Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)

 

 (Əvvəli 11 iyun sayımızda)

 

Reykyavik görüşündən sonra Sov.İKP MK Siyasi Bürosunun 13 noyabr iclasında Əfqanıstanda qarşıda həyata keçiriləcək tədbirlər müzakirə edildi. M.Qorbaçov Siyasi Büro üzvlərinə M.Nəcibullanın milli barışıq, siyasi və ölkə rəhbərliyi ilə kəndlilər arasında birlik istəklərini çatdırdı. Bildirdi ki, SSRİ Əfqanıstanda altı ildir döyüşür, yanaşma dəyişməsə, Sovet İttifaqı hələ 20-30 il də döyüşməli olacaqdır. M.Qorbaçov sovet hərbçilərinin Əfqanıstan müharibəsini pis bildiklərini, məsələni həll etmək üçün açar tapa bilmədiklərini etiraf etdi, qoşunların çıxarılma prosesini tezliklə başa çatdırmağın zəruriliyini vurğuladı.

A.Qromıko Əfqanıstanın İran və Pakistan ilə sərhədlərini bağlamağı təklif etdi. Lakin mürəkkəb relyef ucbatından sovet qoşunları həmin vəzifəni yerinə yetirə bilmirdilər. O, müharibənin tezliklə başa çatdırılması təklifini müdafiə etdi. A.Qromıkonun çıxışına müdaxilə edən M.Qorbaçov müharibəni bir, ən çoxu iki ilə qurtarmağın vacibliyini söylədi. A.Qromıkonun fikrincə, Əfqanıstanın sosial vəziyyəti müharibəni qələbə ilə başa çatdırmağa imkan verməmiş, SSRİ bu ölkədə daxildən yardım ala bilməmişdi. Onun baxışına görə, B.Karməl əfqan xalqı üçün bir rəmzə çevrildiyi üçün ondan imtina etmək deyil, əksinə, əlaqələr saxlamaq lazım idi. A.Qromıko amerikalıların Əfqanıstan məsələsinin həllində maraqlı olmadıqlarını və müharibənin davam etdirilməsini istədiklərini qeyd etdi. Daha sonra Hindistanın məsələyə necə yanaşacağını sual edərək "bizim xalqımız bu həll ilə azad nəfəs alacaq" - dedi. Onun fikrincə, əsas məsələ müharibəni dayandırmaq, sovet qoşunları çıxarıldıqdan sonra isə Əfqanıstanın bitərəf dövlət olması və düşmən tərəfə keçməməsi idi.

SSRİ DTK sədri Viktor Çebrikov isə sovet qoşunlarının Əfqanıstana daxil olmasından sonra sərhədləri bağlaya bilmədiyini və xalqın sovetləri müdafiə etmədiyini açıq şəkildə bildirərək əlavə etdi: "Nəcibi Moskvaya çağırıb açıq danışmaq lazımdır".

E.Şevardnadze çıxışında ordunun çıxarılmasının dəqiq vaxtını göstərməyin vacibliyini bildirdi. Eyni zamanda qeyd etdi ki, ordu olmadan Sovet İttifaqı Əfqanıstanda işləyə bilməz. O da Əfqanıstanın müstəqil olmasının, bir dövlət olaraq qərarları müstəqil qəbul etməsinin tərəfdarı idi.

İclasda çıxış edən Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Dobrınin M.Nəcibullaya sərbəstlik verməyin lazım olduğunu dedi.

Onun fikrincə, M.Nəcibulla iki məsələdə - milli birliyin təmin edilməsində və Əfqanıstan ətrafında məsələnin siyasi həllində sərbəst olmalı idi. A.Qromıkodan fərqli olaraq A.Dobrınin B.Karməldən imtinaya tərəfdar çıxırdı. O, milli birlik məsələsində Əfqanıstan Xalq Demokrat Partiyası Mərkəzi Komitəsində heç kimin M.Nəcibullanı müdafiə etmədiyini də diqqətə çatdırdı. M.Nəcibullanı Moskvaya çağırmağı və açıq danışmağı təklif etdi.

Çıxış edən SSRİ müdafiə nazirinin müavini Sergey Axromeyev Əfqanıstanın hər qarış torpağında sovet əsgərinin olduğunu, ancaq Sovet İttifaqının bu ölkədə heç bir hərbi problemi həll edə bilmədiyini etiraf etdi. Onun çıxışından məlum olurdu ki, Əfqanıstanda mərkəzdə hakimiyyət olsa da, yerlərdə mövcud deyildi. S.Axromeyev birmənalı olaraq dedi: "Biz əfqan xalqı uğrunda mübarizəni uduzmuşuq. Xalq hakimiyyəti müdafiə etmir. 50 min sovet əsgəri sərhədi qorusa da, vəzifəsini yerinə yetirə bilmir". O da sərhədləri qorumağın mürəkkəbliyini vurğulayaraq vəziyyətdən çıxmağı və Pakistan ilə əlaqə saxlamağı təklif etdi.

SSRİ xarici işlər nazirinin müavini Yuri Vorontsov çıxışında Əfqanıstan əhalisinin 80%-nin kəndli olduğunu, ölkənin 18 milyon nəfər əhalisinin yalnız 5 milyon nəfərinin hakimiyyətin nəzarəti altında olduğunu söyləyərək orduların çıxarılması təklifini müdafiə etdi.

Müzakirələrə yekun vuran M.Qorbaçov 1987-ci ildə sovet qoşunlarının 50%-nin, 1988-ci ildə isə qalan 50%-nin çıxarılmasının, Pakistan və ABŞ ilə danışıqlar aparılmasının, M.Nəcibullanın Moskvaya çağırılmasının, onunla açıq danışılmasının və problemləri özünün həll etməsinin vacibliyini söylədi.

Heç şübhəsiz, sovet rəhbərliyinin belə bir qərar qəbul etməsi səbəbsiz deyildi. Əfqanıstana müdaxilə nəticəsində SSRİ beynəlxalq nüfuzunu itirmiş, ona qarşı edilən tənqidlər çoxalmış, təzyiqlərə məruz qalmışdı. Külli miqdarda vəsaitin hərbi əməliyyatların aparılmasına sərf edilməsi ölkə daxilində sosial-iqtisadi vəziyyəti ağırlaşdırırdı. Əhalinin vəziyyəti pisləşirdi. Xalq sonu görünməyən müharibənin davam etdirilməsindən, yad bir ölkədə hansı məqsədlər üçün hərbi əməliyyatlar apardığını bilməyən, döyüşlərdə həlak olan əsgər meyitlərinin gətirilməsindən hiddətlənirdi.

Bu zaman SSRİ - ABŞ münasibətlərində digər məsələlərdə də irəliləyişə nail olundu. Belə ki, Avropada adi silahların və silahlı qüvvələrin ixtisarına dair Vyana danışıqları davam etdirildi. Müzakirələr nəticəsində tərəflər problemə dair bütün məsələlər barədə razılığa gəldilər. Bunun üçün bütün Avropa dövlətləri rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli müşavirə keçirilməsi barədə razılıq əldə edildi. Yaxın və orta mənzilli raketlərin ləğvi məsələsində də irəliləyişə nail olundu. 1987-ci ilin aprelində ABŞ dövlət katibi Corc Şultsun Moskva səfəri zamanı sovet tərəfi Avropada orta mənzilli SSRİ və ABŞ raketlərinin, Çexoslovakiya və ADR-dəki operativ-taktiki raketlərin ləğvi təklifini və ya "ikili sıfır" variantını da irəli sürdü. Bütün məsələlərin müzakirəsi üçün geniş tərkibli danışıqlar keçirməyi təklif etdi. Nəticədə 1987-ci ilin dekabrında Vaşinqtonda M.Qorbaçov ilə R.Reyqan arasındakı görüşdə yaxın və orta mənzilli raketlərin ləğvinə dair müqavilə imzalandı. Nüvə silahları sınaqlarının dayandırılmasına dair danışıqlara başlamaq haqda razılıq əldə edildi. Kimyəvi silahın ləğvi sahəsində də danışıqlar davam etdirildi.

Nəhayət, SSRİ və ABŞ rəhbərləri Əfqanıstandan sovet qoşunlarının çıxarılması barədə də ümumi dil tapdılar. 1988-ci ilin aprelində Cenevrədə Əfqanıstandan sovet qoşunlarının çıxarılmasına dair saziş imzalandı. Sazişə görə, qoşunların çıxarılması 1989-cu il fevralın 15-dək başa çatdırılmalı idi. Qeyd etmək lazımdır ki, qoşunların çıxarılma prosesi problemsiz də deyildi.

Sovet rəhbərliyi Cenevrə sazişinin əksinə olaraq hər hansı bir yolla Əfqanıstanda mövcudluğunu saxlamağa çalışırdı. Belə bir mövqe E.Şevardnadze, V.Çebrikov, A.Yakovlev, D.Yazov, V.Muraxovski və V.Kryuçkovun 1989-cu il yanvarın 23-də Sov.İKP MK-ya yazdıqları tam məxfi qeydlərində əksini tapmışdı. Qeydlərdə Əfqanıstanda yaranmış vəziyyət təhlil edilir və sovet siyasətinin yürüdülməsi üçün təkliflər verilirdi. Burada sovet ordusunun Əfqanıstandan çıxması ilə hökumət və müxalifət qüvvələri arasında döyüşlərin başladığı, hökumətin yalnız sovet aviasiyasının köməyi ilə mövqelərini qoruya bildiyi vurğulanırdı. Sovet aviasiyası "düşmən"lərin olması adı altında kəndləri dinc əhalinin yaşamasına baxmayaraq, başdan-başa bombardman etməklə əfqan hökumətini hakimiyyətdə saxlayırdı. Qeydlərdə Əfqanıstanın ağır vəziyyətə düşdüyü, sovet yardımları olmadan keçinə bilməyəcəyi və Pakistanın Cenevrə sazişinin əksinə olaraq Əfqanıstanın daxili işlərinə qarışdığı göstərilirdi.

Tədbirlər planında qoşunların çıxarılması məsələsinə dair beş variant təklif edilirdi: Birincisi, yaranmış ağır vəziyyətdən çıxış edərək Hayrotan - Kabul yolu ilə bir diviziya (12 min nəfər) çıxarılsın. Lakin bu, BMT Təhlükəsizlik Şurasında müzakirələrə gətirərdi. İkincisi, Kabulda aclığın olduğunu əsas gətirərək BMT-ni yardıma çağırmaq olardı. BMT qüvvələri gələnədək sovet ordu hissələri humanitar məqsədlər üçün Əfqanıstanda qala bilərdi. Üçüncüsü, qoşunlar fevralın 15-dək çıxarılmalı idi. Dördüncüsü, qoşunları qismən çıxarmaq olardı. Beşincisi, qoşunlar tam çıxarılır, lakin SSRİ Əfqanıstana yardım edirdi.

Həmin qeydlər Sov.İKP MK Siyasi Bürosunun 1989-cu il 24 yanvar iclasında müzakirə edildi. Ordunun çıxarılması barədə qərar qəbul olundu. Qərarda sovet təyyarəçilərinin Əfqanstanda könüllü qalması məsələsinin öyrənilməsi, nəqliyyatın və təyyarələrin Əfqanıstana icarəyə verilə bilməsi, iqtisadi yardım edilməsi tövsiyə olunurdu.

Sovet ordu hissələri müəyyən edilmiş vaxtda Əfqanıstandan çıxarıldı. Qoşunların çıxarılması tarixi əhəmiyyət daşıyırdı.

Sovet siyasətinin iflasını göstərən bu hadisə soyuq müharibənin sonunun başlanğıcı idi. Ordu hissələrinin çıxarılması beynəlxalq münasibətlərdə yeni şəraitin yaranmasından xəbər verirdi. Sovet ordu hissələri Əfqanıstandan çıxarılsa da, ölkə bədbəxt vəziyyətə düşdü. Sovet müdaxiləsi ölkəyə görünməmiş fəlakətlər gətirmişdi. İqtisadiyyat dağılmış, əfqan cəmiyyəti parçalanmışdı. Ölkəni uzun illər davam edən qanlı vətəndaş müharibəsi bürümüşdü. Hakimiyyət uğrunda silahlı mübarizə on minlərlə insanın ölümünə və vətəndən didərgin düşməsinə səbəb olmuşdu. Yüz minlərlə əfqan qaçqına çevrilmişdi.

Sovet qoşunlarının çıxarılması ABŞ ilə ikitərəfli münasibətlərin inkişafına ciddi təsir etdi. Belə ki, 1989-cu il dekabrın 2-3-də Maltada "Maksim Qorki" gəmisində R.Reyqan ilə M.Qorbaçov görüşündə imzalanan sazişdə artıq ABŞ və SSRİ-nin bir-birini antaqonist dövlətlər hesab etmədikləri, aralarında düşmənçilik dövrünün başa çatdığı yazılırdı. Həmin görüş dünyada soyuq müharibənin başa çatmasında mühüm bir addım idi. Malta danışıqlarında çoxlu fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, M.Qorbaçov və R.Reyqan iki ölkə arasında dialoqu davam etdirmək barədə razılaşdılar.

Lakin az sonra qarşılıqlı münasibətlərdə durğunluq yarandı. Bu da ABŞ-da prezident seçkiləri ilə bağlı idi. Seçkilərdən sonra SSRİ - ABŞ münasibətləri ziddiyyətli şəraitdə davam etdirildi. Bunun da əsas səbəbi 1989-cu ildə Corc Buşun ABŞ prezidenti seçildikdən sonra SSRİ-ABŞ münasibətlərində fasilə götürməsi ilə bağlı idi. Həmin müddət ərzində Corc Buş, dövlət katibi Ceyms Beyker və milli təhlükəsizlik məsələləri üzrə müşavir B.Skoufroft "çəkindirmədən sonra" adlı strategiya işləyib hazırladılar. Strategiyanın məqsədi SSRİ ilə yaxşı və daha sabit münasibətlər qurmaq idi.

Bu zaman SSRİ daxilində gedən mürəkkəb ictimai-siyasi və iqtisadi proseslər səbəbindən də ölkə rəhbərliyi ABŞ ilə münasibətlərin davam etdirilməsində maraqlı idi. Belə ki, ölkədə separatçılıq, mərkəzdənqaçma meyilləri güclənir, milli ziddiyyətlər kəskinləşir və hakimiyyət əleyhinə fəaliyyətlər artırdı. Ona görə də sovet rəhbərliyi xarici köməyə ehtiyac duyurdu. Bu baxımdan SSRİ xarici işlər naziri E.Şevardnadzenin ABŞ-a növbəti səfərinə xüsusi əhəmiyyət verilirdi. 1990-cı il aprelin 4-6-da E.Şevardnadzenin ABŞ-a səfərində əsas məqsəd də məhz SSRİ prezidenti M.Qorbaçovun iyun ayında ABŞ-a nəzərdə tutulan səfərini tezləşdirmək, tərksilah sahəsində mövqeləri yaxınlaşdırmaq, Avropada və dünyada vəziyyəti sabit inkişafa yönəltmək, SSRİ - ABŞ əməkdaşlığını möhkəmləndirmək idi.

Martın 31-də Lev Zaykov, V.Kryuçkov, Eduard Şevardnadze, Aleksandr Yakovlev, Dmitri Yazov, Oleq Baklanov, İqor Belousov həmin səfər barədə direktiv göstərişlərini Sov.İKP MK-ya yazdılar. Direktivlərdə göstərilirdi ki, ABŞ tərəfi ilə danışıqlar zamanı SSRİ-nin daxili vəziyyəti barədə açıq söhbət etmək, Baltikyanı respublikalarda baş verənləri söyləmək lazımdır. Elə etmək lazımdır ki, Vaşinqtonun sovet respublikalarında separatçı əhval-ruhiyyəni müdafiə etmək imkanları olmasın. Direktivlərdə strateji hücum silahları ilə raketdənmüdafiə sistemlərinin bir-biri ilə əlaqəli olduğu göstərilirdi. Adi silahlara dair təkliflərdə hər iki blokun Avropada silahlı qüvvələrini 700-750 min nəfər azaltması və kimyəvi silahın ləğvi tövsiyə olunurdu. Dənizlərdə sabitliyin qorunmasının vacibliyi vurğulanırdı.

 Regional məsələlərə münasibətdə Almaniyanın birləşdirilməsində dörd dövlətin birgə hərəkət etməsi və başqa qüvvələrin ondan sui-istifadə etməsinə yol verilməməsi təklif edilirdi. SSRİ-yə sərmayələr qoymaq üçün sənədlərin hazırlanmasına dair təkliflər verilməsi tövsiyə olunurdu.

Təqdim olunan həmin direktivlər Sov.İKP MK Siyasi Bürosunun 2 aprel iclasında geniş müzakirə edilərək bəyənildi. Onların əsasında SSRİ xarici işlər nazirinə ABŞ prezidenti Corc Buş ilə söhbət zamanı müzakirə ediləcək məsələlər barədə konkret göstərişlər verildi. Göstərişlərdə ABŞ prezidenti ilə danışıqların iki başlıca çərçivədə aparılması tövsiyə edilirdi: Birincisi, SSRİ - ABŞ münasibətlərinin yeni mərhələsi həm hər iki tərəf, həm də dünya üçün əhəmiyyətlidir. SSRİ rəhbərliyi buna hazırdır. İkincisi, Avropada, dünyanın böhranlı rayonlarında vəziyyətin sabitləşdirilməsi zəruridir. Danışıqlarda Vaşinqtonu Baltikyanı respublikalarda separatçı hərəkətlərdən çəkindirmək tövsiyə edilirdi. Birtərəfli üstünlük qazanmağın Vaşinqton üçün ziyanlı olduğu, SSRİ-nin dağılmasının və sabitsizliyin ABŞ-a ümid bəslədiyi xeyri gətirməyəcəyi başa salınmalı idi. Hadisələrin belə gedişi ABŞ-ın uzunmüddətli maraqlarına zərbə vurar, SSRİ-nin zəifləməsinin onun üçün ağır nəticələri olardı.

Göstərişlərdə SSRİ xarici işlər nazirinə söhbətini bir neçə istiqamətdə aparmaq tövsiyə edilirdi. Birincisi, söhbətin tərksilah bölümünün əsasını Maltada əldə edilən razılaşmalar təşkil etməli idi. Strateji hücum silahlarının və Avropada adi silahların 50% azaldılması təklif olunurdu. İkincisi, Almaniya məsələsi geniş qoyulmalı, SSRİ-nin Almaniya Demokratik Respublikasının anşlüsünə təzyiq altında razılıq verməsi fikri yaranmamalı idi. Bunu açıq demək göstərişi verilirdi ki, SSRİ vahid Almaniyanın NATO-ya daxil olmasının əleyhinədir və hamı üçün məqbul qərarlar axtarılmalıdır. Əks təqdirdə qitədə vəziyyət dəyişə bilərdi. Almaniyanın birləşməsi ilə sinxron olaraq Avropada təhlükəsizliyin yeni sisteminin yaradılması təklif edilməli idi. Almaniyanın birləşməsi məsələsində "altılıq" mexanizminin işə salınması tövsiyə olunurdu. Üçüncüsü, regional məsələlərin müzakirəsi zamanı SSRİ-nin Əfqanıstanda azad, demokratik seçkilərə tərəfdar olduğu vurğulanmalı idi. ABŞ və SSRİ-nin Yaxın Şərq, Mərkəzi Amerika və Kambocada birgə fəaliyyət göstərməsi tövsiyə edilməli idi. Dördüncüsü, ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi təklif olunurdu. Bu sahədə mövcud olan maneələr Maltada əldə edilən razılaşmalara zidd idi. Beşincisi, keçirilən görüşlər zamanı SSRİ prezidentinin ABŞ-a səfərinin müddəti müəyyənləşdirilməli idi.

SSRİ xarici işlər nazirinin ABŞ prezidenti və dövlət katibi ilə danışıqlar zamanı riayət etməli olacağı ikinci bir direktiv isə daha geniş idi. Buna görə, 1990-cı ilin iyun ayında SSRİ və ABŞ prezidentlərinin yüksək səviyyəli görüşü hazırlanmalı; SSRİ-nin daxili vəziyyəti barədə müfəssəl məlumat verilməli; SSRİ-nin vəziyyətindən istifadə edərək birtərəfli üstünlük qazanmağın sadə təzahür olmadığı izah edilməli; silahların azaldılmasına və məhdudlaşdırılmasına çalışılmalı; açıq səmalar olmalı, təyyarələr sərbəst uçmalı idi.

Direktivlərdə regional problemlərin müzakirəsi zamanı aşağıdakı məsələlərə diqqət ayrılması barədə göstəriş verilirdi: Şərqi Avropa ölkələrinin daxili işlərinə qarışmaq yolverilməzdir; ərazi məsələlərini qaldırmaq və millətçi hissləri qızışdırmaq olmaz.

Sənəddə Avropa təhlükəsizliyi məsələlərinə dair konkret göstərişlər var idi. Buna görə, Avropada yeni təhlükəsizlik sistemi yaradılanadək köhnə sistemi saxlamaq, Helsinki prosesinə yeni dinamizm vermək və 1990-cı ildə ATƏM ölkələrinin yeni müşavirəsini keçirmək təklif edilirdi. Bu zaman SSRİ-nin ABŞ ilə birgə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmək lazım idi.

 

(Ardı gələn sayımızda)

 

Musa Qasımlı,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru 

 

Ayna.- 2011.- 18 iyun.- S.19.