Müdafiə və Təhlükəsizlik sektorunda baş verib? (16-28 fevral)

 

"SNT" əlavəsi çərçivəsində ənənəvi olaraq ötən dövrdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən hadisələri diqqətinizə çatdırırıq.

16 fevral. ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında artan gərginlik təşviş yaradır: "ATƏT Minsk Qrupu həmsədrlərinin bu uzanan münaqişənin nizamlanmasında daha fəal iştirakları və rolu saxlanacaq. Mən münaqişə tərəflərini snayperlərin təmas xəttindən dərhal çıxarılması da daxil olmaqla, etimadı möhkəmləndirməyə və ATƏT-in monitorinq fəaliyyətinin davamına dəvət edəcəyəm".

16 fevral. Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib ki, Gürcüstanın yeni təhlükəsizlik konsepsiyasında Rusiya Gürcüstanın düşməni kimi göstərilməyəcək.

16 fevral. SAM-ın məlumatına görə, prezident İlham Əliyevin 21 yanvar tarixli sərəncamına əsasən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyev tutduğu vəzifəsindən azad edilib. Elxan Nuriyev 2008-ci il fevralın 8-də SAM direktoru vəzifəsinə təyin edilmişdi.

16 fevral. Ermənistan Konstitusiya Məhkəməsi Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalma müddətinin 49 ilə qədər uzadılması barədə dövlətlərarası müqaviləni təsdiqləyib.

16 fevral. DİN Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovniki Sabir Quliyevə Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilib.

18 fevral. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 18-də Füzuli-Horadiz yolu yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.

18 fevral. Azərbaycan Sərhəd Qoşunları üçün Beyləqanda ikinci aerodromun tikintisinə başlanıb. Səngəçal qəsəbəsində Sərhəd Qoşunlarının aerodromu var.

18 fevral. Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib. Nazirliyin mərkəzi aparatında aparılmış kadr dəyişiklikləri ilə əlaqədar olaraq, yeni üzvlər kimi kollegiyanın tərkibinə Üzeyir İsmayılov (aparatın rəhbəri), Məmmədsaleh Əliyev (müdafiə təyinatlı məmulatların yaradılma şöbəsinin müdiri) və Vəli Fətəliyev (mülki məmulatlar istehsalı şöbəsinin müdiri) daxil edilib.

19 fevral. FHN-də 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

19 fevral. Şirvan, Hacıqabul, İmişli, Kürdəmir və Ağstafa rayon hərbi komissarları tutduqları vəzifədən azad olunublar.

19 fevral. Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "ABŞ-ın Cənubi Qafqaz və Xəzərlə bağlı strategiyası" mövzusunda keçirilən konfransda çıxış edərək bildirib ki, Cənubi Qafqazda hərbi risk olmasa da, siyasi qarşıdurma riski qalmaqdadır".

20 fevral. Şəmkir korpusuna daxil olan "N" saylı hərbi hissədə 7 hərbçinin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Faktla bağlı CM 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin başvermə şəraiti və səbəblərini araşdırmaq üçün zəruri təxirəsalınmaz istintaq həyata keçirilir.

20-24 fevral. Əbu-Dabidə (BƏƏ) 10-cu IDEX-2011 beynəlxalq silah sərgisi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi müəssisələrində istehsal olunan 71 adda müdafiə təyinatlı məhsul nümayiş etdirilib. MSN stendində Azərbaycanın "Paramout Grour" şirkətinin lisenziyası ilə istehsal etdiyi "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri də nümayiş olunub. Sərgiyə MSN IST-14,5 "Istiqlal" snayper tüfəngini, 60 mm çaplı minaatan, 107 mm çaplı reaktiv mərmi, təlim bombası, Seysmik Mine Füze ("Qığılcım") sistemi s. daxil olmaqla 71 adda məhsul (bəziləri əyani şəkildə, bəziləri - broşur kataloq formasında) çıxarmışdı. Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalov, müdafiə naziri Səfər Əbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev başqaları təmsil edirdi.

21 fevral. ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsi bölgəsində təmas xətti boyunca atışmaların davam etməsi kiçikmiqyaslı hərbi əməliyyatlar riskini artırır.

22 fevral. Milli Məclisdə Azərbaycan Silahlı Qüvvələrində kütləvi insan ölümü ilə nəticələnmiş insidentlə bağlı müzakirə keçirilib. MM Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc jurnalistlərə açıqlamasında deyib ki, Müdafiə Nazirliyi prezidentin korrupsiya və rüşvət hallarına qarşı tədbirlərlə bağlı tapşırıqlarını hələ də müzakirə etməyən yeganə qurumdur.

22 fevral. Ermənistan KİV-inin məlumatına görə, martın 10-da Ermənistan parlamentində Silahlı Qüvvələrdə vəziyyət və ordunun intizam nizamnaməsilə bağlı qanun layihəsinə dair dinləmələr keçiriləcək.

22 fevral. Gorusda (Ermənistan) yerləşən hərbi hissələrdən birində baş vermiş insident nəticəsində yaralanmış 1 hərbçi hospitala yerləşdirilib.

22 fevral. Prezident İlham Əliyevin qərarı ilə fevralın 20-də Azərbaycan Silahlı Qüvvələrinin insident baş vermiş hərbi birləşməsinin komandiri Çingiz Şəfiyev vəzifəsindən azad olunub. Onun hərbi rütbəsi bir pillə aşağı endirilib. Ç. Şəfiyevin yerinə hərbi birləşmənin komandiri vəzifəsinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin olunub.

23 fevral. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, itkin düşən 4049 Azərbaycan vətəndaşının 800-dən çoxu ermənilərin əlindədir.

23 fevral. Prezident İlham Əliyev FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə döyüş bayrağı təqdim edib.

23 fevral. Prezident İlham Əliyev bu gün Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Hamad Kalkaba Malboumu qəbul edib.

25 fevral. ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronius Ajubalis Dağlıq Qarabağda vəziyyətin pisləşə biləcəyindən narahat olduğunu bəyan edib. Qurum sədri bu bəyanatı Vyanada öz işinə başlayan ATƏT Parlament Assambleyasının qış sessiyasının açılışında bildirib. "Mən Dağlıq Qarabağda vəziyyətin pisləşə biləcəyindən narahatam. Təmas xəttində itkilərin sayı artan templə gedir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu Minsk Qrupu həmsədrlərinin iştirakının fəallaşdırılması ilə qorunub saxlanacaq. Biz münaqişə tərəflərini və ATƏT-in iştirakçı ölkələrini etimadın və ATƏT-in monitorinq qrupunun fəaliyyətinin möhkəmləndirilməsi üçün müxtəlif variantda tədbirləri nəzərdən keçirməyə çağırırıq",- deyə ATƏT-in fəaliyyətdə olan sədri Audronius Ajubalis bildirib. ATƏT sədri qeyd edib ki, münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə etmək üçün martın ortalarında Cənubi Qafqaz regionuna səfər edəcək.

25 fevral. "ARMS-TASS" agentliyi xəbər verib ki, Rusiyanın "Rosvertol" şirkəti Azərbaycana 24 ədəd "Mi-35M" döyüş helikopteri satmaq barədə müqavilə bağlayıb. Şirkətin baş direktoru Boris Slyusar müqavilənin detalları barədə məlumat verməyib, ancaq bildirib ki, onlar helikopterləri müqavilədə göstərilən müddətdə ünvana çatdıracaqlar. Azərbaycan "Rosvertol"un ötən il ən çox döyüş helikopteri satdığı ölkədir.

25 fevral. Prezident İlham Əliyevin sərəncamına əsasən FHN Su Ehtiyatları Dövlət Agentliyi yaradılacaq. Nazirlər Kabinetinə iki ay müddətində FHN Su Ehtiyatları Dövlət Agentliyinin Əsasnamə layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi həvalə olunub.

26 fevral. 19 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum edib. 63 uşaq, 106 qadın, 70 qoca qarı olmaqla, 613 nəfər vəhşiliklə qətlə yetirilib.

28 fevral. Bakı hərbi birləşməsinin komandiri vəzifələrinin icrası hərbi birləşmənin qərargah rəisi polkovnik Nazim Hüseynova həvalə olunub. Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrayılov isə həmin birləşmədə komandirin müavini vəzifələrinin icrasına buraxılıb.

28 fevral. Azərbaycanın İST 14.5 ("İstiqlal") snayper tüfəngi (İST 14.5 Anti Material Rifle) dünya atıcı silahları kataloquna daxil ediləcək. Artıq silahın texniki göstəriciləri və digər zəruri məlumatlar kataloqu hazırlayan "Janes" şirkəti tərəfindən götürülüb.

28 fevral. Müdafiə Nazirliyi mətbuat xidməti SQ hərbi qulluqçularının iştirak edəcəyi beynəlxalq tədbirləri açıqlayıb:

01 mart - 30 iyul. Azərbaycan - ÇXR ikitərəfli əməkdaşlıq proqramına əsasən Pekində (ÇXR) "Milli Hərbi Təhlükəsizlik və idarəetmə kursu".

01 mart - 30 iyul. Azərbaycan - ÇXR ikitərəfli əməkdaşlıq proqramına əsasən Şiçzyaçjuanda (ÇXR) Xüsusi təyinatlı bölmə komandirləri kursu.

01-15 mart. FTP-dən əlavə olaraq Vaşinqtonda (ABŞ) Orta və icraçı səviyyəli əməkdaşlar üçün "İcraçı seminar".

06-10 mart. Malmoda (İsveç) Neft axıntısı hallarının qarşısının alınması.

07-11 mart. Ştrausberqdə (Almaniya) Azərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən "Silahlı Qüvvələr demokratiya şəraitində" mövzusunda seminar.

07 mart-09 iyul. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Murredə (Pakistan) MTT üzrə Qərargah kursu.

07-11 mart. FTP-dən əlavə olaraq Narlıtəpədə (İzmir, Türkiyə) Təbii fəlakətlərdə humanitar yardım əməliyyatları kursu.

07-16 mart. Spiezdə (İsveçrə) SNT dövlətləri üçün Kütləvi İnformasiya vasitələri və İctimai əlaqələr üzrə təməl kurs.

07-25 mart. FTP-dən əlavə olaraq Hamburqda (Almaniya) FTP-dən əlavə BMT hərbi müşahidəçiləri kursu.

07-10 mart. Avstriya Hərbi Attaşesinin Bakıya səfəri.

08-09 mart. AFR Hərbi Attaşesinin Bakıya səfəri.

08-09 mart. İtaliya Hərbi Attaşesinin Bakıya səfəri.

08-12 mart. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Karaçidə (Pakistan) "Amman 11" təlimlərində iştirak.

09 mart - 22 noyabr. Azərbaycan-ABŞ planına əsasən Sam Antonioda (ABŞ) Səhra Artilleriyası təməl kursu.

09 mart 2010 - 17 iyun 2012. Azərbaycan-ABŞ planına əsasən San-Antonioda (ABŞ) HDQ Komanda Qərargah Akademiyasında təhsil.

14-18 mart. Ankarada (Türkiyə) Kiber-terrorizm kursu.

14-16 mart. Azərbaycan-Polşa ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda İkitərəfli hərbi əməkdaşlıq üzrə məsləhətləşmələr.

14-17 mart. Qarmiş-Partenkirxendə (AFR "Elmi Xəstəliklərə nəzarət üzrə icmal konfransı".

 

 

Ayna.- 2011.- 5 mart.- S.9-10.