Avropaya bənzəmək lazımdırmı?

 

Müasir Azərbaycan ailəsinə baxış

 

Müsahibimiz, Dialoq Avrasiya platformasının Azərbaycan təmsilçisi Mustafa Saatçı ilə söhbətimiz müasir ailə anlayışını, eyni zamanda onun qorunub saxlanan ənənələrini və müasirimizin gələcəklə bağlı gözləntilərini əhatə edir.

- Bu yaxınlarda "Adət-ənənələrimiz və müasirlik baxımından bir dəyər olaraq ailə" mövzusunda konfrans vardı. Siz bu konfransın təşkilatçılarından biri olmusunuz. Bu konfransı keçirmək hansı zərurətdən yarandı?

- İlk olaraq onu söyləyim ki, bu gün bütün dünyada ailə ilə bağlı bir çox problemlər yaşanır. Konfrans zamanı həm bu problemlərə, həm də bir çox aktual məsələlərə toxunuldu. Qadına qarşı zorakılıqdan tutmuş boşanmalara qədər, ailədəki zorakılıqla əlaqədar dağılan və cəmiyyətin təməlini təşkil edən ailələrin dağılmasının topluma təsiri və insanlığın dəyişik bir nöqtəyə dönməsinə səbəb ola biləcək təhlükəli məqamlar müzakirə olundu. Bu proses dünyanın bir çox ölkələrində baş verir.

Dialoq Avrasiya platformasına üzv 15 ölkə var. Bu ölkələrin hər birində ailə ilə əlaqədar konfranslar keçirildi. İlk olaraq 2010-cu il noyabrın 29-da Antalyada 55 ölkədən 650 elm adamının iştirakı ilə geniş bir konfrans keçirdik. Azərbaycandan o konfransa 33 nəfər qatıldı. Qərara gəldik ki, bu mövzuda bir konfrans da Azərbaycanda keçirilsin. Bunun üçün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və DA platforması birgə çalışıb bu işi təşkil etdik.

Tarixdən bu günə adət-ənənələrdə ailə anlayışı, eyni zamanda sosial baxımdan ailə mövzusu iki əsas xətt idi. Məqsəd - ailə məfhumunun, müasir dövrdə ailənin daha da sağlamlaşdırılması, ondakı mövcud problemlərin həll yollarının dərindən müzakirə edilməsidir. Konfransda adət-ənənələrdən müasirliyə keçid dövründə dünya mədəniyyətlərində ailələrin qazandığı və itirdiyi müştərək dəyərlər müzakirə olundu. Tam bizim istədiyimiz kimi alınmasa da, bu, ilk addım idi. Gələcəkdə daha geniş toplantılar keçirmək niyyətimiz var. Ümumilikdə, hesab edirəm ki, konfrans yaxşı keçdi.

- Müasir ailə və adətlər: necə düşünürsüz - Azərbaycanda müasir ailə anlayışı varmı və adətlərə riayət olunurmu?

- Azərbaycanda müasir ailə anlayşı var. Amma daha çox adətlərə bağlı ailə modeli mövcuddur. Təbii ki, müasirliyi də qəbul etmək istəyi var. DA platformasının ilk sədri və Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın çox gözəl bir cümləsi var: əgər Sovet dönəmində Azərbaycan dilinə daxil olan sözlər dilimizin 10 faizini təşkil edirdisə, son 20 ildə Avropadan gəlmə sözlər dilimizin 15-20 faizini təşkil edir. Bu da qloballaşma ilə əlaqəlidir. Mən 1993-cü ildə Azərbaycana gəldim. Daha çox adət-ənənələrə bağlı bir Azərbaycan ailə modeli var ikən, Avropaya qapıların açılması nəticəsində müasir ailə quruluşuna doğru bir irəliləyiş var. Amma bu, köklü bağlılıqlardan qoparaq olmamalıdır. Böyüyə-kiçiyə hörmət itməməlidir. Milli-mənəvi dəyərlərə, adət-ənənələrə sahib olaraq modernləşmək lazımdır. Gələcəyi qurarkən keçmişi inkar etmək olmaz.

Azərbaycanda milliliyə, ənənələrə bağlı bir ailə modeli gündən-günə müasirləşən dünyanın təsiri altına düşmək təhlükəsiylə qarşılaşır. Xaricdən bu qədər insanın gəlməsi, televiziyalarda açıq-saçıqlıq, sərbəst informasiyanın olduğu bir şəraitdə bu təhlükələr artır. Bu məsələləri diqqət mərkəzində saxlamaq gərəkdir. Bu gün çox vacibdir ki, adət-ənənələrə bağlı müasir ailə modeli yaradaq. Bu iş üzərində mütəxəssislər işləməli və toplumu düzgün yönəltmək üçün çalışmalıdır. Konfrans üzrə digər ortaqlarımız da problemə məhz bu baxımdan yanaşırlar.

- Fikrinizcə, Azərbaycanda müasir ailəni tərənnüm edənlər daha çox hansı yaş qrupuna aiddir?

- Adət-ənənəyə uyğun ailələr 45-50 yaş arasında azərbaycanlı nəsil qrupuna aiddir. 20-30 yaş civarında olan ailələr artıq müasirliyə doğru gedən ailələrdir. Çünki Azərbaycan cəmi 20 ildir müstəqillik qazanıb. O gün doğulan uşaq bu gün 20 yaşındadır, 10 yaşında olan uşaq isə artıq 30 yaşındadır. Onlar artıq modern ailə tipinə daha yaxındır. Çünki onların tamam fərqli dünyagörüşü var. Özəlliklə də Bakıda belədir. Rayonlara getdiyiniz zaman isə yaşdan asılı olmayaraq adətlərə uyğun ailələr görərsiniz. Bu da ordakı yaşam tərzinə uyğundur. Ağsaqqallar, ağbirçəklər gənclərin düşüncə tərzinə çox güclü təsir göstərir. Əslində Türkiyədə elədir. Böyük şəhərlərdə kosmopolit quruluş olduğu üçün, sürətlə inkişaf getdiyi üçün adətlərə bağlılığı saxlamaq çox çətindir.

- Ailə ümumi anlamda kimin qarşısında məsuliyyət daşıyır?

- Ailə ilk olaraq evdə, ağsaqqalın, ağbirçəyin qarşısında məsuliyyət daşıyır. Ancaq əsas məsuliyyət cəmiyyət qarşısındadır. Çünki ailədaxili problem genişlənirsə, bu artıq yalnız bir evdə yaşayanlara aid deyil, həm cəmiyyətin, dövlətin problemi olur.

Bir ailədə dövlətə, millətə, adətlərə hörmət aşılanmalıdır. Ailə üzvləri ilə yanaşı, cəmiyyət qarşısındakı məsuliyyət dərk edilməlidir.

- Müasir ailə standartları ilə fərqlənir?

- Dünyada müasir ailə anlayışına görə bir evdə yaşayanların hər biri istədiyi kimi hərəkət edə bilir. Nə qadının kişiyə, nə də kişinin qadına məcbur etdiyi bir şey yoxdur. Hər biri istədiyi saatda gedib-gələ bilir. Onların anlayışına görə, azadlıq dedikləri məhz budur. Ancaq Azərbaycanda, eyni ilə Türkiyədə standartlar tamam fərqlidir. Əgər iki insan bir evi, bir həyatı paylaşırsa, deməli, bir-biri qarşısında məsuliyyət daşıyır. Hər iki tərəfin öz hüquq və vəzifələri var. Kiçiklər böyüklərin göstərişini yerinə yetirməli, hər hansı işdə məsləhətləşməli, icazə almalıdır.

Misal üçün, köhnə adətlərimizdən birini, görücü üsulu ilə evlənmək adətini yada salaq. Görücü sizin adınızdan gedir, birini bəyənir və siz də "Valideynlərim belə qərar verib" deyib, onunla evlənməyə razılıq verirsiz. Bizim müasir anlayışda isə hər kəs özü gələcək həyat yoldaşını seçir. Və ya valideyn seçdiyi adamı övladına bəyəndirdikdən sonra ailəsinə qəbul edir.

Müasirləşmə, inkişaf budur. Avropada isə 11 yaşından sonra uşaq özü öz iqtisadi azadlığını qazanmağa başlayır. 18 yaşından sonra isə tamamən ailədən qoparaq, öz həyatını özü qurmalı, özü özünü təmin etməlidir. Hətta valideynləri ilə bir evdə qalacaqsa, qaldığı otağın kirayə haqqını ödəməlidir. Heç bizdə belə bir vəziyyətlə qarşılaşdınızmı? Yox, çünki bizdə belə bir anlayış yoxdur. Bizdə hər şey tamamilə əksinədir. Ailə övladına ev də almalıdır, toy da etməlidir, bir çox ehtiyaclarını da ödəməlidir. Fərq çox böyükdür. Avropada övlad azadlıq istəyirsə, deməli, özünü dolandırmaq üçün bütün məsuliyyəti tamamilə öz üzərinə götürməli, öz ehtiyaclarını özü ödəməlidir. Müasir Avropa, dünya ailə standartı budur.

Azərbaycanda ön planda valideynə hörmət dayanır. Valideyn də öz növbəsində övladı hər zaman gözü qarşısında saxlamağa çalışır, lakin hüquqlarını və azadlıqlarını pozmamağa çalışır.

- Sizcə, Azərbaycan və ya Türkiyə toplumu müasir Avropa ailə standartını mənimsəməlidir, yoxsa buna gərək yoxdur?

- Gəlin müəyyənləşdirək: biz Avropaya çatmalıyıqmı? Həqiqətənmi onlar bizdən irəlidədir? Dərindən düşünsək, onlar bizdən örnək almalıdır. Çünki bizim ailə dəyərlərimiz həqiqətən də təqdirəlayiqdir.

Analiz etsək, görərik ki, onların gəncləri bütün günü küçələrdə. Valideynin idarə edə bilmədiyi övlad başqaları tərəfindən idarə oluna bilər. Valideyn övladını milli-mənəvi dəyərlərlə doyurmadıqca övlad o aclığı başqa, lazımsız işlərlə doyurur. Narkomaniya məsələsi qalxır, əxlaqsızlıq gündəmə gəlir. Maddi və mənəvi ölçü anlayışı var. Mənəvi ölçü baxımından ailə öz övladını doğru-düzgün istiqamətləndirməyi bacarmalıdır. Bu istiqamətləndirmə olmursa, boşluq yaranırsa, bu boşluq yalnız dəyərlərlə doldurulur. Bir çox Avropa ölkələrində, ABŞ-ın özündə belə gənclik çox çətin vəziyyətdədir. Özündən xəbərsiz, gələcəyə planları, idealları yoxdur. Düzgün yola yönəlmək üçün özünə bir psixoloq belə tapmaq istəmirlər. İstədiyi kimi hərəkət edirlər. Sadəcə, özü üçün yaşayan bir insan toplumu meydana gəlir. Fikrimcə, bu, müasirlik deyil. Bu baxımdan hesab edirəm ki, ailə anlayışını onlar bizdən almalıdır, biz onlardan yox.

- Din ailədaxili məsələlərə nə dərəcədə təsir göstərməlidir?

- Din, təbii ki, ailəyə təsir edir. Türk xalqı lap qədimdən tək Allaha inanıb. Azərbaycanda gözəl bir deyim var: "Vicdan da yaxşı şeydir". Bu vicdan dediyimiz insanın daxili avtokontrol mexanizmidir. Siz bu mexanizmi ilə doyurursuz? Təbii ki, milli-mənəvi dəyərlərlə. Bu məsələdə, təbii ki, din böyük rol oynayır. Allah qorxusu, Allahın rizasını qazanaraq, cənnətə düşmək istəyi, başqasının haqqını-hüququnu tapdamadan həyat yaşamaq - bunlar hamısı vicdana təsir edən, eyni zamanda bizi doğru-düzgün yola yönəldən bir mexanizmdir. Bu baxımdan, təbii ki, dinimiz bizim həyat tərzimizi tənzimləyir.

- Azərbaycanda, Türkiyədə bir ailə cəmiyyət qarşısında sosial məsuliyyət daşıyırmı?

- Təbii ki, daşıyır. Düşünün, 7 yaşına qədər olan bir uşaq evdə, sizin nəzarətiniz altındadır. 7 yaşdan sonra bu uşaq cəmiyyətə daxil olur. Övlad - ailəsini əks etdirən bir güzgüdür. Məhəllədə, kənddə övladın düzgün olmayan hərəkətinə görə qonşular sizə xəbərdarlıq edə bilər: "Belə olmaz! Uşağına fikir ver! Elədiyiniz düzgün deyil" s. Bu, o demək deyil ki, kimsə sizin ailə məsələlərinə müdaxilə edir. Əksinə, bu, o deməkdir ki, cəmiyyətin ailədən gözləntisi var. Ümumi qaydalar deyilən bir anlayış var. Bu, yazılmamış qanun olsa da, hər kəs bu qanunlara uyğun yaşamalı, hərəkət etməlidir. Təsəvvür edin ki, digər ölkədən gələn bir adam öz adətlərinə uyğun hərəkət edəndə ətrafdan dərhal reaksiya gəlir: "Bizim adətlərdə belə bir şey yoxdur".

Avropaya baxsaq, orada insanlar özlərini o qədər sərbəst aparırlar ki, məhrəm dairələrdə edilməli hərəkətləri küçələrdə edirlər. Bizdə isə bu mümkün deyil. Ən azı - qəbulolunmazdır.

Gözlərimlə gördüyüm bir vəziyyəti danışım. Fransaya getdiyimdə bir neçə gənc musiqi alətləri ilə metronun içərisində musiqi çalırdılar. Heç kim buna mənfi reaksiya vermirdi. Tam əksini isə Bakıda gördüm. Dənizkənarı parkda, insanların dincəlməyə gəldiyi vaxtda, bir qrup gənc gitarada çalır mahnı oxuyurdular. İnsanlar narazılıqlarını bildirməyə başladılar: "Küçədə musiqi çalmaq olar? Gedin bunu musiqi məktəbində edin. Biz bura dincəlməyə gəlmişik". Müqayisə etdiyimiz zaman anlayırıq ki, orda normal qəbul olunan burda mənfi reaksiya ilə qarşılanır. Hər cəmiyyətdə məqbul davranış normaları var. Hər bir vətəndaş da bu normalara riayət etməlidir.

- Etik normaların qorunmasında ailənin vəzifələrini necə görürsünüz?

- Azərbaycanda bu normalara riayət çox yüksək səviyyədə aşılanır. Böyüyə qarşı hörmət bizə uşaqlıqdan öyrədilir. İctimai nəqliyyata yaşlı adam minirsə, gənc dərhal ayağa qalxaraq, yer verir. Hətta özü zəif ya xəstə olsa belə, ona uşaqlıqdan öyrədilmiş qaydalara riayət edir. Avropada isə tamam fərqli münasibət var. Yaşlı minirsə, cavan oturursa, o heç vaxt qalxıb, yaşlıya yer verməz. "Mən birinci minmişəm, oturmuşam, deməli, yer mənimdir".

Ancaq qeyd edim ki, gənclərimizdən hörmət görmək üçün yaşlılar da özlərini nümunəvi aparmalıdır. Çünki insan psixoloji bir varlıqdır. Ona necə münasibət göstərsən, o da sənə qarşı eyni ilə davranacaq.

- Bəs, köhnə tipli ailələrin müasir ailələrə təsiri necə görülür?

- Təsir etməyə çalışan hətta təsir edənlər var. Yaşlılar fikir paylaşanda "Bizim vaxtımızda..." sözləri ilə başlayır öz dövrləri ilə müqayisə edirlər. Amma hərdən onlar vəziyyəti öz şəxsi fikirlərinə uyğun dəyərləndirməyə başlayırlar. Bu da bir təsir vasitəsidir. Sadəcə, nəzərə almaq lazımdır ki, onlar da bunu pis mənada demirlər. Daha yaxşı olmaq üçün irad bildirirlər. Lakin, fikrimcə, böyüklər son 20 ildə baş vermiş dəyişikliyi nəzərə almalıdır..

 

 

Ü.Axundova 

 

Ayna.- 2011.- 11 iyun.- S.6.