Sərxan Sərxan: "Səhnə mədəniyyəti yoxdur"

 

Özünü Bakıda "görə bilmədiyinin" səbəbləri çox düşündürücüdür

 

Moskvada yaşayan azərbaycanlı gitaraçı, Rusiyanın və Azərbaycanın əməkdar artisti Sərxan Sərxan arabir Bakıya gəlir. Amma əksərən - "səssiz". Ondan bir sənət xəbəri eşitmək mümkün olmur. Budəfəki gəlişi də hər hansı layihə ilə bağlı deyil, sadəcə, yaxınlarına baş çəkməyə gəlib. Deyir ki, burada hər şey çox dəyişib və özünü Bakıda ancaq bir qonaq kimi görür. Buranın səhnəsinin ona heç uyğun gəlmədiyini, özünü burada yad hesab etdiyini sözlərinə əlavə edir. Bunun səbəbini soruşuruq:

- Çünki buradakı müğənnilərin hamısı ancaq toy mədəniyyətinə malikdir. Məndə isə səhnə mədəniyyətidir. Sözün düzü, bu məsələdə təkcə bizim yazıq müğənniləri qınamaq düzgün deyil. Bəlkə də onlar səhnə mədəniyyətini istəyərdilər, ancaq səhnə tapa bilmirlər... Puldan ötrü ancaq toy səhnəsində olurlar. Səhnə mədəniyyəti yoxdur, olan da artıq ölüb. Mənim mədəniyyətim isə toy mədəniyyəti ilə uyğun gəlmir. Ona görə də özümü burada heç görmür və buranın atmosferini özümə yad hesab edirəm.

- O zaman heç Azərbaycan toylarının səviyyəsi ilə də razı deyilsiniz...

- Bəli, razı deyiləm. Ona görə ki, adət-ənənə itib, heç kim bir-birinə qulaq asmır

Şəhər əhalisi, ziyalılardan ibarət toy olanda qonaq kimi iştirak edirəm və beş mahnı oxuyub gedirəm. Moskvada da toylar, yubileylər olur və məni çağırırlar. Ancaq Moskvadakı mərasimlərdə daha çox ziyalılar olur. Burada mən qonaq kimi toya getmişdim, gördüklərim məni təəssüfləndirdi. Fikir verdim ki, heç kəs müğənniyə qulaq asmır, səsə qulaq asmır ki, görək bu nə oxuyur, necə oxuyur. Çox qəribədir ki, müxtəlif səbəblərə görə Bakıdan Moskvaya gedən azərbaycanlılar müğənniyə diqqətlə qulaq asırlar. Bu da bir mədəniyyətdir, tamaşaçı mədəniyyəti...

- Azərbaycandan kənarda Azərbaycan üçün heç darıxmırsınız?

- Darıxıram, niyə darıxmıram ki. Ancaq özümü görmürəm burada. Həmişə düşünürəm ki, görəsən Bakıya qayıtsam, burada nə ilə məşğul olacağam ki? Dedim axı, bura çox dəyişib. Bakıda 15 il əvvəlki mədəniyyət yoxdur, səhnə yox, o insanlar yox...

- Məhz bütün bunlar Sizi Azərbaycandan uzaqlaşdırır...

- Bəlkə də. Öz sənət yolumu Moskvadan başlamışam. Moskvada populyar olub buraya gəlmişəm. Əvvəl heç bilmirdilər ki, Bakıda Sərxan adında müğənni var. Ancaq biləndən sonra, yəni Moskvada məşhurlaşandan sonra nazirlikdən göstəriş verildi ki, bəs niyə Sərxan orada çalışır, gəlsin Azərbaycana, burada çalışsın. Sərxanın yanında Azərbaycanın adı olması da çox ağıllı düşünülmüş, reklam qazanmaq üçün yaxşı addım idi. Ölkəni həmişə idmançı sənətçi reklam edir. O zamanlar mən Bakıda çox konsertlər verirdim. Yaşıl Teatrda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, qəsəbələrdə konsertlər verirdim. Məndən çox konsert verən olmayıb.

- Deməli, Azərbaycana birdəfəlik gəlmək fikriniz yoxdur.

- Tutaq ki, birdəfəlik gəldim. görəcəyəm, işlə məşğul olacağam. Bəlkə lap qocalanda, artıq əldən düşəndə gəlib burada yaşamağa qərar verdim.

- Bəs o zamana kimi sizi qane edəcək bir atmosfer yaransa necə?

- Nəyə lazımdır yeni atmosfer? Belədir, belə olub, belə qalsın. Guya mən olmayanda olur ki?

- Moskvada konsert proqramlarınız, çıxışlarınız olurmu? Qastrol səfərlərinə gedirsiniz?

- Əlbəttə, silsilə konsertlərim təşkil olunur. Müxtəlif ölkələrdə, eləcə Rusiya şəhərlərində konsertlər verirəm. Xaricdəki konsertləri ruslar özləri təşkil edir.

- Azərbaycanda konsert təklifi alsaydınız, hansı Azərbaycan sənətçisi ilə səhnəni bölüşmək istərdiniz?

- Brilyant Dadaşova ilə... Onda səhnə mədəniyyəti ilə yanaşı, həm gözəl səs var. Yəni hərtərəfli istedaddır. Qısaca - əsl musiqiçidir. İndi dəbə uyğun o qədər təzə müğənnilər çıxıb ki. Düzdür, o da olmalıdır, çünki tələbat var. Burada konsert vermək üçün heç konsert salonu da yoxdur. Bir Heydər Əliyev Sarayı ilə iş düzəlmir. Moskvada konsert təşkilatları var, çoxsaylı salonlar var. Əsas odur ki, orada konsert mədəniyyəti var.

- Yeni müğənnilərdən kimləri tanıyırsınız?

- Əslində maraqlanmıram, heç tanımıram da. Yeniləri çoxdur, qoy olsunlar, amma gərək bir-birini didməsinlər , yeməsinlər.

- Deməli, estrada qalmaqalları sizi narahat edir?..

- Əlbəttə, narahat etməməsi mümkün deyil. Çünki bura Azərbaycandır bütün bunlar Azərbaycan mədəniyyətində, estradasında baş verir. Bilirsiniz səbəbi nədir? Paxıllıq, aldıqları qonorar, toyların sayı. Çox gülməlidir.

- Bəs Azərbaycana gələndə hansı sənətçi ilə əlaqə saxlayırsınız?

- Ancaq Cavan Zeynallıya zəng edirəm, görüşürük, söhbət edirik. Onunla məhəllə uşağıyıq. Söhbətimizdə nostalji hisslər üstünlük təşkil edir. Başqa heç kəslə görüşmürəm.

- Bu gün müxtəlif ölkələrdə konsertlərlə çıxış edən, Moskvada yaşayan azərbaycanlı Sərxan getdiyi hər yerə Azərbaycanın adını da özü ilə aparırmı?

- Əlbəttə, aparıram. Mən Sovet Azərbaycanının əməkdar artistiyəm. Doğrudur, indi o dövlət yoxdur, amma özümü necə təqdim edə bilərəm, axı indiki dövlətin adı məndə yoxdur. Məndə olan ancaq 1986-cı ildə aldığım bu addır. İndiki zəmanədə ümumiyyətlə fəxri ada ehtiyac da yoxdur, çünki bu gün buna o qədər də önəm verilmir. O dövr keçdi-getdi. O zamanlar əməkdar artist adını almaq çox çətin idi. Mənim heç xəbərim də yox idi ki, mən bu adı almışam, öz adımı qəzetdən oxudum. O zaman heç nə indiki kimi deyildi. Çox insan, elə müğənnilər də Azərbaycandan çox şey umur. Ancaq mən qətiyyən heç nə ummuram, əksinə, hesab edirəm ki, mən özüm Azərbaycana nəsə verməliyəm. Yeni mahnılar, yeni yaradıcılıq uğurları...

- Düşüncə tərziniz buradakı həmkarlarınızdan çox fərqlənir. Yəni konsertlərdə, yaxud toylarda iştirakınız zamanı sizə veriləcək qonorarla maraqlanmırsınız?

- Yox, maraqlanmıram, çünki mənə maraqlı deyil. Sovet vaxtında mənim qonorarlarım çox böyük olub. Əgər orta maaş 20 rubl idisə, mən 6 min rubla yaxın qonorar alırdım. Ancaq mən o vaxt da özümü dövlətli saymırdım və o qədər çox əmək haqqı aldığım üçün utanırdım. Toylardan yox, ancaq konsertlərdən bu pulu alırdım. O vaxtlarda konsertlərim çox idi. Amma deyim ki, indi qonorarın çox yüksək olanı da, ortabab olanı da var. Həyatım boyu belə şeylərə fikir verməmişəm və elə indi də fikir vermirəm. Şəxsən mənim üçün ən böyük qonorar tamaşaçının diqqəti alqışlarıdır.

- Sizcə, buradakıların naqis düşüncə tərzi nədən qaynaqlanır?

- Acgözlükdən. Başqa nə ad verə bilərəm. Əsl sənətkar sənətdən başqa heç nə fikirləşməməlidir. Onu nə maşın, nə də ev maraqlandırmalıdır. Mənə Moskvada deyirlər ki, "maşınını dəyiş". Ancaq dəyişmirəm. Maşını seçəndə eləsini seçirəm ki, gözə görünməsin, mənə əziyyət verməsin, maşının qulu olmayım. Maşın mənim qulumdu. Səhnəyə çıxmaqla mənliyimi bildirirəm, mənim seçimim - sadəlik, sadəlik yenə sadəlik...

- Estrada müğənnisinə hansı xüsusiyyətlər vacibdir?

- Boylu-buxunlu olmalıdır, əsas isə sənəti olmalıdır. İndi səhnə yoxdur axı, səhnə müğənnisi olsun. O vaxtlar səhnənin tələbləri var idi, toyun isə tələbləri yox idi. Toy səhnəsində biabırçılıq az görünsün deyə alçaq boylu olmaq daha yaxşıdır.

- Sonuncu səfərinizdə üçüncü dəfə evlənmək istəyinizi bildirmişdiniz. Axtardığınızı tapa bildiniz?

- Axtarmaq lazım deyil, tale özü gətirəcək. Ya səni onun qarşısına, ya da onu sənin qarşına çıxaracaq.

- Demək, hələ tapmamısınız...

- Rast gəlməyib desək, daha düzgün olar. Çətin məsələdir... Çox heyf ki, ömür o qədər uzun deyil. Beş-altı ömür olsaydı, çox yaxşı olardı hər şeyi çatdırardıq. Rast gəlməməsinin səbəbləri var. Axı mən burada az oluram. Gərək harasa gedəsən, kimsə səni, sən onu görəsən, bəyənəsən.

- Yaşınızdan çox cavan görünmənizin sirri varmı?

- Əlbəttə, var. Bunun əsas sirri münasibətdir. Mənim tamaşaçılara səmimi münasibətim. Əgər mən qonorar məsələsini fikirləşsəydim, saçım ağappaq olacaqdı, ürəyim ağrıyacaqdı, tez əldən düşüb qocalacaqdım. Mən özümü bu baxımdan çox xoşbəxt hesab edirəm. Gör necə xoşbəxtlikdir ki, səndə belə imkan var ki, insanların qarşısında iştirak edəsən, onların sevgisini qazanasan. Ondan başqa sənə hələ pul verirlər. Heç verməsələr , sən onsuz da xoşbəxtsən. Bu sənətə çox böyük məhəbbətlə məhz sənətə görə gəlmişəm, daha qonorara görə yox. Bütün bunlar da insanı cavan saxlayır. Həm axı mənim içimdə paxıllıq yoxdur. Paxıllıq hissi insanı tez qocaldır. Bilirsiniz, insan qədər ucalsa da, yüksəklərdə olsa da, hər zaman düşünməlidir ki, hələ heç eləməyib. Bu da insanın cavan qalmasına kömək edir. zaman ki, insan elə bilir ki, artıq hər şey edib, yüksəkdədir, hamıya yuxarıdan aşağı baxır, özünü hamıdan üstün tutur, bax o zaman tez qocalır.

- Eşitmişik ki, Moskvada özünüzə qurmusunuz.

- Bu barədə heç zaman düşünməmişəm, heç düşünmərəm . Bu, sənətimə , özümə xəyanət olardı. Bir tikə çörəyim var, mən niyə başqa işlə ya bizneslə məşğul olmalıyam? Mənim münasibətim belədir. Yoxsa Bakıda baxırlar ki, kim hansı maşında gəldi, kim hansı evdə yaşayır, kimin villası çoxmərtəbəlidir. İnsan özü-özünü təqdim etməlidir, daha maşınla, evlə yox.

- Rusiya səhnəsində dostluq etdiyiniz, əməkdaşlıq etdiyiniz sənətçilər varmı?

- Aleksandr Qradski, Vyaçeslav Malejik, Sofiya Rotaru, Larisa Dolina başqaları. Ümumiyyətlə, orada dostlarım əsasən köhnələrdir, yeniləri ilə dostluq münasibətim yoxdur. Orada tez-tez konsertlərdə görüşürük. Larisa Dolina ilə birgə tez-tez konsertlərdə iştirak edirik. Bu işbirliyi hələ davam edir.

 

 

Xatun   

 

Ayna.- 2011.- 5 mart.- S.21.