Kamança ifaçısı Elman Bədəlov anılır

 

O həm də riyaziyyat müəllimi olub

 

Hər il iyunda - mərhum sənətkar, əməkdar artist Elman Bədəlovun həm doğum, həm də dünyasını dəyişdiyi ayda onun xatirəsi ailə üzvləri və onu tanıyanlar, unudulmaz ifalarını yüksək qiymətləndirənlər tərəfindən anılır. Kamança ifaçısı məhz bu günkü tarixdə dünyasını dəyişib. İndi onun ölümündən 21 il ötüb. Onun sənəti, xatirəsi bu gün dostlarının, ailə üzvlərinin yaddaşında, bir də bənzərsiz lent yazılarında yaşanır. Onun kamançasında dillənən "Bayatı-Şiraz", "Dilkəş", "Şüştər" və bəstəkar əsərləri Elman Bədəlovun ismini milli musiqi tarixinə yaza bilib.

Elman müəllim Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, Teleradio xalq çalğı alətləri orkestrində çalışıb. Onun kamançasının səsi uzaq ölkələrin səhnəsindən də eşidilib. Bir çox olimpiadalarda, festivallarda iştirak edib.

Mahir kamança ifaçısının həm də riyaziyyat müəllimi olmasını desək, yəqin, bilməyənlərə təəccüblü gələr. Böyük Vətən müharibəsindən sonrakı illərdə fəaliyyət göstərib, sonra bir müddət işinə fasilə verib. Ağdam Dövlət Dram Teatrında musiqiçi kimi çalışmaqla yanaşı, Ağdam Musiqi Məktəbində 1957-ci ilə qədər dərs deyib. Bu, o zaman idi ki, Elman Bədəlov çıxışı ilə fərqləndiyi respublika müsabiqəsində böyük sənətkarların diqqətini cəlb etmişdi. Məhz bunun nəticəsi olaraq doğulub boya-başa çatdığı Ağdamla sağollaşıb Bakıya gəlmişdi. Elə o gələn olub, taleyini birdəfəlik Bakıya bağlayıb. Bakıda keçən 34 illik müddətdə onun dəyişməz iş yeri sayılan Azərbaycan Televiziyasının xalq çalğı alətləri orkestrində bir-birindən gözəl ifalar edib. Həmin illərin xeyli hissəsi milli teleradionun qızıl fondundadır. Hərdən efirdə o günlərə şahidlik edən lentlər göstərilir, səsləndirilir.

Dahi Üzeyir Hacıbəylinin yaratdığı, ölməz Səid Rüstəmovun uzun illər rəhbərlik edib formalaşdırdığı xalq çalğı alətləri orkestrində 25 il sərasər çalışandan, uşaq musiqi məktəbində yoruldum demədən dərs deyəndən sonra Elman Bədəlov Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

 

 

Z.Rəhimqızı   

 

Ayna.- 2011.- 25 iyun.- S.20.