Muskomediyada yeni tamaşa
Musiqili Komediya
Teatrının rus bölməsində Mark Kamolletinin "Xoşbəxt
ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir" tamaşası hazırlanacaq.
Teatrın mətbuat xidmətindən verilən bilgiyə
görə, əsəri əməkdar incəsənət xadimi Əsgər Əsgərov səhnəyə qoyur.
Əsgər
Əsgərov Mədəniyyət və Turizm Nazirliyinin
apardığı islahatlar çərçivəsində
Musiqili Komediya Teatrında hazırlanan yeni tamaşanın
quruluşçu rejissoru təyin olunub. Bir neçə
gündür tamaşanın məşqlərinə
başlayıb. Tamaşanın musiqi rəhbəri əməkdar
incəsənət xadimi Nazim Hacıəlibəyov,
quruluşçu rəssamı Nabat Səmədova, ikinci
rejissoru əməkdar artist Boris Qrafkindir. Teatrın rus
truppasında təqdim olunan tamaşada aparıcı aktyorlar Nərgiz
Kərimova, Nadejda Povelisina, Fərid Əliyev, Rauf Babayev, Emil
Heydərov, Əliməmməd Novruzov, Svetlana Bulax, İzabella
Sves, Marina Litvinenko, Yuliya Heydərova, Firuz Məmmədov, Rauf
Babayev və başqaları çıxış edirlər.
Əsgər
Əsgərov uzun illər Naxçıvan Dövlət
Musiqili Dram Teatrında çalışıb, 1990-1996-cı
illərdə teatrın baş rejissoru olub. Moskvada Mayakovski
adına Akademik Dram Teatrının baş rejissoru
A.Qonçarovun yanında təcrübə keçdikdən
sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
quruluşçu rejissor vəzifəsinə dəvət
edilib. Bu teatrda Viktor Rozovun "Şadlıq
sorağında", Nəbi Xəzrinin "Burla Xatun",
Kamal Abdullanın "Hərdən mənə mələk də
deyirlər...", Jan Batist Molyerin "Skapenin kələkləri",
A.Kamyunun "Anlaşılmazlıq" əsərlərinə
quruluş verib.
Ayna.- 2011.- 12 mart.- S.20.