Berlində Ana Dili Günü toplantısı

 

Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağında Beynəlxalq Ana Dili Günü çərçivəsində "Uşaqların və gənclərin sevimli yazıçısı" adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilir ki, toplantı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi pedaqoq və milli dirçəliş tərəfdarı Abdulla Şaiqin 130 illik yubileyinə həsr edilib.

Kültür Ocağının üzvləri Reyhan Qasımova və Naibə Hantelin birgə hazırladıqları məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Reyhan Qasımova yazıçı-şairin həyatı və yaradıcılığı haqqında geniş bilgi verib, Abdulla Şaiqin fəaliyyətini və ailə həyatını əks etdirən fotoşəkillər iştirakçıların diqqətinə çatdırılıb. Abdulla Şaiqin uşaqların ifasında səslənən şeirləri alqışlarla qarşılanıb. Daha sonra şairin əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" cizgi filmi nümayiş etdirilib.

Tədbirin ikinci hissəsində türkoloq alim Süleymanoğlu "Türk dili tarixinə qısa bir baxış" adlı məruzə ilə çıxış edib. O, çıxışında türk dilinin inkişafı mərhələlərindən danışıb, müxtəlif cərəyanların zaman-zaman ona təsirindən söz açıb.

 

 

Ayna.- 2011.- 12 mart.- S.20.