Müdafiə və
Təhlükəsizlik sektorunda nə baş
verib? (1-30 iyun)
1 iyun. Azərbaycan Dövlət Miqrasiya
Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət
miqrasiya xidməti müşaviri Arzu Rəhimovun rəhbərlik
etdiyi heyət MDB iştirakçı ölkələrinin
Miqrasiya orqanları rəhbərləri Şurasının
Rusiya Federasiyasında keçirilən 9-cu iclasında
iştirak edib.
1 iyun. BMT baş katibi Pan Gi Mun Nyu-Yorkda
BMT Baş Qərargahında Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarovla görüşündə
Dağlıq Qarabağ münaqişəsinin tezliklə
sülh yolu ilə həll edilməsinə ehtiyac olduğunu
qeyd edib və bu istiqamətdə nəticələri gözlədiyini
bildirib.
1 iyun. MEA Radiasiya Problemləri
İnstitutunun direktoru Adil Qəribov deyib ki, Ermənistanda
tikilməsi nəzərdə tutulan yeni atom elektrik
stansiyasının ətraf mühitə təsiri Beynəlxalq
Atom Enerjisi Agentliyi ekspertləri tərəfindən qiymətləndirilməli
və onun nəticələri sərhədyanı ölkələrə
təqdim edilməlidir. 2 iyun. Azərbaycanın BMT-dəki
daimi nümayəndəsi Aqşin Mehdiyev bildirib ki, Azərbaycan
hökuməti Ermənistanın müharibə dövründə
törətdiyi cinayətlərin üstündən sükutla
keçməyəcək. O növbəti dəfə BMT
baş katibinə məktubla müraciət edib.
2 iyun. Azərbaycan zabitləri
İtaliyanın birləşməsinin 150 və İtaliya
Respublikasının 65 illiyi münasibətilə Romada hərbi
paradda iştirak ediblər
2 iyun. ANAMA-dan verilən məlumata
görə, Ağstafa rayonunun Saloğlu ərazisinin minalardan
təmizlənmə prosesi başa çatıb. Saloğlu
layihəsinin rəsmi bağlanış mərasimi iyulda nəzərdə
tutulur.
2 iyun. Azərbaycan və Fransa mütəxəssisləri
nüvə sahəsi üzrə birgə tədqiqatlara
başlayıblar. İşlər Fransanın "Areva"
şirkəti ilə RPİ arasında mayın 31-də
imzalanan anlaşma protokolu əsasında görülür. Sənədə
əsasən, Fransa və Azərbaycan mütəxəssisləri
gələcəkdə nüvə texnologiyaları yeniliklərinin
öyrənilməsi üzrə birgə proqram həyata
keçirəcəklər. Eyni zamanda, Fransa Azərbaycan
üçün bu sahə üzrə kadrların
hazırlanmasında da iştirak edəcək.
2-4 iyun. Fövqəladə Hallar
Nazirliyinin dəvəti ilə Koreya Respublikasının
Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin
rəhbəri Park Yeon-Sonun rəhbərlik etdiyi heyət
ölkəmizdə rəsmi səfərdə olub.
3 iyun. Türkiyənin ROKETSAN şirkəti
Azərbaycan SQ-dən aldığı sifarişlər üzrə
tədarükə başlayıb. Artıq layihə çərçivəsində
Azərbaycan Silahlı Qüvvələrinin sifariş verdiyi
reaktiv raketlərin istehsalına başlanılıb. 2011-ci
ilin sonu, 2012-ci ilin əvvəlində ilk məhsul
partiyasının Azərbaycana
çatdırılacağı gözlənilir.
3 iyun. Müdafiə naziri Səfər Əbiyev
Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli səfiri Aleksandr Mişşenkonu qəbul
edib. Görüşdə Ukrayna ilə Azərbaycan
arasında hərbi əlaqələrin perspektivləri barədə
fikir mübadiləsi aparılıb.
4 iyun. Ermənistan SQ-nin Ağdam rayonunun
Çəmənli kəndi istiqamətində
açdıqları atəş nəticəsində Ağcabədi
rayonunun Yuxarı Qiyamadınlı kənd sakini, kənd
yaxınlığında qoyun otaran 1959-cu il təvəllüdlü
Piriyev Yelmar Qənimət oğlu həlak olub.
4 iyun. Azərbaycan Türkiyənin
ROKETSAN şirkətində hazırda yaradılma mərhələsi
keçən tank əleyhinə idarə olunan raketlərin
birgə istehsalı layihəsində iştirak edə bilər.
Hazırda üzərində işlər gedən və
türk mühəndisləri tərəfindən
yaradılmış bu raketlərə Azərbaycan da daxil
olmaqla bir sıra ölkələrin hərbçiləri
maraqlarını ifadə ediblər.
4 iyun. Vaşinqtonda Azərbaycan xarici
işlər naziri E.Məmmədyarovla görüşdən
öncə ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Azərbaycan
və ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in
Minsk Qrupu vasitəsilə həlli üzrə işin davam
etdirilməsinə sadiqdirlər.
6 iyun. Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında vasitəçilik
missiyasını üzərinə götürmüş Minsk
Qrupu həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie
(Fransa) və İqor Popovun (Rusiya) regiona səfəri
başlayıb. Onlar Bakıya gəliblər.
6 iyun. İordaniyanın Kral II
Abdullahın Layihə Bürosuna (KADDB) daxil olan "NP Aerospace
Jordan" şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi
Nazirliyinin (MSN) "Radioquraşdırma" zavodu arasında əməkdaşlıq
sazişinə müvafiq olaraq bədən zirehi və dəbilqələrin
istehsalına dair daha bir anlaşma imzalanıb.
6 iyun. Beynəlxalq Qızıl Xaç
Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi
bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan hərbçisinə
baş çəkib. Əsirdən ailəsinə
"Qızıl Xaç məktubu"
çatdırılıb.
6 iyun. ANAMA tərəfindən
Gürcüstan və Türkiyə mütəxəssisləri
üçün təlim kurslarına başlanıb.
6-7 iyun. Bakıda "Eternity-2011"
("Sonsuzluq-2011") kompüter dəstəkli təlimin
planlaşdırma konfransı keçirilib. Konfransda Azərbaycan,
Türkiyə və Gürcüstan hərbçiləri, bir
sıra mülki strukturların təmsilçiləri
iştirak ediblər. "Eternity" kompüter dəstəkli
təlimlər əsas ixrac boru kəmərlərinin
mühafizəsi məqsədi ilə təşkil olunur.
Növbəlilik əsasında hər il bir ölkədə
keçirilən təlimlərdə boru kəmərlərinin
idarəetməsini həyata keçirən şirkətlərin
əməkdaşları da iştirak edirlər.
6-18 iyun. Odessada Ukrayna HDQ və ABŞ
HDQ-nin ikitərəfli "Si Briz-2011" hərbi təlimləri
keçirilib. SNT proqramı üzrə iyunun 18-dək davam edən
bu tədbir beynəlxalq sülhyaratma əməliyyatının
planlaşdırılması və keçirilməsi
mövzusuna həsr edilib. Təlimlər zamanı 17 ölkənin
- Azərbaycan, Əlcəzair, Belçika, Böyük
Britaniya, Gürcüstan, Danimarka, Kanada, Keniya, Makedoniya, Moldova,
Niderland, Almaniya, Türkiyə, ABŞ, Ukrayna, Fransa və
İsveçin nümayəndələri beynəlxalq
sülhyaratma əməliyyatının
planlaşdırılması və keçirilməsi
dövründə çoxmillətli qərargahların və
qüvvələrin fəaliyyəti məşq etdirilib.
7 iyun. ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin mandatına
uyğun olaraq Azərbaycan Respublikasının Ağdam-Bərdə
yolundakı təmas xəttində monitorinq keçirilib.
Monitorinq zamanı ATƏT Minsk Qrupu həmsədrləri və
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi
nümayəndəsi təmas xəttinin qarşı tərəfinə
keçiblər.
7 iyun. Müdafiə naziri Səfər Əbiyev
Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi
Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın
başçılıq etdiyi heyəti qəbul edib.
8 iyun. ANAMA-nın məlumatına görə,
cari ilin may ayı ərzində Azərbaycanda 2 238 519
kvadratmetr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi
sursatdan (PHS) təmizlənib. Əməliyyatlar nəticəsində
4 222 PHS, 2 ədəd tank və 1 ədəd piyada əleyhinə
mina aşkar edilərək zərərsizləşdirilib.
Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb.
7-10 iyun. Daxili Qoşunlardan general-leytenant
Zakir Həsənovun rəhbərlik etdiyi heyət Türkiyədə
Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları
Qurumunun təsis toplantısında iştirak edib.
7-8 iyun. Polşanın paytaxtı
Varşavada İsveçrə səfirliyi və
Polşanın Beynəlxalq Məsələlər
İnstitutunun təşkilatçılığı ilə
"Şərq tərəfdaşlığı ölkələrində
təhlükəsizlik sektorunun demokratik idarəetməsi"
adlı seminar keçirilib. Azərbaycanı bu tədbirdə
Sülh və Demokratiya İnstitutundan Arif Yunusov və
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin
sədri Cəsur Məmmədov təmsil ediblər.
8 iyun. Yevlax rayonunda "N" saylı hərbi
hissənin baş leytenantı Rüfət Əliyevin (1985)
idarə etdiyi 10 UP 508 dövlət nömrə nişanlı,
"Mercedes-180" markalı minik avtomobili yoldan
çıxaraq aşıb. Hadisə nəticəsində
sürücü Rüfət Əliyev və onun hərbçi
yoldaşları - İsmayıl Bədəlov (1982) və Səxavət
Fərzəliyev (1986) müxtəlif dərəcəli bədən
xəsarətləri alıblar.
8 iyun. ABŞ Gürcüstan ordusuna 40 ədəd
"Hummer" avtomobili bağışlayıb. Avtomobillərdən
Əfqanıstanda xidmətə hazırlaşan gürcü
sülhməramlılarının təlimlərində istifadə
ediləcək.
9 iyun. Minsk Qrupu həmsədrləri Ermənistana
səfər ediblər.
9 iyun. "Cəmiyyət dəstəkli
polis işinə dair Beynəlxalq Konfrans"da
çıxışında ATƏT Bakı ofisinin rəhbəri
Əli Bilgə Cankorel bildirib ki, Azərbaycanda cəmiyyət
tərəfindən dəstəklənən polis layihəsinin
icrası nəticəsində polislə ictimaiyyət
arasında ünsiyyətdə nəzərəçarpan
inkişaf müşahidə olunur.
9 iyun. Nazirlər Kabineti müdafiə sənayesi
kompleksi üçün yüksək ixtisaslı kadrların
hazırlanması haqqında qərar qəbul edib. Qərara əsasən,
Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və
texnologiya" fakültəsi və müvafiq kafedralar
yaradılacaq.
9 iyun. Vyanada Ümumdünya İqtisadi
Forumunda Avropa və Mərkəzi Asiyanın regional sammiti
çərçivəsində təşkil olunan
"Rusiyaya baxış" mövzulu iclasda
çıxışı zamanı Ermənistanın baş
naziri Tiqran Sarkisyan bildirib ki, ATƏT Minsk Qrupu uğura
yaxındır və ABŞ, Fransa və Rusiya prezidentlərinin
bəyanatı buna sübutdur.
Onun
sözlərinə görə, erməni tərəfi
sözügedən bəyanatda mövcud olan əsas prinsiplərlə
razıdır və siyasi iradə nümayiş etdirməyə,
həmçinin təcili razılaşmaya gəlməyə
hazırdır.
9 iyun. Rusiya-NATO Şurasının
müdafiə nazirləri səviyyəsində Brüsseldə
keçirilmiş iclasının yekunlarına dair mətbuat
konfransında Rusiya müdafiə naziri Anatoli Serdyukov deyib ki,
Rusiyanın NATO ilə bərabər birgə raketdənmüdafiə
sistemi yaratmağa dair bütün təklifləri rədd
edilib. O, qarşı tərəfdən pozitiv və aydın
siqnal almadıqlarını, Rusiyanın
narahatlıqlarının aradan
qaldırılmadığını söyləyib.
9 iyun. Azərbaycan xarici işlər
nazirinin müavini Araz Əzimov bildirib ki, rəsmi Bakı Qəbələ
radiolokasiya stansiyasının icarə qiymətini artırmaq
niyyətindədir. Əzimov bildirib ki, Rusiya icarənin
müddətini uzatmaq istəyir: "Biz əməkdaşlığı
davam etdirməyə hazırıq, amma şərtlərə
yenidən baxmaq lazımdır". Nazir müavini rəsmi
Bakının konkret hansı məbləği tələb
etdiyini açıqlamayıb, yalnız bildirib ki, risklərin
yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin
artması səbəbilə icarə haqqının məbləği
də artırılmalıdır.
9 iyun. NATO-nun Cənubi Qafqaz üzrə
xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib ki, Əfqanıstandakı
birgə hərbi əməliyyatlar və Azərbaycanın əldə
etdiyi təcrübə Azərbaycan Silahlı Qüvvələrinin
modernləşdirilməsinə təkan verəcək. Appaturay
davamlı templə inkişaf edən Azərbaycanla hərbi əməkdaşlığın
səviyyəsini və intensivliyini yüksək qiymətləndirib.
9 iyun. Tərtər rayonunda yerləşən
hərbi hissədə silah və sursatla ehtiyatsız davranma nəticəsində
əsgərlər Rəşad Məmmədov, Babək
Şahlarzadə və Alxan Ağakərimov müxtəlif dərəcəli
bədən xəsarətləri alıblar.
9 iyun. Müdafiə naziri Səfər Əbiyev
NATO müdafiə nazirlərinin Əfqanıstanda Beynəlxalq
Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına
töhfə verən qeyri-NATO dövlətləri ilə
keçirilmiş görüşündə iştirak edib.
9 iyun. Nazir Səfər Əbiyev
Brüsseldə NATO baş katibinin Qafqaz və Mərkəzi
Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla
görüşüb. Görüşdə tərəflər
Azərbaycan-NATO münasibətlərini, NATO ilə
qarşılıqlı operativ uzlaşmanın
artırılması, ölkəmizin ISAF əməliyyatına
töhfəsi və digər məsələləri
müzakirə edib, Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənmə prosesi ilə bağlı fikir mübadiləsi
aparıblar.
9 iyun. Nazir Səfər Əbiyev
Brüsseldə Polşanın müdafiə naziri Boqdan
Kliç ilə də görüşüb. Görüşdə
iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunub.
10 iyun. Minsk Qrupu həmsədrləri
Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov
(Rusiya) regiona səfərlərinin yekunu ilə bağlı
birgə bəyanatla çıxış ediblər. Həmsədrlər
tərəfləri bu keçid dövründə hər
hansı bir təxribat xarakterli addım və hərəkətlərə
yol verməməyə çağırıblar.
10 iyun. NATO-nun Qafqaz və Mərkəzi
Asiya üzrə xüsusi nümayəndəsi Ceyms
Appaturayın Azərbaycana səfəri təxirə
salınıb. Səfərin təxirə salınmasına səbəb
Brüssel aeroportu işçilərinin tətil etməsidir.
10 iyun. BQXK-nın nümayəndələri
Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçi
və bir ailənin üzvü olan 5 mülki şəxsə
baş çəkiblər.
11 iyun. Moskvada Azərbaycan, Ermənistan və
Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov,
Edvard Nalbandyan və Sergey Lavrovun işgüzar
görüşü keçirilib. Müzakirələr
zamanı tərəflər Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin
bir sıra əsas məsələsi üzrə mövqelərini
yaxınlaşdırmağa nail olublar. Bu sənədin layihəsinə
iyunun sonunda baş tutacaq üçtərəfli sammitdə
baxılacaq. Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı aparılan Moskva
danışıqlarında irəliləyiş əldə
olunub: "Amma bəzi məqamlar hələ də
açıq qalır".
13 iyun. İranın Hava Hücumundan
Müdafiə Qərargahının komandanı Fərzad
İsmaili deyib ki, İran Silahlı Qüvvələri radardan
yayına bilən təyyarələrin aşkarlanması,
identifikasiyası və izlənməsi texnologiyasını əldə
edib.
13 iyun. Prezident Administrasiyası
ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
deyib ki, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində ciddi irəliləyişin
əldə olunmasının vaxtı yetişib".
13 iyun. Xəzər Donanmasının
komandanı, kontr-admiral Sergey Alyokminski bildirib ki, Rusiya yaxın
aylarda Xəzər dənizindəki hərbi donanmasını
yeni gəmilər hesabına daha da gücləndirməyi
planlaşdırır. Qarşıdakı yay aylarında Rusiya
Hərbi Dəniz Qüvvələrinin Xəzər
flotiliyasına əlavə 3 döyüş gəmisi daxil etmək
planlaşdırılır.
13 iyun. Bu ilin sonunadək Azərbaycanla
Almaniya arasında nüvə sahəsində birgə elmi və
kadr hazırlığını nəzərdə tutan niyyət
protokolu imzalanacaq.
13 iyun. Azərbaycanın NATO PA-da nümayəndə
heyətinin üzvü Məlahət İbrahimqızı
bildirib ki, NATO Parlament Assambleyasında Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı sənədin qəbul
olunması üzərində iş aparılır.
13-16 iyun. Özbəkistanın müdafiə
naziri Kabul Berdiyev əməkdaşlıq üzrə
danışıqlar aparılması üçün Səfər
Əbiyevin dəvəti əsasında Bakıda olub. İyunun
14-də MSN-in Elektron Hesablayıcı Maşınlar Zavodunda
K.Berdiyevin rəhbərlik etdiyi heyətlə görüş
keçirilib.
13-24 iyun. Azərbaycan NATO-nun manevrlərinə
müşahidəçilər göndərib. Litva Müdafiə
Nazirliyindən bildiriblər ki, bu il NATO-nun Litvada irimiqyaslı
"Kəhrəba ümid-2011" ("Amber Hope 2011")
manevrlərində 9 ölkədən 2,2 min hərbi
qulluqçu və mülki mütəxəssis iştirak edir.
Quru və dəniz mərhələlərindən ibarət təlimlərə
Şimali Atlantika Alyansının yeddi üzvü - Kanada,
Latviya, Litva, Norveç, Polşa, ABŞ və Estoniya, habelə
NATO-nun tərəfdaşları Gürcüstan və
Finlandiya öz bölmə və nümayəndələrini,
Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Ukrayna və Ermənistan
isə öz müşahidəçilərini göndərmişlər.
14 iyun. Gürcüstanlı həmkarı
Qriqol Vaşadze ilə Tiflisdə keçirdiyi birgə mətbuat
konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
dair sualları cavablandıraraq konfliktin mərhələlərlə
həll olunacağını, burada kommunikasiya və digər məsələlərin
nəzərə alınacağını deyib.
14 iyun. Müdafiə Nazirliyininin
yaydığı məlumata görə, Azərbaycan SQ təmsilçiləri
aşağıdakı təlimlərə qatılacaqlar:
- Cənubi
Qafqaz və
- FTP-dən
əlavə. 20-22.06.2011. "Yırtıcı Şahin-3"
təliminin 2-ci koordinasiya iclası.
- Azərbaycan-ABŞ
iş planına əsasən. 20-24.06.2011. Birgə əməliyyatlar
simpoziumu. Konstanta, Rumıniya.
- Dil testi
seminarı. 20.06-01.07.2011. Garmiş, Almaniya.
- BQXK-nin
təşkilatçılığı ilə. 26.06-03.07.2011.
"Hərbi Əməliyyatlarını idarə edən beynəlxalq
qaydalar mövzusunda yüksək səviyyəli seminar".
Saldanha/ Keyp Taun Cənubi Afrika Respublikası.
14-18 iyun. Azərbaycan hərbçiləri
Ukraynada keçirilən Çoxmillətli "Si
Briz-2011" hərbi təlimlərinin üçüncü
mərhələsinə qatılıblar. Sülhyaratma
qüvvələri piratlara qarşı əməliyyatlarla əlaqədar
fəal hərbi təlimlər keçiblər. Təlimlərin
gedişində sülhyaratma qüvvələri piratlar tərəfindən
zəbt olunmuş gəminin azad edilməsi, piratların dənizdə
və quruda fəaliyyət göstərən
bazalarının məhv edilməsi əməliyyatlarını
məşq ediblər. Təlimlərdə quru, dəniz və
aviasiya komponentlərindən istifadə edilib.
14 iyun-8 iyul. Azərbaycan SQ nümayəndələri
Almaniyanın Hamburq şəhərində "Avropa təhlükəsizliyi-2011"
kursunda iştirak edir.
15 iyun. Bakıda "NATO: XXI əsrin siyasi-hərbi
bloku" mövzusunda "dəyirmi masa" keçirilib.
Konfrans iştirakçıları Azərbaycanla NATO
arasındakı əməkdaşlığı, NATO-nun
Lissabon sammitindən sonrakı yeni siyasətini, bu sammitin
alyansın gələcəyi baxımından əhəmiyyətini,
NATO ilə Avropa Birliyinin əməkdaşlığını
müzakirə ediblər.
15 iyun 2011- 5 yanvar 2012. Azərbaycan SQ nümayəndələri
ABŞ-ın San-Antonio şəhərində keçirilən
piyada zabitinin təməl kursuna qatılıblar. Kursda
iştirak Azərbaycan-ABŞ iş planına əsasən
baş tutub.
15 iyun. Avropa Parlamentinin beynəlxalq məsələlər
üzrə komitəsində Minsk Qrupu həmsədrlərinin
iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə
həsr olunmuş dinləmə keçirilib. Dinləmədə
amerikalı və fransalı həmsədrlər Robert Bradtke
ilə Bernar Fasie, ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsi Anjey Kasprşik, AB-nin Cənubi
Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi
Piter Semnebi və digər şəxslər
çıxış ediblər.
15 iyun. ABŞ-ın Azərbaycan səfiri
Metyu Brayza deyib ki, sülhməramlı qüvvələrin
Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsi
gündəmdə olan məsələlərdəndir.
16 iyun. Avroparlamentdə keçiriləcək
dinləmələr ərəfəsində AB Dağlıq
Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə
təsdiq edib. Bu barədə Avropa Parlamentinin rəsmi
saytında yerləşdirilən bəyanatda qeyd olunub:
"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir".
16 iyun. AB-nin Cənubi Qafqaz üzrə
keçmiş xüsusi təmsilçisi Piter Semnebi bildirib
ki, AB-nin Cənubi Qafqaz üzrə yeni xüsusi təmsilçisinin
sentyabrın əvvəllərində təyin edilməsi
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə
kömək edəcək.
16 iyun. Beynəlxalq Böhran Qrupunun Avropa
proqramlarının direktoru Sabina Freyzer bildirib ki, Kazan
görüşündə irəliləyişə nail
olunub-olunmayacağını proqnozlaşdırmaq çətindir,
lakin bunun mümkünlüyünə böyük ümidlər
var.
16 iyun. Rusiya XİN rəsmi nümayəndəsi
Aleksandr Lukaşeviç bəyan edib ki, Rusiya, Ermənistan və
Azərbaycan liderləri
16 iyun. Tovuz rayonunda yerləşən
"N" saylı hərbi hissədə əsgər Mərdan
Bəşirov SVD silahından (snayper) açdığı atəş
nəticəsində əsgər Vüsal Əlizadə qətlə
yetirilib. Hadisənin münaqişə zəminində baş
verdiyi bildirilir.
16 iyun. Ağstafa rayonunda yerləşən
"N" saylı hərbi hissədə kiçik
çavuş Kənan Muradov dövlət nişanı olmayan
motosikletlə gedərkən Ağstafa-Sadıxlı yolunda
idarəetməni itirərək, onu aşırıb. Hərbçi
hadisə yerində həlak olub.
17 iyun. Qazaxıstan xarici işlər
nazirinin müavini Kayrat Sarıbay Astanada "Xəzər
şelfinin inkişafı" konfransında
çıxışı zamanı deyib ki, sahilyanı ölkələrin
problemə ümumi yanaşması Xəzərin hüquqi
statusunun yaxın perspektivdə öz həllini
tapacağına ümid yaradır.
17 iyun. Müdafiə Nazirliyinin Bayıl qəsəbəsində
yerləşən "N" saylı hərbi hissəsinin -
hospitalının vəzifəli şəxsləri barəsində
cinayət işi başlanıb.
17 iyun. RF xarici işlər nazirinin
müavini Qriqori Karasin bildirib ki, Rusiya və Azərbaycan
"Qəbələ radiolokasiya stansiyasının icarəsi
üzrə razılaşmanın şərtlərini
müasirləşdirmək" üçün
danışıqlar aparır. "Sovet dövründə
tikilmiş və əhəmiyyətli hərbi obyekt olan Qəbələ
RLS-ə gəlincə, Rusiya Federasiyası icarə
üçün 10 milyon dollar (ildə) ödəyirdi", -
deyə o qeyd edib. Onun sözlərinə görə, "bu
gün belə desək, icarə şərtlərini
müasirləşdirmək üçün
danışıqlar aparılır.
17 iyun. Azərbaycan Respublikasının NATO
yanında nümayəndəliyinin başçısı səfir
Xəzər İbrahim NATO baş katibi Anders Foq Rasmussen tərəfindən
qəbul edilib. Baş katib görüşdə NATO-nun Azərbaycan
ilə tərəfdaşlığının daha da
inkişafını arzuladığını ifadə edib.
NATO baş katibi Azərbaycanın NATO ilə güclü tərəfdaşlığını,
xüsusən də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələri (ISAF) əməliyyatına
töhfəsini təqdir edib.
18 iyun. Müdafiə Nazirliyinin Şəmkir
hərbi birləşməsinin Qazax rayonu ərazisində yerləşən
hərbi hissəsinin əsgəri Fikrət Hümbətov
avtomat silahdan çənəsinin altını nişan alaraq
atəş açıb. İntihara cəhd edən əsgərin
vəziyyəti ağırdır.
19 iyun. MN-in Naftalan şəhərində
yerləşən "N" saylı hərbi hissəsinin
taqım komandiri, baş leytenant Anar Malik oğlu Məhərrəmov
yaşadığı evdə (Şəki) özünü
asaraq intihar edib.
19 iyun. İran prezidenti Mahmud Əhmədinejad
Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon
söhbəti zamanı ikitərəfli əlaqələr,
regional təhlükəsizlik və terrorizmlə mübarizə
məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.
20-22 iyun. ABŞ Milli Müdafiə
Universitetinin təşkilatçılığı ilə
İstanbulda "21-ci əsrdə müharibələrin yeni
aspektləri" mövzusunda beynəlxalq simpozium
keçirilib. Simpoziumda Azərbaycanı Prezident yanında
Strateji Araşdırmalar Mərkəzinin (SAM) hərbi-siyasi və
milli təhlükəsizlik məsələləri üzrə
ekspert Reşad Kərimov təmsil edib. SAM əməkdaşı
"Sosial şəbəkələr və hərbi
münaqişələr" mövzusunda məruzə ilə
çıxış edib.
24 iyun. Kazanda Azərbaycan, Rusiya və Ermənistan
prezidentlərinin görüşü keçirilib. Bu,
prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj
Sarkisyanın üçtərəfli formatda doqquzuncu
görüşdür. Belə formatda bundan əvvəlki
görüş martın 5-də Soçidə keçirilib.
Soçi görüşündən əvvəl isə
ötən il oktyabrın 27-də Həştərxanda
görüş keçirilib. Azərbaycan, Ermənistan və
Rusiya prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj
Sarkisyanın görüşünün yekunları üzrə
Həştərxanda Dağlıq Qarabağ münaqişəsi
tərəfləri - Azərbaycan və Ermənistan tərəfindən
bəyannamə imzalanıb. Bəyannamə hərbi əsirlərin
qaytarılmasını nəzərdə tutur və humanitar
xarakter daşıyır.
24-25 iyun. ABŞ dövlət katibinin hərbi-siyasi
məsələlər üzrə köməkçisi Andryu
J. Şapiro Azərbaycanda səfərdədir. Səfər
çərçivəsində cənab Şapiro yüksək
vəzifəli mülki və hərbi zabitlərlə
görüşlər keçirir, ümumi təhlükəsizlik
probleminin həllinə yönəlmiş diplomatik təşəbbüslər
barədə fikir mübadiləsi aparır. Qonaq həmçinin
ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunda ABŞ heyətinə
də başçılıq edir. Dialoq beynəlxalq təhlükəsizlik
məsələlərinə həsr olunub və dəniz təhlükəsizliyi,
terrorla mübarizə, sərhəd təhlükəsizliyi,
nüvə silahının yayılmaması sahələrində
ikitərəfli əməkdaşlığı genişləndirmək
barədə müzakirələri əhatə edir.
26 iyun. SQ Günü münasibətilə
Bakıda hərbi paradda ordu cəbbəxanasından ən son
model silah və hərbi texnikaların nümayişi gözlənilir.
29 iyun - 3 iyul. Rusiyanın Sankt-Peterburq şəhərində
Beynəlxalq Dəniz Müdafiə Şousu-2011 (International
Maritime Defence Show - "İMDS-2011") keçiriləcək.
"İMDS-2011" şousuna Azərbaycan Müdafiə Sənayesi
Nazirliyinin (MSN) "Sənayecihaz" Elm-İstehsalat Müəssisəsi
(EİM) də qatılacaq. Şounun sərgi salonunda Azərbaycan
müəssisəsinin istehsal etdiyi dəniz sistemləri
nümayiş olunacaq. Dəniz şousuna Azərbaycanın Hərbi-Dəniz
Qüvvələri və DSX Sahil Mühafizəsi heyətləri
də qatılacaq..
Ayna.- 2011.- 25 iyun.- S.9-10.