Azərbaycanın
müstəqilliyinin 20 ili: xarici siyasətin
formalaşması (1991-2003)
(Ardı. Əvvəli 11, 18 iyun
sayımızda)
Direktivlərdə
Almaniya məsələsinə dair SSRİ-nin siyasəti əksini
tapmışdı. Danışıqlarda Almaniyanın mərhələli
birləşməsi ideyası vurğulanmalı və Avropa təhlükəsizliyi
prosesi ilə əlaqələndirilməli idi. Bu birləşmə
ADR-in anşlüsü deyil, beynəlxalq hüququn iki
subyektinin birləşməsi olmalı idi. SSRİ ADR-in
müstəqil dövlət kimi mövcudluğuna tərəfdar
çıxırdı. Birləşməyə dair sülh
müqaviləsi bağlanılmalı; Qərbi Berlinə dair
dördtərəfli saziş birləşmə başa
çatanadək qüvvədə qalmalı; ADR-in NATO-ya daxil
olmasına mənfi münasibət bildirilməli;
"altılıq" çərçivəsində
görüşlər keçirilməli idi.
Sənəddə
Kipr probleminə də diqqət verilirdi. Bu problemin həllinə
ABŞ-ın BMT Təhlükəsizlik Şurasını daha
fəal cəlb etməsi təklif olunurdu.
Direktivlərdə
Əfqanıstan məsələsinə də yer
verilmişdi. Qeyd edilirdi ki, SSRİ Əfqanıstana dair Cenevrə
sazişinin yerinə yetirilməsinə tərəfdardır. Əfqanıstanda
daxili dialoqa ABŞ və SSRİ-nin birgə
çalışmaları təklif edilirdi. Bunun
üçün SSRİ - ABŞ ekspert qrupunun
yaradılması təklifi irəli sürülməli,
SSRİ-nin Əfqanıstanın qonşuları olan ölkələrlə
və müxalifət ilə əlaqələrinin
yaradılması üçün imkanlarının
olduğunu vurğulamaq lazım idi.
Sənəddə
Yaxın Şərq məsələsi də yer
almışdı. Danışıqlarda Yaxın Şərqə
dair beynəlxalq konfrans çağırmaq təklifi xətti
qorunmalı, SSRİ - İsrail münasibətlərində
yaxşılığa doğru dəyişiklik olduğu
söylənilməli, İran - İraq müharibəsinin
dayandırılması üçün BMT səyləri dəstəklənməli,
SSRİ, İran və İraq xarici işlər nazirlərinin
sovet ərazisində görüşünün keçirilməsi
ideyası vurğulanmalı idi.
ABŞ-a
səfər edən SSRİ xarici işlər naziri verilən
direktiv göstərişlərə uyğun olaraq dövlət
katibi Ceyms Beyker və prezident Corc Buş ilə
görüşərək danışıqlar apardı.
İki ölkə rəhbərinin görüşünü
keçirmək barədə razılıq əldə edildi.
1990-cı
ilin may-iyun aylarında M.Qorbaçov ilə görüşdə
ABŞ prezidenti C.Buş Almaniyanın birləşməsinin zəruriliyini
və NATO-ya daxil olmasının vacibliyini sovet rəhbərinə
başa sala bildi. ABŞ-ın baxışına görə,
NATO-dan kənarda və nəzarətsiz qalan birləşmiş
Almaniya SSRİ üçün daha çox təhlükə
törədə bilərdi. Ona görə də SSRİ rəhbəri
birləşmiş Almaniyanın NATO üzvü olması təklifini
qəbul etdi. ABŞ isə öz növbəsində həmin
addımın SSRİ-nin milli təhlükəsizliyinə zidd
olmaması üçün tədbirlər həyata
keçirəcəyinə söz verdi.
Beləliklə,
iki ölkə arasında münasibətlərdə geniş əməkdaşlıq
dövrü başladı.
SSRİ -
ABŞ münasibətləri eyni zamanda körfəzdəki
hadisələrdə, İraqın Küveytə müdaxiləsinin
qarşısının alınmasında da özünü əməkdaşlıq
səviyyəsində göstərdi.
1990-cı
ilin iyun ayında SSRİ ilə ABŞ arasında Berinq dənizində
dəniz sahəsi xəttinin müəyyənləşdirilməsinə,
həmin il iyulun 31-də isə strateji hücum
silahlarının məhdudlaşdırılmasına dair
müqavilə imzalandı.
SSRİ -
ABŞ münasibətlərində baş verən bu hadisələr
bütün beynəlxalq münasibətlər sistemində
yeni bir səhifə açır, ümumavropa prosesinə
müsbət təsir edirdi. Belə ki, ATƏM
iştirakçısı olan dövlətlərin hələ
1986-cı ilin noyabrından 1989-cu ilin yanvarına qədər
keçirilən Vyana görüşündə üç əsas
məsələ üzrə irəliləyiş əldə
olundu: hərbi-siyasi; iqtisadi əməkdaşlıq; humanitar məsələlər
və insan hüquqları. Həmin görüşdə
etimad tədbirlərinə dair sənəd hazırlandı.
Bundan
sonra Avropa ölkələri ilə ikitərəfli münasibətlər
genişləndi. Fransa, Böyük Britaniya və İtaliya rəhbərləri
ilə keçirilən danışıqlarda
"Ümumavropa evi" ideyası irəli sürüldü:
Almaniyanın birləşməsi zərurətə
çevrildi.
Sovet rəhbərliyinin
80-ci illərin əvvəllərindən etibarən ABŞ -
Çin hərbi əməkdaşlığına imkan verməmək
üçün etdiyi bütün cəhdlər də iflasa
uğradı. SSRİ eyni sistemdə olmasına baxmayaraq, uzun
illər boyu düşmən olduğu Çin ilə
münasibətlərini normallaşdırmağa məcbur
oldu. İki ölkə arasında münasibətlərə
mane olan üç amil aradan qaldırıldı. Yəni
Çinin aşağıdakı şərtləri yerinə
yetirildi: SSRİ Cenevrə sazişinə uyğun olaraq Əfqanıstandan
qoşunlarını çıxardı; Kambocaya müdaxilə
etməyəcəyini bildirdi; Uraldan şərqə tərəf
ərazilərindəki silahlı qüvvələrinin
sayını azaltdı və ordu hissələrini Monqolustandan
çıxardı.
Beləliklə,
80-ci illərin ikinci yarısından etibarən SSRİ -
ABŞ münasibətlərində ciddi təkamül baş
verdi. SSRİ-nin getdiyi güzəştlər və kompromislərin
nəticəsində böhranlı vəziyyətdən
geniş dialoqa keçildi. İki sistem ölkələri
arasında münasibətlərdə mövcud olan
böhranlar aradan qaldırılsa da, Avropanın sosialist
ölkələrindəki mövcud sistemləri böhran
bürüdü. Yaranmış vəziyyətdə
SSRİ-nin həmin ölkələr üzərində təsiri
getdikcə zəifləyirdi. Belə bir şəraitdə
SSRİ - ABŞ münasibətlərində müzakirə
edilən başlıca məsələlərdən biri,
artıq qeyd edildiyi kimi, Avropanın sosialist ölkələrində
baş verən proseslər idi. Beynəlxalq münasibətlərdə
baş verən dəyişikliklər Avropanın sosialist
ölkələrindən də yan keçmədi.
Avropanın
sosialist ölkələrində vəziyyət. "Sanitar dəhlizi"nin
dağılması Bəlli olduğu kimi, soyuq müharibə
illərində Şərqi Avropa ölkələri "dəmir
pərdə" olan SSRİ ilə Qərb dövlətləri
arasında "sanitar dəhlizi" rolunu oynayırdılar.
Onlar SSRİ rəhbərliyinin hökmlərindən, təzyiqlərindən
uzun illər idi əziyyət çəkirdilər. Əslində
bu ölkələrdə sistemlər sovet yardımları ilə
mövcudluğunu qoruyub saxlayırdı. Avropanın sosialist
ölkələri ərazilərindəki SSRİ hərbi hissələri
onların suveren hüquqlarını məhdudlaşdırırdı.
Eyni
sosial-siyasi və ideoloji sistemdə olmalarına baxmayaraq,
sosialist ölkələri arasında dərin ixtilaflar hökm
sürürdü. 80-ci illərin sonlarından etibarən
dünyada baş verən dəyişikliklər bu ölkələrə
də təsir etdi. Onların xalqları SSRİ-yə xoş
münasibət bəsləmirdi. Bunu bilən SSRİ rəhbərliyinin
münasibətlərə mane olan amilləri aradan qaldırmaq
üçün müəyyən zamanlarda etdiyi cəhdlər
uğursuz nəticələnmişdi. Belə bir növbəti
cəhd Sov.İKP MK Siyasi Bürosunun 1986-cı il 26 iyun iclasında
edildi. Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun
sosialist ölkələri arasında mövcud olan
bütün maneələri aradan qaldırmaq üçün
təklifləri əks olunmuş qeydləri bu iclasda
müzakirə edildi. Qeydlərdə sosialist ölkələri
arasında əməkdaşlığı genişləndirmək
üçün tədbirlər nəzərdə
tutulmuşdu. Lakin heç də hər şey Mixail
Qorbaçovun qeydlərində yazıldığı kimi
olmadı. Dünyada və SSRİ daxilində baş verən
proseslərin təsiri altında həmin ölkələr
sosializmdən uzaqlaşmağa başladılar.
Proseslərin
sürətlə getdiyi ölkələrdən biri Polşa
idi. Polyak xalqı dinc yolla, qan tökmədən sosializmdən
imtina etdi.
Ölkədə
1988-1989-cu illərdə radikal islahat tərəfdarları qələbə
qazandılar. Qatı antisovet təşkilat olan "Həmrəylik"
("Solidarnost") leqallaşdırıldı. Baş verən
proseslərin təsiri altında ölkə rəhbəri
Voysex Yaruzelski istefaya getdi. "Həmrəylik" təşkilatının
rəhbəri Lex Valensa ölkə rəhbəri seçildi.
Polşa sosializm sistemindən qopan ilk ölkə oldu. Az sonra
Polşa hökuməti SSRİ-yə qarşı ərazi
iddiaları irəli sürərək 30-cu illərin
sonlarında işğal edilmiş ərazilərini tələb
etdi. Lakin 1990-cı il mayın 31-də keçirilən
Sov.İKP MK Siyasi bürosunun iclasında bu iddialar rədd
edildi.
Macarıstanda
da siyasi sistemin böhranı baş verdi. Mövcud sistemin
dağılması üçün siyasi, sosial və iqtisadi
baza çoxdan yaranmışdı. 1988-ci ilin mayında
Yanoş Kadar istefaya getdi. Əvvəllər rəhbərlikdən
uzaqlaşdırılmış adamlar vəzifələrə
qaytarıldılar. Çoxpartiyalı sistemə keçid
baş verdi. Bununla SSRİ onsuz da zəif olan mövqelərini
Macarıstanda tamamilə itirdi. Sovet qoşunlarının
ölkədən çıxarılma məsələsi
aktuallaşdı. 1990-cı il martın 9-da Sov.İKP MK Siyasi
Bürosu Macarıstandan sovet qoşunlarının
çıxarılması haqqında qərar qəbul etdi. Bu
isə ölkədəki bütün ictimai-siyasi vəziyyətə
ciddi təsir göstərdi.
Azad
seçkilər keçirildi. Macarıstanda sovet modelində
sosializm iflasa uğradı və yeni sistemə keçildi.
Dərin
dəyişikliklər Almaniya Demokratik Respublikasında da
başladı. Erix Honekkerin rəhbərlik etdiyi ADR-də
mövcud sistem böhrana düşdü.
Bu zaman
ABŞ prezidenti R.Reyqan Almaniyanın birləşdirilməsinin
və Avropanın bütövləşdirilməsinin vacib
olduğunu bildirdi. O, Almaniyanın parçalanmasının qəti
şəkildə əleyhinə olan dövlət xadimi idi.
Almaniyanın yenidən birləşməsi ideyası
1986-cı il iyulun 26-da AFR xarici işlər naziri Hans Ditrix
Genşerin Moskva səfəri zamanı Mixail Qorbaçov ilə
görüşündə qaldırıldı. Birləşmə
mövzusu tədricən AFR - SSRİ münasibətlərinin
çərçivəsini aşaraq ABŞ - SSRİ
münasibətlərinin gündəminə daxil oldu. Lakin
SSRİ rəhbərliyinin məsələyə
yanaşması xeyli ehtiyatlı idi.
1989-cu il
iyun ayında Mixail Qorbaçovun AFR-ə səfəri
zamanı Almaniyanın birləşdirilmə məsələsinin
mümkünlüyü bəlli oldu. Səfərdən az
sonra Macarıstan Avstriya ilə sərhədini açdı.
Bundan sonra ADR vətəndaşlarının qərbə
qaçması kütləvi xarakter aldı. Lakin mühacirət
etmək istəməyənlər də var idi. Onlar ölkə
daxilində dəyişikliklər tələb edirdilər.
Xalqın tələbləri qarşısında E.Honekker
istefaya getdi. ADR-də sosializm sistemi iflasa uğradı.
Belə
bir şəraitdə iki Almaniyanın birləşdirilmə məsələsi
daha kəskin şəkil aldı. Alman xalqı birləşməni
daha qəti surətdə tələb etməyə
başladı. Bu, beynəlxalq münasibətlərin aktual məsələsinə
çevrildi. Artıq qeyd edildiyi kimi, 1989-cu il dekabrın 2-3-də
Maltada Sovet-Amerika görüşündə müzakirə
edilən əsas mövzu Almaniyanın yenidən birləşdirilməsi
oldu. M.Qorbaçov Almaniyanın yenidən birləşdirilməsinin
vacibliyini başa düşdü. ABŞ rəhbərliyi birləşmə
üstündə SSRİ-nin müharibəyə
başlamayacağına tam əmin oldu. Həmin
görüşdən az sonra, dekabrın 9-da Berlin divarı
dağıdıldı. Almaniya dinc yolla, qan tökülmədən
xalq tərəfindən birləşdirildi. Beləliklə,
iki Almaniyanın birləşməsi faktik olaraq baş verdi.
Lakin birləşməni hüquqi cəhətdən rəsmiləşdirmək
lazım idi.
Bu məsələnin
həllində SSRİ rəhbərliyinin mövqeyi ciddi rol
oynadı. 1990-cı il yanvarın 2-də Sov. İKP MK Siyasi
Bürosunun iclasında Şərqi Avropa ölkələrində
vəziyyət və SSRİ-nin mövqeyi müzakirə
edildi. Bu ölkələrdə baş verən hadisələr
Sovet İttifaqının təhlükəsizliyi
baxımından qiymətləndirildi.
Yeni
yaranmış hakimiyyət strukturları ilə əməkdaşlıq
barədə qərar qəbul edildi. Artıq Almaniyanın birləşdirilməsinə
mane olan qüvvə mövcud deyildi.
Beynəlxalq
diplomatiya səhnəsində Almaniyanın yenidən birləşməsi
1990-cı ilin fevralında real cizgilər almağa
başladı. 1990-cı il iyulun 1-də ADR və AFR
arasında hər iki ölkənin parlamentləri tərəfindən
bəyənilmiş valyuta, iqtisadi və sosial ittifaq
haqqında dövlət müqaviləsi imzalandı.
Yaranmış
yeni şəraiti və növbəti addımları
müzakirə etmək üçün 1990-cı il iyulun
15-16-da AFR kansleri Helmut Kol, Mixail Qorbaçov, Hans Ditrix
Genşer və Eduard Şevardnadze Stavropol diyarının
Arxız rayon mərkəzində görüşdülər.
Danışıqlarda Almaniyadan sovet qoşunlarının
çıxarılma məsələsi müzakirə edildi.
SSRİ rəhbərliyi Almaniyadan çıxarılan
qoşun hissələrinin yerləşdirilməsi
üçün 20 milyard alman markası tələb edirdi.
Alman tərəfi 15 milyard marka və əlavə olaraq 5
milyard marka kredit verməyə razılaşdı. Həmin
görüşdən bir müddət sonra, avqustun 31-də
ADR ilə AFR arasında Almaniyanın birləşdirilməsi
haqqında müqavilə bağlandı. M.Qorbaçov ADR ərazisindən
sovet hərbi hissələrinin
çıxarılacağını bəyan etdi. Lakin sovet
qoşunları bir qədər gec, yalnız 1994-cü ildə
Almaniyadan çıxarıldı.
Almaniyanın
birləşmə məsələsinə dair 1990-cı ildə
keçirilən 2+4 (AFR, ADR, ABŞ, SSRİ, Böyük
Britaniya, Fransa) görüşündə alman xalqının
təbii tarixi istəklərinin yerinə yetirilməsi zəruri
hesab edildi. Sentyabrın 12-də Almaniya məsələsinin tənzimlənməsinə
dair sənəd imzalandı. Həmin müqavilə 1991-ci il
martın 15-də qüvvəyə mindi. İki Almaniya
arasında imzalanan müqaviləni hər iki ölkənin
parlamenti sentyabrın 29-da təsdiq etdi. Sənəd
oktyabrın 3-də qüvvəyə mindi. Beləliklə, ADR
dinc yolla AFR-ə qatıldı. Bununla da Almaniyanın
parçalanması qan tökülmədən aradan
qaldırıldı.
Avropa
bütövləşdi. Qitədə və dünyada yeni bir
şərait yarandı.
Dünyada
gedən proseslər Avropanın digər sosialist ölkələrindən
də yan keçmədi. 1989-cu ilin noyabrında baş verən
"məxməri inqilablar" nəticəsində
Çexoslovakiya və Bolqarıstan sosializmdən imtina etdilər.
Yeni cəmiyyətə
keçid Rumıniyada ağrılı oldu. Ölkəni
bürüyən nümayişlər nəticəsində
Nikolae Çauşesku devrilərək həyat yoldaşı
ilə birlikdə güllələndi. Hakimiyyətə Milli
Qurtuluş Cəbhəsinin (MQC) lideri İon İliesku gəldi.
Buxarest
hadisələrində sovet vətəndaşlarının həyatı
təhlükə altına düşdü. Sov.İKP MK Siyasi
Bürosunun 1989-cu il 23 dekabr iclasında Rumıniyada
yaranmış vəziyyət müzakirə edildi. Qəbul
edilən qərarda baş verən hadisələrdən
narahatlıq ifadə olunurdu. İlk növbədə
Rumıniya MQC rəhbəri İon İliesku ilə birbaşa
əlaqə yaratmaq qərara alındı. Yaranmış vəziyyətə
dair SİTA bəyanat verdi. Bir müddət sonra sovet hökuməti
bəyanat verərək rumın xalqı və Rumıniya MQC
ilə həmrəy olduğunu bildirdi. SSRİ hökuməti
Nikolae Çauşeskunu təltif olunduğu bütün sovet
orden və medallarından məhrum etdi.
Dəyişikliklər
sosialist ölkəsi olan Albaniyada da oldu. Albaniya
özünütəcrid vəziyyətindən
çıxdı. Azad bazar iqtisadiyyatı yolunu tutdu.
Beləliklə,
80-ci illərin sonu - 90-cı illərin əvvəllərində
Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində
keyfiyyətcə yeni şərait yarandı. Kommunist rejimləri
devrildi. Demokatiyaya keçid baş verdi.
Qarşılıqlı İqtisadi Yardım Şurası
dağıldı. Qərbi Avropa ölkələri
qonşuların tədricən bazar iqtisadiyyatına keçmələrinə
kömək etmək məqsədi ilə 1990-cı ilin
aprelində Avropa Bərpa və İnkişaf Bankı
yaratdılar.
Avropanın
müharibədən sonrakı bütün simasını dəyişən
həmin proseslər 1990-cı il noyabrın 19-21-də ATƏM
üzvü olan ölkələrin nümayəndə heyətlərinin
Paris zirvə görüşündə təsbit edildi. Zirvə
görüşündə ATƏM üzvü olan ölkələrin
dövlət və hökumət başçıları əməkdaşlıq
və dostluq sahəsində yeni münasibətlər qurmaq
niyyətlərini elan edən birgə bəyannamə
imzaladılar. Yeni Avropa üçün Paris xartiyası qəbul
edildi. Həmin sənəd təşkilat üzvləri
arasında münasibətlərin Helsinki prinsiplərini bir
daha təsdiq edərək bütün ATƏM
iştirakçılarının çoxtərəfli əməkdaşlıqda
maraqlı olduğunu göstərdi. Müşavirə
iştirakçılarının müntəzəm siyasi məsləhətləşmələrinin
keçirilməsinin və ümumavropa
qarşılıqlı fəaliyyətinin daimi
strukturlarının yaradılmasının zəruriliyi etiraf
edildi. Müşavirədə ümumavropa prosesinin əsas
istiqamətləri müəyyənləşdirildi. Növbəti
zirvə görüşünü 1992-ci ildə Helsinkidə
keçirmək qərara alındı. Paris müşavirəsi
Avropadakı dövlətlərarası münasibətlərdə
parçalanma və qarşıdurma dövrünün
başa çatdığını, yeni dövrün
başlandığını göstərdi, qitədə təhlükəsizliyin
yeni təməllərini yaratdı. Xartiya Avropa xalqları
üçün ümumi dəyərlərə - demokratiya,
insan hüquqlarına hörmət, azad bazar iqtisadiyyatı və
qanunun aliliyinə əsaslanırdı.
Paris
görüşündə Avropada adi silahlı qüvvələrin
ixtisarına dair müqavilə imzalandı. Sənədə əsasən,
SSRİ üçün silahların azaldıldığı
zonaya Ural dağları, Ural çayı, Xəzər dənizindən
qərbə tərəf bütün ərazilər daxil
edilirdi.
(Ardı var).
Musa Qasımlı,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru, professor
Ayna.- 2011.- 25 iyun.- S.19.