Ağaəli İbrahimov: Həmişə istəmişəm həqiqəti duyum"

 

Rəssam ilk sərgisindən danışdı

 

Rəssamlar İttifaqının katibi, xalq rəssamı, əməkdar incəsənət xadimi Ağaəli İbrahimovun adı ictimaiyyətə və mətbuata yad deyil. Amma rəssamın uzun illər boyunca bir sərgisi keçirilib... Çox az sayda sərgilərə qatılıb. Rəssam özü deyir ki, 1986-cı ildən Rəssamlar İttifaqının sərgilərində iştirak etmir:

- Özüm haqqında az danışıb, ekranda az görünmüşəm. Hər insanın öz taleyi, həyata öz baxışı var. 1986-cı ilə kimi sərgilərdə iştirak edirdim, ancaq sonra baş verən hadisələr məni sənətdən kənarlaşmağa vadar etdi. Çox ağır günlər keçirdim. Ancaq özümə qapılmaq o demək deyildi ki, heç bir şey etmirdim. Bizim ailəmiz sənətlə bağlı olan insanlardır. Yoldaşım tanınmış rəssam, qızım həm rəssam, həm musiqiçi, həm də Səməd Vurğun adına Rus Dram Teatrının aktrisasıdır.

- İlk sərginiz niyə məhz yaradıcılığınızın 45 illiyində keçirildi?

- Bu sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil edilib. Mənə qalsaydı, bu da olmazdı. Sərgi maraqlı keçdi. Çox sevindim ki, burada cavanlar çoxluq təşkil edirdi. Onu da səmimi deyim ki, sərginin belə yüksək səviyyədə keçməyini gözləmirdim. Hər zaman çalışmışam ki, əsərlərimdə səmimi olum. Hər bir əsərimdə qəlbimin və ruhumun bir parçası var. Heç vaxt fərdi sərgimi təşkil etməmişdim. Buna baxmayaraq, bir çox xarici sərgilərə əsərlərimi göndərmişəm.

- Rəsmlərinizdə dini mövzular üstündür...

- Bütün dünya və insan Allahın adı ilə qurulub. Müəyyən dəyərlər var ki, onlar ömür boyu yaşayır. Əsərlərimdə şeytan, insan və digər varlıqlar əks olunub.

- Rəssamlar kifayət qədər diqqət və qayğı görürlərmi?

- Bu sahəyə diqqət az olsaydı, son illərdə Azərbaycanda bu qədər qalereyalar açılmazdı. Elə gün olur ki, bir neçə sərgi açılır.

- Xalq rəssamı necə yaşayır?

- İnsan yaranan birinci gündən problemi olur. Həyatda heç bir şey asanlıqla başa gəlmir.

- Əsərlərinizin tənqidçisi varmı?

- Elə rəssamlar var ki, istəyirlər ancaq tərif eşitsinlər. Ancaq mən tamam başqayam. Hər zaman istəmişəm ki, həqiqəti duyum. Təriflə yanaşı, əsərdəki qüsurları da kimsə görüb sənə deyəndə onu səmimi qəbul etmək lazımdır. Hər hansı bir əsəri çəkəndə qarşına məqsəd qoymursan ki, kiminsə mütləq xoşuna gəlsin. Düşünürəm ki, müəllifi onun əsəri və həyat tərzi ilə tanıyırlar. Əsərlərimdə əsasən həqiqətlə həyatı dərk eləmək var. Mənim üçün ən vacib mövzular odur ki, həqiqəti hiss edəsən. Hər əsərdə ruh olmalıdır. Nəyəsə fəlsəfi yanaşma daha düzgün olardı.

 

 

XATUN

 

Ayna.- 2011.- 18 iyun.- S.20.