Şamil
Süleymanov: "Kinoda ölmək istəyirəm"
Aktyor "bəlkə bu səhnələrin
biri gerçək oldu" deyir
Azərbaycan
kinosundan danışmağa, müsahibə verməyə
haqqı çatanlardan biri də əməkdar artist Şamil
Süleymanovdur. Gənc yaşlarından əksər milli
kinolarda çəkilən aktyor bu gün dəyişən ənənələrdən
söz açır. Söhbətimizin ilki kinoda milliliklə
bağlı oldu. Müsahibəyə "kinoda millilik nədir,
onu aktyor yaradır, yoxsa rejissor qurur?" - sualı ilə
başladıq:
-
Filmdə ata-oğulun bir yerdə namaz qılması hələ
onun dini film olması demək deyil. Eləcə də tez-tez
kadrda aftafa, ləyən göstərməklə kinonu milliləşdirmək
olmaz. Azərbaycan qızını mini yubka geydirib
avropalaşdırmaq və ya əksinə, qıza milli paltar
geydirməklə onu milliləşdirmək mümkün deyil.
Bu stereotiplərdən uzaqlaşmaq lazımdır.
Paltarının balağının dizdən yuxarı və
ya dizdən aşağı olması xanımın
ağıllı-ağılsız, milli-dünyəvi
olması demək deyil. Xüsusən, kinoda belə effektlər
işə yaramır. Kino Allahın varlığını
sübut edən sənət növüdür. Heç kim bu
barədə danışmaq istəmir. Cavan Şamil
Süleymanov, gənc, gözəl Həmidə Ömərova
filmdə nə qədər gözəl olsa da, ruhsuzdur. Bu
gün 60-a doğru irəliləyən Şamil Süleymanov,
artıq yaşa dolan Həmidə xanım bu baxımdan daha
gözəldir, daha canlı və maraqlıdır. Nə
yaxşı ki, kino hər şeyi göstərə bilir, bircə
ruhdan başqa, yəni kinodakı insanın ruhu yoxdur. Mən
kinonun bu aləminə vurulmuşam.
Bu da
Allahın bir möcüzəsidir ki, ruhsuz kino insanların
ruhuna, mənəviyyatına təsir göstərir. Kinonun
sirri elə budur.
- Kinoda məhz hansı rolu oynamaq
istərdiniz?
-
Kinoda ömür boyu arzuladığım rolu mənə son
illərdə veriblər. Mən kinoda ölmək istəyirəm.
Özü də bir dəfə yox, bir neçə dəfə
ölüm səhnələrini oynamaq istəyirəm. Bəlkə
bu ölüm səhnələrinin biri elə gerçək
oldu? Vaxtilə çəkildiyim "Ölüm növbəsi"
filmində məni öldürürlər. Çoxdankı
arzuma çatdım, axır ki, məni kinoda
öldürürlər. Mən kinoda bir qoçu
obrazını yaratmaq istəyirəm. Savadlı, məlumatlı,
amma bir anda uf demədən adamları öldürən bir
qoçu. Hələ ki bu obrazı oynamaq mənə qismət
olmayıb.
- Kinoda mənfi rolu oynamaq
asandır, yoxsa müsbət? Aktyorlar mənfi rol oynamaqdan niyə
çəkinir?
- Mənim
bu günədək 3-4 mənfi rolum olub. Onu da oynayandan sonra dostlar dedi ki, belə
rollar oynama, sənə yaraşmır. Mənfi rola görə
aktyoru sevməmək, onun şəxsiyyətində də mənfilik
axtarmaq cəhdi yanlışdır. Müsbət rollar oynayan
elə aktyorlar tanıyıram ki, daim mənfi obrazlar yaradan
aktyorlardan qat-qat pis insandır. Məsələn, "Dədə
Qorqud" filmində Yalıncığı oynayan Əli
Haqverdiyevə həyatda hamı birtəhər baxırdı.
Amma mən aktyorların arasında ondan yaxşı, ləyaqətli,
gözəl insan tanımıram. Əli opera artisti idi, orada da
ona mənfi rollar tapşırılırdı. Ona görə
də elə bir istedadlı sənət adamını bu
gün hamı oynadığı rollarına görə, bir
növ mənfi emosiyalarla xatırlayır.
- Operatorlar həmişə gözəl,
yaraşıqlı aktyorlarla işləmək istəyirlər.
Bu ənənə kinoda indi də davam edirmi?
-
Operatorun və rejissorun axtardığı gözəllik
xarici yaraşıq deyil, yerində olan aktyor artıq gözəldir.
Əslində onların məqsədi məhz yerində olan
aktyoru axtarıb tapmaqdır. Kinodan doymaq olmur, bilirsinizmi, niyə?
Evində çörəkpulu olmayan aktyor gəlir çəkilişə,
qrimlənir, geyinir, milyoneri oynayır. Fincanı vurub
sındırır ki, qəhvə yenə də
tünddür! Və ya heç kimə gücü yetməyən,
bir adamın yanında sözü ötməyən əlində
silah oynadan bir killeri oynayır... Bütün bunlar isə bir
insan ömrünün içində, bizim həyatımızda
baş verir. Allah hamıya bu həyatı yaşatmır, amma
aktyor belə ömür yaşayır.
- Kinodan yadınızda qalan
maraqlı hadisələr, əhvalatlar...
- Mənim
aləmimdə əfsanəvi kinoaktyor olan Həsən Turabov
bir dəfə çayxanada üzünü mənə
çevirib tapşırdı ki, Şamil, qaç,
kinostudiyadan, stolun üstündən mənim mətnimi gətir.
Dedi, çayı süzdü stəkana, yəni mən bu
çayı içənədək gəl. Mən də o
vaxt cavan idim, bu yolu bir olimpiyaçı sürəti ilə
yüyürüb mətni götürüb, geri
qayıtdım. Qaça-qaça bircə onu fikirləşirdim
ki, mən bu mətni tez aparım Turabova verim, o mənə bir
kəlmə desin və mən sabah institutda hamıya
danışım ki, dünən kinoaktyorlarla oturub çay
içirdim, Həsən Turabov idi, mən idim... O gündən
uzun illər keçsə də, yadımda qalan ən gözəl
kino xatirəsi budur.
Xatun
Ayna.- 2011.- 12 mart.- S.20.