Bir heykəltəraşın başına açılan oyun

 

Yaxud Nizami Gəncəvinin kədərli epopeyası

 

Biz bu heykəlin bədii dəyəri barədə bir söz deyə bilmərik. Bu - sənətşünasların işidir. Amma bu heykəlin müəllifinə - heykəltəraşa və dünya şöhrətli şairə hörmətsizliyi görürük. Belə bir hala dünyanın hansısa ölkəsində rast gəlmək ağlasığmazdır. Azərbaycanda isə baş verib. Özübu hörmətsizliyin 22 illik tarixçəsi var və hələ də bu utancverici işə nöqtə qoyulmayıb. İndi heykəltəraş Cümşüd İbrahimli ölkə prezidentindən, Prezident Administrasiyası rəhbərindən, baş prokurordan, ədliyyə nazirindən, parlamentin spikerindən tutmuş qəzet redaktorlarına qədər bir məktub ünvanlayıb və başına gətirilən bu dramatik işi təsvir edib.

Bu adam peşəkar heykəltəraşdır. Tbilisi Rəssamlıq Akademiyası monumental heykəltəraşlıq fakültəsini bitirib. Emalatxanası var, çoxlu işləri var. Bu sənətə ömrünü həsr edib indi yaşı yetmişi aşıb. Ona inanmamağa haqqımız yoxdur. İndiyə qədər bu "heykəl epopeyası" ilə bağlı bütün sənədləri, qəbzləri qoruyub saxlayıb. Bəlli olur ki, 22 il öncə incəsənət təmayüllü "Yaşma" "Tişə" kooperativləri ilə müvafiq müqavilələr bağlanıb, smeta tutulub, avans alınıb, rayon rəhbərliyinin təşəbbüsü və qayğısı ilə rayon ərazisində olan Q.Musabəyov adına maşınqayırma zavodunda heykəlin hazırlanması üçün sexlərin birində yer ayrılıb heykəltəraşın briqadası heykəlin böyüdülməsinə başlayıb. İşlər yaxşı getsə də, 1990-cı ilin Yanvar hadisələri araya düşüb. Sonra qaçqınlar, köçgünlər problemi, ölkənin iflic vəziyyətinə salınması işləri ləngidib...

Amma bu işə pullar ayrılıb, xərclənib, işlər gedib.

Çətinliklərə baxmayaraq, "Tişə" Nizami Gəncəvinin 8 metrlik heykəlini 1991-ci ilin aprelində vaxtından əvvəl hazırlayıb və Azərbaycan Bədii Fondunun ekspert komissiyasına təqdim edib, onlardan xeyir-dua alıb. Gipsdən hazırlanmış heykəli indi bürüncdən hazırlamaqucaltmaq lazım gəlirdi.

Bunun üçün müvafiq smeta-müqavilə imzalanmalı, pulun 50 faizi hesaba köçürülməli idi ki, onlar heykəli bürüncdən tökmə işlərinə başlaya biləydilər. İbrahimli heykəli tuncdan tökdürmək üçün Bədii Fonda daşımaq məqsədilə 5 hissəyə böldürür. Lakin aktlar imzalanmır, pullar köçürülmür... Nizami rayon rəhbərliyi hər dəfə: "Bir az dözün, qaçqınları, köçkünləri yerbəyer edək, sonra heykəl məsələsini həll edərik", - deyə cavab verirmişlər.

Sonra atəşkəs olur, illər keçir, məsələyə baxan olmur. Müəllif məcburiyyət qarşısında 1998-ci ildə Arbitraj Məhkəməsinə müraciət etməli olur. Cümşüd İbrahimli deyir: "Ədalətsiz qərar çıxardılar. Bu məni sarsıtdı və məhkəməyə inamım öldü. Mən Konstitusiya Məhkəməsinədək getdimsə də, bir nəticə hasil olmadı".

 

Nizaminin izini-tozunu itiriblər...

 

Keçən il isə həmin maşınqayırma zavodu başqa yerə köçürülüb. Şairin heykəlinin təhlükə altında olduğu barədə hay-küy salsa da, ona, onun sənətinə, Nizami Gəncəviyə məhəl qoyan olmayıb. Prokuror deyib ki, "zavod ASC-dir, onun öz daxili intizamı, qaydaları var, biz onlara təsir edə bilmərik". Bürüncdən tökülmək üçün beş hissəyə bölünmüş heykəlin izi-tozu yoxa çıxıb...

İbrahimli deyir ki, 1991-ci ildə İranın vitse-prezidenti Acayi Səlimxarici işlər nazirinin müavini Mahmud Vaizi Bakıda olarkən görkəmli nizamişünas alim - mərhum professor Rüstəm Əliyevlə gəlib emalatxanada şairin 8 metrlik heykəlinə tamaşa ediblər və bəyəniblər. Qonaqlar heykəlin İrana satılmasını və paytaxt Tehranda ucaldılmasını təklif ediblərsə də, heykəltəraş razı olmayıb. "Çünki Bakıda ucaldılan ilk əsərim olacaqdı, hərçənd BAM-da Nizami qəhrəmanlarından Fərhadın 6 metrlik bürünc abidəsini Ulkan şəhərində mərhum memar Mikayıl Hüseynovla birgə yaratmışdım", - deyə bildirir.

Bundan xəbər tutan o vaxtkı dövlət rəsmiləri - mer Rüfət Ağayev, MK-nın ideoloji katibi Fazil Muradəliyev, rayonun rəhbəri R.Sultanov zavoda gəlirlər heykələ baxıb məmnun qalır, heyrətlərini gizlətmirlər. Onu məzəmmət edirlər ki, niyə İran rəhbərinin heykəli almaq təklifinə razılaşmayıb. "Valyuta, dollar bilirsiniz nədir? Gəl, heykəli İrana sataq, Nizami rayonu üçün yeni dövlət sifarişi açarıq, onu da işləyərsən" - deyirlər. Müəllif razı olmur: "Nizami Azərbaycan şairidir, heykəlin sifarişionunkudur". Söhbətdən bir şey hasil olmadıqda deyirlər: "Belə möhtəşəm heykəl-obrazın qarşısındakı parkda şairin əsərlərinin personajlarını yaratmaqla açıq səma altında muzey çox gözəl olardı" təkliflərini verirlər.

Heykəltəraş sifarişsiz-zadsız böyük bir həvəslə girişir layihə-eskiz işlərinə. Bir km-lik sahəni 5 terrasa bölməklə "Xəmsə"nin 5 ədəd çoxfiqurlu heykəl-kompozisiyasını yaradır və akademik M.Hüseynova göstərir. İş memarın çox xoşuna gəlir. Maket Nizami RİK sədr müavini R. Bayramovun kabinetini bəzəyirmiş, komitə yeni binaya köçərkən həmin lahiyə-maket yoxa çıxır...

Bu hekayətin ən "maraqlı" yerini heykəltəraş özü danışır:

- Bu əslində cinayət tərkibli informasiyadır: heykəlin fiziki məhvi və heykəlin ucaldılacaq yeri - indiki "Xalqlar Dostluğu" ticarət yarmarkasının yeri ticarət obyektinə satılıb. Buna nə ad vermək olar?

Neçə illərdir heykəltəraş məhkəmələrə düşüb. Onun zəhmətinin məhsulu olan bu heykəlin məhvinin səbəbkarlarının məsuliyyətə cəlb olunmasını, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmələrsə... Son olaraq Apellyasiya Məhkəməsi onu razı salmayan qərar çıxarıb.

"Əlqərəz, indiyədək nə mən müəllif qonorarımın qalan hissəsini, nə də texniki işçilər əməkhaqlarını ala bilmişik. "Tişə" isə o vaxtdan hesabını dondurub, fəaliyyət göstərmir. Məni ruhdan saldılar və gözəl perspektivimi məhv etdilər" - deyir heykəltəraş Cümşüd İbrahimli. Və bütün bu haqsızlıqlara son qoymaq ümidi ilə yuxarıda sadaladığımız instansiyalara müraciət edib.

 

 

İ.Umudlu      

  

Ayna.- 2011.- 18 iyun.- S.20.