Müalicə turizmi: bahalı avadanlıqla iş bitmir

 

Kompleks xidmətlər göstərilməlidir ki, turistləri maraqlandırsın

 

Dövlət müəssisələrinin özəlləşdirilmə prosesi davam edirsə, dövlət tabeliyindəki kurort-sanatoriyaların da nə vaxtsa özəlləşdiriləcəyi istisna deyil. Hələlik buna cəhd göstərilmir, halbuki sanatoriyaların özəlləşdirilməsi və ya sahibkarların istifadəsinə verilməsi bu sahənin inkişafına təkan ola bilərdi.

Turizm İnstitutunun baş müəllimi, coğrafiya elmləri namizədi Vüqar Dərgahovun fikrincə, sanatoriyaların özəlləşdirilməsi ilə iş bitmir. Sahibkarlara güzəştli kreditlər verilməlidir ki, bu sahəni dirçəltmək mümkünləşsin. Bundan başqa, müalicə turizminə sərmayə qoyub gəlir götürmək yollarını öyrənmək üçün marketinq tədqiqatına ehtiyac var. İlkin mərhələdə model olaraq kompleks xidmətlər göstərən sanatoriya yaradılması qaçılmazdır.

Lakin mütəxəssis təklif edir ki, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nəzdindəki bərpa müəssisələrinin özəlləşdirilməməsi məqsədəuyğun olardı. Onun sözlərinə görə, əksər xarici dövlətlərdə də əhalinin sosial təminatının təmin edilməsi baxımından həmin müəssisələr dövlət qurumlarının nəzdində qalır. Lakin digərləri kütləviliyi və rentabelliyini təmin etmək üçün özəlləşdirilməlidir.

Ölkədə müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıqları və suları, Lənkəranın, Gədəbəyin mineral suları... Amma əfsuslar olsun ki, ölkə sakinlərinin böyük əksəriyyəti təbiətin nemətlərindən istədiyi kimi faydalana bilmir. Çünki müalicə-sağlamlıq turizmi digər turizm növlərinə nisbətən zəif inkişaf edib, potensialın heç 5 faizi istifadə edilmir. Ona görə də digər dövlətlərin müalicə turizmindən qazandığı pulları da qazana bilmirik. Halbuki 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi təxminən 80 milyard dollar olub. 2011-ci ildə bu rəqəmin 100 milyard dollara çatacağı proqnozlaşdırılır.

Bizim bu sahədə geridə qalmağımızın səbəblərini Vüqar Dərgahov AYNAya müsahibəsində açıqladı.

- "Kurort" SC-nin tabeliyində 12 min yerlik sanatoriya-profilaktika müəssisəsi var. Lakin bu yerlərin 46,5 faizində qaçqınlar və məcburi köçkünlər yerləşib. Keçmiş sanatoriyaların həm binaları, həm avandanlıqları köhnəlib. Onlarda xidmətlər çox aşağı səviyyədədir, bunun müqabilində isə xidmət haqqı yüksəkdir.

Bu gün "Kurort"un tabeliyində 5 mindən artıq yer var. Özəl kurort müəssisələri açılsa da, tələbatı ödəmək iqtidarında deyillər. Belə ki, bütün özəl kurort müəssisələrində cəmi ...500 yer mövcuddur. Bu gün Qəbələ, Quba, Masallı və Naftalanda özəl müalicə müəssisələri fəaliyyət göstərir. Amma say çox olsa da, yerlər azdır. Bu o deməkdir ki, müalicə-sağlamlıq müəssisələri heç daxili tələbatı ödəmir, o ki qaldı xarici turistlərin qəbuluna hazır olsun.

Sabiq müalicə-kurort müəssisələri müstəqillik illərində istiqamətlərini dəyişmədilər. Onlarda köhnə stereotiplər qalmaqdadır. Halbuki xarici ölkə müalicə müəssisələrində digər turizm xidmətləri də göstərilir. Bir misal çəkim. Təsəvvür edin ki, "Bilgəh" və ya "Qaranquş" sanatoriyasında müalicə kursu keçən şəxs səhər tezdən bütün tibbi-profilaktik prosedurları başa vurdu, vannaları qəbul etdi, massaj və ya fizioterapiyası da başa çatdı. Günorta yeməyi yeyildi və artıq hamı bir-birinin üzünə baxır. Çünki bu müəssisələrdə istirahət, mənalı vaxt keçirmək üçün heç bir xidmət göstərilmir. Asudə vaxtın təşkili, ümumiyyətlə, nəzərdə tutulmayıb. Ona görə də müəssisədə qalanlar domino, nərd oynamaqla və ya parkda oturub söhbət etməklə vaxt öldürürlər. Axı 21 gün də belə davam edə bilməz. Bizim sanatoriyalar darıxdırıcıdır.

- Lakin müalicə turizminə maraq böyük deyil...

- Doğrudur. Çünki müalicə turizmi gec gəlir gətirən sahədir. Sahibkarlar səbirlə gəlir gətirəcək illəri gözləməlidir. İstirahət və əyləncə mərkəzlərində isə fərqlidir. Biznes başlanan ildən gəlir gətirir. Müalicə turizminin texnologiyası bahalıdır. Bahalı avadanlıq almaqla da iş bitmir. Müalicəvi mərkəzlərdə kompleks xidmətlər də müştəri cəlbində az rol oynamır. Ona görə də müalicəvi turizm rentabelli hesab edilmir.

- Bəs, iş adamlarının çəkinməsində rəqabət qorxusu faktoru necə? Bu varmı?

- Bu, istisna edilmir. Razıyam ki, inkişafı əngəlləyən bir amil də odur ki, müalicəvi turizm üzrə Azərbaycana rəqib ola biləcək və bu sahədə ixtisaslaşmış, münasib qiymətlər təklif edən ölkələr çoxdur.

Bizim vətəndaşın bir qismi Şimali Qafqaz, Gürcüstan və ya Ukraynada, daha yaxşı imkanları olanlar isə Çexiyada müalicəyə üstünlük verir. Bu ölkələr bu sahədə böyük uğurlar əldə ediblər və yaxşı pul qazanırlar. Bu ölkələr Azərbaycanın bu sahədə ən güclü rəqibləridir.

Onu da deyim ki, müalicə mərkəzlərindəki qiymətlər də müştəri cəlbində böyük rol oynayır. Azərbaycanın mineral suları Şimali Qafqazdakı müalicə sularının bənzəridir. Bu bölgədə üçulduzlu oteldə 21 günlük kursun qiyməti 1500 manatdır. Təyyarə biletinin qiyməti bu tarifə daxil deyil. Ukraynada qiymətlər 1300-1800 manat arasında dəyişir. Çexiyada qiymətlər 2000 manatdan başlayır.

Bizim "Bilgəh" sanatoriyasında xidmətlərin dərəcəsindən asılı olaraq paketlər 520 manatdan başlayır. Rəqəmlərdən göründüyü kimi, dövlət tabeliyindəki müəssisələrdə müalicə turizmi daha ucuzdur. Amma bu mərkəzlərdə əlavə turizm xidmətlərinin heç biri göstərilmir. Adıçəkilən ölkələrdə isə paketə ən populyar turizm xidmətləri (ekskursiya, əyləncə xidmətləri və s.) daxildir. Mən bu fikirdəyəm ki, rentabelliyi saxlamaq üçün digər xidmətlər də vacibdir.

Ölkəmizdəki özəl sanatoriyalarda bir sıra turizm xidmətləri göstərilsə də, qiymət münasib deyil. Məsələn, Qəbələdəki özəl müalicə müəssisəsində birgünlük seans 70 manatdır. Sözsüz ki, bu məbləğ orta təbəqə üçün çox bahadır.

Turizm elə sahədir ki, müştərini özün qazanmalısan. Xidmətlər elə təşkil edilməli, qiymətlər elə təyin edilməlidir ki, bundan istifadə edənlər olsun.

- Bu doğrudurmu ki, Azərbaycanın mənbə ölkə olaraq bir çox üstünlükləri var?

- Bəli, məsələn, Naftalan nefti Azərbaycandan Çexiya, Xorvatiya və Ukraynaya aparılır. 19 xəstəliyə dərman olan Naftalan neftinin mənbəyində göstərdiyi təsir üçqat böyükdür. Çünki məhsul daşınandan 5-6 saat sonra keyfiyyəti dəyişir, təsiri mənbədəki kimi yüksək olmur.

Gədəbəyin mineral suları Şimali Qafqaz bölgəsində də var. Amma kompleks turizm xidmətləri göstərilmədiyindən oradakı mineral sulardan istifadə edənlərin sayı olduqca azdır. Naxçıvanda böyrək daşlarının müalicəsi üçün sular var. Bu suyun dörd növ böyrək daşını salması elmi cəhətdən təsdiqini tapıb. Onu da deyim ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Azərbaycandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür. Daxili orqanların müalicəsində möcüzəli rola malik olan dəmirli sular haqqında da eyni fikirləri söyləmək mümkündür. Dəmirli sular qaraciyərin dərmanıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində, iltihabyaradıcı amillərin aradan qaldırılmasında karbonlu sulardan istifadə etmək olar. Özü də bu sulardan təkcə müalicə müddətində deyil, həm də bərpa dövründə də istifadə etmək mümkündür. Amma əfsuslar olsun ki, xalqımız müalicə işində onlardan yararlana bilmir..

 

 

 Aynurə         

 

 Ayna.- 2011.- 18 iyun.- S.16.