İsmayıl Şıxlının xatirə lövhəsi açılır

 

Martın 7-də saat 12:00-da xalq yazıçısı İsmayıl Şıxlının vaxtilə yaşadığı binada (Üzeyir Hacıbəyov, 27, Hökumət evi ilə üzbəüz) xatirə lövhəsinin açılışı olacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi və Yazıçılar Birliyinin rəhbərliyi ilə yanaşı, tanınmış ədəbiyyat və sənət adamları, ziyalılar, KİV nümayəndələri və yazıçının qohumları iştirak edəcək.

İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatının parlaq simalarından biridir. Yazıçının məşhur "Dəli Kür" romanı və roman əsasında çəkilmiş eyniadlı film onu milyonların sevimlisinə çevirmiş, həm ədəbiyyat, həm kino ictimaiyyəti arasında böyük qələm sahibi kimi şöhrətləndirmişdir.

Yazıçının müxtəlif illərdə 20-dən artıq kitabı nəşr edilmişdir. Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru, Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmış, Ali Sovetin və müstəqillikdən sonra Milli Məclisin deputatı olmuşdur.

Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı", İkinci dərəcəli "Vətən müharibəsi", "Qırmızı Ulduz", "Şərəf nişanı", "Şöhrət" ordenləri və medallarla təltif edilmiş, Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.

 

 

Ayna.- 2011.- 5 mart.- S.2.