Təlim və Tədris Mərkəzi, Ali Hərbi
Dənizçilik Məktəbi, Ali Hərbi Təyyarəçilik
Məktəbi, Orta Hərbi Tibb Məktəbi, Cəmşid
Naxçıvanski adına hərbi lisey və onun
Naxçıvan filialı, Çavuş
Hazırlığı, Gizirlər və Feldşerlər məktəbləri
fəaliyyət göstərir.
C.Naxçıvanski
adına hərbi lisey 1971-ci ilin iyununda yaradılıb.
Açıq rəqəmlərə görə,
C.Naxçıvanski adına hərbi liseydə 1500-dən
artıq, onun Naxçıvan filialında isə 400-dən
artıq kursant 130-dan artıq zabitin rəhbərliyi altında
hərbi biliklərə yiyələnirlər.
Azərbaycan Ali Hərbi Məktəbi
(AAHM)
Bu məktəbin əsası Milli Hərbiyyə Məktəbi kimi 1918-ci ildə qoyulub. 2002-ci ildə isə indiki adını alıb. 1997-ci ilin sentyabrınadək burada zabit kadrlarının hazırlanması keçmiş Sovet Ordusunun hərbi təhsil sisteminə uyğun olaraq keçirilib. 1997-ci ilin sentyabr ayında Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında imzalanmış müqaviləyə əsasən bu məktəb dənizçilik və aviasiya (2002-ci ildən Ali Hərbi Dənizçilik və Ali Hərbi Aviasiya məktəbləri) məktəblərini də öz tərkibinə daxil edərək Qərb standartlarına uyğun tədris sisteminə keçdi. Ayrıca qeyd etmək gərəkdir ki, hərbi təhsil sisteminin qurulmasında Türkiyə Silahı Qüvvələrinin ciddi dəstəyi olub və hazırda bu dəstək yenə də davam etməkdədir. Türkiyəli zabitlər bu gün də Azərbaycanın müxtəlif hərbi təhsil müəssisələrində çalışmaqdadırlar.
AAHM-da dərslər 2001-ci ildən etibarən NATO üzvü olan ölkələrin təlim və tədris proqramlarının tələblərinə cavab verən plan əsasında keçirilir. Ümumilikdə qeyd edək ki, 1997-ci ildən etibarən AAHM-də, 2000-ci ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. AAHM-də "Yeni tədris planı" hazırlanarkən dünyanın sivil ölkələrinin hərbi təhsil sahəsindəki zəngin təcrübəsinin milli dəyərlərlə vahid sintezi əsas götürülür.
Açıq rəqəmlərə görə, AAHM-də 25-ə yaxın ixtisas üzrə 17 kafedra fəaliyyət göstərir. Məktəbdə 1997-ci il iyulun 1-də "NATO-nun Sülh Naminə Tərəfdaşlıq" kafedrası yaradılıb. Nəzərə alınmalıdır ki, burada müdavimlər iki istiqamət üzrə: hərbi və mülki ixtisaslar alırlar. Onlar hərbi ixtisaslarla yanaşı hərbi texnika üzrə mühəndis-mexanik ixtisaslarına da yiyələnirlər. Tədris fənn kabinetlərində aparılır, bundan başqa tədris komplekslərində 5 kompüter, 6 dil üzrə linqvistika, 2 sürətli dilöyrətmə kabineti var. Bildirək ki, təhsil müddəti 5 il olaraq müəyyənləşdirilib.
Müdavimlər birinci 2 ili ümumi proqram əsasında dərs keçirlər. Onlar yalnız ixtisas dərslərinə ayrılırlar. Növbəti iki il müddətinə isə müdavimlər öz ixtisasları üzrə təhsil alırlar. Sonuncu 1 il ərzində dərslər MN Təlim və Tədris MMərkəzində keçirilir. Buradakı tədrisin 70 faizini təcrübi məşğələlər təşkil edir. Müdavimlər sonda püşk sisteminə uyğun olaraq bölünür və onlara təyinat verilir. Rəsmi açıqlamalara görə, AAHM-də mövcud ixtisaslar bakalavr dərəcəsi haqqında Azərbaycan Respublikasının təhsil standartlarına uyğundur. Son bilgilərə görə, Azərbaycanda hərbi təhsil "Təhsil haqqında" yeni qanuna 99 faiz uyğunlaşdırılıb və bu yöndə işlər davam edir.
Ali Hərbi Dənizçilik
Məktəbi (AHDM)
Bu məktəbin əsası 1939-cu ildə
qoyulub. Məktəb 1950-1990-cı illərdə 32 əcnəbi
ölkə üçün 6 mindən artıq təcrübəli
dənizçi zabit yetişdirib. Hazırda bu məktəbdə
5 hərbi və 1 mülki kafedrada 21 ixtisas üzrə zabit
kadrları hazırlığı həyata keçirilir.
1997-ci ildə Türkiyə ilə hərbi sahədə
imzalanmış sazişə uyğun olaraq tədris
planları NATO standartlarına uyğun səviyyədə
hazırlanıb təsdiq edildi, 1998-ci ildən etibarən
isə məktəbin kursantları yay təcrübələrini
Türkiyə Dəniz Qüvvələrinin gəmilərində
keçməyə başladılar. Kursantların hərbi gəmilərdə
Türkiyədən başlanan təcrübə yolu sonradan
Albaniya, İtaliya, İspaniya və Tunisə qədər davam
edir. AHDM-in NATO ölkələrinin hərbi dəniz qüvvələri,
həmçinin ABŞ Sahil Mühafizə Akademiyası ilə
əməkdaşlığı mövcuddur.
Qeyd
edək ki, Azərbaycanda zabitlərin təkmilləşdirmə
və ixtisasartırma kursları fəaliyyətdədir. Hər
hansı zabit yeni vəzifəyə təyin olunmazdan əvvəl
mütləq bu kurslardan keçməlidir. 5-6 il xidmət
etmiş, mayor rütbəsində olan və hərbi hissənin
komandiri və onun müavini və daha yuxarı vəzifələrdə
çalışan, yaxşı göstəriciləri olan
zabitlər Hərbi Akademiyaya müsabiqə yolu ilə qəbul
oluna bilərlər.
Silahlı
Qüvvələr Hərbi Akademiyası
1999-cu ilin 20 fevralında prezidentin fərmanı ilə akademik hərbi təhsil müəssisəsi yaradıldı. Xatırladaq ki, bundan öncə - 1997-ci ildə müdafiə nazirinin əmri ilə 4 aylıq akademik kurslar təşkil edilmişdi. Lakin proqram materiallarını 4 ay ərzində tam şəkildə öyrənmək mümkün olmadığından 1998-ci ilin fevralından etibarən kursların fəaliyyət müddətini 9 aya qədər uzatmaq qərara alındı. 1999-cu ildə isə prezident Heydər Əliyev Silahlı Qüvvələr Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı. Verilən məlumatlara görə, Hərbi Akademiyada məşğələlər NATO sistemi üzrə keçirilir və bu işdə Türkiyə ordusunun təcrübəsindən, aradakı hərbi-elmi əməkdaşlıq çərçivəsində Türkiyə Milli Güvənlik Akademiyasının, quru qoşunları üzrə müxtəlif akademiyaların iş prinsiplərindən istifadə edilir. Hərbi Akademiyada həm dinləyici kursantlar, həm də orduda istifadə etmək üçün dərs vəsaitləri və metodik tövsiyələr də hazırlanıb nəşr edilir. Akademiyanın 6 kafedrasında 9 ixtisas üzrə dərslər keçildiyi bildirilir. Qeyd edək ki, hazırda Hərbi Akademiyanın diplomlarının magistr səviyyəsinə uyğunlaşdırılması ilə bağlı işlər gedir və bu yöndə yaxın perspektivdə irəliləyiş olacağı gözlənir.
Azərbaycan Silahlı Qüvvələrində çavuş məktəbinin, kiçik zabitlər üçün ixtisas proqramlarının təkmilləşdirilməsi və SQ Hərbi Akademiyasının təhsil proqramına hərbi-strateji sənədlərin hazırlanması fənninin yeni modul kimi daxil edilməsi üzrə "NATO-nun Silahlı Qüvvələrdə Hərbi Təlim və Təhsil sahəsinin təkmilləşdirilməsi" proqramına qoşulmuşdur. Bununla əlaqədar olaraq bütün səviyyələrdə (müddətdən artıq xidmət edən çavuş heyəti də daxil olmaqla, taktiki, əməliyyat və strateji) Milli Hərbi Təlim və Təhsil sisteminin təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinin davam etdiyi bildirilir. SQ Hərbi Akademiyasında hər il 5 aylıq proqram üzrə Strateji tədqiqatlar və dövlət müdafiəsini idarəetmə akademik kursları keçirilir. Bu kurslarda digər nazirlik və qurumların yüksək vəzifəli nümayəndələri təhsil alırlar.
Rəsmi məlumatlara görə, Çavuş Hazırlığı Məktəbinin və poliqonun NATO standartlarına keçirilmə prosesi davam edir.
Komanda-qərargah və səhra təlimlərində əməliyyat planları, sənədlər, xəritələr, terminologiya NATO standartlarına uyğun tətbiq edilir. Hərbi Akademiyanın nəzdində Simulyasiya və Modelləşdirmə Mərkəzi yaradılıb və müasir kompüter avadanlığı ilə təchiz edilib. Bu mərkəzdə mütəmadi olaraq briqada səviyyəsinədək döyüş əməliyyatları üzrə treninqlər keçirilir.
Nəzərə alınmalıdır ki, hazırda SQ-nin kadrlara olan ehtiyacı böyük əksəriyyət hesabı ilə peşəkar hərbi təhsil müəssisələrinin hesabına ödənilir. Xatırladaq ki, 2000-ci ildə ölkənin mülki təhsil müəssisələrində hərbi kafedralar ləğv olunub. Rəsmi məlumatlara görə, indi 9 ay xidmət etmiş ali təhsilli əsgərlərin içərisindən öz xahişləri ilə ən bacarıqlıları seçilir, onlar 3 aylıq təlim və tədrisə cəlb olunur və bu kursları müvəffəqiyyətlə bitirənlər zabit kimi ehtiyata göndərilir. MN rəsmiləri bunun keyfiyyətcə əvvəlkindən çox üstün olduğu qənaətindədirlər.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən Gizirlər və Feldşerlər məktəblərinə hərbi xidmət keçmiş ehtiyatda olan çavuş və əsgərlər qəbul edilirlər.
Hərbi xidmət dövründə zabitlərin təkmilləşdirilməsinin nəzarətdə saxlanılması prosesi də mövcuddur. Belə ki, Azərbaycan Ordusunda hər il zabitlər arasında attestasiya aparılır.
Hərbi təhsil
sistemində mövcud irəliləyişlər
Rəsmi bilgilərə görə, Azərbaycanda hərbi təhsil sistemində NATO standartlarının tətbiqində bu kimi irəliləyişlər var:
- Hərbi
məktəblərin tədris sistemi NATO standartlarına
keçirilib;
-
Çavuş Hazırlığı Mərkəzinin və
poliqonun NATO standartlarına keçirilməsi prosesi davam edir;
-
Silahlı Qüvvələrdə komanda-qərargah və səhra
təlimləri NATO standartlarına uyğun keçirilir
(planlaşdırma, sənədləşmə, xəritələr,
terminologiya və s.);
-
Simulyasiya və Modelləşdirmə Mərkəzi
yaradılıb, avadanlıq quraşdırılıb, treninqlər
keçirilib;
- 2000-ci
ildə mülki hərbi təhsil müəssisələrində
hərbi kafedraların ləğvindən sonra ehtiyatda olan
zabit hazırlığı sistemi dəyişdirilib;
- Beynəlxalq
əməkdaşlıq istiqaməti güclənir və s.
Üzə çıxan problemlər
Hərbi təhsillə bağlı son illərin ən
hay-küylü neqativ hadisəsi 2002-ci ilin sonlarında
müdavimlərin kütləvi olaraq AAHM-i tərk etməsi
olub. O zaman
verilən məlumatlara görə, narazılığın səbəbi
tədris müəssisəsində nizam-intizam, təminatın
səviyyəsinin düşməsi idi. Məhz
bu hadisədən sonra Azərbaycanda hərbi təhsilin vəziyyəti,
müdavimlərin hazırlıq prosesi, ümumilikdə ordu
üçün ölkədə hərbi kadrların
hazırlıq məsələsi ön plana keçdi.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin
araşdırmalarına görə, Azərbaycanın hərbi
təhsil sistemində bir sıra problemlər diqqəti çəkir. Belə ki,
Silahlı Qüvvələrin quruculuq prioritetlərinin hələ
də tam dəqiqləşmədiyi kadr
hazırlığı prosesinə də mənfi baxımdan təsir
edir. Eyni zamanda, Azərbaycanda ali hərbi
təhsil müəssisələrinə qəbulla
bağlı problemlər hələ də qalır. Son ilin təcrübəsi
göstərir ki, savadlı abituriyentlərin böyük əksəriyyəti
hərbi təhsil müəssisələrinə qəbula
üstünlük vermirlər. Hər dəfə məktəbə
qəbulla bağlı müəyyən problemlər
yaranır. Bir neçə il öncə, TQDK hərbi ali məktəbələrə
təkrar müsabiqə elan etmişdi, çünki xeyli sayda
vakant yerlər birinci müsabiqədə tutulmamış
qalmışdı. Hərbi məktəblərə qəbul
zamanı balların çox aşağı səviyyədə
olması da diqqəti çəkir (əgər mülki ali tədris
müəssisələrinə qəbul balı miminum 250-də
dayanırsa, hərbi məktəblər üçün bu
göstərici çox hallarda 150-yə endirilir).
Əslində
keçid balı nisbətən az olan abituriyentlərin Ali Hərbi
Məktəblərə cəlb olunması yolverilməz hesab
edilir. Araşdırmalar göstərir ki, NATO standartlarına
keçid dövrünü yaşayan Azərbaycan Silahlı
Qüvvələrinə "az savadlı" şəxslərin
cəlb olunması ordu quruculuğuna ciddi zərbə vura bilər.
Ekspertlərin
fikrincə, Azərbaycanda hərbi təhsil sistemində tərcümə
ədəbiyyatının tətbiqi hələ də
geniş vüsət alıb. Hərbi təhsil qanunvericiliyinin
təkmilləşdirilməsində müəyyən problemlər
nəzərə çarpır. "Hərbi dərsliklərin
hazırlanmasında problemlər var, yerli "beyin"lərdən
istifadə səviyyəsi hələ ki
aşağıdır", - deyə HATM ekspertləri bildirir.
"Doktrina"
Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin
ekspertləri hesab edirlər ki, hərbi qanunvericilikdə
müəyyən dəyişikliklərə baxmayaraq,
kadrların karyera imkanları, rotasiyalar, sosial təminat sistemi
NATO standartlarına uyğun deyil. Eyni zamanda, ali hərbi təhsil
müəssisələri pedaqoqlarının hazırlıq
sistemi hələ tam işlənməyib. "3 aylıq təkmilləşmə
kursları problemin həllinə ciddi fayda verə bilmir. Müəllimlərin,
pedaqoqların səviyyəsi hələ də mübahisə
obyekti olaraq qalır. Nəzərə alınmalıdır ki,
hərbi hissələrin komandirlərinin müəyyən səbəblərdən
hərbi tədris müəssisələrində müəllim
kimi təyin olunma təcrübəsinə tez-tez rast gəlinir.
Müşahidələr göstərir ki, bu məsələ
sovet dövründən Azərbaycana miras qalıb. O zaman
inkişaf perspektivi olmayan zabitləri hərbi məktəblərə
müəllim təyin edirdilər", - deyə hərbi
ekspertlər bildirir.
Araşdırmalara
görə, ali hərbi tədris müəssisələrində
müdavimlərin sosial-maddi təminatı istiqamətində
son illər ciddi işlər görülsə də, bunlar qənaətbəxş
hesab edilmir. Eyni zamanda, hərbi təhsil sistemində
rüşvət hallarının olmasına dair məlumatlar
var, müdavimlərin ixtisaslar üzrə
paylaşdırılma prosesində müəyyən
qanunsuzluqların olduğu bildirilir.
"Müdafiə
Nazirliyinin Hərbi Elm Mərkəzinin fəaliyyəti qənaətbəxş
hesab edilmir. Onun fəaliyyətinin genişlənməsi və
təkmilləşdirilməsi zəruridir. Bu gün bu mərkəz
faktiki olaraq ölkədə hərbi təhsilin
inkişafına ciddi töhfə vermir", - deyə HATM
ekspertləri bildirirlər.
HATM
ekspertlərinə görə, araşdırmalar göstərir
ki, müxtəlif səbəblərdən bu gün milli
Silahlı Qüvvələrdə pedaqoji "hakimiyyət"
hələ də sovet hərbi standartlarının
daşıyıcısı olan zabitlərdədir. 2001-ci ildən
AAHM-in məzunu olan zabitlərin hərbi hissələrdə
xidməti Silahlı Qüvvələrin "düşünən"
beyinlərinin tam olaraq NATO standartlarına keçidini hələ
təmin edə bilməyib.
Təkliflər və görüləsi
işlər
Hansı
işlər görülməlidir? Müşahidələrə
istinadən HATM ekspertləri bu fikirdədir ki, hərbi təhsil
sistemində mövcud olan problemlərin yoluna qoyulması
üçün hökumət tərəfindən təcili
olaraq aşağıdakı addımlar atılmalıdır:
Birincisi,
Silahlı Qüvvələrin hərbi quruculuq prioritetləri
dəqiqləşməlidir. Bunun ardınca hökumət
ordunun zabit kadrları ilə təmin olunması ilə
bağlı təcili strategiya hazırlamalıdır. Əks
təqdirdə, Azərbaycan ali hərbi məktəblərinin
plan yerlərinin doldurulması ilə bağlı
yaranmış problem getdikcə dərinləşəcək.
Savadlı abituriyentləri hərbi təhsil müəssisələrində
təhsil almağa həvəsləndirmək
üçün təcili addımlar atılması vacibdir. Hərbi
təhsil müəssisələrində təminat səviyyəsi
yüksəldilməlidir. C.Naxçıvanski adına hərbi
liseyə qəbul qaydalarını təkmilləşdirmək
vacibdir. Orta məktəblərlə bu hərbi təhsil
ocağı arasında birbaşa əlaqələrin
yaradılması, orta məktəblərdə bilik cəhətdən
fərqlənən yuxarı sinif şagirdlərinin
C.Naxçıvanski adına hərbi liseyə güzəştlərlə
qəbulu zəruridir.
Müdavimlər
üçün güzəşt və imtiyaz sisteminin
yaradılması (şəhər nəqliyyatında pulsuz hərəkət,
kommunal xərclərdə güzəşt və s.) vacibdir.
Ümumilikdə isə Silahlı Qüvvələrdə xidmət
edən zabitlərin maddi təminatının (məvacib və
digər ödəmələr) və sosial şəraitinin
yaxşılaşdırılması qaçılmazdır.
Ordu leytenantının məvacibi ən azı 600 manata
qaldırılmalıdır (hazırda leytenantlar arxa cəbhədə
350-400 manat məvacib alırlar ki, bununla da normal yaşamaq
mümkün deyil), zabitlər üçün müxtəlif
güzəşt və imtiyazlar sisteminin yaradılması zəruridir.
Hərbi
xidmət zamanı zabitlərin karyera imkanlarının təmin
olunması, komandirlərin və digər zabitlərin tabeliklərində
olan zabitlərə qarşı ədalətsiz münasibətinə
son qoyulması vacibdir.
Mülki
təhsil müəssisələrində ordu üçün
ehtiyat kadrların hazırlanma prosesinin davam etdirilməsi
yaxşı olardı.
"Hesab
etmək olar ki, bu və digər çoxsaylı problemlər
həll edildikdən sonra Azərbaycanda hərbi təhsil sahəsində
mövcud olan problemlərin həlli, cəmiyyətin
savadlı qisminin ali hərbi məktəblərə cəlb
olunması, Azərbaycan ordusunun mükəmməl zabit
kadrları ilə təminatını
yaxşılaşdırmaq mümkündür", - deyə
ekspertlər bildirir..
C.Sümərinli
Ayna.- 2011.- 11 iyun.- S.9-10.