Nadir Qafarzadə: "Özümü
şou-biznesdəkilərə nümunə göstərirəm"
Müğənni ailəsini
dağıdanlardan olmadığını dedi
Daima qalmaqallarla gündəmdə
qalmağı bacaran müğənni Nadir Qafarzadə
artıq sülh bayrağı qaldırır. Onun qəbir evinə
qədər küsülü qalacağını dediyi xalq
artisti Faiq Ağayevlə münasibətləri, demək olar,
düzəlib. Müğənni Faiq Ağayev
bıçaqlanan ərəfədə sülh
bayrağını qaldırdı. Onunla söhbətimizdə
bunun bir fürsət olub-olmadığını öyrəndik.
-
Yox, fürsətlər çox oldu. İstifadə etmədim.
Sadəcə, insanlığımı göstərmək istədim.
Atasının dünyasını dəyişdiyi xəbərini
eşidəndə pis oldum. Əvvəlcə istədim
özünə telefon açım, sonra dedim yalan olar.
Başqa birinə zəng vurub öyrəndim. Səhəri
getmək istədim yasa, dedilər, bəs cənazəni
Astaraya aparırlar. Onların arxasınca getməyə
hazırlaşırdım, Faiq razı olmadı ki, uzaq gedirik.
Gözlədim, gəldi. Bakıya gedib
başsağlığımı verdim. Münasibətlər
yaxşıdır. Mənə elə gəlir ki, Faiqin də
xasiyyətində artıq dəyişiklik baş verir. Məndə
də. Nə var dilimdədi, içimdə pislik yoxdur. Nə
qədər incitsələr də məni, tez
bağışlayıram. Nə zamansa Faiq haqqında sərt
danışmışam, onunla qəbir evinədək
barışmayacağımı bildirmişdim. Düşündüm
ki, dünya fanidir. Özümlə pislik daşımayım.
Burdan deyirəm ki, bundan sonra kim mənə pislik eləməyə
çalışsa, onu mehribanlıqla qarşılayacam.
- Yəni yaşadıqların dərs
olub?
-
Faiqin başına hadisələr gələndə bir
anlığa özümü onun yerində təsəvvür
etdim. Amma dilim bəzən başıma bəla olur. Emosional
adamam. Yəqin ki, Faiqin sinirləri sakitdir ki, mənim qədər
hər şeyə reaksiya vermir. Bütün bunlarla
yanaşı, artıq hər ikimiz bəlli bir yaşı
haqlamışıq. Uşaq deyilik. Nə sinir, nə emosiya -
ağılla hərəkət etməliyik.
- Sözünüzdən belə
çıxır ki, siz çox sakit və sülhsevərsiniz.
Unutmayın ki, bir çox qalmaqalları məhz elə
özünüz yaratmışsınız.
-
Bilirsiz, mən sözü bir cür deyirəm, amma müxtəlif
cür başa düşülür.
- Bəlkə, fikrinizi
düzgün çatdıra bilmirsiniz?
-
Yox, müxtəlif cür yozulur. Bir müddət əvvəl
mən bəzilərinin sabun köpüyünə bənzədiyini
deyəndə, əslində, qürurdan
danışırdım. Niyə, biz başqa millətin
ulduzları kimi qürurlu ola bilmirik? Ona görə də bizdə
sabun köpüyünə bənzəyənlər
çoxdu. Bunu qorxmadan deyirəm. Hər şeyimiz,
şükür Allaha, var, amma hamının
qarşısında əyilirik. Mən bu cür insanlara nifrət
edirəm. Hər zaman da onlara müxalif olmaqda davam edəcəm.
- Əslində, siz də vəziyyətə
görə dəyişirsiniz. Bəzən şıltaq
uşaq obrazında, bəzən ciddi, bəzən də
heç nəyi özünə dərd etməyən bir
şou əhlini oynayırsınız.
- Mən
belə deməzdim. Oynamağı sevmirəm. Əzəldən
necəyəmsə, belə də davam edirəm. Əgər
bir az əvvəl barəsində
danışdığımız Faiq Ağayevi nəzərdə
tutursunuzsa, mən ona çox acıdım. Vaxtilə nə
demişəmsə, onları danmıram. Amma onun başına
gələn hadisələrdən sonra ona çox
acıdım. Bir də ki, biz nə karəyik, Allah nəyi necə
bilirsə, elə də olmalıdır. Yaşımın
üstündən yaş gedir. Və mən
düşünürəm ki, həyat çox mənasızdır.
Bunu mənasız şeylərlə daha da yüngülləşdirməyək.
İstəyirəm ki, öləndən sonra mənə rəhmət
oxunsun, lənət yox.
- Belə başa düşdüm
ki, savab yiyəsi olmaq istəyirsiniz. Bəs, bir müddət əvvəl
varlığını etiraf etdiyiniz oğlunuzun aqibəti ilə
maraqlanmısınız?
- Bu
bir cavanlıq səhvidir. Çox kişilərin
başına belə işlər gəlir. Amma o, uzaqda, mən
burada. Maraqlanmıram. Hərdən söhbət düşəndə
həyat yoldaşım çox əsəbiləşir.
Artıq evimdəki iki oğul balam haqqında
düşünürəm. Düzdür,
üçüncü də mənim qanımdandır.
Övladımdan imtina etmirəm. Amma bu günə qədər
münasibət olmayıbsa, artıq qurdalamağın əhəmiyyəti
yoxdur. Mənim üçün ailəmin varlığı
daha önəmlidir. Onun dağılmasını istəmərəm.
- Şoular aləmində ailəsi
ilə gündəmə gələn sənətçilərdən
biri sizsiniz. Özünüzü həmişə nümunə
göstərməyə çalışırsınız.
Amma şou məkanda yalançı münasibətlər
çox olduğundan bəzən bunu süniləşdirilmiş
səhnə oyunu adlandırırlar.
- Mənim
həyatım büsbütün yoldaşımla
bağlıdır. Yalançı münasibətə ailəmizdə
yer yoxdur. Əgər o yoxdursa, mən də yoxam. 93-cü ildə
ailə həyatı qurmuşam. O vaxt şou-biznes yox idi. 18
ildə həm sənətçi kimi meydanda külüng
vurmaq, həm də min bir əzabla ailəni qorumaq hər bəndənin
işi deyil. İnsan
var ailə qurur, iki aydan
sonra onu qoruyub saxlaya bilmir. Mən güclü insanam.
Həyat
yoldaşım daha da güclüdür ki, mənim kaprizlərimə dözə
bilib. O qədər
olub ki, çöldə hirslənib,
acığımı evdəkilərdən
çıxmışam. Yoldaşım hər şeyə dözüb. Ona görə
də istərdim ki, çox ailələrin sütunu bizimki kimi möhkəm
olsun. Özümüzü elə şou-biznesdəkilərə
də örnək göstərirəm. Amma
başqa cür də ola
bilərdim. Evlənəndən
bir neçə il sonra
tanınmağa başladım.
Pulum, imkanlarım artdı.
Başqa
cür olsaydı, yoldaşıma deyərdim
ki - səni istəmirəm. Hamı
kimi bizdə də söz-söhbət
az olmayıb.
Amma evliliyi yıxa biləcək səviyyəyə
aparmamışıq. Yenə də deyirəm, sağlam ailədə qadının rolu böyükdür.
Mənim anlamımda ailə bircə dəfə qurulur. İkinci şəxsə "səni sevirəm" deyə bilmərəm.
Deyənləri qınamıram. Ola bilsin, onlarda
daha mühüm səbəblər olur.
Hərdən yoldaşımı göndərirəm ki, get
bir-iki gün atangildə qal. Səhər gedir, günorta qayıdır evə.
Deyir, mən evdən kənarda qala bilmirəm.
- İstərdiniz
ki, xoşbəxt münasibətdən daha bir övladınız dünyaya gəlsin?
- Əlbəttə, istəyirəm. Söhbət
lap yerinə düşdü.
İki gün bundan əvvəl yoldaşıma dedim ki, bir qızımız
olsun. Məhz qız istəyirəm.
Qayıtdı ki, "15 yaşında
oğlumuzun qarşısında
ikicanlı gəzməyə
utanaram". Həya-abırdan utanır. Amma elə insanlar
var ki, olmayan
vicudunu irəli verir ki, - ay camaat, baxın, mən ana olacam.
- Şou
əhlini deyirsən?
- Elə adi insanların
arasında da var belələri. Vallah, abır-həyanı gözləmək
lazımdır. Hamımız bilirik ki, ərə
gedən qadın uşaq dünyaya gətirər. Niyə biz bəzi
hissləri daha da qabardırıq. Bəlkə,
mən geridə qalmışam, bilmirəm.
Adi insanlar müğənniyə
baxıb nümunə
götürmək istəyir.
Əgər biz abrımızı evdə qoysaq, gör insanların axırı necə olar?
- Oğlunuzu şou-biznesdən olan xanımla evləndirərsiniz?
- Əsla.
- Niyə?
- Heç kim fikrimi qəribçiliyə salmasın.
Bu, mənim subyektiv
fikrimdir. Heç kimin
bostanına daş atmıram. Yaxşı xanəndələrimiz, özünə hörmət
qoyan qızlarımız
var. Demirəm ki, hamısı əxlaqsızdır.
Səhnə qadını elə
səhnə qadınıdır.
Mən oğlumun gələcək
həyat yoldaşını
həkim xanım, yaxud da uşaq
bağçasında tərbiyəçi
peşəsində görmək
istəyərdim. Lakin sənətçi
kişinin də, qadının da evə gəlmək zamanı bilinməz.
Bütün günü tədbir,
çəkiliş, toy - evə
ancaq gecə gəlib çıxa bilir. Bax bu mənada
sənətçi xanımı
evimdə gəlin kimi görmək istəmirəm. Ev xanımı
elə evində oturub, uşağının,
həyat yoldaşının
qayğısı ilə
məşğul olmalıdır.
Z.Rəhimqızı
Ayna.- 2011.- 19 mart.- S.21.